"Mən dərdimi pıçıldadım dağlara..."

MUSA YAQUBUN ŞEİRLƏRİNDƏKİ TƏBİƏT KONSEPSİYASINA BİR BAXIŞ

 

(Əvvəli ötən sayımızda)

 

 

 

Xalq şairi Musa Yaqub "insan təbiətin bir parçasıdır" həqiqətinə həmişə sadiq qalıb; onun şeirlərində insan təbiətləşir, təbiət insanlaşır. Yəni insanı təbiətdən ayırmır, onun şeirlərində insan bütün halları ilə görünür. Şair şeirlərindəki obyektə fərqli və müxtəlif mənalar verir - həyatı cəmiyyətlə, təbiəti insanla əlaqələndirir.

 

Payızın hökmüylə əsdi bir külək,

Bir yaşıl səltənət çovğuna düşdü.

Ağaclar bir yaş da qocaldı demək,

Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,

Qazancı nə oldu bağın, bağçanın...

Bir yarpaq boy atdı körpə bir uşaq,

Ömründən bir yarpaq düşdü qocanın...

 

(Bu şeirdə çox dərin mənalar, mətləblər yatır. Şeirin gücü imkan verir ki, bir neçə yöndən təhlil olunsun. Mən bu şeirdə Xocalı faciəsinin bəii-poetik təsvirini də görürəm.)

 

Göründüyü kimi, M.Yaqub təbiətdən cəmiyyətə boylanır və eyni dərəcədə də dönüb cəmiyyətdən təbiətə baxır. Təbiəti göstərib insana səslənir, zamandan, həyatdan, insandan narahatlığını təbiətin köməyi ilə ifadə edir.

"Yaşıdlarım... Yaşıllarım..." şeirində özünə (insana) ağacların timsalında baxır.

 

Çoxdan bu cığırla qalxmamışdım heç,

Çoxdan Canalıya güzar eyləyib,

Yaşıl sərgisində baxmamışdım heç.

Salam, a tək qanad qoca göyrüşüm,

Qoy bu ağaclarla bir-bir görüşüm;

Solanım, qalanım, a yaşıllarım,

Salam, a dostlarım, a yaşıdlarım,

Yaşa dolmusuz ki, əməlli-başlı...

Yaxşıca köhnəmi, təzəmi gördüm,

Mən sizi görəndə özümü gördüm.

Ömrün budaq-budaq nərdivanında

Bir də ayaq-ayaq izimi gördüm.

 

Musa Yaqub təbiət haqqında ehtirassız yaza bilmir, çünki ona gözəllik tablosu kimi baxır. Onun təbiətə vurğunluğu ən çox doğma yurdunun təbiətinə həsr etdiyi şeirlərdə görünür. Şairin baxışında ətraf mühit, canlıların həyatları boyu münasibətlərini və qarşılıqlı təsirlərini qoruduğu mühitdir. Onların içində olduqları mühitə verilən addır. Təbii mühit dedikdə təbiət hadisələri nəticəsində formalaşmış və günümüzə qədər gəlib çatmış, insanlar tərəfindən deyil, özbaşına yaranmış mühit nəzərdə tutulur. Təbiət mühiti - meşə, dağ, dəniz, çay, göl, torpaq, düzənlik, səhra və sair - təbii mühiti təşkil edən elementlər sırasındadır. M.Yaqub bu elementlərdən ən çox ağacı tərənnüm edib. Hətta ağaclara olan bağlılığını soruşanda deyir ki, "Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi".

Səmada quşların uçmaması, yarpaqların küləklə hərəkət etməməsi, dənizin hərəkətdə olmaması təbiətin axınına ziddir. Yaşadığı yurdun dağlarına gələn dumanla xəyalında dəniz yaradan şair xəyalının gözəlliyini misralara köçürür.

 

Dağlara dəniz gəlib

Dağların arasında

Dəniz olub ağ duman,

Dağlara dəniz gəlib

Baxıram heyran-heyran.

Hər səmadan bir taya,

Hər buluddan bir əlçim,

Hər dəryadan bir içim

Yığılıb dəniz olub.

Dağların arasında

Sıxılıb dəniz olub.

 

Bu şeirdə sözlər sanki adilikdən çıxır, bədii-poetik hüsn və təmtəraq qazanır, ifadə tərzindəki axıcılıq, təbiilik misralara naxış vurur. Şair həmişə olduğu kimi, bu şeirdə də təbii mühit elementlərindən istifadə edir və bu vəziyyəti özünün əhval-ruhiyyəsi ilə uzlaşdırır.

