"Bu gün bizim qoruyub
saxladığımız əsl İçərişəhər
deyil"
İlqar Fəhmi: "Heç bəyənmədiyim
bir tendensiya yaranıb - bakılı deyən kimi göz
önündə komik bir obraz canlanır"
Çox sevirəm məmləkətimi. Bizim nəsil
"Vətən anadır", "Vətən əcdadımızın
mədfənidir" deyə-deyə yetişmişik. Və
böyüdükcə bizimlə bərabər böyüyən,
şüurumuzda qol-budaq salan Vətən sevgisi biixtiyar olaraq
varlığımıza hakim kəsilib. Nə yaxşı bu
Vətən bizimdir.
Amma bu sevgimizin içində bizə daha doğma, daha
məhrəm, istisinə daha çox
qızındığımız bir yurd yerimiz də var ki,
orada daha çox rahatıq. Kökümüzün
bağlı olduğu bu yerləri əvəz edə biləcək
məkan yoxdur. Dünyanın hansı nöqtəsində
olsaq da, gözümüz o yurd yerinin arxasınca baxa-baxa
qalır. Bu yazımda məmləkətimin bir parçası
olan öz yurdumdan, onun insanlarından yazmaq istədim,
az-çox buna haqqım var deyə, düşündüm.
Əslində bu istək içimdə həmişə olub,
sadəcə maraqlı və məlumatlı həmsöhbət
tapmaq çətinliyi bir ləngitmə yaradıb. Lakin
rastıma çıxan bir şeir məni içimdəki istəyə
doğru yönəltdi: "Bakı güldürən şəhərdi,
Bakı öldürən şəhərdi..."
Beləliklə, yola salmaqda olduğumuz yayın daha bir
şənbə qonağını sizlərə təqdim
edirik. Müsahibimiz şair, yazıçı, kinodramaturq, Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir. Amma
onunla yaradıcılıq söhbəti etmədik,
çünki mövzumuz bəlli idi - Bakı və
bakılılar...
- Bakının yaşı həmişə mənim
üçün maraqlı olub...
- Bununla bağlı bir neçə dəfə məsələ
qaldırdıq ki, şəhər günü tədbirlər
silsiləsini keçirə bilək. Təbii ki, belə tədbirlər
şəhərin yaranmasının bir tarixi olduqda qeyd edilir. Təəssüf
ki, biz elə bir il və gün tapa bilmədik. Çünki
tarix elə bir uzaq və qarışıq dövrə gedib
çıxır ki, əsrlərin qaranlıq pərdələri
arxasında itir. Dünyada bir çox şəhərlər
var ki, onların konkret yaranma tarixini tapmaq olmur. Zənnimcə,
Bakının özündə elə bir mistika var ki, onun dərin
qatlarına gedən kəsin başı mütləq hərlənəcək,
çünki zaman qaranlıq, uzaq dövrlərə gedib
çıxır. Bu səbəbdən Bakının
yaşını müəyyən etmək olmur.
- Bakı əhalisinin əsas kökü...
- Ümumən götürəndə Bakı
Şirvanın qış paytaxtı olub. Bakı
xanlığına qədər Şirvan şahının
sarayı burada tikilib. Zamanla nəsillər burada qaldıqca, dəyişdikcə
bakılı anlayışı yaransa da, hara çevrilsək
də, köklü əhali Şirvandən gəlir.
- Mənim üçün Bakı bu gün turistlərin
"Köhnə şəhər"
adlandırdığı İçərişəhərdən
başlayır. Vur-tut 22 hektar ərazisi var bu məkanın.
Qonaq-qarası əskik olmasa da, sanki rahat deyil İçərişəhər...
