ÖMÜRDƏN QOPARILA BİLMƏYƏNLƏR

 

 

Bakının köhnə binalarının qapıları və pilləkənlərinə heç vaxt elə quruca qapı və sadəcə pillələr kimi baxmayın. Dəstəyinə əl atıb o qapıları açanda, addım-addım o pillələrlə qalxıb-enəndə əvvəlcə həmin binanın, o qapının, o pillələrin təxmini yaşını ağlınızdan keçirin. Yaşı bir əsr və ondan daha artıq olan həmin binaların da, onların yaraşıqlı qapılarının da, geniş pilləkənlərinin də arxada qalan həmin müddət içərisindəki keçmişini düşünün.

Qapı qapıdır, pilləkən də pilləkən. Yüz il əvvəl hansı məqsədə xidmət edirdisə, bu gün yenə həmin qulluğunu edir. Əvvəl necə idisə, indi də o cürdür. Uzaqbaşı bir az köhnəlib, qocalıb. Elə iş də onun köhnəlməsi və qocalmasında, demək, yaddaşındakı qırışların artmasındadır. Bir anlıq təsəvvür etməyə çalışın ki, ötüb-keçmiş onillərdə o qapıları nə qədər insanlar açıb, həmin pillələrə nə qədər insanın addımları dəyib. O binalar özləri bir ayrı, həmin qapı və pillələrin də ayrıca taleyi, ayrıca tarixi var.

 

Ey dil-iqafil, göz aç, bir bu yeni dünyayə bax!

Getdi qəm əyyamı, əyyam-ifərəhəfzayə bax!

Azərin eşqi tükənməz bir mühit olmuş, budur,

Bavərin yoxsa, gəlib başındaki sevdayə bax!

Bu misralar XX əsrin birinci yarısının ən üstün Abşeron şairlərindən olan, bütün Azərbaycanın hələ gərəyincə tanımadığı, zəngin irsi və şəxsiyyətinə yetərincə bələd olmadığı Məşədi Azərin qələmindən çıxıb və bu qapı-pilləkən söhbətinin indiki məqamda ona birbaşa aidiyyəti var.

Dünyanın müxtəlif ölkələrinin məşhur mehmanxana və restoranlarında ayrıca bir guşədə buranın qonağı olmuş adlı-sanlı insanların fotoları sıralanır, ya Avropanın bir sıra köhnə tarixli bağlarında ağaclar, skamyalar, imarətlərində eyvanlar var ki, aydınladıcı lövhəciklər haçansa bu ağacı hansısa məşhurun əkdiyini, ya nə zamansa ona söykəndiyini, gövdəsini sığalladığını, bu skamyada əyləşməyi xoşladığını, ya bu parka, bağa həmin skamyanın onun hədiyyəsi olduğunu, o balkondan vaxtilə hansısa adlı-sanlının tarixdə əks-sədası qalan bir çıxışını, ya müraciətini etdiyini xəbər verir. O xəsis sətirlər istər-istəməz insanı düşüncələrə daldırır, qeyri-ixtiyari o dilsiz binaların, ağacların, bağların, parkların, skamyaların, mülklərin, eyvanların taleyindən və tarixdən keçib-getmiş onlarca və yüzlərcə başqalarını düşünürsən, tarix səninlə pıçıldaşmağa başlayır.

Bakının hər küçəsinin, hər küçəsindəki hər əski binanın insanlarla təmasda ötən tarixi yazılacaq olsa, dünyanın ən qüdrətli nasirlərinin də belə cazibəli təsvir edəcəyi mümkünsüz olan romanlar alınardıki, hərəsinin də içərisində daha neçə-neçə romanın, povestin, hekayənin izləri sayrışardı. Allahın, Vaxtın yazdıqlarının qarşısında insanın yaza və yarada biləcəkləri həmişə daha acizdir.

XIX yüzilin ortalarında, Bakının həyatı İçərişəhərdən dışarıya asta-asta çıxmağa başlayanda inşa edilən ilk binalardan olmuş birqatlı Karvansara sonra dönüb oldu ikimərtəbəli "Metropol" hoteli, sonra çevrildi Azərbaycan Cümhuriyyəti hökumətinin iqamətgahına, daha sonra onu Azərbaycan Həmkarlar İttifaqına verdilər, bir az da keçincə daha iki mərtəbə əlavə edərək orada Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat muzeyini yerləşdirdilər.

Onillər irəliləyirdi, zəmanələr dəyişirdi, o binanın giriş qapısı durmuşdu öz yerində, mərtəbələri artandan sonra yaranmış pillələri də həmin təhər. Amma bir anlıq onu da xəyaldan keçirin ki, bu ötən illər boyunca həmin qapıları açan və pillələrlə qalxan nə qədər tarixi şəxsiyyətlər olub və onların da hər biri bu ünvanın hafizəsində qalıb.

Vur-tut 27 pillədir - 27 addım. Ancaq arxada qalan neçə 27 illər içərisində burada kimlər qalxıb-enməyib! Hələ burada işləmişləri, hər gün gəlib-getmişləri demirəm ki, onların da arasında onlarla yox, yüzlərlə misilsiz tarixi şəxsiyyətlər varmış. Sadəcə, həmin binanın bilinən qonaqlarının adlarını yazsan, ən qalın kitaba da sığmaz, onda qalmış hərəsiylə əlaqədar hekayəti nəql edəsən - oxunduca doyulmayan cildlər yaranar.

