Müasir və Orta əsrlərdəki
Yaponiya
(Əvvəli ötən şənbə
sayımızda)
Mariko-san ingilisə öyrədirdi ki, Allah və
Şeytanın heç nəyə dəxli yoxdur. Daxili aləm
və Zahiri aləmin də, həyat və ölümün də
heç nəyə dəxli yoxdur. İndi özün kimi ol,
üzərinə həyat dalğalarının əbəs
yerə hücum çəkdiyi qaya kimi ol. Bir şeirdə
deyildiyi kimi, "Göy Günəş tərəfindən
qarsalanır, göz yaşları ilə doludur. Ancaq meşə
külək tərəfindən yaralanır, ölü
yarpaqlarla ağlayır". Əlavə edirdi ki, "Mən əgər
sözlərdən xəzan yarpaqları kimi istifadə edə
bilsəydim, mənim şeirlərim necə də tonqal
qalayardı".
Yaponların öz dini olan Şinto Kami yolu hesab olunur,
min il bundan əvvəl Buddanın yolu olan Buşidodan fərqləndirilmək
üçün bu seçilmişdi. Şintoistlər inanc gətirirlər
ki, onlar öləndə kamiyə çevrilirlər. O, ruha bənzəyir,
lakin həm də bənzəmir, Günəşə bənzəyir,
lakin həm də bənzəmir. O, göylə yer arasında
mövcuddur və Allahın da bu torpağına səfər
edirlər və ya onu tərk edirlər, bunların
hamısı eyni vaxtda baş verir. Şinto miflərin və əfsanələrin
təbiət kultudur, bu əfsanələrdəkilərə
heç kəs bütünlüklə ürəkdən
inanmır, həm də hər kəs ümumi qaydada buna pərəstiş
edir. Şəxs o vaxt Şintoda olur ki, o, yapon kimi eyni qaydada
doğulmuşdur.
Ritual yaponların həyatını idarə edirdi,
çünki səltənət itaət demək idi.
Aşağı daymyolar daha vacib olanları görəndə
atdan düşüb, ona baş əyməli idi. Bərabər
səviyyədə olan daymyolar görüşdükdə, bu
vaxt atdan düşməli və bərabər qaydada baş əyməli
və özlərinin ayrıca yolları ilə getməli idilər.
Nəhayət, ingilislə Mariko-sanın məhəbbəti
axırıncının özünü qurban verməsi
hesabına zəfər çaldı. Ancin-sanın
ehtirasına cavab olaraq bu gözəl, ağıllı və
mərd qadın ona deyirdi ki, əgər mən səninlə
tək qalsaydım, yalvarmaqla dolu
qışqırığın kainatı tutana qədər səni
öpərdim. Çünki mənim həyatım səninlə
doludur. Görünür, doğrudan da, həyat yuxu içərisindəki
yuxudur.
Mariko-san ingilis sevgilisinə görə ərinə xəyanət
etmiş hesab olunduğundan öz ölümünə
hazır idi və ərinə dedi ki, sənin həyatın mənim
məqsədimdir. Əri onu döysə də,
ölümünə razı olmadı.
Lakin Marikonun başı üzərindən
ölüm buludu çəkilmirdi. Osakanı tərk etməmək
barədə İşidonun əmri qarşısında əlacsız
qalıb, ağası Toranaqaya sədaqət naminə qadın
özünü öldürməli idi. Seppukunu icra edərkən
İşido son anda ona şəhərdən
çıxmağa icazə verdiyi barədə
imzaladığı sənədi göstərdi və onun
özünə sui-qəsdi baş tutmadı. Lakin
İşidonun hiyləsinə uyğun olaraq nindzyaların
hücumu vaxtı bomba partlamasından Mariko öldü, Bləksorn
isə gözlərindən ağır yara aldı. Marikonun cəsədinin
yandırılması mərasimində daymyolarla yanaşı,
heç nəyi görə bilməyən onun ingilis sevgilisi də
iştirak edirdi. Müalicə nəticəsində sonralar onun
gözlərinin görmə qabiliyyəti bərpa olundu.
