Şərəfli
ömrün parlaq səhifələri
"İllər ötdükcə,
qarşımıza yeni ideya və planlar çıxdıqca,
məqsədlərimiz xaraktercə dəyişir, amma əsas
amalımız - Azərbaycan xalqına xidmət etmək
amalı dəyişməz olaraq qalır və
qalacaqdır".
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Şərəfli və mübarizə dolu tarixi
inkişaf yolu keçərək, bütün sınaqlardan
daim alnıaçıq və üzüağ çıxan
Azərbaycan qadını bəşəriyyət
üçün hələ də oxunmamış sirli bir
kitabdır. Zərif əlləri ilə ipək saplarla
dünya mirasının nəfis nümunəsi olan xalılara
əsrarəngiz ilmələr vuran Azərbaycan qadını
naxışlarla ümid dolu arzu və diləklərini gələcək
nəsillərə çatdırır. Bu gün Azərbaycan
qadını yüksək dövlət pillələrində
çalışır, bir-birindən gözəl sənət
əsərləri yaradır, kitablar və monoqrafiyalar
yazır, qavalı, tarı, sazı dilləndirir. O, sonsuz Ana
sevgisi ilə körpəsinə sığal çəkir,
yuvasını isidir. Ən əsası isə, doğma Vətənimizin
hər qarışı uğrunda canından keçməyə
hazır olan qəhrəman və igid oğullar, yenilməz sərkərdələr
böyüdür...
XXI əsrə ən yüksək nailiyyətlərlə
qədəm qoyan Azərbaycan qadını, heç
şübhəsiz, müstəqil respublikamızda demokratik cəmiyyətin
həm də aparıcı qüvvələrindən biridir.
Sirr deyil ki, dövlətimizin beynəlxalq aləmdə
qazandığı yüksək nüfuzda və
uğurlarında, ölkəmizin davamlı inkişafında
qadınlarımızın müstəsna rolu vardır. Milli
dövlətçiliyimizin daha da gücləndirilməsi
uğrunda mübarizədə və ölkəmizdə vətəndaş
həmrəyliyinin formalaşmasında qadınlarımız
daim ön sıralarda getmiş, əzmkarlıqları ilə
məqsəd və amallarına daima sadiq qalmışlar. Bəli,
Azərbaycan qadını yenilməzdir! O, yorulmaq bilmədən
çalışır, çünki köksündəki
ürək Vətən sevgisi ilə çırpınır.
Milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunub
saxlanması, yaşadılması və gələcək nəsillərə
çatdırılması kimi əsas vəzifələri ilə
yanaşı, dünyəvi mahiyyət kəsb edən
mühüm işlərin öhdəsindən də ləyaqətlə
gəlir Azərbaycan qadını!
O, Ana Vətəndir, Ana Torpaqdır, Ana Dilidir, həm
də fədakarlığı ilə ailə ocağına
bağlı müqəddəs və ilahi varlıqdır. Məhz
bu səbəbdəndir ki, sosial yükünün
ağırlığına baxmayaraq, O, cəmiyyətin mənəvi
dayağı, döyünən ürəyi, vuran nəbzidir!
Çünki O, Azərbaycan qadınıdır!
