Eksperimental səhnələr
Esse
Səhnə 1.
Allahın duaları eşidən vaxtıdır -
yağış yağır. Şəhərin öz xatirələrindən
qopa bilməyən qala divarlarının arxasında əlləri
cibində, gözləri yerə döşənmiş
xırda daşların arasında nə isə axtaran,
qulaqları arxadan gələn maşınların səsini
radar kimi tutan, fikrində, Allah bilir, neçə il əvvəlin
fraqmentləri. Şəhər bu əyri-üyrü
küçələrin bir neçə kilometrlik sakitliyini, səssizliyini,
dualarını qala qapılarından çıxan kimi qələbəliyin
rəngli, həm də monoton dalğalarına dəyişir.
Saata baxmaq yadından çıxır, səni gözləyən
yoxdur, tələsmirsən harasa, göylərə bir tərəfli
biletin də hələ sifariş olunmayıb. Tezdir.
Ömrünün üçüncü onilliyinin səkkiz fəslini
arxada qoyub yeni tale axtarışına çıxacaqsan bir
azdan. Solunda əcnəbi müştəriləri qane etmək
üçün milli mətbəxin menyusunu həyatının
bütün pozitivliyi ilə əllərinə alan restoran
işçiləri, sağında eynən sənin kimi nə
vaxtsa məhz bu küçədə sərgərdan gəzən
bir rəssamın ilham pərilərinin sənət əsəri.
Gözlərində yeridiyin odlu-alovlu, imperiya atlarının
nal səsləri ilə əbədi yuxusu qaçmış
yolların ağrılı xatirələrini danışan
aslan şəkli. Divarda, daşların üzərinə
yağlı boyalarla çəkilmiş,
yağışın israrla yumağa
çalışdığı tonlarda. Yoxuş səni
aparır Şirvanşahların önünə, tarixin
qarşısında cavab verməyə. Qarşında
İstiqlal küçəsinə pilləkənlər,
yanında o vaxt şəhəri qoruyan, indi qocalıb əldən
düşmüş top, arxanda yadından çıxarmaq istədiyin
onlarla adam. Nə qədər sarayın həyətindən
özünü aşkar edən minarəyə baxıb
unutmaq, başını tarix kitablarından bu qala, bu saray
haqqında oxuduqlarınla qatmaq istəsən də, öz
balaca tarixin əllərinə qandal vurub aparır. Ayaqların
döşənmiş daşlarla turistlərə şəhərin
ən qədim yeri olduğunu sübut etməyə
çalışan yola bitişmiş, gözlərin havada eləcə
asılı qalmış halda gözləyirsən ki,
yaddaşın nə vaxt geri qayıdacaq. Zamanın
axınına nə vaxt qayıdacaqsan, nə vaxt indini də
tarixə çevirməyə çalışacaqsan.
(Sizin həyatınızdan kino çəksələr,
hansı kadrla başlayar?)
Səhnə 2.
Məsələn, rəsm sərgilərini gəzməyi
sevən adam. Kətanın üstündə həm bu
dünyadan nə isə var, həm də yox. Rəssam olsam,
çoxlu ağac şəkli çəkərdim, fikirləşirəm.
Ya da fotoqraf olsam, dünyada bir düzənliyin ortasında tək
qalan yüzlərlə ağac fotolarından sərgi hazırlayardım.
Ağaclar səbirlidir. Onlar bizim gedəcəyimiz yerdən gəlirlər.
Bizim istədiyimiz şeylərin fövqündədirlər.
Ona görə saatlarla onlara söykənib nə isə
danışanda cavab ala bilmirik. Susub yaşadıqlarını
bir də bizdən dinləyib haradan gəlib haraya gedəcəklərindən
əmin olurlar. Məndən soruşsanız deyərdim ki,
dünyadakı insan olmayan hər şey insan olan şeyin
qurbanı oldu. Qurunun oduna yaş da yandı. İnsan gəlməsəydi
buralara, ağacların taleyi başqa cür olacaqdı.
Yağışlar başqa şeylər üçün
yağacaqdı, dənizlər sahilə bu qədər
bağlanmayacaqdı. İnsan həm özünün, həm
də ağacların günahını daşıyır.
O, ya da sən rəssam yox, fotoqrafsan. Ağac şəkilləri
çəkən fotoqraf. Əlində çərpələng
olan uşağın ağacın yan-yörəsində
ora-bura qaçması. Ya da ağacın gövdəsinə
söykənmiş çobanın günorta yuxusu. Yanından
maşınlar keçən ağac (Nuri Bilgə Ceylan,
"Bir zamanlar Anadoluda"). Çayın kənarında bir
ağac, torpağın üstünə
çıxmış köklərində qurbağaların
oturduğu. Yaşıl, xırda yarpaqları hovuza
tökülən ağac (Kim Ki Duk, "Yaz, yay, payız,
qış və yaz").
