Ağır itki
Ankaradan ağır xəbər gəldi - Yaqub Öməroğlunu
qeyb etdik. Türkiyədə çoxlu dostlarım,
tanışlarım var. Yaqub bəy ən çox rəğbət
bəslədiyim dostlarımdan idi. Kübarlığı ilə,
ziyalılığı ilə, mülayim rəftarı ilə,
əsas isə gördüyü böyük işləri ilə
qəlbimdə öz yeri vardı.
İki cür insan olur - çox danışıb az
iş görənlər və az danışıb çox
iş görənlər. Yaqub Öməroğlu ikincilərdəndi.
Uzun-uzadı bəyanatlar verməyi sevməzdi, özündən
deməyi sevməzdi, uğurlarını şişirtməyi
sevməzdi. Bütün bunların əvəzinə türk
dünyasının ədəbi birliyi yolunda misilsiz xidmətlər
göstərirdi. Biz indi sevinclə türk ölkələrinin
hər cəhətdən yaxınlaşmasını
görürük. Çox-çox illər bu işi ədəbiyyat
sahəsində başlayanlardan ilklərdən biri Yaqub Öməroğlu
idi.
Avrasiya Yazarlar Birliyinin əsasını qoyanda,
"Qardaş qələmlər" dərgisini çap etməyə
başlayanda mənimlə də məsləhətləşirdi.
Yaxşı dərk edirdim ki, mənim tövsiyələrimə
bir elə ehtiyacı yoxdur, amma bunu yaşıma hörmət əlaməti
olaraq, daha çox bir Azərbaycan türkünə,
ağsaqqala ehtiram əlaməti olaraq edirdi. 2012-ci ildə mənə
Türk dünyasında "İlin ədəbiyyat
adamı" ödülü də Yaqub bəyin təşəbbüsü
ilə verildi.
Yaqub bəyin soyadı Dəliöməroğludur. Bir
dəfə söhbətdə Azərbaycan türkcəsində
"dəli" sözünün mənfi çalarları
da var, dedik. Azərbaycan xalqına hörmət əlaməti
olaraq Yaqub bəy yazılarını sadəcə Öməroğlu
soyadı ilə imzalamağa başladı.
Ankarada, İstanbulda, Bakıda son dəfə Özbəkistanda
unudulmaz görüşlərimiz gözlərim
qarşısında canlanır. Ankarada məni ay
parçası kimi övladları ilə - oğlu və
qızıyla tanış etmişdi. İndi onların dərdli
gözlərini xəyalımda canlandırıb çox
acıyıram.
Yaqub bəyin vəfatı bütün türk
dünyasının ədəbi həyatında əvəzsiz
itkidir. Deyirlər, "əvəzolunmaz insan yoxdur",
düz deyil, var. Var əvəzolunmaz insanlar. Yaqub Öməroğlu
belə əvəzolunmaz insanlardandır.
Allah ona qəni-qəni rəhmət eləsin.
19 avqust 2024
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.-2024.- 23 avqust (№151).-S.12.