Ancin-sanın igidliyini Toranaqa da qiymətləndirirdi,
adamlarına göstəriş vermişdi ki, ona hörmətlə
yanaşsınlar. Axı ingilis onun özünün və
Marikonun həyatını bir neçə dəfə xilas
etmişdi. İngilis şturman Osakadan qaçmağa
çalışan Toranaqanın həyatını
ağlı və şücaəti hesabına
başının üstünü alan ölümdən
uzaqlaşdırmışdı.
Bləksorn Osakada olarkən gəmisinin
yandırıldığını eşitdi. Bu onun vətənə
qayıtmaq ümidlərini məhv edirdi. Həmin hadisənin
səbəbini Marikonun hələ Edoda olarkən ona
yazdığı ilk və axırıncı məktubundan
öyrəndi. Yapon qadını xahiş edibmiş ki, ingilis
sağ qalsa, məktub ona verilsin. Mariko latın dilində
yazırdı: "Mən səni sevirəm. Bu məktubu
oxumamışdan əvvəl mən Osakada öləcəyəm,
güman ki, mənə görə sənin gəmin də məhv
olacaqdır... Mənim məhəbbətim, ya səni, ya da sənin
gəmini seçmək lazım idi. Bağışla, mən
sənin yaşamağını seçdim. Başqa gəmi
qayır və başqa həyat qur... Mənim yapon duam -
"hara" deyir ki, sonrakı həyatda necə olursa olsun, mən
sənə sevinc gətirəcəyəm və nə qədər
sən varsan, səninlə olacağam".
Toranaqa daymyo Yabunun ona xəyanət etdiyindən
halı olsa da, buna uzun müddət dözmüşdü.
Lakin əlverişli vaxt yetişən kimi onu seppuku etməyə
məcbur etdi. Yabu ölümündən əvvəl
kağız, mürəkkəb və fırça istədi
ki, öz iradəsi və ölümü barədə
şeir yazsın. Onu öz doğma qardaşı oğlu
Omi Toranaqaya satmışdı.
Şeirdə bu sözlər var idi:
"Nədir buludlar?
Göyə haqq qazandırmaq üçünmü?
Nədir həyat?
Yalnız ölümdən qaçmaq
üçünmü?"
Toranaqa özünü təhlil etməyi də
bacarırdı. Düşünürdü ki, onun
doğulduğu həyat nadir nümunədir, səhrada qəflətən
qarşıya çıxan çiçəyə bənzəyir,
bunun karmadan başqa bir səbəbi yoxdur, bu çiçək
tez açılır, tez də yoxa çıxır.
İndicə ovcundan uçurduğun şahin ov
üçün uçur və şikarı ilə geri
qayıdacaqdır. Bir, ya iki mövsümdən sonra həmişəlik
yoxa çıxmaq üçün o da özünü hava
axınına atacaqdır.
Özünü aldatmağa dəyməz, bu, məhvedicidir.
Toranaqa ingilisin Marikonun yaxşı və faciəli
vaxtlarda, hətta həyatının qışında da
sevdiyini bilirdi. O qadın daim onun arzularının sərhədində
idi. Və qadına haqq qazandırmaq üçün Toranaqa
ürəyində deyirdi ki, Mariko-san, şərəflə
ölmək və əbədi yaşamaq sənin karman idi. Bu
fikirlərinin sapını çözərkən ingilisə
müraciət edirmiş kimi dedi: "Ancin-san, sən mənim
dostumsan, karmana görə sən heç vaxt bu torpağı
tərk etməyəcəksən. Mən isə Şoqun
olmalıyam".
Toranaqanın öz məqsədinə çatması
naminə çoxları həyatdan məhrum oldu.
Nəhayət, o, İşido üzərində də
qələbə çaldı. Həmin ilin onuncu
ayının bir sübh çağı Şimal yolunun kənarındakı
dağlarda hava dumanlı idi. Toranaqa günortadan sonra
döyüşdə qalib gəldi və qətl tufanı
başlandı. Qırx min baş yerə sərildi.
İşidonun özü əsir götürüldü və
camaata göstərilmək üçün öz şəhəri
Osakaya zəncirlənmiş şəkildə gətirildi.
Vaxtilə bu şəhərdə o, Toranaqanı öldürmək
istəmişdi, lakin ingilis özünü dəliliyə
vurmaqla axırıncını xilas edə bilmişdi.