- İçərişəhər bir neçə dəfə
təcavüzə məruz qalıb. Bizim əsas itirdiyimiz
İçərişəhərin qədim
memarlığıdır. Düşünməyin ki, bu, son
20-30 ildə baş verib. Xeyr, Bakıda neft bumu başlayandan
İçərişəhərin əksər köhnə
evlərini söküb yerində bu gün arxitektur adlanan
binaları tikməyə başladılar. İçərişəhəri
gəzəndə əsas bu binalar görünür. Amma bu
görünənlər İçərişəhərin əsl
memarlığı deyil. Mən İçərişəhərdə
qədim memarlığın 3-4 nümunəsini
tapmışdım. Və buradan aydın görünür ki,
İçərişəhərdə hər ev
özlüyündə bir istehkam olub. Qalın divarlar,
bayırdan balaca, içəridən böyük olan pəncərələr
və hamısı da ox atmaq üçün nəzərdə
tutulub. Daha sonra həmin evlərin böyük qapıları
getdikcə o qədər kiçilir ki, sonda içəri adam
zorla daxil olur. O qapılar Qız qalasında da var. Ən
maraqlısı odur ki, həmin qapılardan iki nəfər
keçə bilmir. Bir nəfərin əvvəl baş hissəsi
keçir, qolları iki tərəfdən
sıxışmış vəziyyətdə arxada qalır.
Yəni əgər basqın varsa, kiçik qapının
arxasında əlində xəncər dayanan ev yiyəsi
içəri daxil olan başı rahatlıqla üzə
bilirdi. Evlərin damları hamar deyil, hamısı bürclərdən
ibarət olub ki, oradan da ox atmaq çətinlik yaratmayıb.
Bakı hər zaman hücuma məruz qaldığı
üçün əhali əvvəl qalalardan istifadə edib.
Əgər qala divarlarından düşmən içəri
daxil ola bilirdisə, İçərişəhərin labirint
kimi dolanbac yollarında azıb qalırdı. Küçələrin
ensiz olmağı bir evin damından digərinə rahat
tullanmağa imkan verirdi. Yəni qədim İçərişəhərin
quruluşu tam müdafiə xarakterli olub, bu da onu göstərir
ki, Azərbaycan minilliklər boyu hamının gözündə
əldə etmək istədiyi yağlı tikə olub. Lakin həmin
bu evlər XX əsrdə artıq yaşamaq üçün
yararsız olduğuna görə söküldü,
Tağıyev evləri adlanan binalar onları əvəz etməyə
başladı və bu gün bizim qoruyub
saxladığımız əsl İçərişəhər
deyil.
- Əsas onu qoruyub saxlaya bilmişik ki, bu gün
"Açıq səma altında muzey" adı ilə
YUNESKO-nn siyahısına daxil edilib...
- İçərişərə
xas bir xüsusiyyəti də deyim. Bu ərazi şəhərin
mərkəzi hissəsində, maşınların səs-küylü
yerində yerləşir. Bununla belə, İçərişəhərin
bir mistikası var. Qala qapılarından bu şəhərə
daxil olan kimi elə qəribə bir sükut, elə bir
rahatlıq əmələ gəlir ki, sanki tamam başqa bir aləmə
düşmüsən. Bütün dağıntılara, yeni
dizaynlı binalarına rəğmən, o qədim, mistik ruh hələ
də qalmaqdadır. Şəxsən mən Sovetski məhləsində
40 pilləkən adlanan ərazidə böyümüşəm,
yəni İçərişəhərlə yaxın
bağlılığım yoxdur, lakin hər dəfə ora
daxil olanda həmin ab-havanı hiss edirəm. İçərişəhərlilərin
Bakının elit təbəqəsi kimi davranmaq mədəniyyəti
olub. Yuxarı məhəllənin sakinləri həmişə
çalışardılar ki, bir qədər onlara bənzəsinlər.
İçərişəhər sakinləri üçün
oradan ayrılmaq çox çətindir və bütün
yaşayış çətinliklərinə baxmayaraq, onlar
bu şəraiti ən yüksək komfortdan üstün
tuturlar. Bu da dediyim kimi, İçərişəhərin
mistikasının cazibəsidir. Şəxsən mən nə
orada doğulmuşam, nə də yaşamışam, lakin
İçərişəhərin ruhu, ab-havası haqqında
bir neçə əsərim var. Onunla bağlı
yazdığım romanın artıq sonuna
çatmışam. Bakının hansı hissəsində
böyüməyinə, yaşamağına baxmayaraq,
heç bir bakılı İçərişəhərə
biganə qala bilmir. Bu da onun heç kəsə məlum
olmayan bir sirridir.
