Barselona - 2 min yaşlı şəhər
("Avropa qeydləri"
silsiləsi - IV yazı)
...Barselonadakı üçüncü
günümüzdə bir də baxdıq ki, beş gün
Romada, üç gün də İspaniyada yolları yora-yora
bütün paltarlarımızı sıradan
çıxarmışıq, qarşıda isə hələ
bir neçə gün var. Qaldığımız
mehmanxananın yaxınlığında bir camaşırxana
tapdıq. Bu adamsız yerin yaradıcı, "lavaş"la
söz oyunu üstündə qoyulmuş adı vardı:
"La wash". Paltaryuyanlardan birində neçə dəqiqə
yumaq istədiyimizi seçdik, ödənişimizi etdik,
maşın işə düşdü. Təmizlik ərzində
çıxıb yaxınlıqda gəzmək istəyirdik,
ancaq gözlənilməz bir yağış başladı.
Əyləşdik, yağışa baxa-baxa susduq.
Paltaryuyanların çarxı bir-birinə qarışan
paltarlarımızdan günlərin tərini silməyində
olsun, hərənin öz yaddaş çarxı da işə
düşdü.
Corc Oruel "Kataloniyaya salam" kitabında
Barselonanın əsas simvollarından olan, Antoni Qaudinin
şedevri "Müqəddəs ailə" kilsəsi (La
Saqrada familia) haqqında neqativ tonda yazırdı ki, bu, nəsə
mumdan düzəlmiş əcaib bir şeydir. Sevdiyim
yazıçılardan, estetlərdən öyrəndiyim bir
formul var: dünyanı ancaq sosial münasibətlər
müstəvisində dərk eləyən
yazıçıların (Oruel kimi nəhəng olsa belə)
estetik məsələlərlə bağlı fikrinə həmişə
şübhəylə yanaşmalı; özün görmədən,
özün oxumadan, özün dinləmədən inanma!
Barselonada dəfələrlə sınaqdan
çıxardığım bu qənaəti bir daha təsdiqləmiş
oldum.
Barselona adının köklərini Karfagen kralı,
Hannibalın atası Hamilkar Barka ilə bağlayırlar, sonra
romalılar şəhərə Barsino deyiblər.
İspaniyada sənaye inqilabı məhz burada - Barselonada
başlayıb. XIX əsrdə şərabçılıqda,
tekstildə baş verən yüksəliş, varlanan burjua
sinfi katalon modernizminə təkan verib. Deyəsən, hər
yerdə hekayə eynidir: iqtisadi yüksəliş, rifah şəhərin
çöhrəsini dəyişir, sənəti
çiçəkləndirir, yeniliyə dayaq olur.
Ötən əsrin ilk 25 ilində Barselona
anarxiyanın, millətçilərlə cümhuriyyətçilər
arasındakı qanlı münaqişələrin, terrorun,
xaosun mərkəzi olub. 1936-cı ildə Franko səhnəyə
çıxır, üç il çəkən savaşdan
sonra hakimiyyəti ələ alır, düz 1975-ci ilə qədər
çəkən basqı dövrü başlayır. Bu
gün dünyanın əsas turistik mərkəzlərindən
olan, hamının görmək istədiyi, simvollarını əksəriyyətin
tanıdığı Barselona 1992-ci ildə Olimpiadanın
burada keçirilməsindən sonra yaranıb desəm, elə
bilirəm, mübaliğə etmiş olmaram. Olimpiadaya görə
şəhərin çöhrəsi tamam dəyişib, əvvəllər
yanından qatarlar keçən, görüntüsü beton-dəmir
arxasında görünməz olan çimərliklərdən
tutmuş küçələrin, muzeylərin, nəqliyyat
sisteminin yenilənməsinə qədər çoxsaylı
urbanistik addımlar atılıb.
Barselonada mərkəzi nöqtə "La Rambla"
küçəsidir; vaxtilə Federiko Qarsiya Lorka bu küçə
haqqında belə deyib: bu, dünyada bitməməsini istədiyim
yeganə küçədir. Əgər "La
Rambla"nı mərkəzi nöqtə kimi götürsək,
turistik əşya satan küçə
satıcılarıyla, xudmani və zövqlü kafeləriylə
zəngin bu küçə boyu addımladıqca, istər
üzü sahilə doğru - Xristofor Kolumbun əzəmətli
abidəsinə tərəf düşün, istər
sağa-sola burulan küçələrdəki gözəllikləri
görmək üçün ayaq saxlayın, fərq etməz,
burada hər addımbaşı maraqlı, yaradıcı nəsə
görəcəksiniz. Məsələn, turistlərin ən
çox tamaşasına durduqları muzey kimi bazar olan
"Mercat de La Boqueria", yaxud adi yaşayış
binalarının içindən adama gəl-gəl deyən
Qaudinin binadan əsərləri - Bayo evi (Casa Batllo) və Mila
evi (Casa Mila).
