Qızıl adam  

 

 

Avqustun son günlərini yaşayırıq. Ancaq mən sizə yayın son ayının əvvəlindən danışmaq istəyirəm. Daha doğrusu, dördilliyin ən mötəbər yarışı olan Olimpiada haqqında təəssüratlarımdan. Qazanılan medalların, yaxud da boşa çıxan ümidlərin fonunda danışmaq istəmədiyimdən emosiyalarım yerbəyər olandan sonra bu mətni yaza bildim.

"Paris-2024" Yay Olimpiya Oyunlarında çıxış edən idmançılarımızla bağlı xeyli yazılar yazılıb. Ona görə də mən nə qazanılanlardan danışacağam, nə də itirilənlərdən. Bu yazımda Olimpiada təmsilçilərimizin hekayələrindən danışmaq istəyirəm. Daha doğrusu, təsirləndiyim bir neçə hekayə...

Başlayaq lap əvvəldən - Parisə yolasalma mərasimindən. Həmin mərasimdə iştirak etmək üçün yuxuma haram qatıb gecə saat üçdə hava limanına getmişdim. Düzü, orda yaşadığım rəngarəng duyğular buna dəymişdi də. Üstəlik, xeyli maraqlı məqam kəşf etmişdim özüm üçün. Məsələn, burda olan idmançıların bəziləri özlərinə çox inamlı görünür, yaxınlaşan jurnalistlərin suallarını canla-başla cavablandırırdılar. Əksəriyyəti isə qətiyyətlə danışmaqdan imtina edirdi. Əslində, bu, başadüşüləndir. Çünki bir çox idmançı yarışlardan qabaq proqnoz verməkdən çəkinir, idmanın daim gözlənilən sürprizlərindən ehtiyat edirlər. Məlum məqamı nəzərə alaraq idmançıların yaxınlarının fikirlərini öyrənməyə çalışıram. Ən iddialı danışanlar sırasında cüdoçu Hidayət Heydərovun yaxınları olur. Hələ yolasalma mərasimində Hidayətin müəllimi Tərlan Həsənov tələbəsinin yüksək nəticə göstərəcəyini əminliklə vurğulamışdı: "Bir idmançını Olimpiadaya çatdırmaq üçün ən azı on beş il işləmək lazımdır. Mən iyirmi bir ildir ki, Hidayətlə işləyirəm. Ona görə də yaxşı bilirəm ki, onun qabında nə var. Əminliklə deyirəm, Hidayət ən yüksək nəticəni göstərəcək".

Belə də oldu. 73 kq çəki dərəcəsində Olimpiya çempionu olan cüdoçumuz ona göstərilən etimadı doğrultdu.

Final yarışı bitən kimi Hidayətgilə yollandım. Gedəcəyim ünvanı tapmaq asan olmadı. Sağ olsun məni ora aparan taksi sürücüsü, çox kömək elədi. Hətta bir neçə dəfə maşından düşüb ordakı adamlardan Hidayətgilin qaldığı binanı soruşdu, gecikdirmədən məni ünvana çatdırdı. Ancaq sağollaşanda bu sözləri deməyi də vacib bildi: "Yəqin çempion daha buralarda yaşamaz, şəhərin mərkəzində özünə ev alar. Nəinki ev, Allah bilir daha nələr. Bəxtəvərin bütün həyatı dəyişəcək. Guya onlar nə əziyyət çəkir ki? Yoxsa ki, mən... Səhərdən axşama kimi taksi sür, yuxusuz qal, min bir əziyyət çək, ortalıqda da heç nə olmasın".

Təxminən, axşam saat on-on bir arası olardı. Sonuncu bir neçə jurnalist gedəndən sonra evdə yalnız ailə üzvləri qalmışdı. Mövcud şərait imkan verirdi ki, cüdoçumuzun ailəsi ilə daha ətraflı söhbət edə bilim. Olduqca sadə davranan ev sahibləri məni çox mehribanlıqla qarşılayıb, suallarıma səmimi cavablar verdilər. Beləcə, xeyli müddət çempionumuz haqqında danışdıq. Ta körpəliyindən etibarən.