Respublikamızın Prezidenti möhtərəm cənab
İlham Əliyevin söylədiyi kimi, "Elm, təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə
qazandığı nailiyyətlər, Azərbaycan
qadınının çox böyük potensiala malik
olduğunu bir daha təsdiq edir". Bu gün zərif və
güclü, sədaqətli və qürurlu, təmkinli və
təvazökar, səmimi və sadə, ədalətli və
prinsipial, xeyirxah və humanist, məğrur və əzmkar Azərbaycan
qadını dedikdə, ilk olaraq, göz önündə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və ölkəmizin
Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
İSESCO-nun Xoşməramlı səfiri möhtərəm
Mehriban xanım Əliyevanın möhtəşəm
obrazı canlanır. İlk dəfə öz nəcib və
şərəfli amalını açıqlayarkən,
Mehriban xanımın "Mən öhdəmə
götürdüyüm hər bir işə çox
böyük məsuliyyətlə yanaşıram. Hər zaman
öz fəaliyyətimdə çalışmışam ki,
bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik,
insanpərvərlik və mərhəmətlilikdir" - bu səmimi
fikirləri ölkə ictimaiyyəti tərəfindən
çox böyük məmnunluqla
qarşılanmışdır. Elə ilk gündən də
müdrik Azərbaycan xalqı özünün vüqarlı
və ləyaqətli, sözünə sadiq qızına
inandı və ona etibar etdi, etimad göstərdi, hər zaman
onu dəstəklədi, arxa-dayaq oldu. Xalqının layiqli
qızı kimi, Vətən naminə gərgin əməyi və
yorulmaz fəaliyyəti ilə möhtərəm Mehriban
xanım Əliyevanın adı milli dövlətçilik
tariximizin parlaq səhifələrinə qızıl hərflərlə
yazıldı. Bununla da, O, çağdaş Azərbaycanın
ən Görkəmli və İlk Qadın Dövlət Xadimi
kimi, həm də əbədi olaraq xalqımızın qan
yaddaşında həkk olundu. Bu baxımdan, hər bir Azərbaycan
və Türk qadını üçün örnək olan,
möhtəşəm və zəngin hadisələrlə
dolu "ömür kitabı" nə qədər deyilsə
və yazılsa, nə qədər təqdir və təbliğ
olunsa da, Mehriban xanım Əliyevanın Vətən, Dövlət
və Xalq qarşısında misilsiz xidmətlərini tam
dolğunluğu ilə əhatə etmək qeyri-mümkündür.
Əminik ki, bəşər sivilizasiyasına əvəzsiz
töhfələr vermiş və Azərbaycan
qadınının şərəfini zirvələrə
ucaltmış bu əzəmətli Xanımın zəngin mənəvi
aləmini əks etdirən həyat yolu və fəaliyyəti
haqqında gələcəkdə daha sanballı tədqiqatlar
aparılacaq, yeni əsərlər qələmə
alınacaq, kitablar nəşr olunacaqdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
möhtərəm Mehriban xanım Əliyeva öz zəkası
və məramı, əməli və fəaliyyəti,
sözü və söhbəti ilə hər zaman zirvədə
olmağına baxmayaraq, o, öz alicənablığı və
sonsuz sadəliyi ilə həm də doğulduğu Vətən
torpağına, mənsub olduğu xalqına, boy
aldığı soyuna şərəf gətirən görkəmli
dövlət xadimidir. Sonsuz məğrurluğu, müdrikliyi,
hər işdə uzaqgörənliyi, nəhayət, insansevərliyi,
nəcib və həssas qəlbi, gözəlliyi və nurlu
baxışları ilə xalqın sonsuz sevgisini
qazanmış müasir Azərbaycan Dövlətinin ilk Birinci
xanımı Mehriban xanım Əliyeva sanki Massagetlər
hökmdarı Tomris, Atabəylər dövlətində
Möminə xatun, Qaraqoyunlularda Qara Yusifin xatunu Əleykə-Könüldaş,
dünyanın ilk diplomat qadını, Ağqoyunluların Sara
xatunu, Xanqızı Xurşidbanu Natəvan kimi Azərbaycanın
onlarla qüdrətli qadın tarixi şəxsiyyətlərini
özündə təcəssüm etdirir və əməli
ilə bu xatunların yarımçıq qalmış arzu və
diləklərini gerçəkləşdirir. Gördükləri
xeyirxah işlərlə milli dövlətçilik tariximizin
şanlı səhifələrinə yazılmış bu
xatunlarımız, bir sıra hallarda xaqan atalarının,
qardaşlarının, həyat yoldaşlarının fəaliyyətinin
kölgəsində qalmışdır...