- Amma Bakının bayır şəhər adlanan hissəsinin
də öz imici olub...
- Sovet dövrünü bəyənməsək də,
o zamanda maraqlı bir hal baş vermişdi. Bakı halqa-halqa
böyüyürdü. Və bu halqavari inkişaf bizə
memarlığın simasını göstərirdi. Mərkəzdə
İçərişəhər, onun əhatəsində
arxitektur evlər, yəni inqilabdan əvvəlki evlər, sonra
"stalinka"lar, daha sonra Gənclik, Nərimanov və
"xruşovka"lar. Bu, 80-ci illərə qədər davam
etdi. Lakin son 30 ildə həmin struktur tamam dağılıb.
Ələlxüsus son onilliklərdə tikilən tikililər
şəhərin imicini korladı. Əfsuslar olsun ki, bunu dəyişmək
mümkün deyil. Nəticədə xaotik bir mənzərə
yaranıb. Bütün bunlar ümumi quruluşu korlayır.
Avropa ölkələrində belə bir vəziyyətə
rast gəlmərik. Ən azından sovet dövrünün
tiknti prosesinə baxsaydıq, 60-70-ci illərdə Bakıya
necə qayğı göstərildiyini görərdik. Amma
Bakı bizim üçün təkcə yeni tikililərdən
ibarət deyil ki... Söküntü-tikinti işləri həmişə
olub, çünki inkişaf gedir və bunu faciə ilə
qarşılamaq lazım deyil. "Bakı tarixindən
kollaj"ı yazanda mənə elə bir vahimə gəlmişdi
ki, sanki dünyanın sonudur. Gördüyüm
söküntülərin içində
düşünürdüm ki, şəhərim əldən
gedir. Yazını bitirəndən sonra sanki bir rahatlıq
tapdım. Ona görə də həmişə demişəm
və deyirəm də - Bakı elə bir mifdir ki, o, hər
birimizin içindədir. Bakının insanları, xarakterdəki
çalarları, adət-ənənələri, mental
xüsusiyyətləri daş-divarda deyil, adamların daxilindədir,
yəni əsas mənəvi dəyərləri qoruyub
saxlamaqdır. Bəla orasındadır ki, onu da saxlamaq qəlizləşib.
Son vaxtlar hər şey bir-birinə o qədər
qarışıb ki, Bakının tarixi bir növ
nağıla çevrilib. Amma heç olmasa nağıl şəklində
də olsa, qoruyub saxlayaq.
- Bayaq dediniz ki, Sovetskidə boya-başa
çatmısız. Artıq o ərazinin adı yaddaşlarda
qalıb. Bununla belə, köçürülən əhali
bu itkilə hələ də barışa bilmir...
- Mənim aləmimdə Sovetski memarlıq
baxımından o qədər də qorunub saxlanmağa layiq
yer deyildi. Sovetskinin özəlliyi onun insanlarında, adət-ənənəsində,
qonşuluq, məhəllə münasibətlərində, hər
bir ailənin özünəməxsus xarakterində idi. Mənim
üçün ən dəyərli olan bunlar idi. Bəzi
filmlərimizdə bunları göstərməyə
çalışıblar. Birində yaxşı
alınıb, digərində bir qədər zəif. Lakin
çəkilən elə filmlər var ki, mən onu
bakılılar üçün təhqir hesab edirəm.
Qonşuluq, məhəllə münasibətlərini göstərməyə
çalışsalar da, özləri də hiss etmədən
xarakteri dağıdıblar.
- Məsələn...
- "Bir cənub şəhərində" filmi.
Filmi o zaman qadağan etdilər, Bakı camaatı çox pis
qarşıladı. Bəzən razılaşmayıb deyirlər
ki, Bakının simasını göstərən filmdir. Mən
isə deyirəm ki, Bakını təhqir edən filmdir.
İstəsəniz niyəsini də izah edə bilərəm.
- Maraqlı olar...