Cüdoçumuzun anası Zümrüd xanım oğlunun çəkdiyi əziyyətlərdən söz açdı: "Hidayət bu yerlərə çox çətinliklə gəlib. Səhər tezdən oyanıb məşqlərə başlayırdı. Məşqlərdən yaş paltarla gəlirdi. Hər dəfə onları yuyub qurutmaq çətin olurdu. Nə də elə imkan yox idi ki, hər dəfə yeni paltarla dəyişəsən. İndi kənardan görənlər üçün asan gəlir, ancaq əminəm ki, evində idmançı olanlar bu çətinliklərin nə demək olduğunu yaxşı anlayır.

Bir dəfə çox qarlı hava vardı. Hidayət də həmin vaxt dördüncü, ya da beşinci sinifdə oxuyardı. Səhər oyatmağa ürəyim gəlmədi. Ancaq özü qalxıb aləmi qatdı bir-birinə ki, nə danışırsınız, mütləq bu gün məşqə gedəcəyəm. Getdi də. Həmin gün zalda cəmi iki-üç uşaq olmuşdular. Hidayət hələ o vaxtdan çox əzmkar idi".

Atası Minayət bəy də xanımının dediklərini təsdiqləyir: "Çətin günlərimiz çox olub. Sınıqlarını, zədələrini xatırlayanda bu gün də kövrəlirəm. Yadımdadır, yeniyetmələr arasında ilk böyük yarışı olacaqdı. Birinci dəfə Avropa çempionatına gedəcəkdi. Yarışa bir ay qalmış qolu sındı. Həkimdən soruşanda ki, həmin vaxta kimi sağala bilərmi? Cavab verdi ki, siz nə danışırsınız? Bu uşaq ömürlük şikəst qalmasa, yaxşıdır. Sonralar da çiyni sınıb, ayağı sınıb... Əziyyətləri, zədələri çox olub. İndi də ayağı əməliyyat olmalıdır. Gözləri də çox zəif görür.

Bütün çətinliklərə rəğmən, övladı idmana yönələn valideynlərə səbrli olmağı, qorxmamağı məsləhət görərdim. Bu, elə bir yoldur ki, sınıq da olacaq, zədə də, çətin günlər də. Mən Hidayəti yeddi qurbanla tapmışam. Əgər bu yoldan çəkinsəydim, vaxtilə mən də oğlumu idmana qoymazdım".

Hidayətin valideynlərinin danışdıqlarından sonra taksi sürücüsünün sözlərini bir daha xatırlayıram: "Bəxtəvər başına, nə əziyyət çəkib ki..."

Təəssüf ki, əziyyət bəzən mükafatsız da qala bilir. Mövcud şərait, hər hansı xırda çatışmazlıq uğura gedən yolda böyük maneəyə çevrilir. Yolu varılacaq mənzildən üstün bilənlər üçün var qüvvəsi ilə savaşmaq özü də bir nailiyyətdir. Yaylagül Ramazanova kimi.

Azərbaycanın Olimpiya Oyunlarında kamandan oxatma yarışları üzrə ilk azərbaycanlı təmsilçisi Yaylagül Ramazanova iyulun 30-da 1/32 finalda hamiləliyinin 7-ci ayında olmasına baxmayaraq, təsnifat mərhələsində çinli An Tsiyuanı məğlub edərək 1/16 finala vəsiqə qazanmışdı. Ancaq burada o, Almaniyadan olan Mişel Kroppenə 2:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmalı oldu.

Parisdən medalsız dönməsinə baxmayaraq, Yaylagül xanım üzülmür və gələcəkdə uğurlu nəticələr əldə edəcəyinə inanır. Onunla söhbətim zamanı olduqca nikbin xarakterə malik olan bu xanımın əzminə heyran qaldım: "Əvvəla, onu deyim ki, hər idmançıya bu duyğuları yaşamasını arzu edərdim. Olduqca möhtəşəm hisslərdir. Mən lisenziyanı bir ay qabaq Antalya şəhərində keçirilən kamandan oxatma üzrə dünya təsnifat turnirində qazanmışdım. Bu, çox qürurverici məqam idi. Əlbəttə ki, medal qazanmaq üçün Parisə getmişdik. Təəssüf ki, alınmadı. Düşünürəm ki, Olimpiadaya gedən hamı güclüdür. Orda zəif rəqib yox idi. Mən özümü də güclü sanırdım, qalib də gələ bilərdim, amma belə alındı.