Karvansara olduğu ilk onilləri demirəm, onda hələ nə kino, nə foto bizlərə gəlib çatmışdı və bina birmərtəbəli olduğundan heç pillələr də yoxdu. Amma XIX əsrin sonları, XX yüzilin başlanğıcında bina mehmanxanaya çevriləndən, mülki mühəndis Nikitinin layihəsi ilə 1915-ci ildə yenidən qurulandan sonra Bakıda fotoqraflar da vardı, dünya sinematoqrafından vur-tut 3 il sonra - 1889-cu ildə təvəllüd tapmış milli kinomuz da öz axarı ilə irəliləməkdə idi və hətta səssiz bədii filmlər çəkmək yolunda çalışılırdı.

Fərz edirsən ki, bu pillələrin yuxarı baş tərəfində bir kinokamera qoyulsaydı, ya sonrakı illərdə daim yazılışlar aparan bir videokamera quraşdırılsaydı və buradan qalxıb-enən insanlar ucdantutma çəkilsəydi, heç bir montajsız-filansız həmin lal film - yalnız qalxıb-enən insanları əks etdirən, saysız saatlarca davam edən xronika ən maraqlı seriallardan daha artıq həyəcan və sevgi ilə seyr edilərdi.

Ya yuxarı başda bir fotoçu dayanaraq illər boyu bir-bir buradan qalxanları, enənləri çəksəydi, o şəkillərin qovuşmasından yaranan albomları nə qədər çox tirajla nəşr etsən, hamısı alınar, əl-əl dolaşar, tez-tez vərəqlənərdi.

Ancaq zaman izsiz də sovuşmayıb. Həmin pillələrlə qalxandan sonra şəkilləri çəkilənlər də az deyil, oturub düşündüklərini bir neçə cümləylə yazılaşdıraraq bizə yadigar qoyanlar da xeylidir. Di gəl, bu, dəryada damla kimidir.

Hətta ola biləcəkdən, umduğumuza nisbətdə əldə olanlar bunca cüzidirsə də, "heç olmazsa bunlar var" deyə şükür edirik. Çünki bu izlərə düşərək bilinməli bir çox gerçəklərə doğru yönəlmək, yaşamalı tarixçələri bərpa etmək xeyli asanlaşır.

Və 1949-cu ilin 27 martında bu pillələrlə qocaman və nurani bir insan qalxırdı. Yanındakı gənc üçün o pillələri bir-bir deyil, iki-iki, üç-üç qalxmaq bir suiçimlik asan işdi, amma illər yorğunu 79 yaşlı bu kişi 27 pilləni aramla, nəfəs dərə-dərə qalxırdı.

Artıq 2 ildi ki muzeyə çevrilərək qapılarını tamaşaçı üzünə açmış bu binaya gələn əksəriyyətdən fərqli olaraq, həmin qoca o pillələri bir məbədə ziyarətə və ibadətə gəlmiş kimi qalxırdı. Çünki o, həyatının yarım əsrdən artıq hissəsini şeirə, ədəbiyyata həsr etmişdi. İndi bura həm də onun Eviydi.

Qoca pillələri qalxaraq görüşə gəlirdi, könül həmdəmləri ilə, ömrü boyu həmnəfəs olduğu insanlarla ruhən təmasda olmaqçün təşrif gətirirdi.

Yaşlı olmağına yaşlı idi. 1870-ci ildə anadan olmuşdu. Ancaq o könül həmdəmləri ki onlarla görüşə gəlmişdi, onlarla müqayisədə xeyli cavan idi. Çünki onun görüşünə tələsdiyi, indi burada özünə əbədi məskən tapmış insanların arasında elələri vardı ki, yaşı mini keçirdi, bəzisi səkkiz əsr qabaq yaşamışdı, hansınınsa sinni 500-ə, 400-ə, 300-ə çatırdı.

Bu ixtiyar bir az XIX yüzilin, bir qədər XX yüzilin adamı idi, amma həm də XII yüzilin, həm də XIV, XV, XVI əsrlərin sakini idi. Çünki həmişə sözüylə onlarla rabitədə idi, çünki əli həmişə söz keçmişimizin nəbzində idi.

Bu tarix dolu pillələri qalxan özü də ayrı bir tarix olan məşhur abşeronlu şair Məşədi Azər Buzovnalı idi, yanındakı da nəvəsi Hacıbala.

Hələ muzeydəkilər bilmirdilər gələn kimdir. Muzey təzəcə açılmışdı, maraq böyükdü, həm yerli, həm əcnəbi qonaqlar axın-axın idi. Hər cür adam gəlirdi, xüsusən də elə bu ağsaqqal kimi yaşlı adamlar lap çox olurdu.

Yəqin, həmişəki kimi, bir bələdçi onu sıradan olan qonaqlardan biri kimi qarşılayıb zalları gəzdirəcəkdi. Ancaq söz yox ki, bu qonaq obiri qonaqlar kimi sadəcə dinləyib-baxıb keçməyəcəkdi. Hansı şairəsə çatanda bələdçini heyrətləndirərək o söz ustasının misralarını əzbərdən də söyləyəcəkdi, arada suallar da verəcəkdi və ilk təmaslardan sonra məlum olacaqdı ki, bu adam əsla sıradan olan ziyarətçilərdən deyil. Bəlli olacaqdı ki, bu qonaq elə rəsmləri divarları bəzəyən klassiklərdən biridir ki, bu zalları öz ayağı ilə gəzir.