- Filmin əvvəlində hələ əsas konflikt
başlamayıb. Proloqdakı hadisənin nəyin
üstündə qurulduğuna baxaq. Məhəllənin
çox hörmətli Ağabala adlı bir avtoriteti var və
həbsdən çıxıb gələcək. Həmin bu
Ağabalanın həyat yoldaşı pivə
köşkündə işləyə-işləyə
oranın müdirilə sevgi yaşayıb və üstəlik,
dünyaya bir uşaq da gəlib. Bütün məhəllə
yığışıb gözləyir ki, Ağabala gəlib
nə edəcək. Təbii ki, Ağabala gəlir, vurub
öldürür adamı. Gəlin birlikdə hadisənin əvvəlki
dövrünü səciyyələndirək. Birincisi, məhəllə
mühitində həbsdə olan sayılıb-seçilən
oğlanın həyat yoldaşını heç kəs
işləməyə qoymazdı. Camaat özü onu
yedirdib-içirdib hər şeylə təmin edəcəkdi
ki, məhəllənin hörmətli oğlunun ailəsinin
işləməyi onlar üçün ayıb olar.
İkincisi, fərz edək ki, qadın darıxır və
işə düzəlir. Yaxşı, işləsin, amma qadın
harda işləməyə başlayır? Məhəllənin
ortasındakı pivə köşkündə. Filmdə məhəllə
camaatı buna da göz yumur. Əsl Bakı məhəlləsində
həmin qadını o köşkə yaxın belə,
buraxmazdılar. Üçüncü məqam - qadın pivə
köşkündə işləyir, müdirlə
aralarında isti münasibət yaranır, yenə də məhəllədə
buna göz yumurlar. Axı, bu, bakılı məhəlləsi
üçün bir absurddur. Kimin hünəri çatardı
ki, məhəllə camaatı arasında hörməti olan
bir oğlanın həbsdə olduğundan istifadə edib ailəsinə
əyri gözlə baxsın? Dördüncüsü, olanlar
azmış kimi, bu münasibətdən bir uşaq da var, yenə
də camaatın vecinə deyil. Xəbər çıxanda
ki, Ağabala gəlir, hamı tamaşaya
yığılır ki, görək bu hörmətli
oğlan nə edəcək? Bu səhnənin adı bilirsiniz
nədir? Məhəllə əhlinin qeyrətsizliyi və
şərəfsizliyi, hansı ki, bir bakılı məhəlləsinin
tarixində bu, ola bilməzdi. İşdir, olmuş da
olsaydı, həmin camaat məhəlləsindən kənara
çıxa bilməzdi. Bütün bu sadaladıqlarım məhəllə
mühitini bilməməkdən irəli gəlir. Lakin bilməməzlik
bütün film boyu davam edir.
- Deyirlər ki, Bakının sırf özünəməxsus
bir şarmı var...
- Müəyyən məqamlar var ki, onun özəlliyi
sözə çevrilməməlidir. Yəni bunu etməyə
çalışsan, həmin özəlliyi məhv edəcəksən.
Mən özüm üçün çox axtardım belə
bir şey tapım ki, bu, Bakıdan başqa heç yerdə
yoxdur və sırf bizə aiddir. Lakin bu məqamı tuta bilmədim.
Dayandığım bircə nöqtə qanuna və rəsmiyyətə
münasibətdə oldu. Bakı əhalisi əvvəl
imperiyaya tabe idi. Qısa bir ara Cümhuriyyət oldu və sonda
sovet hakimiyyəti gəldi və öz qanunlarını qoydu.
Zənnimcə, onlar üçün qanuna riayət etmək
yadelli işğalçıya tabe olmaq anlamında olub. Digər
bir səbəb. O zaman milyonçular əsasən
bakılılardan ibarətdir və təhsil almağa gedənlər
də əsas onların övladları idi. Və təhsil
alıb gələndən sonra Bakıda ziyalı kütləsini
formalaşdıranların əksəriyyəti
bakılılar olub. Onlar birlikdə Cümhuriyyəti qurdular.
Lakin bu hakimiyyət tənəzzülə uğrayandan sonra
onların bir hissəsi qaça bildi, digərləri güllələndi,
ya da edam edildi. İnsanlarda belə bir fikir yarandı ki, yeni
qurulan hökumət bizim deyil və bizə ziddir. Bu
baxımdan düşünürəm ki, Bakı camaatında
qanun anlayışına münasibət fərqlidir.