 

M.Yaqub hər şeirində təbiətə güzar edib, şüuraltında özünə müraciət edir, təbiətə, insana, dosta, sevdiklərinə və nəhayət qələmə deyəcəyin nə varsa de, - deyir, vaxtın gözləmədiyini xatırladır. Qədim yunan filosofu Efesli Heraklitin "Çayda eyni suda iki dəfə yuyuna bilməzsən, üzərindən axan sular yeni sulardır" fikrini yada salır. Şair bir şeirdə həm ümidini, həm də ümidsizliyini anladır.

Dayanıb beləcə payıza baxdım...

Baxıram... Payızın nəyi olacaq? -

Ələnən ələyi, solan çiçəyi...

...Tapdayır adamlar, keçir adamlar,

Hə, bax, o gedəndi, o da gələndi...

İki cavan baxır biri-birinə

Bir də belə baxa bilməyəcəklər,

...Orda bitməyəcək o solan çiçək,

Torpaq o xəzəli ayıltmayacaq.

Düzdür, hələ min-min payız gələcək,

Amma heç bu payız qayıtmayacaq.

 

Təbiətin Müsa Yaqubunda olduğu kimi, Musa Yaqubun təbiətindədə əsasən iki rəng var: yaşıl və sarı. Şairin yaradıcılığında payız ayrıca bir qoldur ki, bu mövzu daha çox şeirlərini əhatə edir.

 

Yay da son bahardan gülümü dərdi,

İndi payızı da qış tələsdirir.

Birinci nəfəsim budaq əyərdi,

İkinci nəfəsim yarpaq əsdirir.

 

Və ya:

 

...Yarpaq daldasında, qabıq altında,

     Ömür qırışların, vallah, görünür.

...Ay Cökəm, bəzənib-düzənmə belə.

...Sən yarpağa güc ver, mən də ki, dilə.

 

Yazıçı Mirzə İbrahimov şair haqqında yazırdı ki: "Onun yarpaqları muğamat üstündə ötür. Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan və yaşadan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var".

M.Yaqubu digər şairlərdən fərqləndirən onun İlahi eşqdən, qadından, sevgidən yox, təbiətdən ilhamlanmasıdır, onun şeirlərinin obrazları ağacdır, çiçəkdir, çaydır, dağdır, quşdur, poetik ruhu isə insandır, onun mənəvi dünyasıdır.

 

Bir yorğun torpağam - dincə qoyulmuş,

Daha əkilməyim, biçilməyim yox.

Köhnə qarağacam içi oyulmuş,

Bir də körpülənib keçilməyim yox.

 

Və ya:"Çiçəkdə tələsən, barda gecikən, Zoğal ağacıyam, zoğal ağacı". Bu şeirlərdə şair özünü ömrünü başa vurmaqda olan qarağaca, vaxtına düşməyən zoğal ağacına bənzədir. Oxucuya elə gəlir ki, şair o ağaclara hardasa "Kitabi-Dədə Qorqud"dan boylanır:

 

"Ağac, ağac!" dersəm sana, ərlənmə ağac!

Məkkə ilə Mədinənin qapısı ağac!

Musa Kəlimün əsası ağac!..

...Məni sana asarlar, götürməgil ağac!

Bu məqamda türkçü şair Rüstəm Behrudinin payızda solan ağacı insan ömrü ilə müqayisə etdiyi "Dərd öldürmür adamı" şeirindən də iki misra yada düşür."Bu payız gecəsi çılpaq ağacam, Bu payız gecəsi ölən bir budaq".

Şairin "Vətən məhəbbəti" fərqlidir, o, vətənimi sevirəm, ona canım fəda demir, sadəcə olaraq əqidəsini poetik sözə çevirir:

 

Bəlkə də, borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

 

Şair demək istəyir ki, vətəni sevmək üçün nəyisə gözləmək lazım deyil, insan ömrü bahar deyil ki, hər il yenidən gəlsin, ömrün hər anı həyatda iz qoymaq üçün, yaşadığın, üstündə gəzdiyin torpağın dəyərini bilmək üçün verilən fürsətdir.

Bu məqamda filosof-şair Nəsiminin bir beytini xatırlamaq yerinə düşər. Nəsimi bahariyyələrindən birində deyir:

 

Bahar oldu, gəl, ey dilbər,

təmaşə qıl bu gülzarə,

Buraxdı qönçələr pərdə,

bəşarət bülbüli-zarə.

