Azərbaycan
xanımının parlaq siması
Xatirələrimiz zaman ötdükcə
öz-özünə zənginləşən bir sərmayədir...
2013-cü ilin isti bir iyul ayında, Parisin cazibədar
küçələrində addımlayırdıq. Biz Azərbaycan
Fransız dili Müəllimlər Assosiasiyasının xətti
ilə Parisdə təkmilləşdirmə kursunda iştirak
edirdik. Bu şəhər bizə yeni biliklərin, təcrübənin
qapılarını açmaqla yanaşı, bir çox
unudulmaz xatirələr də bəxş etdi.
İyulun 17-də qrup rəhbərlərimiz Azelma
xanım və Çəmən xanım bizi bir araya toplayaraq
çox vacib bir xəbəri çatdırdılar. Sabaha olan
həyəcanımızı artıran bu xəbər belə
idi: Azərbaycanın birinci xanımı və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun
binası qarşısında çıxış edəcək.
Bu mühüm tədbirdə bizim nümayəndə heyətimizdən
altı nəfərin iştirakı nəzərdə
tutulurdu.
Alman filosofu Robert Benjamən deyir ki, Paris XIX əsr
dünyanın paytaxtıdır. Meksika
yazıçısı Nobel Mükafatı laureatı Oktavio
Pas isə yazır ki, Paris XX əsr dünyanın
paytaxtıdır. Görüşün bir
üstünlüyü də onda idi ki, məhz bu şəhərdə
baş tuturdu (Lakin bu gün çox təəssüflə
qeyd etmək lazım gəlir ki, belə bir nəhəng
dövlətin, yerində olmayan liderinin apardığı məntiqsiz
siyasət nəticəsində ölkə öz nüfuzunu
itirməyı doğru gedir).
Ertəsi gün böyük həyəcan və
gözləntilərlə həmin tədbirə
qatıldıq. Parisin mərkəzində, UNESCO-nun möhtəşəm
binası qarşısında Azərbaycanın UNESCO-ya üzv
olmasının 20 illiyi münasibətilə xüsusi mərasim
keçirilirdi. Tovuz rayonunun Aşağı Ayıblı kəndində
tapılmış, XII-XIII əsrlərə aid daş at və
daş qoç heykəlləri bu tanınmış təşkilata
hədiyyə olunurdu. Günəşin parlaq
işıqları altında, mərasimin təntənəli
ab-havası bizi özünə cəlb edirdi. UNESCO-nun o
zamankı baş direktoru İrina Bokova çıxış
edərək Azərbaycanın bu təşkilata üzv
olmasının 20 illiyini qeyd etmək üçün bir araya
gəldiklərini söylədi. Onun nitqi zamanı Azərbaycanın
birinci xanımını Parisdə salamlamaqdan duyduğu
qürur hissi bütün iştirakçıların qəlbində
bir iz buraxdı. Azərbaycanın mədəni irsinin UNESCO
üçün nə qədər önəmli olduğunu
vurğulayan Bokova bu tədbirin əhəmiyyətini bir daha
ortaya qoydu.
Sonra Mehriban xanım Əliyeva çıxış
etdi. Onun zərif və məğrur duruşu, səsindəki
təmkin və güvənlik hər kəsi heyran qoymuşdu.
Mədəni irsimizin qorunmasının Azərbaycan hökuməti
üçün prioritet istiqamət olduğunu vurğulayan
Mehriban xanım Əliyeva dedi: "Biz fəxr edirik ki, Azərbaycan
muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı
UNESCO-nun Qeyri-maddi İrs siyahısına daxil edilib. Eyni zamanda
Qız qalası, İçərişəhər,
Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və
Bədii qoruğu UNESCO-nun Dünya İrsi siyahısına
salınıb".
Mehriban xanımın nitqi sadə, lakin
düşündürücü idi. O, ingilis dilində
çox rahat və axıcı danışırdı. Hər
kəs - istər yerli, istərsə də xarici
iştirakçılar - onu diqqətlə dinləyirdi.
UNESCO-nun əməkdaşları, Fransanın Azərbaycandakı
ilk fövqəladə və səlahiyyətli səfiri Jan
Perrən və Azərbaycandan gəlmiş nümayəndə
heyəti də bu tədbirdə böyük fərəhlə
iştirak edirdi.
Bu tədbir Azərbaycanın dünyadakı
nüfuzunu və Mehriban xanım Əliyevanın beynəlxalq
arenadakı mühüm fəaliyyətlərini əks etdirməsi
baxımından böyük əhəmiyyət kəsb edirdi.
Bu çıxış həm Azərbaycan mədəniyyətinin,
həm də ölkəmizin təhsil sahəsindəki nailiyyətlərinin
beynəlxalq ictimaiyyətə təqdim olunması
üçün vacib bir platforma idi.
Mehriban xanımın çıxışı
alqışlarla qarşılandı. Oradakı hər bir azərbaycanlı
bu mənzərədən qürur dolu anlar yaşayır,
ürəyində fəxarət hissi keçirirdi. Budur, Azərbaycan
xanımının parlaq siması və əsl nümunəsi!
Çıxışdan sonra Mehriban xanım biz müəllimlərlə
səmimiyyətlə görüşdü. Onun hər birimizlə
xoş və yığcam şəkildə söhbət
qurması, sadəliyi və səmimiyyəti bizi heyran etdi.
Sonda müəllimlər Mehriban xanımla şəkil çəkdirmək
istədiklərini dilə gətirdikdə, o, yenə də məmnuniyyətlə
razılıq verdi. Bu tarixi şəkil həmin tədbirin
yaddaşımızda necə dərin iz
buraxdığının sübutudur. Mehriban xanımın əsilzadələrə
xas sadəliyi və təvazökarlığı xoş xatirələrin,
şirin söhbətlərin mövzusuna çevrilərək
yaddaşımıza həkk olundu.
Bu günlərdə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri,
ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın 60 illik yubileyi - yenə də özünəməxsus
tərzdə - sadəlik və təvazökarlıqla qeyd
olunur. Bu yubiley münasibətilə Mehriban xanımı
ürəkdən təbrik edir, ona möhkəm
cansağlığı, şərəfli fəaliyyətində
tükənməz enerji və yeni-yeni uğurlar
arzulayırıq!
Əsgər ZEYNALOV,
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.12.