- Hər bölgənin özünün yerli sakinləri
var, eləcə də Bakının bakılıları..
- Mənim heç bəyənmədiyim, xoşuma gəlməyən
bir tendensiya yaranıb. Bakılı deyən kimi göz
önündə mütləq komik bir obraz canlanır.
Başında kepka, əlində təsbeh,
qarşısında quşlar və bir də meyxana söyləyən.
Bu obrazı istismar edən çoxdur. Və sovet
dövründən tutmuş günümüzə qədər
bu, o qədər çoxalıb ki, həmin obraz artıq bir
arxetipə çevrilib. Düşünürəm ki,
bakılı kimdir deyəndə ilk növbədə bu
arxetipi dağıtmaq lazımdır. Bakılı kepkalı, əlində
təsbeh olan quşbaz deyil. Bakılı Məhəmməd
Əmin Rəsulzadə, Qara Qarayev, Mirzəbala Məmmədzadə,
Tofiq Quliyev, Mehdi Hüseynzadə, Qılman İlkin, Manaf
Süleymanov və yüzlərlə belə şəxsiyyət
sahibləridir. Bakının xarakterini onun ziyalılarında
axtarmaq lazımdır. Mən Bakı camaatının yaşam
tərzini, mədəniyyətini araşdıranda fikir
vermişəm ki, onlar üçün zahir xüsusi əhəmiyyət
kəsb etmir. Bir məhəllə zahirən baxımsız, səliqəsiz
ola bilər, lakin oranın camaatı
daxilən o qədər yüksək mədəniyyət sahibi, adət-ənənəyə
sadiq, mənəviyyatı yüksək, ədəb-ərkan
qaydalarına riayət edən insanlardır ki, adamın
gözünə başqa heç nə görünmür.
Bakı əhli zahiri gözəllik, bər-bəzək, cah-cəlal
aludəçisi olmayıb heç vaxt, bu da onların daxilən
çox zəngin olduqlarından irəli gəlib. Fikir
vermisizsə, bizdə rəssamların əksəriyyəti
bakılıdır. Bilirsiniz niyə? Bakıda rəng
çaları olmayıb. Bölgələrdə yaşayanlar
dağı, çəmənı,
yaşıllığı, rəngarəngliyi hər gün
gördüyündən bu, onun üçün adi bir mənzərədir.
Bakıda isə cəmi üç rəng var - sarı, boz və
göy. Ona görə də bizim rəssamlar rəng
çalarlarının vurğunu olduğundan, hər bir rəsmi
böyük həvəs, məftunluqla işləyiblər.
Ona görə deyirəm ki, Bakı və bakılıları
onun ziyalılarında axtarmaq lazımdır ki, kim
olduqlarını anlaya bilsinlər.
- Bu gün Bakının gözəlliyi göz
qamaşdırır. Amma bu gözəlliyin içində
öz Bakısının xiffətini çəkən bir nəsil
var...
- Hər kəs üçün öz
uşaqlığı ideal dövrdür. 80-ci illərdə
yaşlı nəsil deyirdi ki, siz Bakı görməmisiniz,
Bakı qalıdı 30-50-ci illərdə. Baxıb
görürsən ki, bu adamın dediyi dövr Bakının ən
pis vaxtları olub - müharibə, repressiyalar... Lakin çətin
də olsa, həmin Bakı onun üçün bir gözəllik
idi. O da yadımdadır ki, yaşı 80-90 arasında olanlar
deyərdi ki, sovet hakimiyyəti gələndən sonra Bakı
yoxdur. İndini bəyənməyib keçmişin xiffətini
çəkənlər çox uzaqda qalmış
uşaqlıq, yeniyetməlik, gənclik illəri
üçün darıxır. Dildə Bakı desək də,
geridə qalan illərimizin həsrətini çəkirik. Elə
mən özüm də.
- Bakılıların əruza olan sevgisi...
