İnsaf adam
Şair, nasir, jurnalist Rəşad
Məcidin 60 illiyinə
Rəşad Məcidi tanıdığım otuz
beş ildir. Əsgərlikdən yeni gəlmişdim, onda mənim
iyirmi bir, Rəşadın iyirmi beş yaşı olardı.
Dostum Yusif Rzayevə qoşulub arabir Tərcümə Mərkəzinə
gedirdim, orada maraqlı ədəbi mühit vardı.
Yazılarını, tərcümələrini oxuduğumuz
görkəmli qələm adamlarıyla yaxından
tanış olur, onların söhbətlərini dinləyir,
yeni adlar, imzalar eşidirdik. Rəşad Məcid bir müddət
əvvəl Tərcümə Mərkəzi sədrinin – rəhmətlik
Aydın Məmmədovun müavini vəzifəsinə təyin
olunmuşdu. Aydın müəllim zahirən sadəlövh
adam təsiri bağışlasa da, çox fəhmli, həm
də dinc insan idi, Rəşadla bağlı zənnində də
yanılmamışdı; çün Rəşad özü
də qalmaqaldan uzaq, içinə düşdüyü
mühitdə sülh şəraitində yaşamağı,
yaxşılıq eləməyi bacaran adamdır.
O vaxtdan bəri Rəşad Məcidin kiməsə mənfi
enerji ötürdüyünü, kiminsə qeybətini
qıldığını, kiməsə yamanlıq eləməyə
çalışdığını görməmişəm,
eşitməmişəm. Məndə belə bir təəssürat
var ki, onun neqativ enerjisi ümumiyyətlə yoxdur. Rəşadın
haqqında pis düşünən, ona pislik arzulayan adamı
da təsəvvürümə gətirə bilmirəm. Mənim
düşüncəmdə ona münasibətin yalnız bir
forması, bir üsulu var – onu qardaş məhəbbətiylə
sevmək, ona etimad göstərmək, onun kövrək, yuxa,
şəfqətli qəlbinə elə o sayaq şəfqətlə
də yanaşmaq. Şəxsən mən Rəşad barədə
düşünəndə könlümə bir ilıq nur
damır, sinirlərim pozitiv enerjiylə yüklənir.
İş elə gətirdi ki, doxsanıncı illərin
birinci yarısında Rəşad Məcidin rəhbərlik elədiyi
“525-ci qəzet”də mən də bir müddət, təxminən
iki ilə yaxın işləyəsi oldum. Adamların, o
cümlədən dostların münasibəti ən çox
bir yerdə çalışanda, ya da birgə səfərə
çıxanda pozulur. Rəşadın
başçılıq elədiyi kollektivlə davranış
prinsipində işçini burunlamaq, qaralamaq, sancmaq,
gözümçıxdıya salmaq, jurnalistləri
zavod-fabriklərdə olduğu sayaq sərt iş rejiminə
uyğunlaşdırmaq kimi bir xüsusiyyət yoxdur. Bir
şair, jurnalist kimi münasibətlərdə rəsmiyyətə
də meyilli deyil. Yaxşı yadımdadır ki, onun
redaksiyaya gəlişi kollektivdə həmişə xoş
ovqat yaradardı, hamı bilirdi ki, bu gəlişin sonu ən
azı redaksiya şəraitində xudmani bir məclisin
qurulmasıyla bitəcək.
Rəşad imkanlı, çörəkli kişinin
evində böyüyüb, ancaq dolaşıq,
dağınıq zəmanənin
hökmüylə imkanlarının qəfil tükəndiyi,
Həzrət Yusif kimi quyunun dibinə düşdüyü
vaxtlar da olub (bu barədə, əlbəttə, özü
şəxsən mənə bir söz deməyib, eləcə
qıraq-bucaqdan, onu istəyən, ona canı yanan adamlardan
eşitmişəm), fəqət belə ağır məqamda
da onun ağlayıb-sıtqadığını, ətrafındakılarla
aqressiv davrandığını, hirsini kiminsə üstünə
tökdüyünü görməmişəm.