 

Burada Nəsiminin müraciət etdiyi "dilbər" sevgili deyil, eynilə Musa Yaqubun Nəsiminin vətən həsrətini tərənnüm etdiyi poemadakı "Şirvan alverçisi"dir ("Şirvan alverçisi və Nəsimi"). Yəni onun həmsöhbətidir. Nəsimi baharda üzə çıxan gülzarın tamaşasına dəvət edir, qönçələrin pərdəsini - örtüyünü atıb, açılıb saçıldığını ağlayan bülbülə müjdə verin, - deyir. M.Yaqub "Şirvan alverçisi"nə Nəsiminin dilindən vətəni Şirvanı - kükrəyib çağlayan Girdiman çayı, Şamaxı dağlarını soruşur, vətən çiçəyinin həsrətini çəkdiyini bəyan edir.

 

Vətəndən danış bir,

Vətəndən danış,

Sən özgə sözləri gətirmə dilə.

Sən Allah o yerdən ayrıldığın gün

Girdiman kükrəyib çağlayırdımı?

Ürəyim darıxır burda qar üçün

Şamaxı dağları indi qardımı?

Könlüm ümidini niyə kəsibdir?!

Dağlar tanıyarmı məni görüncə?

Bir vətən çiçəyi görsəm bəsimdir

Görüm bitir necə, açılır necə.

 

M.Yaqubun tərənnümündə vətən də təbiət qədər incə, xəfif bir poeziyadır. Şair qürbətdəkilərin yaşadığı nisgili, həsrəti, düşüncələrindəki təbəddülatların bütün xarici və daxili cizgilərini oxucuya Nəsiminin dili ilə açır.

 

...Sizdən el-obanı soruşmuram, yox,

Vətəndədirlərsə, nə dərdləri var,

Həsrətsiz yaşarlar, qəmsiz yaşarlar.

...Ah ipəyim mənim,

Çiçəyim mənim.

 

Qeyd edək ki, Azərbaycan şeiri zaman-zaman tarixi forma, məzmun və üslub dəyişimi mərhələləri keçib. M.Yaqub da üslub baxımından poeziyamıza yenilik gətirən şairdir. Onun bir çox şeirində olduğu kimi, bu poemasında da sadə xalq dili və belə demək mümkünsə, "vabi-sabi" üslübu (Vabi-sabi yaponlara xas olan estetik dünyagörüşünün xarakteristikasıdır. Vabi - iddiasız olan sadəlik, Ssabi isə orijinallıq və təbiilik kimi ifadə olunur. Ümumilikdə rahatlıq və təbii uyğunluq anlamındadır) ilə yazdığı bu poema vətən və təbiət sevgisi aşılamaqla bərabər, eyni zamanda böyük tərbiyəvi əhəmiyyətə malikdir. Həmçinin:

 

Çiçəyi saralıb, yarpağı solsa,

Quru torpağından alaq ətrini.

Qürbətdə vətənçin yanar kim olsa,

Vətənin vətəndə bilək qədrini.

Yaxud:

Göyərçinlər uçdu getdi,

Göyərçinlə uçmaq olmur.

Təyyarədən qanadımız olsa belə

Uçmaq olmur.

Vətən adlı, torpaq adlı

Bir sevginin sərhədini

Keçmək olmur, aşmaq olmur.

 

kimi şeirləri sosial vəziyyətlə razılaşmayan və ya siyasi əqidəsinə görə özünü boşluqda hiss edənlərin, ölkəni tərk etmək fikrinə düşənlərin bəhrələnəcəyi, həmçinin, onların övladlarının milli-mənəvi dəyərlər sevgisini artıracaq əsərlərdir.

Həmçinin tələskənlik ucbatından həyatında çox çətinliklə rastlaşan gənclərə öyüd-nəsihət olacaq "Tələsən bənövşə bilsən nə çəkdi, Yaz onun hayına gələnə kimi" və sair misraları şəxsiyyətin formalaşması və mənəvi cəhətdən zənginləşməsi üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan qeyd olunan poemanın və şairin bu məzmunlu digər şeirlərinin dərsliklərə salınması məqsədəuyğun olar.

M.Yaqubun təbiət şeirlərinin təhlilini, əlbəttə ki, bir məqaləyə sığdırmaq mümkün deyil. Biz sadəcə Respublikada 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək məqsədilə AR Təhsil İnstitutunun "Fəaliyyət planı"na salınmış mövzulardan birində "yaşıl dünya"nı M.Yaqub poeziyasında az da olsa əks etdirməyə çalışdıq.

 

Adilə NƏZƏROVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.23.