Dəqiqələr ötəcək, muzeyin ədəbiyyat aşiqi əməkdaşları da, rəhbərliyi də toplaşacaq bu nurlu və bilgin qonağın başına.

Məşədi Azərin cazibəsi səbəbsiz deyildi. O, artıq Azərbaycan ədəbiyyatında sözünü demiş, imzasını qoymuş bir insan idi. 79 yaşı vardı və həyatının bitməsinə ikicə il qalırdı - 1951-ci ildə o, gözlərini əbədilik yumacaq. Ancaq Məşədi Azər ogünəcən yaşadığı ömür ərzində elə zəngin bir irs doğurmuşdu ki, tanıyanlar onu Seyid Əzimlər, Zakirlər, Sabirlər zümrəsindən olan canlı klassik kimi qavrayırdılar.

1949-cu ilin 27 martında Məşədi Azər Buzovnalının bu pillələrlə qalxmasının, yanında nəvəsi Hacıbalanın olmasının şahidi onun qələmindən çıxmış sətirlərdir. İlk dəfə gördüyü, amma sanki çoxdanın doğması kimi baxdığı bu məbədi - Nizami muzeyini qarış-qarış, otaq-otaq seyr eləyəndən sonra keçmişdi masa arxasına, "Təəssüratlar kitabı"nda ürəyindən keçənləri yazmışdı. Onu bu gəlişində nəvəsinin müşayiət etməsini də yazmışdı. Yazmasaydı, haradan bilərdik təkmiş, ya kiminləsə gəlibmiş. Odur ki, tarixi sənədlərdəki hər sözün, hər ifadənin öz çəkisi və mənası var. Yanındakı yeniyetmə qızı Qəmərin oğlu imiş.

Nizami muzeyinin, 1945-ci ildən yazılmağa başlayan və artıq cildlərinin sayı 70-i aşan tamaşaçı rəyləri kitablarının ən ilklərindən birində Məşədi Azərin bu yazısını birinci dəfə oxuduğum anlarda qızı Qəmər xanım artıq həyatda yox idi. Ancaq Məşədi Azərin 1932-ci il təvəllüdlü nəvəsi Fəridə xanım yaşayırdı, ondan Hacıbalanın kimliyini soruşmuşdum, demişdi ki, Qəmərin oğludur və bunu da əlavə etmişdi ki, həmin Hacıbalanın bacısını - Qəmərin digər övladını bütün Azərbaycan tanıyır.

O xanımı bütün Azərbaycanın tanıması həqiqət idi. O, bir həkim idi, yaxşı həkim idi və ondan da qat-qat güclü həkimlər olub ki, nə sağlıqlarında, nə də həyatdan gedəndən sonra adları heç də Azərbaycanda hamıya bəlli olmayıb. Zəhra Rəhimovanı isə sağlığında da, indi həyatdan ayrılmasından onillər ötəndən sonra da Azərbaycan yaxşı tanıyır - hətta babasından da artıq. Səbəb səsdir. Zəhra Rəhimova vokalçı idi, opera müğənnisi idi, Üzeyir bəyin yarımçıq qalmış, bizə yeganə ariyası gəlib çatan "Firuzə" operasında baş qəhrəmanın ariyasını oxumuşdu.

Məşədi Azər qısa olmayan, çox hadisələr və insanlarla dolu sərgüzəştli ömür yaşamışdı. Bu 27 addımlıq pillələri ağır-ağır, nəfəsi təngiyə-təngiyə qalxmışdısa da, zallara daxil olunca sanki ikinci nəfəsi açılmışdı, Nizami dünyasında, Azərbaycan şairləri ilə birgə olduğu anlarda dirçəlmişdi, baxıb qurtarandan sonra da ürəyindən keçənləri yazmışdı. Məşədi Azər şeirlə baş-başa olduğu yarım əsrdən artıq bir müddətdə çox əsərlər yazıbsa da, Azərbaycan insanı onların yalnız cüzi bir hissəsindən xəbərdardır, amma o irs irili-xırdalı hər nümunəsi ilə elə dəyərlidir ki, gərək bu millətə bütövlüyü ilə çata. Çünki onun qələmindən çıxmışlarda insanı heyran qoyan təkcə söz gözəlliyi deyil. Orada milli tariximizin yaxın-uzaq şərəfli səhifələri də əksini tapıb. Tarixə möhürünü vurmuş bu cür azmanlarımızdan yadigar qalan hər parça kağızınsa öz mənası və qiyməti var.