Düşdüyü quyudan xarakterinə xas imanlı bir səbirlə
çıxıb yoluna davam eləyəndə də, yeni
uğurlar qazanıb yeni zirvələrə çatanda da təkəbbürə,
xudbinliyə könül verməyib, yenə əvvəlki Rəşad
olaraq qalıb.
Yaxşılığı zəifliklə
qarışdırmaq düzgün deyil. Ehtiyacı olana, dilənənə
yardım göstərən kəs bu işi üç
mülahizəylə görə bilər: birincisi can vergisi
verməkdir, yəni ey müqəddəs ruhlar, mən öz
malıma qıyıb sizin tövsiyənizdən
çıxmadım, canımdan can ayırıb kiminsə
canına caladım, indi siz məni, mənim
doğmalarımı qorumağa, bizim varlığımıza
keşik çəkməyə borclusunuz – bu,
yaxşılıq deyil, mazoxizm aktıdır; ikincisi eqonu bəsləməkdir,
yəni baxın görün mən necə yaxşı adamam,
yetimə-yesirə əl tuturam, yıxılanı yerdən
qaldırıram – bu da əsl yaxşılıq yox, sadizm
aktıdır, yoxsulun, acın hesabına bədnam şöhrət
qazanmaqdır, yoxsulun yoxsulluğunu, acın
aclığını istismar eləməkdir.
Bu iki “yaxşılıq” növü göylər səltənətinin
dəftərxanasında qətiyyən keçməz, orada
bunların bir qara qəpiklik dəyəri yoxdur.
Yaxşılıq nə zəiflik, nə də bunun tərsidir,
yaxşılıq – bu həyatda ən böyük mənəvi
gücdür; əgər yaxşılıq o
yaxşılığı eləyən adamın mənəvi
ehtiyacından doğmursa, yardım göstərdiyi adamdan əvvəl
onun özünün ehtiyacını ödəmirsə, demək,
o yaxşılığın ilahi yaxşılıqlar
sırasında yeri yoxdur. Rəşad Məcid məhz belə
könüldən qopan yaxşılıqlar eləməyin
ustasıdır, onun ayağına yazılmış təmənnasız
yaxşılıqlar saya-hesaba gəlməz.
Rəşadı mənə ən çox sevdirən
cəhəti insaflı olmasıdır. Şübhəsiz,
insaf, ədalət kişiliyin ən başlıca
atributlarındandır. İnsaf dinin yarısıdır, deyiblər,
məncə, insaf dinin elə hamısıdır. Bir də
görürsən ağıllı-başlı, istedadlı
bir ədəbiyyat adamı, gerçək söz fədaisi
özü kimi (qoy lap özündən xeyli zəif olsun) bir
yazıçının (şairin) üstünə
barmağını tuşlayıb deyir ki, bu,
yazıçı (şair) deyil. Demir ha zəifdi, eləcə
baltanı kökündən vurur, adamın əlli illik zəhmətini
bir göz qırpımında zibilliyə tullayır. Qəribədir,
ya bəlkə də mənəvi-ilahi qanundur – sanki
bumeranqmış kimi bir başqası da bunun əməyini yerə
vurur, bir hökmlə onun adını ədəbiyyatdan
“silir”, heç uf da demir. Rəşad Məcid şeiri, nəsri
çoxlarından yaxşı duysa da, ondan heç vaxt belə
radikal bəyanatlar eşitməzsən.