İşido boğazına qədər torpağa
basdırıldı və yoldan keçənlər onun boynunu
bambuk çubuğunun iti ucu ilə mişarlayırdılar.
Üç gün sonra İşido öldü. Toranaqanın
Şoqunluğa yolu açılmışdı və az
vaxtdan sonra o, arzusuna çata bildi.
Kitab orta əsr Yaponiyası barədə geniş məlumat
mənbəyi olmaqla yanaşı, böyük maraqla oxunur.
XVIII əsrin sonu, XIX əsrin birinci yarısında
yaşayıb-yaratmış böyük yapon rəssamı
Hokusay Katsşikonun "Fuci dağına yüz
baxış" tablolarına baxdıqca stixiyanın
möcüzəli qüdrətinə heyran olduğun kimi,
romanda təsvir olunan insan təbiətinin gizli cəhətlərinə,
ehtirasların hədd tanımamasına da laqeyd qala bilmirsən.
Yapon etikasının yad görünən cəhətləri
belə, bu xalqın tarixinə olan marağı heç də
azaltmır, əksinə, bu insanların müəmmalı
görünən həyatına və davranış tərzinə
daha yaxından nüfuz etmək istəyi yaradır.
Ceyms Klavellin əsəri tarixi faktlara əsaslanır.
Baş qəhrəman Con Bləksorn obrazında, 1600-cü ildə
ilk dəfə Yaponiyaya gələn britaniyalı dəniz səyyahı,
şturman və tacir Uilyam Adams təsvir olunmuşdur. O,
Toranaqa obrazında verilmiş şoqun Tokuqava İeyasunun
müşaviri olmuş və ona qərb gəmisi modelində
ilk gəmini düzəltdirmişdi. Şoqun İeyasu
Yaponiyada mərkəzi dövlət yaratmış və
Tokuqava şoqunları sülaləsinin əsasını
qoymuşdu. Kitabda cərəyan edən hadisələrdən
üç il sonra - 1603-cü ildə o, imperatoru məcbur etdi
ki, ona şoqun titulunu versin və bu vaxtdan Edo dövrü kimi
tanınan Tokuqava şoqunatının 250 illik idarəçilik
dövrü başlandı. İki il sonra o, hakimiyyəti
oğluna versə də, faktiki olaraq ölkənin idarə
edilməsini davam etdirdi. Ancin-sama adı altında tanınan
Uilyam Adams isə böyük nüfuz sahibinə çevrildi
və bir daha vətəninə qayıtmadı, 1620-ci ildə
55 yaşında vəfat etdi. Axı İeyasu qərara
almışdı ki, şkiper Uilyam Adams
ölmüşdür və samuray Ancin Miura doğulmuşdur.
Lakin romanı heç də etnoqrafik məlumatlar məcmuəsi
hesab etmək düzgün deyildir. Əsərdəki qəhrəmanlar
müxtəlif əqidəli, mənəviyyatlı
insanlardır, bu fərqli həyat tərzləri və talelər
tam təsadüfi olaraq bir-birinə birləşmiş,
qovuşmuşdur. Rəngarəng saplar hörülüb
naxışlı xalça əmələ gətirdiyi kimi,
romanda da düşüncələri və hərəkət
prinsipləri bir-birinə bənzəməyən adamların
dünyasından böyük bir həyat kəsiminin
maraqlı mənzərəsi yaranmışdır.