Məşədi Azərin də imzası qalan "Rəy və təəssüratlar kitabı" 1948-ci ilin əvvəlində başlanıb, 1950-ci ilin yazında tamamlanıb. O, bu dəftərə ürək sözlərini yazanda 1949-cu il martın 27-si idi. Yazır ki, "nəvəm Hacıbala ilə birgə gəlib Ağarəfi Zeynalovun göstərməsi ilə muzeyin otaqlarını gəzib xeyli asar-iətiqələri görmə ilə artıq dərəcədə məmnun olduq". Ağarəfi Zeynalov ədəbiyyatşünas idi, Nizami muzeyinin ilk işçilərindən, ilk bələdçilərindən olmuşdu. Məşədi Azər davam edirdi:"Xassə, (xüsusən - D.A.) bizim Azərbaycanın paytaxtı olan Bakı şəhərində bir böylə muzeyin bərpa edilməsi bizi artıq dərəcədə şad etdi. Nizami kimi şüəralar ustadı olan vücudun adına düzəlmiş bu muzeyin haqqında lazımi surətdə bir şey inşa edərək burada yaza bilmədiyimə görə qocalığıma nifrət edirəm".

Məşədi Azər söz adamı idi, sözün məsuliyyətini bir ləhzə unutmayan, illah da ki, belə dahilər hüzurunda bəlkə də daxilən ikiqat səfərbər olan ədibdi. Divarlardan ona baxanlar başqaları üçün sadəcə şəkil idi, otaqlarda onunla qarşı-qarşıya dayananlar başqaları üçün cansız heykəllər idi. Məşədi Azərçünsə onların hər biri diri idi. Baxırdı və artıq neçələrindən daha böyük olsa da, özünü onların yanında şagird hesab edirdi. İndi ustadlar hüzurunda bir-iki saatlıq səfərindən sonra istəyirdi ki, bu "Təəssüratlar kitabı"nda ondan yadigar qalacaq sətirlər də ustadlara layiq olsun. Şair idi və nəsrlə yazdığı ilk cümlələr onu qane edə bilməzdi, bu Söz Dərgahında bircə beyt da olsa əlavə etməsə, nə ürəyi soyuyardı, nə yazdığını yekunlaşdıraraq son nöqtəni qoya bilərdi.

Və rəyini belə bitirirdi: "Bu bir beyti inşa edirəm ki, yadigar qalsın".

Əslində inşa etdiyi bu qoşa misra da əvvəl yazdıqlarının davamı, artıq şeirlə üzrxahlığı idi:

 

Nifrət olsun sənə, ey kan-irəzalət qocalıq,

Qoymadın Azər-i biçarədə taqət, qocalıq.

 

Bunu yazır və təbii ki, mətləb tamamlandı. Artıq imza qoymalıdır. Ancaq sadəcə "Məşədi Azər", ya "Azər Buzovnalı"yazsaydı, o da olardı kitabda rəyi qalan başqa sıravi tamaşaçılardan biri. Ancaq heç vaxt sıradan birisi olmamışdı, həyatın hansı səmtinə üz tutmuşdusa, şairliyi hansı əlamətləsə üzə çıxmışdı və indi imza qoyanda da onun hamı kimi olmamaqlığı, fərqliliyi görünür:

Əgərçi həqirəm, zar-i müstəribəm,

Azəri şairi qoca Azərəm.

Kim idi Azərbaycan şairi qoca Azər?

Niyə Azərbaycan şairi Məşədi Azər - Məşədi Azər Buzovnalı bu qədər zaman keçsə də, qocalmır, yenə onun sözü diridir və hansı füsunkar çəkicilikdir ki, bizi onun fasiləsiz təsirində saxlayır?

XIX yüzilliyin sonlarında - o çağlardaki Azər Buzovnalı böyük ədəbiyyata gəlirdi, Azərbaycanın dörd bucağında ədəbi-mədəni həyat qaynayırdı. Azərbaycanın ən müxtəlif guşələrində şeir məclisləri fəaliyyətdə idi və həmin şeir yığnaqları yalnız şairlərin toplandıqları, şeir həvəslilərinin cəm olduqları məkanlar deyildi, həm də vaxtına görə o çağın özünəməxsus ziyalı klubları idi.

Qarabağda, Şuşada Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclis-i üns" bir tərəfdə idi, Mir Möhsün Nəvvabın başçılığıyla toplaşan "Məclis-i fəramuşan" o biri yanda. Şamaxıdan "Beytüs-səfa"nın səsi gəlirdi, Lənkərandan"Fövcül-füsəha"nın, Naxçıvanda söz ocağını alışdıran mərkəz "Əncümən üş-şüəra" idi, Tiflisdə, Gürcüstan azərbaycanlıları arasında Mirzə Şəfi Vazehin başçılıq etdiyi "Divan-i hikmət", Qubada Qüdsinin - Abbasqulu ağa Bakıxanovun adıyla bağlı "Gülüstan"ın gəlhagəl çağları idi, Abşeronda "Məcməüş-şüəra"nın.

Abşeron məclisində söz sahibi olanlar arasında Ağadadaş Sürəyya, Mirzə Məhəmməd Müsəvvir, Mirzə Əbdülxaliq Yusif, Ağadadaş Müniri, Kərim ağa Salik kimi qüdrətli və şöhrətli qələm sahibləri vardı və həmin məclisə onların hamısının ehtiramla və məlik üş-şüəra kimi yanaşdığı Məşədi Azər rəhbər seçilmişdisə, elə bunun özü buzovnalı ustadın hansı ali səviyyəli sənətkar olmasına əyani sübutdur.

