Qum dənəciyi
Mirvaritək yaşamaq...
Esse
Tanrının yaratdığı sonsuz fəzada
qonağı olduğumuz Yer kürəsi axına qoşulub
fırlanır, sonsuzluğa yuvarlanan qum dənəciyi kimi.
Gəlişimizlə gedişimiz arasında yaşanan
"Ömür" adlı zaman kəsiyində
soldan-sağa, sağdan-sola atır bizi taleyimiz, küləklə
sovrulan qum dənəciyi kimi.
Taleyi fərqlidir dənəciklərin...
İnsanların taleyinə bənzər. Köpüklənən
ləpələrin yorulmadan sığal çəkdikləri
sahil qumunda dənəciklərin bir qismini şıltaq külək
ağuşuna alıb uzaqlara aparır. Digərləri sahilə
baş çəkib geri qayıdan dalğaların
qucağında dənizə qovuşur. Ləpələr
altında islanıb Günəş altında quruyaraq sahildə
taleyin hökmünü gözləyən qum dənəciklərinin
sayı isə daha çoxdur... Qismətinə nə
düşəcəyini gözləyən insanlar kimi.
İkitaylı dəniz ilbizinin çanağı
içərisinə yad cisim kimi təsadüfən
düşən qum dənəciyi qıcıqlanma nəticəsində
yaranan şirənin əmələ gətirdiyi sədəf təbəqəsi
ilə örtüldükcə mirvariyə çevrilir.
Dənəciyin taleyinə küləklə sovurulan,
yerə çökən, daşa-divara hörülən dənəciklərdən
fərqli olaraq, yeganə canlı varlıq mənşəli
qiymətli daşa - inciyə çevrilmək
yazılıbmış... Eynən bəşər
övladının taleyi kimi.
lll
Mirvarinin yaranışı qəribədir... Sahildə
qayğısız vaxt keçirən qum dənəciyini
köpüklənən dalğalar dənizə aparır. Nə
baş verdiyini anlamayan dənəcik fırtınalı
axında yuvarlanaraq çapalayır, vurnuxur və
düşünür: "Bu da mənim sonum. Hər şey
bitdi... Bu soyuq, zülmətə qərq olmuş dərinlikdə
məhv olacağam. Günəş şüaları
altında şıltaqlığıma son qoyuldu..."
Təşviş və qorxu içərisində
çırpınan qum dənəciyi su axınının onu
dəniz ilbizinin aralanmış çanaqları arasından
keçirərək qaranlıq boşluğa necə
atdığını görmür. İlbizin qalın
qabıqla örtülmüş yapışqan bətninə
yuvarlanmaq çılğın dəniz sularında əlacsız
vurnuxmaqdan daha dəhşətli imiş. Nə qədər
çalışsa da, dənəcik məngənətək
sıx qapanmış qabıqları aralayıb əsarətdən
qurtula bilmir.
Günlər, aylar, illər ötür... Dənəciksə
təslim olmaq fikrindən uzaqdır.
Günlərin bir günü örtük qəflətən
aralanır və o, başı üzərində
ucsuz-bucaqsız mavi səmanı, gözlərini
qamaşdıran parlaq Günəşi görür.
Çanağın sədəfə bürünmüş
qabığında öz əksini görəndə isə təəccübdən
donub qalır - bu, artıq sahildəki digər dənəciklərdən
heç nə ilə fərqlənməyən, xırda, boz rəngli,
yöndəmsiz qum dənəciyi deyil, heyranedici gözəlliyinə
səmanın da, Günəşin də həsəd apara biləcəyi
parlaq mirvari idi.
Zaman keçdi... Dənəcik daha qəribə və
gözlənilməz hadisələrlə üzləşdi.
Bir aşiqin sevgilisinə bəxş etdiyi qızıl
boyunbağıdan asılıb ziyafətlərə
qatıldı, səyahətə çıxdı, aləmi gəzib-dolaşdı.
Dünyanın gözəlliyinə, həyatın
şirinliyinə heyran oldu. Sevindi, sevindirdi, sevildi... Həqiqətən
də, axının səni hara aparacağını bilmək
olmur...
lll
Yumşaq bədənli onurğasız dəniz
heyvanının bətnində yaranan, sədəf
örtüyü altında faydasız və yad bir cisimdən
qiymətli daşa çevrilən mirvari haqqında maraqlı
məlumatlar kifayət qədərdir.