Sənət meyarını əldə bayraq eləyib
hamını biçə bilərik, bəs onda
insafı-mürvəti hara qoyaq? Məgər ortabab şeir
yazmaq cinayətdirmi? Füzuli ucalığına
qalxmağı kim istəməz, zavallı ortabab şair o
yüksəkliyə qalxa bildi də, qalxmadı? Rəşad Məcid
heç zaman bu tipli bəyanatlar səsləndirməsə də,
illərdir onun bir insaflı redaktor kimi, ən böyük
günahı dahilik zirvəsini fəth eləməyə
qüdrəti çatmamaq olan müəllifləri də himayəsinə
aldığını bilənlər çoxdur. O,
insaflıyam demir, özünün ən gözəl cəhətini
reklam matahına çevirmir, o sadəcə insaflı
davranır. Şəxsən mənim Rəşadın bu cəhəti
çox, çox xoşuma gəlir – insana, onun çiyninə
yüklənmiş taleyə qiymət, hörmət qoymaq ədəbiyyatı
yaxşıya-pisə bölməkdən, sözə nırx
qoymaqdan daha vacibdir.
İnsanın qəlbini qırmaq günahdırsa,
yaradıcı adamı sındırmaq ikiqat günahdır.
Deyən tapılar ki, heç bir qəzetçi, redaktor
ortababları təbliğ eləməyə borclu deyil. Bununla
bir qəzetçi, ya bir redaktor kimi razılaşmaq
asandır, fəqət qəlbimizdəki vicdan, insaf duyğusu
bizə pıçıldayır ki, əgər insan bu
dünyaya gəlibsə, demək, onun həyatda öz yeri, təyinatı
var. Ən böyük insanşünaslıq, adam sərraflığı,
yaxud humanitar ustalıq da ondadır ki, bir insana təyinatına
görə dəyər verəsən, onu layiq olduğu,
özünü təsdiqləyə biləcəyi yerə-məqama-mərtəbəyə
qoyasan. Gözünü yumub hamını inkar eləyən,
hamını çapan adam axır bir gün özü də
quru yurdda qalar. Heç kimin əməyini itirmək olmaz, ən
böyük günah, bağışlanmaz suç da elə
budur...
Rəşad Məcid Qarabağın aranıyla
dağı arasında böyüyüb, özünün deməsinə
görə, Laçındakı məşhur Ağoğlan məbədinin
yaxınlığında dünyaya gəlib, orta məktəbi
Ağdamda bitirib, bir vətəni də Ağcabədi
torpağıdır. Bütün bunlar onun xarakterinə də
iz salıb – çox vaxt aran yeli kimi həlim, yumşaq olsa da,
yeri gələndə Laçın qayaları kimi sərt
üz göstərməyi də var.
Deyirlər, insan yaşlandıqca doğulduğu
torpağa, dədə-baba yurduna daha möhkəm
bağlanır. Bu da səbəbsiz deyil – əvvəl torpaq
insana əmanət verilir, sonra da insan torpağa. Bu
qarşılıqlı mübadilə dolğun insan
ömrünün başlıca məzmunudur, ömür zatən
bu mübadilənin aparıldığı bazarda, bu
karvanın yürüdüyü yolda keçir. Rəşad
Məcid bu uzun, incə yolun altmışıncı
kilometrliyindədir. Son illər onu tez-tez
uşaqlığının, gəncliyinin keçdiyi
torpaqlardan, ələlxüsus Şuşadan şəkil
paylaşan görürük. Həmişə olduğu kimi
yenə də sevincini dostlarıyla, oxucularıyla
bölüşür. Üstəlik, azad olunmuş
Qarabağın hüsnünə təzəlikcə bir silsilə
şeir də qoşub. Vallah belə möhtəşəm,
belə tükənməz sevinci qəlbinə zərrə-zərrə
damızdırmaq üçün bir altmış il də
yaşamağa dəyər.
Ta gəncliyimdən bəri insaf-mürvət
timsalı saydığım əziz qardaşımın
yubileyinə həm öz adımdan, həm də təmsil
olunduğum kollektivin adından mübarəkdarlıq verirəm.
O gözəl qəlbindən, peyğəmbərlərdən,
imamlardan, seyid babalarından miras qalmış o mübarək
insafından muğayat ol, qardaş. Cəddin dadımıza
yetsin!
F.Uğurlu
yeniazerbaycan.com
525-ci qəzet.-2024.- 24 avqust (¹152).-S.11.