RƏŞADIN
RƏŞADƏTİ
Rəşad Məcidin
60 yaşına
Avqustun 21-də ölkəmizin ədəbi-mədəni
mühitində hamının yaxşı
tanıdığı, mütləq əksəriyyətin
böyük hörmətlə yanaşdığı, deyərdim
ki, hətta sevdiyi şair, yazıçı, jurnalist,
naşir, ictimai xadim Rəşad Məcidin 60 yaşı tamam
oldu. Eyni gündə Prezident İlham Əliyevin sərəncamı
ilə yubilyar media sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə ölkəmizin ali
mükafatlarından birinə - 2-ci dərəcəli "Vətənə
xidmətə görə" ordeninə layiq
görüldü. Hər iki münasibətlə möhtərəm
qələm dostumu ürəkdən təbrik edirəm.
İnanıram ki, şərəflə yaşanmış bu
60 onda "Ömrün ən yaxşı illəri arxada
qaldı" - təəssüfü oyatmayacaq. Əksinə,
yaşanan maraqlı, zəngin və dinamik həyat, əldə
olunan təcrübə, sınaqların gətirdiyi
müdriklik və ustalıq yeni, yaxşı əsərlər
yaratmaq üçün bir bünövrəyə, guşə
daşına çevriləcək.
Rəşadı 25 yaşından, bəlkə daha
öncədən tanıyıram. Ötən il "Azərbaycanın
görkəmli adamları" seriyasından biblioqrafiyamın
nəşrə hazırlanması ilə əlaqədar
köhnə kağızlarımı araşdırarkən hələ
"öz qəzetinin" olmadığı dövrdə məndən
"Elm və həyat" jurnalı üçün
aldığı müsahibə qarşıma
çıxdı. Bildiyim qədər, həmin dövrdə
kifayət qədər nüfuzlu və populyar sayılan bu
jurnalda çalışırdı. Mətbuata
bağlılığı isə universitet tələbəsi
olduğu dövrdə başlamışdı.
Bir igidin ömrünə bərabər son otuz iki ildə
isə Rəşad Məcidin adı sonradan üzərinə
götürdüyü, daha doğrusu, layiq
görüldüyü çoxsaylı məsul vəzifələrin
yanı sıra, həm də sevimli "525-ci qəzet"lə
qoşa çəkilir. Yəqin qəzetin qəribə
adının sirri çoxlarına bəllidir. Dövlət
müstəqilliyinin atributlarından biri kimi meydana
çıxan mətbuat bumunun yaşandığı 1992-ci
ildə onilliklər boyu hər sayını səbirsizliklə
gözlədiyimiz bu qəzet
dövlət qeydiyyatından keçən 525-ci mətbu
orqan idi. İndi o yarım mindən çox qəzet-jurnaldan yəqin
ki, tək-tükü, maksimum bir əlin barmaqları ilə
sayıla biləcək qədəri
meydanda qalıb ki, onlardan da biri və təbii ki,
birincisi "525-ci qəzet"dir. Nəşrin
uzunömürlülüyü
Rəşad Məcidin nüfuzu və təşkilatçılıq
qabiliyyəti, bilik və istedadı, monolit kollektiv
yaratması, təkcə ədəbi-mədəni deyil,
ictimai-siyasi həyatın da nəbzini tuta bilməsi sayəsində
mümkün olub. Mübaliğəsiz demək olar ki, 33
yaşına qədəm qoyan "525-ci qəzet" 60
yaşlı Rəşadın ən böyük əsəri,
onun müstəqil Azərbaycanın mətbuat və ictimai
fikir tarixinə ən böyük töhfəsidir. Taleyinə
belə bir qəzetin yaradıcısı, dəyişməz
baş redaktoru olmaq yazılan ədəbiyyat adamı
özünü xoşbəxt saya bilər. Səmimi şəkildə
inanıram ki, bu gün ömrünün altıncı
onilliyini gənclik eşqi və daha çox yazıb-yaratmaq
arzusu ilə arxada qoyan Rəşad Məcid eyni enerji və
yaradıcılıq əzmi ilə sevimli qəzetinin də
yarım əsrlik yubileyini qeyd edəcək.
Cəmiyyət həyatındakı inqilabi dəyişikliklər
bəzən proseslərin mərkəzində olan insanları
vaxtından əvvəl müdriklik yaşına
çatdırır. Onları böyük və məsul vəzifələrin
həyata keçirilməsinə cavabdeh edir. İctimai
mühit və cəmiyyətdə söz sahibinə
çevirir. Çiyinlərinə yaşa və təcrübəyə
uyğun gəlməyən bir ağsaqqallıq missiyası, məsuliyyət
yükü qoyur. 25-30 yaşlı Mirzə İbrahimovu, Səməd
Vurğunu, Rəsul Rzanı, Süleyman Rəhimovu və digər
XX əsr klassiklərimizi, bu yaradıcı şəxsiyyətlərin
geniş, çoxcəhətli fəaliyyətini yada salmaq kifayətdir.