Artıq məşqlərə başlamışam. Ümumiyyətlə, məşqləri dayandırmamışdım. Düzdür, indi bir az azaltmışam. Hazırda məşqim iki saatdır, ancaq mütəmadi dörd saat olur. Təlim-məşqlər isə səkkiz saatdır, dörd saat səhər, dörd saat axşam".

Hamiləliyin son aylarında belə məşqlərini dayandırmaması, üstəlik, Olimpiada kimi mötəbər idman yarışında iştirak etməsi Yaylagül xanımın peşəkarlığından xəbər verir. Çoxları idmançımızın peşəsinə münasibətini təqdir etsə də, hamiləliyin çətin dövründə yarışlara qatılmasını tənqid edənlər də tapıldı. Yaylagül xanım isə həmin tənqidlərə bu cür cavab verdi: "Əslində, bu, maneə deyil. İdmanda hamiləlik üçün bəlli bir ay var ki, həmin vaxta qədər yarışlarda iştirak edə bilərsən. Mənim sağlamlığım buna imkan verirsə, niyə də yox? Psixoloji olaraq da hazır olduğum üçün ağır stress yaşamadım. Yarışlar zamanı ekranda idmançının ürək döyüntüləri əks olunur. Məndə hər şey qaydasında idi. Əgər bilsəydim ki, bu addımım uşağa nəsə bir problem yarada bilər, etməzdim. Heç kim uşağı anasından çox fikirləşəsi deyil ki..."

Yaylagül xanım Olimpiadadan medalsız dönsə də, cəsarətli addımı ilə bir çox qadına stimul oldu. Əvvəldə də qeyd etdiyim kimi, bəzən insanlar uğurdan daha çox, onu əldə etmək üçün üçün atılan addımlara qiymət verirlər.

"Paris-2024" Yay Olimpiya Oyunlarının boks yarışlarında gümüş medal qazanan idmançımız Alfonso Domingesə qarşı münasibətdə də bu fikrin gerçəklik payını bir daha görmüş olduq. Domingesdən qızıl medal gözləyən azarkeşlər həlledici mərhələdə boksçumuzun çıxışını xeyli tənqid etdilər. Final görüşündən dərhal sonra Alfonso Domingesin həyat yoldaşı Nigar Domingeslə əlaqə saxladım. Düzü, onunla danışanda bir məqam məni xeyli təəccübləndirdi. Nigar xanım döyüş bitən kimi artıq insanların sosial şəbəkədə yazdıqlarını oxumağa başlamışdı. Ümumiyyətlə, bir çox idmançılarımızın həm özlərinin, həm də yaxınlarının yazılan şərhlərə verdikləri reaksiyalar diqqətimi çəkir. Düzü, əvvəllər onların belə operativ şəkildə yazılanlarla tanış olduqlarını düşünmürdüm. Ancaq sən demə, onlar bu mövzuya çox həssaslıqla yanaşır. Əlbəttə ki, tanınmış simalar ictimai fikirdə səslənəcək tənqidlərə qarşı dözümlü olmalıdır. Necə ki, uğur qazanan zaman onları tərifləyirlər, uğursuzluq zamanı da tənqidlər qaçılmazdır. Ancaq nəzərə almaq lazımdır ki, situasiyadan asılı olmayaraq o şərhləri oxuyan da insandır. Tənqid başadüşüləndir, təhqir isə əsla. Düşünəndə ki, yazılan təhqirlər o insanın özünün, yaxud da yaxın adamlarının qarşısına çıxır... Bunun nəticəsini Nigar xanımın simasında daha yaxşı anladım.