Azərbaycanın müxtəlif guşələrində fəaliyyət göstərsələr də, o şeir məclislərinin heç biri əlahiddə, özünə qapılmış deyildi və hamısının bir-biri ilə əlaqəsi vardı. Bakı hər halda baş şəhər idi və yaxın-uzaq ünvanlardan Azərbaycana, Bakıya gələn tanınmış şairlər də, məşhur çalğıçılar və müğənnilər də, yurdun dörd bucağındakı şeir və musiqi məclislərinin təmsilçiləri də mütəmadi olaraq "Məcməüş-şüəra"ya və "Məşədi Məlik Mansurovun salonu"na qonaq olurdular.

Azər Buzovnalının ədəbi nüfuzu isə yalnız "Məcməüş-şüəra" - Abşeron çərçivəsinə sığan deyildi. O, bütün Azərbaycanda, Azərbaycandan kənarlarda da məşhur idi. XIX yüzilliyin ortalarından yaranıb fəaliyyətə başlamış o şeir məclislərinin çoxu tarixin müəyyən dövründə ömrünü yaşadı, qaldı keçmişdə. Amma tək şeir məclisidir ki, bu gün də yaşayır. "Məcməüş-şüəra"da vaxtilə Azər Buzovnalının qoyduğu təməllər və ənənələr necə sağlam və bərəkətli olubsa, o şeir məclisi bu gün də həyatını davam etdirməkdədir.

Azərbaycanın ən fədakar ədəbiyyat adamlarından olan Cəfər Rəmzi İsmayılzadə (1905-1996) Abşeron şeirləri haqqında "Deyilən söz yadigardır" adlı "çağdaş təzkirə" sayıla biləcək ensiklopedik müntəxəbatını yalnız səksəni haqlayanda - 1981-ci ildə "Yazıçı" nəşriyyatında buraxdıra bildi və mən də Elmlər Akademiyamızın Şərqşünaslıq İnstitutundakı İran filologiyası şöbəsində iş yoldaşım və aramızdakı böyük yaş təfavütünə rəğmən, səmimi dostum olan bu saf və çalışqan insanın qiymətli əsəri haqqında ilk rəyi yazaraq o dövrün mətbuatı arasında ən oxunaqlılardan olan "Bakı" axşam qəzetində dərc etdirdim. Əslində isə Cəfər müəllim bu kitabını hələ 1920-ci illərin sonlarında hazırlamağa başlamışdı və sovet siyasi repressiyaları onu caynağına başqa ədiblərimizdən də erkən - 1935-ci ilin yazında alaraq 21 il 2 ay sürəcək Sibir məşəqqətlərinə düçar etməsəydi, həmin kitab elə 1930-cu illərin əvvəllərində işıq üzü görərdi, Cəfər İsmayılzadə özü də Azərbaycan Yazıçılar Birliyinə 1985-ci ildə səksən yaşı tamam olanda yox, qızğın ədəbi fəaliyyətlə məşğul olduğu gənclik əyyamlarında - 30-unda, 35-ində qəbul olunardı. Ancaq neyləməli ki, Cəfər Rəmzinin və ədəbiyyatımızın taleyi belə kəc gətirdi və görülməli işlərin çoxu ən yaxşı halda yarım əsr təxirə düşdü, bir qismi isə elə puç arzu kimi vaxtın qara yelləri ilə sovruldu.

Cəfər Rəmzi uşaqlıq, yeniyetməlik, gənclik illərində Məşədi Azərlə çox ünsiyyətdə olmuşdu. Beyninə abşeronlu şairlərin əsərlərini və onların haqqında məlumatları toplayaraq bir məcmuədə qovuşdurmaq həvəsi hələ darülmüəllimində oxuduğu illərdə yarandığından işinə ən əvvəl həmin dövrdə meydanda olan və əlinin də rahatca çatdığı Məşədi Azər kimi azmanlardan başlamışdı. Özü söyləyirdi ki, 30-40 sualdan ibarət bir müsahibə anketi tədarük etmişdim, hər bir şairə o sualları verib cavabları yazırdım, hamısından da ən bəyəndikləri şeirlərini öz əlyazmalarında alırdım ki, təhrif ehtimalı sıfıra ensin.

Cəfər Rəmzi həmişə vaysınırdı ki, həbs olunanda evindən bütün əlyazmalarını, kitablarını, məktub və fotolarını aparmışdılar və bir neçə il ərzində "Abşeron şairləri" kitabı üçün minbir zəhmətlə yığdığı nə varsa, hamısı məhv edilmişdi. Danışırdı ki, hətta bəzi şairlər ona əlyazmada şeirlərinin bütöv toplusunu veriblərmiş. Cəfər müəllim düşünürmüş ki, bu məcmuədə bir neçə şeirini verdiyi həmin şairlərin gələcəkdə şeir toplularını ayrıca da nəşr etdirsin. O dəftərlər də aparılır və hansısa abşeronlu şairlər də bu minvalla yoxluğa qovuşur. Cəfər bunu da yanğı ilə xatırlayırdı ki, 1981-ci ildə buraxılan məcmuəsinin lap əvvəlində ilk tanınmış abşeronlu şair kimi bir şeirini verdiyi, XIII əsrdə yaşamış Nəsir Bakuyinin əslində daha 4 şeiri də əldəymiş və həmin şeirləri Rəmziyə məhz Azər Buzovnalı veribmiş. Cəfər müəllim bunu da danışırdı ki, ayrıca bir dəftərdə "Məcmə üş-şüəra" məclisində baş vermiş maraqlı əhvalatlar və şeir deyişmələri haqda Məşədi Azərin ona nağıl etdiklərini yazıbmış. Bu dünyadakı cəhənnəmdən - Komidən qayıdıb gələndə yenidən abşeronlu şairlər haqda toplusuna qayıtmaq fikri yarananda Cəfər Rəmzinin sıfırdan başlamaqdan qeyri çarəsi yoxdu. Dəftərlər, əlyazmalar, fotolar artıq çoxdan yox idi, bu qədər ayrılıqdan sonra yaddaşda da yalnız qırıq-qırıq fraqmentlər qalmışdı.