Bu gün isə Mehriban xanım həyata keçirdiyi
bütün layihələrlə sanki bu xatunlara həm də
yenidən nəfəs və ruh verir. Məhz möhtərəm
Mehriban xanım Əliyeva ümmanlara sığmayan əməlləri
ilə, bugün milli dövlətçilik tarixində məğrur
və yenilməz Azərbaycan qadınının obrazı kimi
qəbul edilir. Bu mənada tarixin qızıl səhifələrinə
yazılan Mehriban xanım
Əliyevanın şərəfli ömür yolu bu gün də,
gələcək üçün də hər bir azərbaycanlı
qadını üçün məktəb olacaqdır.
Allah-Təala Mehriban xanım Əliyevaya
dünyanın bütün gözəlliklərini bəxş
edir. O, böyük müəllim və alim,
yazıçı Mir Cəlal Paşayevin və böyük
nasir və ədib Nəsir İmanquliyevin ocağından pay
alıb. Mehriban xanımın elm xəzinəsindən və zəngin
mənəvi keyfiyyətlərindən bəhrələndiyi
valideynləri AMEA-nın həqiqi üzvü, fizika, texnika və
kosmonavtika elmləri sahəsində tanınmış alim Arif
Paşayev və nüfuzlu şərqşünas alim,
AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk
qadın direktoru olmuş, nəcib insan Aida xanım
İmanquliyeva kimi görkəmli şəxsiyyətlərdir.
Mehriban xanım Əliyeva milli dövlətçilik tariximizin
intibahı sayılan müasir müstəqil dövlətimizin
qurucusu və banisi dahi Heydər Əliyevin və onun
ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim,
ictimai xadim, akademik Zərifə xanım Əliyevanın
ocağının gəlinidir. Bu ocaq Azərbaycan
xalqının iki minillik tarixinin zəfər salnaməsini
yazmış, xalqımızı dünyaya Qalib Xalq kimi
tanıtmış, çağdaş dünyanın yenilməz
və qüdrətli LİDERlərindən biri, Müzəffər
Ali Baş Komandan, Respublikamızın Prezidenti möhtərəm
cənab İlham Əliyevi yetiribdir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin, valideynləri tərəfindən
"Mehriban" adlandırılması da, məhz bu möhtərəm
və mötəbər xanımın dünyaya ancaq xeyirxah əməllər
üçün gəldiyinə, kimsəsizə dayaq və
çarəsizə çarə olmaq missiyasına işarədir.
Ömür yolunun ilk cığırlarını açandan,
amalı və həyat kredosu bəlli olan Mehriban xanıma
Birinci vitse-prezidentlik vəzifəsini etibar edən Prezidentimiz
də, onun alicənablıq və xeyirxahlığa köklənmiş
amalını qiymətləndirərək, millət
üçün gözəl bir seçim edib.
Həyatda hər kəs taleyinə düşən
ömür payını özü yaşayır. Mehriban
xanım da özünəməxsus zəngin həyat yolu və
məramı ilə İlahinin onun üçün
yazmış olduğu alın yazısı və tale qismətini
daha bənzərsiz edib. Elə bu səbəbdən də
Mehriban xanım xalqı qarşısındakı böyük
xidmətlərinə, eləcə də, dünya mədəniyyətinə
verdiyi misilsiz töhfələrinə görə,
Respublikamızın və dünyanın çox yüksək
və ali mükafatlarına layiq görülüb. Onun
çoxşaxəli fəaliyyəti sərhəd
tanımır. Bəli, elədir ki, var! Çünki Mehriban
xanımın müdrikliyinin özəlliyi odur ki, o,
ayrı-seçkilik salmadan, yalnız və yalnız
insanlığa, narahat dünyamızın humanist və tərəqqipərvər
olmasına yönəlib. Mehriban xanımı dünyanın
başqa Birinci xanımlarından və tanınmış
qadın dövlət xadimlərindən fərqləndirən
xüsusiyyət də məhz budur. Onun
çıxışlarının birində səsləndirdiyi
"Həyatda hər bir kəsin yerini və taleyini tarix
müəyyən edir. Odur ki, nə böyük, nə də
kiçik rollar olmur. Öz həyat kitabını yazmağa
ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi
həyatının və dünyanın qurub-yaradıcısı,
yaxud dağıdıcısı kimi təcəssüm etdirir.
Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız.
Ona görə də özgələrin rollarını və
obrazlarını gərək öz üzərinə
götürməyəsən. Çünki sən də,
dünyada yerin də yeganə və bənzərsizdir" - fəlsəfi
fikirlərini bugünkü dünyamız üçün ən
güclü
çağırış kimi qəbul etmək olar.
Əslində, Azərbaycan xalqının bu vətənpərvər
qızının həyata keçirdiyi layihələrin məqsəd
və məramı sülh naminə bəşəriyyəti
birliyə, dostluğa yönəldən, sivilizasiyaları
dialoqa dəvət edən, Şərqlə Qərbi
Böyük İpək Yoluna səsləyən
çağırışlardır.
Möhtərəm Mehriban xanım Əliyevanın
dövlət və xalq qarşısında ən böyük
xidmətlərindən biri də yaratmış olduğu
Fondun xətti ilə Ümummilli liderimiz Heydər Əliyevin zəngin,
çoxşaxəli irsinin öyrənilməsi, tədqiq
edilməsi, onun milli dövlətçilik ideyalarının
yaşadılması, inkişaf etdirilməsi və yeni nəsillərə
çatdırılmasıdır. Məhz Azərbaycanın
Birinci xanımının rəhbərliyi ilə Fond tərəfindən
bu günə qədər də misilsiz işlər həyata
keçirilməkdədir. Gerçəkləşdirdiyi genişmiqyaslı layihələri
ilə özünə əbədiyaşarlıq
qazanmış Azərbaycanın Birinci Xanımı
xalqımızın qeyri-maddi və mədəni irsinə,
milli-mənəvi dəyərlərimizə həm də yeni
ahəng və çalar gətirdi. "Yeniləşən Azərbaycana
yeni məktəb", "Təhsilə dəstək"
kimi layihələr əsasında yüzlərlə orta məktəb
binasının təməlinin qoyulması və bərpası
kimi mühüm işlər görülmüşdür.
Müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman
qurğuları ilə təchiz edilmiş təhsil
ocaqlarına diqqət ayrılması maarif, mədəniyyət,
elm sevdalısı möhtərəm Mehriban xanım tərəfindən
elm və tərəqqiyə verilən yüksək qiymətdir.
Belə möhtəşəm layihələr, hətta ən
ucqar dağ kəndlərində, çadır şəhərciklərində,
eləcə də, Vətənimizdə mövcud olan
azsaylı xalqların yaşadığı bölgələrdə
də gerçəkləşdirilir.
Bu bir həqiqətdir ki, insanı yaşadan, həyatın
keşməkeşli yollarında büdrəsə də, onu
yıxılmağa qoymayan ümid, inam və sevgidir. Bu
üç neməti həyatdan küskün körpə
fidanlara bəxş edəndə isə həyat müxtəlif
rənglərə boyanır. Məhz bu səbəbdən də,
Birinci xanım ölkəmizdə fəaliyyət göstərən
uşaq evləri və internat məktəblərini
qayğıkeş, mərhəmətli, gözəl bir Ana
kimi, öz himayəsi altına almaqla, bu məsum yavruların
qəlbində sabaha ümid çırağı
yandırdı. Beləliklə də, humanizmə doğru
atılan növbəti addım
yeniləşən Azərbaycanın bir
parçasına çevrildi.