"Döyüşdən sonra sosial şəbəkələrdə yazılan rəyləri oxuyanda çox pis oldum. O, bu rəylərə layiq deyil.

Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq".

Qaşım Maqomedov. Hərdən elə insanlar tanıyırıq ki, onlar bu dünyada yaxşı adamların olduğuna bizi təkrar-təkrar inandırır. Qaşım da həmin adamlardandır. Bilmirəm onun haqqında danışarkən fikirlərimi necə ifadə edim ki, pafoslu səslənməsin. Qaşım Olimpiadada çıxışı zamanı mənim kimi minlərlə insanın könlünü fəth etdi. Bunun üçün qeyri-adi bir şey də eləmədi. Sadəcə insanlıq, vəssalam.

Final görüşündə zədəli olmasına baxmayaraq, mübarizəni davam etdirməsi Qaşıma olan sevgini birə-beş artırdı. Ancaq mənim ona qarşı rəğbətimin nüvəsində onun rəqiblərinə qarşı davranışı, nəzakəti, insanlığı dayanır. Qaşımın Bakıya gəlməsini, onunla yaxından tanış olub bu davranışın göstəriş, yoxsa xarakter nümunəsi olduğunu öyrənmək üçün səbirsizlənirdim. Nəhayət, idmançımız qayıdandan bir neçə gün sonra onunla görüşüb, suallarıma cavab tapa bildim. Mənə aydın oldu ki, Qaşım ekranda gördüyümdən də yaxşı adamdır. Final görüşündə "arxadan vurulan zərbə" haqqında ona sual verəndə görün necə cavab verir:

"İtaliyalı rəqiblə görüşün ikinci raundunda mən hiss etdim ki, o, zədədən əziyyət çəkir. Rəqibim həmin zədəni mənimlə görüşdən əvvəl almışdı. Məndən soruşurlar ki, niyə sən həmin görüşdə sonadək vurub xal ehtiyatını artırmırdın? Məni belə tərbiyə ediblər ki, zəifi incitmək olmaz. Xal ehtiyatım imkan verdiyi üçün mən təzyiq göstərmədim, hətta xal itkisinə də getdim. Final görüşündə koreyalı idmançının etdiyinə gəldikdə isə mən onu qınamıram. Rəqibim qaydalardan kənar heç nə etməyib. Axı həmin idmançı da qızıl qazanmaq üçün mübarizə aparırdı, onu başa düşürəm. Düzdür, mən onun yerində olsam, belə eləməzdim. Lakin bu, başqa söhbətdir".

Qazandığı medalı həyat yoldaşına həsr etməsi, ailəsinə bağlılığı Qaşımın təkcə idmanda yox, elə şəxsi həyatında da mənəviyyata nə qədər böyük önəm verdiyinin göstəricisidir. Çox arzuladığın qızıla növbəti Olimpiadada qovuşmağın diləyilə, qızıl adam!

Ümid ən kədərli anların da üstünə kölgə sala bilir. Ancaq sabahla başlayan cümlə qura bilmirsənsə, təsəlliyə yer də qalmır. Güləşçilərimiz Hacı Əliyevlə Mariya Stadnikin Olimpiada yolunda olduğu kimi.

Bu Olimpiada onların sonuncu ümidi idi. Hər iki məğlubiyyətə çox üzüldüm. Xüsusilə də Hacı Əliyevin illər öncə bir müsahibəsində dediyi bu sözləri xatırlayanda:

"Böyük bir bina tikirsən və o sonuncu mərtəbəsinə çatanda bina uçur. Olimpiya qızılı qazanmağın idman karyerasındakı rolunu buna bənzədirəm. Neçə illərdir ki, o nəticəni qazanmaq üçün əziyyət çəkirəm. Çox istəyərəm ki, Olimpiya çempionu olum".

Həm Hacı, həm də Mariya Azərbaycan idman tarixinə adlarını qızıl hərflərlə yazdılar. Olimpiya qızılları olmasa belə...

 

Aytac SAHƏD

525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.20.