Ölkəmizin yenidən dövlət müstəqilliyinə
qovuşduğu dövrdə oxşar həyat yolu keçən
azsaylı yeni nəsil ziyalı və ictimai xadimlərdən
biri də Rəşad Məcid oldu. Uşaqlıq illərini
keçirdiyi Qarabağdan Bakıya gəlib riyazi təmayüllü
baza təhsilinə baxmayaraq, ədəbiyyat və sənət
Olimpində öz yerini tutmaq bacarıqlı gənc
üçün sanki o qədər də çətin
olmadı. 1990-cı ildə o, korrektorluqdan başlanan,
sıravi jurnalistlikdən keçən əmək fəaliyyətini
yeni yaradılmış Azərbaycan Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzində sədr
müavini kimi davam etdirməyə
başladı. Bu zaman Rəşadın 26 yaşı
vardı. Ali təhsil diplomunu cəmisi iki il əvvəl alsa
da, mətbuatda iş təcrübəsinin daha uzun tarixçəsi
vardı. Ən başlıcası isə şəksiz ədəbi
istedada, güclü söz duyumuna, yazıb-yaratmaq təşnəliyinə
malik idi.
Çətinlik və ziddiyyətlərlə dolu,
yaddaşlara müharibə və torpaq itkisi ilə iz salan
1991-1992-ci illərdə əvvəlcə "Ədalət",
sonra "Azərbaycan" qəzetində baş redaktorun
birinci müavini olub. 1993-cü ildə "Azərmətbuatyayım"
İstehsalat Birliyinin rəisi kimi müstəqil rəhbərlik
işinə keçib. Bundan bir il əvvəl isə yeni
dövr mətbuatımızın flaqmanı şöhrətini
qazanan "525-ci qəzet"i təsis edib. Artıq 20 ildən
çoxdur ki, əvvəlcə gənclər üzrə
katib, son dövrdə isə sədr müavini kimi Azərbaycan
Yazıçılar Birliyinin rəhbərliyində təmsil
olunur. İctimai həyatda prinsipial və vicdanlı insan kimi
tanındıqca üzərinə düşən vəzifələrin
də sayı artıb. Təbii ki, onların
hamısını burada sadalamağa ehtiyac yoxdur. Deyəsən,
statistikaya bir az çox yer ayırdım. Amma həqiqət
budur ki, Rəşad Məcid yuxarıda ötəri
xatırlatdığım işlərin çoxunu 30
yaşına qədər görüb, yaxud bir çox gələcək
uğurlarının təməlini 30 yaşa qədər
atıb. Yəni bu erkən yaşda tam özünütəsdiqə
nail olub. Ədəbi ictimaiyyət və ölkə rəhbərliyi
səviyyəsində tanınıb, təqdir edilib. Ən
böyük qazancı isə qələm əhlinə, ilk
növbədə də jurnalistlərə xüsusi tələbkarlıqla
yanaşan, bir səhv addıma, yanlış sözə
görə onları yüksəldikləri ucalıqdan
asanlıqla endirən sadə insanların, minlərlə
oxucunun rəğbətini qazanması olub.
Bu rəğbətin kökündə, mayasında nə
dayanır? Təbii ki, ilk növbədə Rəşad Məcidin
yaradıcı potensialı, təqdirəlayiq insani keyfiyyətləri.
Səmimiliyi, mərdanəliyi, dürüstlük və
halallığı. İstedadı və istedadlara
qayğısı. Vətənpərvərliyi və yurd
sevgisi. Söz qarşısındakı məsuliyyət hissi.
Ədəbiyyat və mədəniyyət üçün
cavabdehlik duyğusu. Üzərinə necə ağır vəzifələr
götürdüyünü bilməsi və onları daim
vicdanla, şərəflə yerinə yetirməsi... Yenə
sadalamaq olar. Amma fikrimcə, deyilənlər
çağdaş Azərbaycan ədəbiyyatında və
jurnalistikasında artıq öz yerini tutmuş Rəşad Məcidin
portret cizgilərini tamamlamaq üçün kifayətdir.
Rəşad prinsipial, amma konfliktsiz adamdır. Zidd
qütbləri yaxınlaşdırmağı, hətta
barışdırmağı bacarır. Lakin bu zaman öz təməl
prinsiplərindən, inandığı gerçəklərdən
də imtina etmir. Əks təqdirdə Yazıçılar
Birliyi, yaxud Mətbuat Şurası kimi mürəkkəb, hər
ağızdan bir avaz gələn çoxsəsli, polifonik
qurumlarda işləmək və
simasını qoruyub saxlamaq o qədər də asan
olmazdı. Başqa bir xüsusiyyəti isə insanları
öz səmimiyyəti ilə inandırmağı, ən
müxtəlif fikirli ədəbiyyat adamları arasında tərəfdarlar
tapmağı bacarmasıdır. Tələbəlik illərindən
yaxşı tanıdığım, böyük ədəbiyyat
sevdalısı, hüquqşünas Yusif İldırımzadə
yazılarının birində onu çox dəqiq şəkildə
"xasiyyət xoşbəxti" adlandırıb və səhv
etmirəmsə, bu uğurlu müşahidə Rəşad Məcid
haqqındakı kitablardan birinin adına çevrilib. Dəqiq,
tutumlu ifadənin ilk müəllifi isə Yusif müəllimin
atası, tanınmış yazıçı və jurnalist,
"525"in ən məhsuldar müəlliflərindən
olan mərhum Əli İldırımoğludur.