Qeyd etmək lazımdır ki, Mehriban Əliyeva mədəniyyətimizin
beynəlxalq aləmdə geniş təbliğinə istiqamətlənmiş,
eləcə də, elm, təhsil, səhiyyə və
idmanın inkişafına yönəldilmiş müxtəlif
layihələri dəstəkləməklə yanaşı, həm
də uşaq və gənclərin sağlam, milli-mənəvi
dəyərlərə sadiq və hərtərəfli biliklərə
malik vətəndaş kimi, aydın düşüncəli
yetişməsinə dair mühüm və böyük layihələrin
müəllifi kimi də tanınır.
Sonsuz qürur və fəxarət hissi ilə deməliyik
ki, doğma Qarabağımızın erməni
işğalı altında olduğu dövrdə möhtərəm
Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə
də ölkə hüdudlarından kənarda ən mötəbər
kürsülərdə Qarabağ həqiqətlərini və
tariximizin qan yaddaşı və bəşəriyyət
üçün ləkə olan Xocalı faciəsini dünya
ictimaiyyətinə çatdırmaqla, insanlığın
haqq və vicdan səsinə çevrildi. Onun ən yüksək
kürsülərdən səsləndirdiyi "Qoy Uca
Tanrı hər bir azərbaycanlıya müqəddəs
Qarabağ torpağını öpməyi nəsib etsin!"
- diləyi isə uzun illər Azərbaycan xalqının
ürəyində kök salmış müqəddəs
arzuların ifadəsi oldu.
Bütün xarici səfərlərində,
keçirdiyi görüşlərdə Dağlıq
Qarabağ münaqişəsindən, dünya mirasının
bir parçası olan Azərbaycan xalqının mədəni
irsinin qəddarcasına dağıdılmasından, Ermənistan
silahlı qüvvələrinin təcavüzündən
danışan Azərbaycanın Birinci xanımı Xoşməramlı
səfir kimi, bəşəriyyəti dialoqa və
qarşılıqlı anlaşmaya
çağırırdı. Mehriban xanımın rəhbərliyi
və təşkilatçılığı ilə ölkəmizdə
və xaricdə davamlı olaraq keçirilən mötəbər
tədbirlərin hər birində Respublikamızın Birinci
vitse-prezidenti xan qızı Xurşidbanu Natəvanın əmanəti
olan Qarabağın görən gözü və səsi idi.
Bütün bunların məntiqi nəticəsidir ki,
Qarabağın dünya ictimaiyyəti tərəfindən Azərbaycanın
ayrılmaz torpağı kimi qəbul edilməsində,
möhtərəm Mehriban xanım Əliyevanın uğurla həyata
keçirdiyi mədəniyyət diplomatiyasının
böyük rolu oldu.
Rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyətinin
Dostları" və Heydər Əliyev fondlarının həyata
keçirdiyi uğurlu layihələrlə, ölkəmizdə
mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin
müdafiəçisi və himayəçisi kimi də
tanınan Mehriban xanımın məhz əvəzsiz xidmətləri
sayəsində, YUNESKO-nun xətti ilə Azərbaycanın
tarixi abidələri, muğam sənəti əbədi olaraq,
dünyanın maddi-mədəni inciləri sırasına
daxil oldu. Mehriban xanımın bilavasitə təşəbbüsü
ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin,
eləcə də, Milli Xalçaçılıq Muzeyinin
inşa edilərək, xalqın istifadəsinə verilməsi, mədəniyyətimizin
inkişafına doğru atılan növbəti mütərəqqi
addım oldu. Ecazkar muğam sənətinin inkişafı və
təbliği məqsədilə həyata keçirilən və
Qarabağ həqiqətlərini "sənətin dili və
səsin sehri" ilə dünyaya bəyan edən "Azərbaycan
muğamları", "Qarabağ xanəndələri",
"Muğam-Dəstgah", "Muğam
Ensiklopediyası", "Muğam portalı"nın
yaradılması, Azərbaycanın milli mədəniyyət
tarixində yeni parlaq səhifə açdı. "Muğam
Antalogiyası", "Muğam dünyası",
"Qarabağ atları" kimi, onlarla layihələr, bundan
başqa, keçirilən müxtəlif beynəlxalq
konfranslar, festivallar, simpoziumlar Azərbaycan sənətşünaslıq
və musiqişünaslığına əvəzolunmaz
töhfələr bəxş etdi. Doğma Vətənimizin
ayrı-ayrı bölgələrində, eləcə də,
bəzi xarici ölkələrdə bir çox müqəddəs
abidələrin və müxtəlif inanclara məxsus dini məbədlərin
bərpa olunması da məhz Mehriban xanım Əliyevanın əvəzolunmaz
zəhməti və adı ilə bağlıdır. Nəcib
əməlli Mehriban xanım Əliyeva həm Azərbaycanda, həm
də beynəlxalq aləmdə mədəniyyətin, sənətin
himayədarı və dostu kimi, böyük şöhrət
və sonsuz rəğbət qazanmışdır.