Özü isə deyirdi ki, vaxtında Məşədi Azərlə bağlı o qədər qeydlərim və xatirələrim var ki, dizimi yerə vursam, onun haqqında iri bir kitab yaza bilərdim.

Ruzigar Cəfər Rəmzini belə amansızlıqla incitmişdi və bu zəmanə qəddarlığının bir zərbəsi də dolanaraq Məşədi Azəri tutmuşdu...

Ədəbiyyata yeni gəldiyi zamanlarda Məşədi Azər kimi Abşerona heç vəchlə sığmayan nəhənglə qarşılaşmış və təbii ki, valeh olmuş Cəfər Rəmzinin ustadı anarkən bölüşdüyü bu heyrət yalnız şəxsi düşüncəsi də deyildi. Məşədi Azəri görmüş, onunla oturub-durmuşların xeylisi bu müşahidədə yekdil idilər.

Cəfər müəllim söyləyirdi ki, Məşədi Azər elə qüvvətli bir şəxsiyyət idi, elə sirayətedici sözü və təlqinedici işığı vardı ki, onunla qısa müddət birgə olunca cazibəsinə qapılmamaq mümkün deyildi, qarşısındakı adam qəlbinə yatsaydı, onunla ürəkdən söhbət etsəydi, həmin şəxs dünənəcən şeirə, şairliyə biganə olmuşdusa, Azərin ovsununa düşdüyü gündən şeirin də, şairliyin də aludəsinə çevrilərdi...

...Məşədi Azər Buzovnalı şair kimi hünərli idi, üstün idi, bu, öz yerində. Ancaq onun Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində ucalığının əsas səbəbi parlaq şairliyi ilə yanaşı, onun yaratdığı münbit Abşeron ədəbi mühitidir. Azərin öz yaradıcılığıyla milli söz xəzinəmizə əvəzsiz incilər bağışlaması onun bir xidmətidirsə, onlarla üstün, zövqlü, istedadlı şairin yetişməsinə də səbəbkar olması daha bir məhəbbət və sayğıya layiq əməlidir. Bütöv şəxsiyyəti, tərəddüdsüz hamılıqla qəbul edilən ədəbi nüfuzu, qərəzsizliyi, təmənnasızlığı, bildiyini əsirgəməməyi, sözünün keçərliliyi onun ətrafına həm yaşlılardan, həm cavanlardan ibarət qüvvətli şairlər dəstəsi toplamışdı. Ancaq toplamaq hələ işin yarısıdır, Məşədi Azər onların hər birini həm də qabiliyyətinə uyğun olaraq daha çox parlaya biləcəyi istiqamətə yönləndirməyi bacarmışdı.

Odur ki, Məşədi Azər Buzovnalıdan söz açarkən, onun ədəbiyyat tariximizdəki qiymətini verərkən yalnız öz zəngin yaradıcılığıyla qətiyyən kifayətlənmək yetərli sayılmaz. Onun qurucusu, ilhamvericisi, yolgöstərəni olduğu ədəbi mühit də Azərbaycan üçün elə Azərin öz yaradıcılığı qədər faydalı oldu.

Allahın bəxş etdiyi istedad, vergi, söz yox, əvvəldə dayanır. Lakin məgər hər istedadlı insan, istedadlıların lap ən parlağı belə məktəbə çevrilə bilirmi? Azər Buzovnalının məktəbə, yola, bələdçiyə, səmt küləyinə dönə bilməsinin, mühit yaratmağa nail olmasının ümdə səbəbi onun özünün də mötəbər müəllimlər görməsi və sağlam mühitlər içərisindən çıxması idi.

O, 1870-ci il aprel ayının 2-də Buzovnada anadan olmuşdu. Atası Hacı Məcid tanınmış tacir idi. Ancaq maarifə, kitaba da biganə deyildi. Oğlunu oçağın dəbinə uyğun olaraq mədrəsəyə qoymuşdu. Belə mədrəsələrə el arasında "Mollaxana" deyilsə də, müsəlman Şərqində bu cür ibtidai təhsil ocaqları heç də ucdantutma molla fabriki olmayıb. Tədrisi çərəkədən - bir para surələr və çox işlək duaların toplandığı kitabçalardan, "Quran"ı əvvəldən-sona oxuyub öyrənməkdən başlasa da, bununla bitmirdi, uşaqlara bir sıra başqa fənlər üzrə də dolğun bilik verirdilər. Elə sonraların Azəri, o çağların İmaməlisi də Buzovnanın özündəcə uşaqlıq çağlarında ərəbcəni də, farscanı da mükəmməl öyrənmişdi, əski ədəbiyyatdan da hali olmuşdu, həmin məktəbin tələbiylə yüzlərlə seçmə şeir də əzbərləmişdi.