"Bayo evi"nin dizaynını əfsanəvi memar,
Barselonanı Barselona etmiş Qaudi 1904-1906-cı illər
arasında verib. Çöldən görüntüsünə,
fasadındakı obrazlara görə, bu evə
"sümüklər evi", "əsnəyən
evi", "maskalar evi" də deyirlər. "Bayo evi"
indi muzey kimi fəaliyyət göstərir. Bu yığcam
binanın içində Qaudinin rəngli, ziqzaqlı, bənzərsiz
təfəkkür dünyasını əks etdirmək
üçün çağdaş texnologiyanın
imkanlarını da işin içinə qataraq qeyri-adi bir
muzey yaradıblar. Muzeyin girişində hər ziyarətçiyə
bir planşet verirlər, həmin planşetdə həm
seçdiyiniz dildə səsli bələdçi var, həm
də otaqları gəzdikcə rastınıza müəyyən
simvolları planşetə tutan otağın adi
görüntüsü altındakı metaforik
görüntüsü ortaya çıxır. Məsələn,
planşeti havalandırma sisteminə tutanda əmələ gələn
görüntü hava axını istiqamətində üzən
mavi balıqlardır - Qaudi hava axınını mavi balıq
kimi təsəvvür edirmiş... Girişdə ziyarətçilərə
bir plastik moneta verirlər, muzeyin bir hissəsi var ki, orada həmin
moneta ilə kefinə görə, ya meyvə şirəsi, ya
da şampana qonaq ola bilərsən. "Bayo evi"ndə ən
maraqlı hissəsi zirzəmidə təqdim edilən
instalyasiyadır: burada çağdaş türk sənətçisi,
data analiz ilə süni zəkanı birləşdirərək
bənzərsiz sənət performansları yaradan Rəfiq
Anadolun Qaudiyə həsr olunmuş bir işini görə bilərsiz.
Rəfiq Anadol dünyada "süni zəka sənəti"
deyilən istiqaməti başladanlardan sayılır. Rəfiq
Anadolun yaratdığına "yaşayan arxitektura" deyirlər,
sənətçi Qaudinin bütün arxivlərindən
dataları birləşdirərək onun yaradıcı
zehninin vizual xəritəsini çıxardığı bir
instalyasiya yaradıb. Bənzərsiz, ağlasığzmaz bir
iş alınıb. Rəfiq Anadolun bu qeyri-adi işi sənətin
gələcəyi ilə bağlı da insana çox
informasiya verir.
Qaudinin əsas işi "La Saqrada Familia"dır.
Bura Barselonanın ən turistik nöqtəsidir. Kilsənin
dizaynı qeyri-adidir, Qaudi təbiətə məxsus simvollarla
(simvolik meyvələrlə) xristianlığa aid rəmzləri
birləşdirməyə çalışıb.
Çalışıb deyirəm ki, çünki kilsənin
tikintisi bu gün də davam edir, ona məcazi mənada "əbədi
tikinti" də deyirlər. Romanın məndəki həndəsi
qarşılığı nədənsə yumru, dəyirmi
idi, Barselonada isə hər şey sırsıra kimidir:
növbə gözləyənlərin sırası da
sırsıradır, kilsənin şiş uclu minarələri
də sırsıradır, səliqəli şəkildə
bir-birinin kəsən küçələr də, xiyabanlar
da sırsıradır...
"La Saqrada Familia"nın tarixçəsi
maraqlıdır. 1882-ci ildə ixtiyar kitabçı Joze Mariya
Bokabella ianə yığaraq "Müqəddəs Ailə"
kilsəsini tikdirmək işinə girişir. Memarı
Fransisko de Paula del Vilar olur - o, Qaudinin müəllimlərindən
biridir. Pul-para işində razılığa gəlmirlər,
Vilar istefa verir, yerinə tələbəsi Qaudi gəlir və
bugünkü əfsanəvi nəticə alınır. Ancaq
Qaudinin taleyi nakam olub, 74 yaşında tramvayın altında
qalıb, bir neçə gün sonra xəstəxanada
ölüb. Qaudinin tikdiyi binalar Barselonada adamın
qabağına hədiyyə kimi, sürpriz kimi
çıxır. Hə, deyəsən, Barselonanın bir
üzü budur: şəhər yeni olanı tarix kimi təqdim
etməyi bacarır.
...Paltarlarımız yuyuldu, indi ikinci addıma
keçmək olardı, azman görünüşlü
qurutma maşınında onları qurutmaq. Yağış
yavaş-yavaş səngiyirdi, ancaq biz hələ bir müddət
də fırlanan çarxların qarşısında fikrə
dalmalı, arxivi ancaq yaddaşda olan, xatirə qovluğunda
yığılanları çək-çevir etməli,
birinci dəfə yaşanarkən yığılan pazlın
hissələrini uşaq sevinciylə dağıdıb yenidən
yığmalıydıq...