Fəxrlə deyə bilərik ki, tarixin müxtəlif
dönəmlərində qüdrətli şəxsiyyətlər,
sərkərdə xaqanlar yetirən Azərbaycan qadını
həm də, ən ağır döyüşlərdə həyat
yoldaşına, igid oğluna arxa olmuş, onunla
çiyin-çiyinə dayanmışdır. 44 günlük
Vətən müharibəsində gecəsini
gündüzünə qataraq, ömür-gün
yoldaşı möhtərəm Prezidentimiz, Müzəffər
Ali Baş Komandanımız cənab İlham Əliyevə, mənəvi
dayaq və cəsur silahdaş kimi Azərbaycan tarixinin
şanlı səhifəsinə qızıl hərflərlə
yazılan Mehriban xanım Əliyeva ləyaqətli və fədakar
Vətən övladı və sədaqətli həyat
yoldaşı kimi də dillərdə dastan oldu! Qadın zərifliyinə
baxmayaraq, ən təhlükəli məqamlarda belə, cəbhə
bölgələrində və işğaldan azad olunmuş ərazilərdə
Müzəffər Ali Baş Komandanımızla birgə hərbi
hissələrdə qəhrəman Milli Ordumuzun əsgər və
zabitləri ilə görüşən Mehriban xanım
onların qələbə əzmini daha da artırmaq
üçün xeyir-dualar verdi, qazilərə Bacı, şəhidlərə
Ana oldu! Məğrurluğu, qüruru və əzəməti
ilə O, dünya siyasətçi qadınları
üçün də bir yenilməzlik rəmzinə
çevrildi.
Məlumdur ki, bugün Qarabağın yenidən
quruculuğu və bərpası ilə əlaqədar
böyük işlər görülməkdədir. Mehriban
xanımın rəhbərlik etdiyi "Heydər Əliyev
Fondu" tərəfindən, onun şəxsi təşəbbüsü
ilə, işğaldan azad edilmiş bölgələrdə
yüksək zövqlü, bənzərsiz və əbədiyaşar
layihələr həyata keçirilir. Heç şübhəsiz
ki, böyük bir zəhmətin bəhrəsi olan
bütün bu əzəmətli işlərin hər biri
milli dövlətçilik tariximizin əfsanəvi səhifələrinə
çevriləcəkdir.
Mehriban xanım Əliyevanın cəmiyyətimizin
inkişafı naminə gördüyü mühüm işlər
Azərbaycan qadınının ictimai-siyasi fəallığını
getdikcə, daha da artırmaqdadır.
Bu gün həm də Azərbaycan qadınının
haqq səsi olan Mehriban xanım sülhün,
barışın, qardaşlığın və insanpərvərliyin
bir rəmzidir. O, hər dəfə mötəbər
kürsülərdə bütün dünyaya üz tutub, onu
tolerantlığa, bəşəri dəyərlərə və
insan haqlarına sayğıya çağırır. Azərbaycanda
və onun hüdudları xaricində həyata keçirdiyi hər
bir layihəni özünün müqəddəs amalı
hesab edən Mehriban Əliyeva, gördüyü hər bir
işdən böyük zövq alır. Onun
gördüyü bütün işlər, ilk növbədə,
doğma Azərbaycanımızın parlaq gələcəyi
naminə görülən işlərdir.
