Biri varmış, biri yoxmuş...  

 

 

Maslak deyəndə hər kəsin ağlına nəhəng göydələnlər, müasir plazalar, lüks şirkətlər gəlir. Necə gəlməsin; ən ağır tıxaclar bu səmtdə müşahidə edilir, ən qarışıq küçələr buradadır, bir həyətin içindən adamın üzünə iyirmi qapı açılır, bilmirsən ki, axtardığın ünvan haradır, tapdığın yer hara olacaq. Amma bu şəhərə də İstanbul deyərlər. Elə bir tində səni çaşdırar, elə yerdə səni təəccübləndirər, gözləmədiyin anda qarşına elə sürprizlər çıxarar ki, heyrətdən donub qalarsan. Məsələn, üzərində insan qaynayan düz yolu gedərkən, qəflətən öyrənərsən ki, ayaqlarının altında kütləvi məzarlıq və içərisində 30 min insanın cəsədi var. Hipodrom meydanındakı Nika üsyanını yada salaq. 532-ci ildə bir həftə ərzində imperator Yustinianı devirmək üçün Konstantinopolda qiyam baş verir. Şəhər əhalisinin demək olar ki, yarısı yandırılır, on minlərlə insan öldürülür və tarixə ən qanlı qiyamlardan biri olaraq keçir. Buna bənzər xeyli örnək vermək olar. İstanbul belədir, gözlənilməzliklərlə doludur, heç bir şey olmadığını düşünsən belə, hər an hər şey ola bilər.

Oldu da! Bu günlərdə yolumu cansız bölgə təsiri bağışlayan Sarıyerdən saldım. İstinye ilə Tarabiyanın kəsişməsində meşə, onun ətəyində isə bir qəsr çıxdı qarşıma. Görən kimi ağlıma "Biri varmış, biri yoxmuş, uzaq diyarlarda gözoxşayan bir qəsr varmış..." ilə başlayan nağıllar gəldi. Bunu deməyə kifayət qədər əsasım var. Sürətlə betonlaşan şəhərin ən qarışıq yerində belə bir abidənin olması, əlbəttə, nağıl kimi gəlir insana. Görüntüsü də nağıllarda yazılan təsvirlərdəki kimidir. Bura Maslak qəsrləridir.

Siyasət, sürgün, yoxsa eyş-işrət?

Osmanlı tarixindəki saraylar inzibati, siyasi funksiyaları və hərəm həyatı hər kəsə az-çox məlumdur. Bir də şəhərin və ya ölkənin müxtəlif yerlərində qarşılaşdığımız abidələr var. Bu yerlərdə kimlərin qaldığı, nə üçün istifadə edildiyi hər kəsə maraqlıdır.

Adətən, ölən, ya da taxtdan uzaqlaşdırılan padşah və ailə üzvləri Topqapı sarayının uzağında yerləşən həmin köhnə saraylara göndərilirdilər. Bəzi xüsusi saraylar, köşklər, qəsrlər də vardır ki, orada Osmanlı padşahları günlük həyatlarını davam etdirmək, qonaq qəbul etmək, ova çıxmaq, at minmək, müxtəlif əyləncələr, məşğuliyyətlər üçün istifadə edirdilər.

Həmin yerlər dövlət işlərinin idarə edildiyi, padşah və onun ailə üzvlərinin qalmağı üçün ayrılan və hərəm olaraq istifadə edilən bölümlərdən ibarət olurdu. Bu qəsrlər sənət əsəri səviyyəsində, su kənarlarında və ya möhtəşəm mənzərəsi olan, bir az da gözdən uzaq yerlərdə inşa edilən binalar idi. Təbii ki, dövləti idarə etmək üçün yaşadıqları sarayın yanında olduqca kiçik hesab edilirdi. Köşklər isə saray və qəsrlərdən fərqli olaraq hər hansısa zəfərin xatirəsi, önəmli şəxsin qonaqlamağı, fərqli məqsədlər üçün xanədan nümayəndələrinin, dövlət adamlarının inşa etdirdiyi xüsusi evlər idi.