Və 15 yaşı olanda atası onu götürüb Petrovski Porta - sonrakı Mahaçqalaya yollanır. Çünki nə qədər gözüaçıq, maarifə, savada mail bir insan olsa da, hər halda tacir idi, dünyanın gərdişindən başı çıxan adamdı və inanmırdı ki, ona sadəcə əyləncə, könül ovutma vasitəsi kimi gələn şeirdən, şairlikdən çörəkpulu qazanmaq, ailə dolandırmaq olar. Ona görə istəyirdi ki, oğlu da onun yoluyla getsin, indidən ticarətin sirlərini öyrənsin, yaxşı bir tacir olub həyatını təmin etsin, gələcəkdə lazım gəlsə, atasına da hayan olsun.

Mahaçqalada çox qalacaqlar. O qədər uzun müddət ki, bir çoxları sonralar onları elə oralı hesab edəcək. Ancaq İmaməlidə oxumaq şövqü elə aşıb-daşırdı ki, Mahaçqalaya köçəndən sonra atasının sözündən çıxmayaraq ticarət işlərini öyrənməklə bərabər, təhsilini də davam etdirirdi. Bəxti də gətirmişdi, Buzovnadakı müəllimlərindən də qüvvətliləri ilə orada rastlaşmışdı, Mahaçqala illərində Qumri Dərbəndi, Dəxil Dərbəndi, Mirzə Əbdürrəhim Talıbzadə və digər məşhur qələm ustaları ilə ünsiyyətdə olmuşdu.

Çox illəri Mahaçqalada keçirib, nəhayət, Azərbaycana qayıdanda, doğma Buzovnasında həyatını köhnəki məcrasında davam etdirməyə başlayanda ətrafında yenə məşhur şairlərdi - həm köhnənin oturuşmuş şairləri, həm də Azərdən cavan olanlar, şeir-sənət aləmində təzəcə parlayanlar.

İllər yeyin axıb keçəcək, o məhrəmlərin çoxunu alıb aparacaq.

Və ixtiyar çağlarında sağına-soluna baxaraq könül həmdəmlərinin əksərini tapmayanda, içərisini sıyıran həmin doğmalar boşluğunu Məşədi Azər guya dərdini səngitməkçün yazdığı, amma dərd üstünə dərd qoyan, xiffəti bir qədər də artıran şeirlə ifadə edəcək. O qəribsəyən şeirin misralarında Məşədi Azərin ömrünə və ədəbiyyatımızın səhifələrinə adları biryolluq həkk olunmuş ölməz ruhlar sayrışır:

 

Ey xoş ol vəxtilər, xoş ol dəmlər

Cəm idi həmzəbanlar, həmdəmlər.

Yad edim gördüyüm ədibləri,

Mərəz-icəhlimə təbibləri.

 

Məşədi Azər içərisini işıqla doldurmuş o nurlu insanları, o unudulmazları təbiblər, həkimlər adlandırırdı və bu, məcazi bir bənzətmə də deyildi. Azər Buzovnalı onları, doğrudan da, öz cəhl mərəzinin müalicləri, bilgisizlik zəifliyindən qurtulmasının nicatçıları sayırdı.

 

Biri Əbdürrəhim-i Təbrizi,

Hədsiz idi onun təlamizi.

 

Təlamizi, yəni şagirdləri çox idi yazır və geriliklə yeniliyin kəskin savaşı cərəyan edən XX yüzilin əvvəllərində işığı Güneydə də, Quzeydə də çox qaranlıqları aydınlatmış Əbdürrəhim Talıb elə özünün də ustadlarından biri hesab edirdi:

 

Mənciyəz də onlardan biriyəm,

Heyif, o öldü, leyk mən diriyəm.

 

Bu şeiri yazanda Azər Buzovnalı özü də çoxdanın müəllimi idi, o da çox şagirdləri yetişdirib qanadlandırmışdı, mədəni-ədəbi gerçəklikdə də iftixar edə biləcəyi az işlər görməmişdi. Amma özü ilə ustadını, Azərlə Talıbzadəni tutuşduranda alicənab təvazökarlıqla müəllimi hesab etdiyini qat-qat ucalarda görür, kaş mənim əvəzimə o yaşayaydı deyirdi. Azər ona həm şeir sənətində təlimverən, müəllim, həm də qardaş kimi yaxın olan Mirzə Şahini xatırlayaraq kövrəlir:

 

Fənn-i əşaridə mənə ustad,

Mirzə Şahin idi o paknəjad.

Nə deyim mən o şanlı rəhbərdən,

Mehribandı mənə bəradərdən.