"Don Kixot"un ikinci hissəsinin sonlarında
maraqlı bir yer var. Artıq hər yanda çıxan Don
Kixotlardan çaş-baş qalmış don Alvaro Tarfe həqiqi
Don Kixotdan soruşur ki, necə bilim, sən həqiqisən. Məhzun
üzlü cəngavərimiz cavabında təxminən belə
deyir: mən eşidəndə ki, uydurma Don Kixot Saraqosadakı
yarışda iştirak edəcək, saxtakarı aşkara
çıxarmamaq, onu pis vəziyyətdə qoymamaq
üçün ora getmədim, əvəzində birbaşa
Barselonaya yollandım - şadlığın, əyləncənin
məskəninə, qapısı özgələrə
açıq olan, kasıblara daldalanacaq verən igidlərin vətəninə,
əsl dostluğun ocağına, yerlə göyün birləşdiyi
şəhərə... Don Kixotun dediklərinin üstündən
410 il keçib, ancaq Barselona elə həminki ünvandır.
Barselonada yolların darısqallaşan, dondurmaların
rəngli kollajlara çevrildiyi küçələrdən
birində "Pikasso muzeyi" var. Burada Pikassonun erkən
dövr yaradıcılığından da nümunələri
görmək olar. Bu, çox dəyərlidir; çünki
başa düşürsən ki, Pikassonun da, belə demək
mümkünsə, əruz dövrü, heca dövrü olub,
birbaşa, göydəndüşmə
tanıdığımız sərbəst Pikasso olmayıb. Məsələn,
muzeydəki bir otaq bütövlükdə Dieqo Velaskesin
dünyaca məşhur "Meninlər" (Las Meninas) tablosuna
Pikassonun çəkdiyi variasiyalardır. Vaxtilə Mişel
Fuko "Kəlmələr və şeylər"
kitabında bu məşhur tablonu dəbə mindirib. Velaskesin
tablosu kral IV Filipin və arvadının portretinin çəkilmə
anını göstərir. Sənətşünasların
fikrincə, bu tablo "rəsm sənətinin öz fərqinə
varmasının" ifadəsidir. Bu tabloda Velaskes özü də
əsərin içində var. Pikasso həmin tablonu hər dəfə
bir elementini dəyişməklə yenidən istehsal edib; bir dəfə
qapıda duran adamın yeri başqadır, bir başqasında
it daha qabarıqdır, o birində hansısa nəsnənin
yeri dəyişib... Beləliklə, tablonu öyrənmək
üçün onu söküb-yığıb, hər hissəsiylə
bağlı alternativləri yoxlayıb. Muzeyin bu hissəsi əyani
sənət laboratoriyasıdır.
Barselonada yuxarı mərtəbəsindən şəhərin
360 dərəcə göründüyü, yəhudi məhəlləsinin
düz ətəyində, "Las Arenas" adlı dəyirmi
bir alış-veriş mərkəzi var. Bura 126 il bundan qabaq
öküz döyüşdürülən yer olub. Onunla
üzbəüz, Barselonanın ən məşhur sənətçilərindən
biri olmuş Mironun adına salınmış park var;
parkın ortasında hamının ayaq saxlayıb şəkil
çəkdirdiyi Mironun məşhur "Qadın və
quş" heykəli. Bura əvvəl sallaqxana olub, korrida
keçirilən yer üçün aydın məsələdir.
Qat-qatdır Barselona, bütün mərtəbələrinə
çıxmaq və enmək mümkün deyil. Düz
"Las Arenas"ın yanında "Tapa tapa" adlı
çox dadlı tapaslar verilən bir məkan tapdıq; bu, məşhur
şəbəkənin bir filialı imiş. "Tapas"
sözü ispancadakı "tapar" feilindən gəlir, mənası
"üstünü örtmək"dir. Bura məsələnin
də maraqlı bir tarixçəsi var. İspanların
yeyib-içmək məclisləri bizim kimi uzun çəkir;
deyilənə görə, vaxtilə içki
bardaqlarının içinə nəsə düşməsin
deyə üstünü balaca boşqabla
örtürmüşlər, sonra get-gedə bardağın
üstündəki boşqaba da yüngül qəlyanaltılar,
çərəzlər qoymağa başlayırlar. Buradan da
"tapas" deyilən çox dadlı qəlyanaltı,
çərəz estetikası yaranıb.
...Maşın paltarlarımızı qurutdu, buludlar
ürəyini boşaldıb sözü yenidən günəşə
verdilər. Qarşıda bu gözəl şəhəri kəşf
etmək, tanımadığımız küçələrində
azmaq, yağışında islanıb, günəşində
yanmaq üçün hələ bir neçə
günümüz vardı.
QİSMƏT
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.19.