Maslak qəsrləri də onlardan biridir. Qəsr, 170 min kvadratmetrlik ərazidə təbiətin bütün rənglərinin birləşdiyi yerdədir. Ərazinin bu qədər zəngin təbiətə malik olması təsadüf deyil. Qanuni Sultan Süleyman dövründə İstanbulun su ehtiyacının təmin olunması Memar Sinana həvalə edilmişdi. Memar Sinan o dönəmin mühəndislik texnikasını istifadə etmiş və bunda ciddi uğur qazanmışdı. Belqrad meşələrində yaratdığı anbarlara yığılan sular Kəmərburqaz və Eyyubdan kanallar və kəmərlərlə Qırxçeşməyə gətirilib şəhərə paylanırmış. Maslak səmti o vaxtlar su paylama sisteminin ən əhəmiyyətli bölgəsindən biri idi. Elə "daimi axan çeşmə" mənasına gələn Maslak da, adını burdan alır.

Memarmı, memarlıqmı?

Osmanlı memarlığının Qərb mədəniyyətindən təsirlənməsi XVIII əsrin əvvəllərinə təsadüf edir. Abidələrdə barok və rokoko üslubundan istifadə etmək də həmin dönəmlərdə daha çox görünməyə başlayır. Maslak qəsri də rokoko və barokun ən zərif nümunələrindən biridir. İstanbuldakı digər möhtəşəm saraylar kimi, bu qəsrin memarı da bəllidir. Abidə Aqop və Sarkis Balyan qardaşları tərəfindən inşa edilib. Qeyd edim ki, bu qəsr hazırda sarmaşıq kimi bir-birinə qarışmış binaların olduğu Sarıyerdə inşa edilən ilk binalardandır. Qəsrin böyük hissəsi Sultan Abdulaziz dönəmində inşa edilib.

İllər sonra qəsr II Abdulhamitin yaşaması və şahzadəlik dönəmini burada keçirməsi üçün onun istifadəsinə verilir. Abdulhamitin taxta çağırılması ilə bağlı söhbətlər bu qəsrdə aparıldığına görə, abidə Osmanlı tarixində xüsusi önəm daşımaqdadır. Belə ki, dövlət adamları həmin vaxt taxtda olan V Muradın psixoloji problemlərinin dəlilik həddinə çatdığını görürlər, düzəlməsindən də ümidi kəsirlər. Bu vaxt vəzir Rüştü paşa və Mithat paşa vəliəhd II Abdülhamidi Maslak qəsrlərində ziyarət edib taxta çıxmaq vaxtının çatdığını bildirirlər. Abdulhamitin sultanlığa gedən yolu beləcə başlamış olur. Sultan olduqdan sonra II Abdulhamit, Rüştü və Mithat paşalarla danışıq apardığı divan, stol və stulların toxunulmamağını, ilk günkü kimi qorunmasını əmr edir. Həmin otaq, həmin masa hələ də olduğu kimi qalır.

Padşah buradakı xatirələrini heç vaxt unutmur. Buradan bəhs edərkən "Tarabya üzərində Maslak qəsri vardı. Oraya cənub küləkləri nadir gəlirdi, elə hey soyuq yellər əsirdi" deyir və o günlərə dönürdü.

II Abdulhamid gəncliyində idmana marağı vardı, yaxşı üzgüçü və ovçu idi. Bu baxımdan Maslak onun üçün əlverişli yer idi. Gənc şahzadə qəsrdə qaldığı illərdə kənd təsərrüfatı işləri ilə məşğul olur, qoyun və inək saxlayırmış, Avropadan müxtəlif çiçəklər və gül kolları gətirdərək bağın bir hissəsində parnik düzəltmiş, burada nadir tapılan ağaclar, çiçəklər yetişdirmiş, dülgərlik həvəsinin ilk toxumu da burada atılmışdı. Həmin parnik hələ də qalır. Elə şahzadənin əkdiyi ağaclar da.

Qəsrin içindəkilər

Maslak qəsrləri, Qəsr-i Hümayün, Mabeyn-i Hümayun, Çadır Köşkü, Paşalar otağı, limonluq, hamam, su xəzinəsi bölümlərindən ibarətdir. Cümhuriyyətin elanından sonra bu binalar Birinci Ordu və Gülhanə Tibb Akademiyasının nəzdində qurulan vərəm əleyhinə dispanserin istifadəsinə verilir. 1981-ci ildə nazirlik tərəfindən restavrasiya edilir, Milli saraylar müdirliyinə təhvil verilir. 1987-ci ildən etibarən Qəsr-i Hümayün muzey kimi fəaliyyət göstərir. Mabeyn-i Hümayun və Çadır Köşkü isə kafe olaraq fəaliyyət göstərir.