 

Bu balaca şeirdə hansınasa bir misra, hansınasa bir beyt, hansınasa daha çox sətirlər həsr edilmişlərin heç biri sadə adamlar olmayıblar, məhz o ziya topası şəxsiyyətlərlə yaranan mühitdə Azər bəxtiyar idi, zəngin idi, indisinə güvənli, gələcəyinə ümidli və əmin idi. Onları bir-bir qeyb etdikcə mühit də dəyişmişdi, onun həyatının rəngləri də. Bu şeir bir yol xəritəsi kimidir. Həmin şeirdəki adların hər biri haqqında düşününcə, onların nələri gətirdiyini, ədəbi-mədəni-mənəvi gerçəkliyin onlarla nə qazandığını, üfüqlərin necə genişləndiyini fikirləşərək Azəri xəyaldan keçirirkən onun bir şəxsiyyət və yaradıcı kimi niyə məhz belə olmasının fəlsəfəsini anlayırsan, təməllərini, sütunlarını, dayaqlarını görürsən:

 

Hara getdi Sipehri-yi mərhum,

Söhbətindən bizi edib məhrum.

Hanı Qumri - o şair-iməşhur,

Əhli-Dərbənd xatirinə sürur.

Hanı Feyzullahlar, Riyazilər,

Bakı şəhrindəki Niyazilər?

 

Bu sətirlərin ardındakı nostaljinin necə sarsıdıcı olduğunu dərk etməkçün gərək misilsizliyi duyulan və gedişləriylə doldurulmaz boşluq yaradan bir nəslin yarpaq tökümünə şahid olasan. Məşədi Azərin bu şeirindəki xiffət yalnız onun özünün nisgili deyil, bunca ağır itkilərə məruz qalaraq yetimləşmiş cəmiyyətə qüssəsidir.

Yazıqlar olsun ki, bizə də 1980-ci illərin sonlarında, 1990-cı illərdə bənzər qəmlər həmlə etdi. Qısa zaman kəsiyində bir-birinin ardınca ədəbiyyat, mədəniyyət və elmimizdəki "qüdrətli dəstələr"in seçkinləri dünyaya vida etdilər. Göz açıb bir də onu gördük ki, qəfilcə elə boşluq yaranıb ki, sanki mənəviyyat çəkisizliyinə düşmüşük.Yan-yörəmiz ulduzlarla doluykən, daim belə qalacağından savayı ayrı nəhs fikirləri ağlımıza belə gətirmədiyimizdən hansı bəxtiyarlıq içində olmağımız da eynimizə deyilmiş. Onlarsız qalınca, işığımız azalınca boş qalan yerlərin zoqqultusunu hər an bütün ələmiylə hiss etməyə başladıq. Bu, həm o insanlara və o seçilmişlərlə bilavasitə bağlı olanların, həm də bütövlükdə mühitimizin, cəmiyyətimizin əzablı itkisi idi. Bizi biz edən simalara bir köynək yaxın olanlar bu ağrını dərhal hiss etdi, cəmiyyət də gün ötdükcə, itirdiklərimizə bərabər, ya heç olmazsa bənzər olanların qıtlığını hər səmtdə daha yaxından duyduqca getmişlərin dəyərini daha artıq dərk edir.

Həmsöhbətləri, həmnəfəsləri, ruhdaşları tükəndikcə yalqızlığı durmadan artan, yaşadığı günlər içində tənhalaşan Məşədi Azər də belə idi. Simsarlarsız, həmdərdlərsiz, məsləkdaşlarsız.

Hanı Tahir, nə oldu Mirzə Camal?

 

O iki şair-ifasiq-iməqal.

Hanı Salik, o kan-ielm ü ədəb?

O ədib-i şəhirə noldu səbəb.

Nə oldu, ey çərx, Seyyid-i Zərgər?

Şair-i nüqtəsənc, kan-i hünər.

 

Buracan sadaladıqları özündən nisbətən yaşlılar, tay-tuşları idi. Ancaq elə o əski dostlara bənzəyən cavan dostlar, həmfikirlər də tapmışdı axı. Daha çətin çəkilən dərd bu idi ki, onların da qismətində erkən gedişlər varmış.

 

Getdi Cəfər Cabbarlı dünyadən,

Əl üzüb söhbət-iətibbadən.

Heyf, itirdim Əzim-i rəssamı,

O banami vahid-i əyyamı.

Hara getdi, hanı Səməd Mənsur?

Şüəra içrə fazil-iməşhur.

 

Köhnələr də getdi, nisbətən təzələr də. Daha vaxt da daralırdı. Yeni həmdəmlər aramağa nə zamanqalırdı, nə də ümumən onlarla dil tapa bilməyə imkan. Artıq Azərinki olmayan ayrı nəsillər, başqa vaxt gəlirdi...

Məşədi Azər gənclik illərindən etibarən məclis adamı idi. Həmişə evi qonaq-qaralı, özü daim dostlar arasında, dərs dediyi illərdə də həmişə müəllim yoldaşları və şagirdləri ilə birgə. İndi ixiyarlaşmağa doğru getdiyi, onu bir kəlmədən duyan, özünün işarədən anladığı həmdəmlərsiz qaldığı ömür qürubunda yenə onları yığmışdı bir yerə. Bu mərsiyə-şeirdə onlar elə sağlıqlarındakı sayaq eyni məclisdə olan kimiydilər.

Təqvim, saatlar onları bir-birindən cüda sala bilmişdi. Azər Buzovnalısa qələmin, sözün hökmünə inanırdı və bu şeiri də əbədi ayrılıqlara bir üsyan idi ki, sənin bizə gücün çatmaz, qoymaram ki, ruhca mənə doğmaları ömrümdən qoparasan!

 

16 avqust 2024

Dəmir Aranelli

525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.16-17.