- Bunun sirrini mən
özüm üçün tapa bilmədim. Məntiqlə əruz
bütün Azərbaycanın, bütün Şərqin
poeziya forması olub. Xatırladığım odur ki, 80-ci illərdə
əruz iki yerdə qalmışdı - Bakı və Lənkəran
mühitində. Bu günün özündə belə, əruz
vəzninə bir biz də, bir də Lənkəranda müraciət
edirlər. Lakin səbəbi özümə də aydın
deyil. Məntiqlə götürsək, bu, Şamaxıda daha
geniş olmalı idi. Buna rəğmən, bu gün
Naxçıvanda, Gəncədə əruzda yazan gənclərimiz
xeyli artıb. Amma yenə də axın olaraq Bakı
üstünük təşkil edir.
- Bakı ləhcəsi...
- Mən özlüyümdə Bakı ləhcəsini
parçalayıram, ona görə ki, kəndlərin
özündə belə, fərq var. Bakı ləhcəsinin
iki əsas özəlliyi var - bir qədər sürətli
danışıq və sözlərin uzadılması,
ikincisi, cüt danışıq. Bununla bağlı bir rəvayət
də var: "Şah Abbas bir nəfər bakılı
axtarır. Neçə nəfər gəlsə də,
şahı qane etmir. Sonda gələn cüt danışan
olur. Şah deyir ki, bu, təmiz bakılıdır.
Soruşurlar ki, hardan bildiz? Cavab verir ki, sözləri cüt
deyir".
- Şeirinizdən bir misra: "Bir dostumuz olsaydı
satardıq"... Bakılılar dostluğa sadiq olur...
- Şeirin tarixçəsini danışmaq istəmirəm.
İnsan tənhalığının müəyyən
göstəriciləri var. Bu misra ilə bağlı
dostlarım arasında fikir ayrılığı oldu. Bəzisi
dedi ki, misranı çıxart, digərləri isə saxla
dedi. Burada insan tənhalığının elə bir absurd həddindədir
ki, satmağa dost belə, tapa bilmir. Bu, poetik bir
tapıntıdır.
- Fəhm sözünün mənası çox dərindir...
- Bu təxəllüsü mənə məclislərin
birində verdilər. Bu, bir ənənə idi ki,
yaşlı şairlər gənclərə təxəllüs
verərdi. Əli Fəhmi 1975-ci ildə dünyasını dəyişib,
mən isə həmin ildə doğulmuşam. Onda məclisdə
belə bir məsləhət oldu ki, bəlkə Fəhmi təxəllüsünü
götürsün. O, çox sevilən insan və alim idi,
lakin onun yazılı əsərləri olmayıb. Belə
olan halda səni tanıyanlar dünyadan köç etdikcə,
sən də unudulursan. Bir növ bu təxəllüsü mənə
ona görə verdilər ki, ad unudulmasın. Ən azından
onun adını xatırladıramsa, bu da bir savabdır.
- Bakı səbr edən şəhərdi, Bakı
çox dözən şəhərdi... Sizin sözlərdir...
- Səbrin də bir vaxtı var. Ümumiyyətlə,
məfhum olaraq Bakı camaatı da dözümlüdür,
Bakının özü də səbirli şəhərdir.
Ticarət yolunun üstündə yerləşdiyindən
Bakıya gələn-gedən, hücum edən çox olub və
müəyyən qədər sıxıntılara səbr etmək
lazım gəlib. Ona görə də insanlarının da,
mistik olaraq şəhərin özündə də səbr
anlayışı həmişə güclü olub.
- Son sözünüz...
- Bütün bakılıların bir-birinə son
sözü o olmalıdır ki, Bakını öz içində
qoruyub saxlamağa çalışın. Bakı yalnız
daş-divardan ibarət deyil, Bakı bizim içimizdəki mənəvi
dəyərlərdən ibarətdir. Saxlaya bildiksə,
Bakı qalacaq.
SÖZARDI: Son vaxtlar sosial şəbəkədə
qarşıma tez-tez bir mahnı çıxırdı.
Mahnının ilk misrası belədi: "Mənə Bakı
haqqında danış"... Müsahibim danışdı, mən
dinlədim. Bir yazıya sığmayacaq qədər olan
söhbətin bitməsini heç istəmirdim, çünki
o, mənə Bakı haqqında danışırdı...
Tamilla M-zadə
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.14;15.