Qəsr-i Hümayun

Qəsr-i Hümayun iki mərtəbəlidir. Sütunların üzərindəki balkon abidəyə canlılıq qatır. İçəridə divarlarla ahəng təşkil edən pərdələr, o dönəmdən qalan mebel dəstləri mövcuddur. Daxili dizayn türk evi tərzindədir. Xarici görünüşü isə avropasayağıdır. Otaqlardan biri Sultan Abdulhamidin istirahət otağı, digərləri isə yataq, yemək, qonaq, iş otağı kimi istifadə edilib.

Bağda kiçik ada yaradılıb. Lakin kanalda su yoxdu. Hümayun Qəsrinin sağ tərəfində mövcud olan pilləkənlə arxa bağçaya enmək mümkündür. Pilləkənin solunda boyu qəsri keçən nəhəng, gözoxşayan manolya ağacı ucalır. Bağın sol tərəfində Paşalar evi mövcuddur. Hazırda həmin qəsrdə muzeyin idarəsindən məsul şəxsləri oturur. Bura bütün qapıları dəhlizə açıldığı, xarici görünüşü insanı sehrləyən şahanə bir abidədir. Sanki illər buralara toxunmadan yanından ötüb gedib. O dərəcədə sağlam və qüsursuz qalıb.

Mabeyn-i Hümayun

Mabeyn-i Hümayun, bir mərtəbəli kiçik abidədir. Vaxtı ilə bu bina sağlamlıq bölümü olaraq istifadə edilib. Bura Abdulhamidin xüsusi yeri olub. Şahzadəlik dönəmində günlük işlərini, görüşlərini burada həyata keçirirmiş. Mabeyn bölümü Osmanlı saraylarında padşahın yazı işlərinin icra edildiyi qurumdur. II Abdulhamid dönəmində dövlətin idarəsi Ulduz sarayında həyata keçirildiyi üçün Mabeyin otağı genişləndikcə Mabeyinçilərin sayı da artdı. Mabeyin qurumu 1908-ci ildə məşrutiyətin elan edilməsindən sonra önəmini itirməklə birlikdə Səltənətin ləğv edilməsinə qədər fəaliyyətini davam etdirdi.

Çadır köşkü

Hasbağçanın aşağısında, Osmanlı saraylarının bəzilərində gördüyümüz "Cihannüma Köşkləri"ni xatırladan, "dünyanı görən" mənasına gələn Çadır köşkü var. Osmanlı memarlığında bu dizayndan çox istifadə edilib. Tavan arası yerləşdirilən, mənzəryə hakim balkona sahib olan, ətrafı şüşə ilə əhatələnmiş yerdir bura.

Abidənin ətrafı uzanıb gedən meşə ilə əhatələnib. Bura günlük hava alma və istirahət məkanı olaraq tərtib edilib. Bu tərzdə köşklər bir az da balaca qalaya bənzəyir. Üst mərtəbə səkkizguşəli otaq mövcuddur. Balkon qoruyucu barmaqlıqlarla əhatələnib. Dirəklər taxtadandır. Pəncərələr əl işi olan jalüzdəndir. Jalüz 1700-1800-cü illərdə inşa edilən abidələrdə çox istifadə edilib. Bu, qərb memarlığının Osmanlı memarlığına yansımasından doğur. Bu jalüzlər abidələrə canlılıq qatır. Həmin dönəmdə inşa edilən Ulduz sarayında da jalüzlərə üstünlük verilib. Yeri gəlmişkən, Ulduz sarayı ötən ayın 19-u açıldı. Sarayı bir gündə 10 minə yaxın insan ziyarət edir. Bu, fantastik rəqəmdir, amma həqiqətdir. Bir neçə gün əvvəl fürsət tapıb getdim. Təəssüratlarımı növbəti sayda yazacam.

 

Türkan TURAN

525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.21.