Rəşad Məcidin zəngin ədəbi
yaradıcılığı, sənətkar siması, ictimai
fəaliyyəti barəsində onlarla məqalələr,
kitablar qələmə alınıb. Odur ki, məşhur
atalar sözümüzdə deyildiyi kimi, görünən
dağa bələdçilik etmək fikrindən uzağam.
Sadəcə vurğulamaq istəyirəm ki, istər
yazıçı, istərsə də şair kimi o, kifayət
qədər geniş oxucu auditoriyasına malik yaddaqalan əsərlərin
müəllifidir. Şeirlərinə bir çox uğurlu
mahnılar bəstələnib. Poetik mətnlərinin
musiqililiyi hətta qədim söz və sənət yurdu
İtaliyada da diqqətdən kənarda qalmayıb...
Bunlarla bir sırada Rəşad Məcid ədəbi-ictimai
fikirdə daha çox jurnalist və publisist kimi
tanınır. Onilliklər boyu davam edən uğurlu qəzetçilik
fəaliyyəti onu bədii yaradıcılıqdan müəyyən
qədər uzaqlaşdırsa da, milli-mənəvi
mövcudluğumuz üçün zəruri olan, xüsusən
də müstəqilliyin başlanğıc mərhələsində
bütün kəskinliyi ilə ortaya çıxan problemlərin
mərkəzinə gətirib. Qarabağ üçün, bu
gün azadlığına qovuşmuş torpaqlarımız
üçün sözü və qələmi ilə
savaş verənlərin arasında Rəşad Məcidin, rəhbərlik
etdiyi "525-ci qəzet"in, Mətbuat Şurasının
xüsusi yeri var. Eyni savaş bu gün də yurda
qayıdış, Qarabağın dirçəlişi
üçün davam edir.
Son vaxtlar milli mətbuatımızın banisi Həsən
bəy Zərdabinin XIX əsrin 70-ci illərində hələ
cəhalət və avamlıq girdabında boğulan, dostu ilə
düşmənini ayıra bilməyən doğma xalqına
ünvanlanmış sadə, yanğılı sözləri
nədənsə daim beynimdə dolanır.
"Çağırıram - gəlmir, deyirəm -
eşitmir, göstərirəm görmür!" Məncə,
Həsən bəyin bu qəlb fəryadı vətənini,
millətini düşünən hər kəsin ürəyində
əks-səda tapıb. Çağdaş ədəbi fikrin
aparıcı simalarından biri kimi tanınan 60 yaşlı Rəşad
Məcid də yaradıcılığa gəldiyi ilk gündən
böyük Ustadın yolunu davam etdirir.
Çağırır, deyir, göstərir. "525"in ətrafına
toplaşan milli ruhlu, gerçək ədəbi istedada, əsl
vətənpərvər keyfiyyətlərə malik müəlliflər
kollektivi "Əkinçi"dən başlanan
çağırışların hədər getmədiyinin
göstəricisi, Rəşadın uğurudur.
Qısa yazıya ad axtararkən onu "Rəşadın
rəşadəti" adlandırmağı qərara
aldım. Bu, gəlişigözəl ifadə, yaxud söz
oyunu deyil. Rəşadət, qəhrəmanlıq təkcə
döyüşdə göstərilmir. Həlledici anda
şairin, yazarın əlində silaha, süngüyə
dönən, onu "müsəlləh əsgərə"
çevirən qələmlə (qoy bizim günlərdə
lap klaviatura olsun!) həqiqətləri yazmaq, xalqı
keçmişindən xəbərdar edib sabahına
hazırlamaq, yalan və riyaya qarşı çıxmaq,
insanlara vətən sevgisi, yurd məhəbbəti, daha
yaxşı gələcək uğrunda mübarizə əzmi
aşılamaq da rəşadət
və cəsarət tələb edir.
Rəşad Məcid artıq qırx ilə
yaxındır ki, bu işlə məşğul olur.
İnanıram ki, yeni yaş, qarşıdan gələn illər
daha uğurlu, məhsuldar olacaq. Yubilyara xas vətəndaş
cəsarəti, sözü zamanında demək
bacarığı bəlli bir ömür yolu keçmiş sənətkar
püxtəliyi ilə birləşərək dövrün
çağırışına cavab verən müdrik əsərlərin,
cəmiyyət üçün faydalı ictimai fəaliyyətin
arasıkəsilməzliyini, davamlılığını təmin
edəcək.
Bakı, avqust, 2024-cü il
Vilayət QULİYEV
525-ci qəzet.-2024.- 24 avqust (№152).-S.10.