O, həssas, bulaq suyu kimi, təmiz ürəyindən
gələn harayı ilə Azərbaycan qadınının əsl
obrazını dünyaya
çatdırmaqdan yorulmur usanmır. Mehriban xanımın
özünəməxsusluğu, onun həyat fəlsəfəsindədir.
İlk baxışdan zərif görünən, lakin daxilən
güclü, əzəmətli, vüqarlı olan Mehriban
xanımın fikrincə, problemin böyüyü və
kiçiyi olmur. Onun həyata baxışına görə,
problem varsa, heç bir səbəb olmadan, heç nədən
asılı olmayaraq, həll olunmalıdır. Məhz bu səbəbdəndir
ki, ötən dövr ərzində böyük zəhməti
və sonsuz əzmkarlığı ilə, eyni ahənglə əqidəsinə
və amalına öz sadiqliyini
nümayiş etdiribdir. Möhtərəm Mehriban xanım
Əliyeva üçün insanların inamını,
ümidini, etimadını və etibarını qazanmaq, onlara
yorulmadan xidmət etmək ən böyük xoşbəxtlikdir.
Onun gördüyü bütün işlər mahiyyətinə
və əhəmiyyətinə görə tarixin təkcə
bu günü üçün deyil, həm də gələcək
nəsillər üçün də ərmağandır.
Bu gün mübaliğəsiz deyə bilərik ki,
bütün dinlərə və sivilizasiyalararası dialoqlara
etdiyi töhfələrinə, fikir və düşüncə
azadlığına, insan şəxsiyyətinə, milli və
mənəvi dəyərlərə olan ehtiramı ilə,
Mehriban xanım həm də yeni minillikdə klassika ilə
müasirlik arasında bir körpüdür! Dilindən, dinindən
asılı olmayaraq, insanları bir-birinə sayğı ilə
bağlayan körpü! Bütün varlığı, ruhu və
duyğuları ilə Azərbaycanın, Şərqin və
Türk dünyasının bir parçası olan Mehriban
xanım Əliyeva bəşəri ideallara sədaqətlə
xidmət edən dünya insanı, dünya vətəndaşıdır!
Elə bir vətəndaş ki, onun üçün haqq-ədalət,
insanpərvərlik daima önəmli və əsas olubdur.
Ən uca Uğur Zirvəsinə ucalan İSESCO-nun Xoşməramlı
Elçisi möhtərəm Mehriban xanımın həyat
kredosu da məhz bu fəlsəfi düşüncələrdir.
Qəlbi gözəlliklə, insansevərlik və mərhəmətlə
dolu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
möhtərəm Mehriban
xanım Əliyevanın arzuları nə bitməzdir, nə də
tükənməz...
İllər, əsrlər keçəcək, qərinələr
bir-birini əvəz edəcək, çox şeylər dəyişəcək...
Dəyişməyən tək bir şey tarixi
yaddaşlara əbədi həkk olunmuş xeyirxah əməllər
yaşayacaqdır. Uğurlu mədəniyyət və humanist
diplomatiyası ilə Azərbaycanı dünyaya tanıdan,
ülvi əməlləri ilə mərhəmətin canlı
timsalına çevrilən, Vətəninə, Dövlətinə,
Xalqına xidmətdən zövq alan, qazandığı
ümumxalq məhəbbəti ilə hər kəsin
Mehribanı olan, adı milli dövlətçilik və
müstəqillik tariximizin əzəmətli səhifəsinə
ilk Birinci Xanım, İlk Birinci vitse-prezident və ilk görkəmli
Qadın Dövlət Xadimi kimi yazılan Mehriban Xanım
Əliyeva isə nə unudular, nə də yaddan
çıxar.
Məlahət İBRAHİMQIZI
Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-2024.- 23 avqust (№151).-S.8-9.