Qədim tarixə və sivilizasiyaya malik olan bu xalqın
özünəməxsus həyat fəlsəfəsi qəribəlikləri
ilə yanaşı, ibrətamizdir. Təbiətin xeyli xəsislik
göstərdiyi, ancaq sakinlərinin nəsillər boyu iradəsi
və zəhməti ilə gözəlləşən və
zənginləşən bu ölkəyə heyran olmamaq
mümkün deyildir. Sadəcə olaraq bu ölkəyə açıq
ürəklə yanaşmalısan, əvvəlcədən gəldiyin
düzgün olmayan rəyi kənara atmalısan. Onu
ağılla dərk etmək mümkün deyilsə, ürəklə
anlamaq lazımdır. Ernest Heminqueyin bir gözəl şəhər
haqqında dediyi sözləri bu ölkəyə şamil edib
demək istəyirəm ki, oxucu, Yaponiya həmişə sənin
üçün bayram olacaqdır. Ancaq bu ölkəni dərk
etmək adama yalnız sevinc gətirəcəkdir. Təbiətə
pərəstiş edən bir xalq, əgər bunu dini ehkama
çevirmişdirsə, ən azı hələ min il əvvəl
gözəlliyin dünyanı xilas edəcəyi mülahizəsinə
gəlməyi bacarmışdı. Bu xalq insanın öz həyatının,
öz xoşbəxtliyinin yaradıcısı olması barədə
qədim yunan fəlsəfəsinin irəli sürdüyü
ideyanı gerçəkləşdirə bilmişdir. Lakin
yaponlar heç də sadə bir şəkildə olan, nəfsini
saxlayan həyat tərzini, xarici aləmin həyəcanlarından
uzaqlaşmaq, könül sakitliyinə qovuşmaq prinsipini qəbul
etmirlər. Onlar əylənməyi, şadlanmağı da
bacarırlar. Onların saldığı şəhərlərə,
tikdirdikləri körpülərə, estakadalara baxanda elə
təsəvvür yaranır ki, hər bir nəsil elə bil
ki, əbədi yaşamağı düşünür, şənlik
etmələrinə, əylənmələrinə,
yeyib-içməklərinə, sakuranın cəmi bir həftə
davam edən çiçəklənməsinə qibtə
olunan bir heyranlıqla tamaşa etmələrinə baxdıqda
isə, adama elə gəlir ki, onlar ömürlərindəki
axırıncı fürsəti də əldən vermək
istəmirlər.
Yaponiya təbiəti insana qarşı heç vaxt əliaçıqlıq
göstərməmişdir, ona həyat nemətlərini
asanlıqla verməmişdir. Belə şərait adamları
zəhmətə alışdırırdı, zəruri
yaşayış şərti kimi əməksevərliyə
sövq edirdi. Təbiətdən heç nəyi hazır
şəkildə ala bilməyən yapon daha çox öz
qüvvəsinə, səyinə bel bağlamışdı,
lap qədim dövrlərdən bu qaydada
formalaşmışdı. Axı insan cəmiyyətinin
uşaqlığı da öz xüsusiyyətlərinə
malikdir. Tərbiyəsiz uşaq da, yaşlı adamlar kimi
ağıllı hərəkət edən uşaqlar da olur. Qədim
yaponları, yəqin ki, normal uşaqlar saymaq olardı,
çünki onlar öz gələcək inkişafları
üçün belə möhkəm bünövrə
yaratmışdılar. Bu gün də bu xalq müasir
sivilizasiyanın inkişafına nəhəng töhfələr
verir. Yaponların öz vətənlərini insanın firavan
yaşaması üçün lazım gələn hər
şeylə təmin edən bir diyara, az qala, yerüstü cənnətə
çevirmək sahəsindəki fərasətinin birinci əlaməti
və axırıncı təsdiqi bu ölkədəki
proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir.
Bir yapon müdrikinin kəlamına görə, qələbənin
əldə edilməsi imkanı düşməndən
asılıdırsa, məğlubedilməzlik sənin
özündən asılıdır. Qabiliyyəti, yenilik
hissinə sönməz həvəsi və yaxşı ənənələrə
sədaqəti, mübaliğəsiz deyilsə, bu xalqa öz hərtərəfli
istedadını nümayiş etdirməyə imkan
vermişdir. Kimsə kor-koranə qaydada əhəmiyyətsiz
bir şeyə sitayiş edirsə, bu inancın özündə
qüsur vardır. Təəccüblənmək
üçün isə bu ölkədə çox şey
vardır. Yapon xalqının müasir həyat fəlsəfəsi
göz qabağındadır və ona haqq qazandırmaq
üçün heç bir izaha da ehtiyac yoxdur. Ölkə isə
təbii və insanlarının əli ilə
yaradılmış gözəlliyinə görə valeh
olmağa layiqdir və bu hissi etiraf edənləri qınamaq da
haqsızlıqdır.
Son
25.12.2023-cü il
Telman ORUCOV
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.22.