Müqəddəs Qurani-Kərimdə "cənnət
bəzəyi" kimi adı çəkilən və emala
ehtiyacı olmayan yeganə bəzək əşyasının
- mirvarinin Şərqdə geniş yayılmış digər
bir adı "inci"dir.
Ərəblərdə "zəncu", türklərdə
"inci", ruslarda "jemçuq", yunanlarda
"marqaritari" adı ilə tanınan mirvarini qədim
Hindistanda, Suriyada, Yunanıstanda əhali "Səma
daşı" kimi qiymətləndirir, fərəhdən
axan göz yaşı, sevinc və səadət rəmzi hesab
edirdilər.
Mirvaridən ilk dəfə bəzək əşyası
kimi Çin, Yunan, Roma və Assuriya sivilizasiyalarında istifadə
edilib. Bu gün yapon muzeylərinin birində hətta 10 min il
tarixi olan mirvari zərgərlik məmulatı qorunub
saxlanılır.
lll
İllər axarında adi dənəcikdən qiymətli
daşa çevrilən mirvarinin möcüzəvi xüsusiyyətləri
tükənməzmiş. Bir çox xəstəliklərin
müalicəsində faydası, insan orqanizminə göstərdiyi
təsir də çoxdan bəllidir. Böyrəklər və
qaraciyər, həzm sistemi və dəri xəstəlikləri,
katarakta və otit, sinir sistemi və qan dövranı ilə
bağlı bir çox xəstəliklərin, şəkərli
diabet, astma və allergiyanın əlacı imiş bu xırda
və zərif qiymətli daş. Hələ XVIII əsrə
kimi istənilən əczaxanadan üyüdülmüş sədəf
və mikroelementlərlə zəngin mirvari tozu əldə etmək
olurdu. Orta əsrlərdə qan azlığından əziyyət
çəkən körpələrə
üyüdülmüş mirvarili süd verirmişlər.
Ayurved sistemi üzrə hazırlanmış içməli
mirvari suyu iltihab, qanaxma, zəhərlənmə hallarında əvəzolunmazmış.
Müasir dövrdə də hazırlanan dərmanların bir
qisminin tərkibinə mirvari qatılır. Dünyanın bir
çox xalqları mirvarini uzunömürlüyün rəmzi
hesab edirlər və deyilənə görə, öz
parıltısını itirməklə o, sahibini xəstəliyə
düçar olduğu barədə xəbərdar etmək
qabiliyyətinə malikdir.
Bu qiymətli bəzək əşyasının mistik
xüsusiyyətlərindən də az
danışılmır. Ta qədim zamanlardan xoşbəxtlik
daşı sayılan mirvari sahibinə arzu və istəklərini
həyata keçirmək imkanı verəndir. Şərqdə
mirvarili üzüyün təhlükədən, bəd nəzərdən
qoruyucu xüsusiyyətinə çox inanırlar. Deyilənə
görə, yuxuda mirvari görmək isə gələcək
uğurların müjdəsidir.
Onun dəyəri 7 göstərici üzrə qiymətləndirilir:
rəng (həm də coğrafi mənşəyinə
işarədir), parıltı, forma (yuvarlaq mirvari klassik forma
hesab olunur), sədəf qatının qalınlığı,
təmizlik, ölçü, çeşid (rəng
parıltısı ilə seçilən mirvarilərin
çeşidi 120-dən çoxdur). Təbii mirvarilər
arasında ən diqqətçəkəni və qiymətlisi
gümüşü və gümüşü-yaşıl
çalarlı mirvarilərdir.
Mirvari - dəyərli mükafatdır... Bütün
dövrlərdə var-dövlət, hökmranlıq, əzəmət
və qüvvət rəmzi kimi tanınıb. Hələ Qədim
Romada iki təkər üzərində dörd ata qoşulu
antik araba (kvadriqa) yarışlarının qaliblərinə
üçqat mirvari boyunbağı təqdim olunurmuş.
Şüursuz da olsa, canlı varlıqdır mirvari.
İnsan ömrü qədər ömür sürməsi,
daim istifadə edilmədikdə "qocalması", Günəş
şüaları və insan bədəninin hərarətindən
korlanması, geyim üzərinə taxıldıqda
solğunlaşması buna sübut deyilmi?