Şəhərlərdə tək ağac tapmaq
çətin olur. Şəhərlərdə ağaclar tək
yaşamır. Şəhərlərdə ağaclar adamlara
güvənmir. Hər an gəlib kəsə,
budaqlarını budaya bilərlər. Bakıda,
"Parlament" prospekti boyu zeytun ağacları var. Elə ki
mövsümün zeytun ağaclarının üzünə
güldüyü vaxt olur küçələri təmizləyən
xanımlar və bəylər ağacların
budaqlarını əyib zeytun yığmağa
başlayırlar, əgər hansısa budaq mane olsa, bir bəhanə
tapıb o budağı kəsdirməyin icazəsini
alırlar. Bizim şəhərin əsas sahibləri dəmir
buruqlardı, ancaq ağaclar da qonaq sayılmaz. Sənin sərgin
də onları adamlara tanıtmaq üçündü. Bəzən
uniforma geyinmiş gənclər hansısa boş ərazidə
yüzlərlə ağac əkir. Sıra ilə, cərgə
ilə. Böyüyəndə bir-birinin əlindən tutacaq
ağaclar. Budaqları bir-birlərinə keçmiş, bəzən
xəlvətcə sevişən yeni ağaclar. Onların
arasında tək ağac olmur, ona görə də, süni
salınmış parklarda bəzən foto çəkmək
maraqsız gəlir. Təklik incəsənətin mahiyyətindəki
əsas şərtdir. Ailə haqqında çəkilən
filmlər daha maraqlı gəlir, yoxsa bir nəfərin
başına gələn hadisələr? Tək adamların
şəkilləri yaxşı olur, yoxsa bir neçə nəfərin?
Adamlar və ağaclar niyə tək olanda daha rahat, daha
müdrik olur?Çünki yaradılış təkliyin tərəfində
olub. Qadın sonra yarandı, adamlar sonra düşdü
dünyaya. Dənizlərin sahili oldu sonralar. Sonralar
qağayılar sahillərdə yaşadı.
Uçmağı yadlarından çıxarmasınlar deyə
arada dənizin dayaz yerlərində bir-iki dövrə vurub
qayıdırlar dəmir tutacaqların üstünə. Şəhərin
qala divarları sonralar tikildi. Şəhər sonralar tək
qaldı. Tək qalan adamlara, tək qalan ağaclara
oxşadı.
Fotosərginin girişində taxta tabloda da
yazılıb:
"Sərgi tək adamlar
üçündü..."
Səhnə 3.
Pianonun ağ-qara dillərinə qarışan
barmaqlarını görmək, izləmək çətindir.
Caz janrında gözəllik. Fonda başqa alət olmasa da,
saksofonun, drumun səsini eşitdirən nə isə var. Hərdən
başını aşağı əyəndə
saçları dillərin üstünə düşür,
elə bilirsən, barmaqları ilə bacarmadı, indi
saçları da ifaya tam dəstək olur. Sonra
başını qaldırır, gözləri yumulu,
dodaqları bir-birinə sıxılı, burnunun kənarları
sürətli hava axınından tez-tez genişlənib-daralır.
Notların səliqəsiz düzüldüyü kağız
orada - Pianonun üzərindəki yunan naxışları ilə
bəzənmiş taxtada yoxmuş kimi rəftar edir. Bir azdan
kağızlar inciyir, özlərini saçların küləyinə
təslim edib pianonun üzərindən döşəməyə
atırlar. Onun gözləri qapalı, kirpikləri bir-birinə
keçib. Kağızların yerə səpələndiyini
lap axırda, özü də dözməyib stuldan
yıxılanda görəcək.
(növbəti səhnə bu musiqinin fonundadır)
Səhnə 4.
Oyuncaqlara baxan atanın növbəti ünvanı
dibçəklər satılan gül mağazasıdır.
Bir də yoluna çıxsa, supermarketlərdən birindən
meyvə də alacaq. Ayda cəmi bir dəfə
qızını görmək fürsəti var. Sevdiyi cizgi
filmi qəhrəmanının formasını hədiyyə
paketinə bükdürüb özünü atır yarı
xoşbəxt, yarı kədərli, yarı ciddi, yarı
gülməli adamların arasına. Aldığı
dibçəkləri qızı toplayır pəncərə
kənarına. Atası üçün darıxanda onlara
pianoda nə isə çalır. Əsasən də caz. Bilir
ki, atası cazı sevir. Onu bəzən caz musiqilərinin
canlı ifa olunduğu kafelərə aparır. Özü
fransız şərabı sifariş verəndə, ona yeni
sıxılmış meyvə suyu istəyir.
Yarpaqları azca qızarmış, ləçəkləri
çəhrayı bir gülün ovuc boyda dibçəyini əlinə
alıb mağazadan çıxır. Yolun o tərəfində,
orta yaşlı adamların itləri gəzdirdiyi parkda
keçmiş həyat yoldaşı ilə qızı əl-ələ
tutub onu gözləyir. Bir azdan yağış başlayacaq.
Allahın duaları eşidən vaxtı olacaq. Və o dua edəcək
ki, qızı dünyanın ən yaxşı bəstəkarı
olsun. İllər keçəcək, yağışlar
yağmayacaq, qızı dünyanın ən gözəl bəstəkarı
olacaq, ancaq Allah onun ifa etdiyi heç bir bəstəni eşidə
bilməyib sakitcə kövrələcək
Rəvan CAVİD
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.15.