Sahilləri okean suları ilə yuyulan bir çox
ölkələrdə mirvari axtarışında olan
dalğıc peşəsi ilə məşğul olanlar az
deyil. Dəniz dibindən mirvari çıxaranların
xüsusi bacarıq və vərdişlərə sahib
olduqları çoxdan bəllidir. Üç dəqiqə ərzində
30 m-ə qədər dərinliyə baş vuraraq
çanağı qapanmış və bətnində incinin
mövcudluğu hələ bəlli olmayan dəniz ilbizini
suyun üzünə çıxarmaq asan iş deyil. Bu əməliyyatın
dekompressiya avadanlığı olmadan həyata keçirilməsinin
mümkünsüzlüyü səbəbindən gələcək
dalğıcın qulaq pərdələrinə körpə
yaşlarında bilərəkdən müdaxilə edilir.
Əməliyyat adi hesab edilsə də, ağrılıdır
- sonrakı bir həftə ərzində burun və qulaqlardan
güclü qanaxma müşahidə olunur. Lakin yalnız bu
cür müdaxilə (elmi dildə "perforasiya") gələcəkdə
okean dərinliyinə ağrısız baş vurmaq imkanı
yaradır.
Sədəf örtüyü altında yumşaq və
son dərəcə zərif olduğunu nəzərə alaraq
"ovçular" mirvarini balıqqulağından əl ilə
deyil, dodaqları ilə sovurub çıxarır, ağız
seliyi onu bərkitsin deyə təxminən 2 saat
ağızlarında, sonra yaş əskiyə büküb
qarın və ya göbək nahiyəsində bərkiyənə
kimi saxlayırlar.
Mirvari hasilatı tarixində ölümlə nəticələnən
hadisələrə də rast gəlinir: 1934-cü ilin 7 may
tarixində Filippinin Palavan adasında Etem adlı bir
dalğıc çəkisi 200 kiloqram olan nəhəng dəniz
ilbizi ilə üzləşir və çanağı
aralayarkən ona əsir düşür; uzunmüddətli
axtarışlardan sonra dalğıcın həyatına son
qoymuş çanağı okeanın dibindən
qaldırırlar və onu araladıqda içərisindən
sonralar Lao-tsı ("Allahın incisi") adlandırılan
6,5 kiloqramlıq mirvari aşkar olunur... 2007-ci ildə bu
daşın dəyəri 93 milyon dollara bərabər olubmuş.
lll
Qədim yunanlar hesab edirdilər ki, mirvarilər - su pərilərinin
bərkimiş göz yaşlarıdır. Orta əsrlərdə
insanlar mələklərin çanaqda kimsəsizlərin və
günahsız təhqir olunanların göz
yaşlarını gizlətdiklərini, sonra isə bu göz
yaşlarının mirvarilərə çevrildiyini
düşünürdülər.
Belə bir rəvayət də var... Bir gün gözəl
bir pəri dəniz sularına baş vurmaq üçün
göydən yerə enir və sahilə yaxınlaşanda
kiçik qayıqda balıq tutan yaraşıqlı bir gənci
görür. İlk baxışdan ona aşiq olan pəri hər
gün üzərək bu yerə üz tutur. Gənc
balıqçı isə ona fikir vermir. Bir müddət
özünü ona göstərməyə cürət etməyən
pərinin səbri tükənir və günlərin bir
günü gəncə yaxınlaşır, ovun az olmasına
baxmayaraq, niyə hər gün dənizə
çıxdığını soruşur. Gənc
balıqçı xəstə anasına dərman almaq
üçün hər gün tutduğu balıqları
bazarda satdığını söyləyir. Ona kömək
etmək istəyi ilə pəri möcüzə yaradır -
tora düşən balıqların sayını
artırır. Tezliklə ana sağalır və oğlan ona pəri
ilə görüşü barədə danışır,
anasının xeyir-duasını alır... Zaman keçir və
cütlüyün bir oğlu dünyaya gəlir.
Balıqçı ailəsi xoşbəxtlik və sevgi
içində yaşamağa başlayır. Lakin səmavi
hökmdar bu əhvalatı eşidib qəzəblənir, pərini
göylər məmləkətinə qaytarmaq
üçün öz əsabələrini Yerə göndərir
və onlar balıqçı dənizdə olarkən
sevgilisini zorla qaçırırlar. Dərd içində
iztirab çəkən balıqçı əlacsız
qalır, əvvəlki kimi dolana bilmir və ailə
yoxsulluğa düçar olur. Gündən-günə
üzülən, qəlbi kədər içində
çırpınan pərinin acı göz yaşları
göydən damcı-damcı ümmana düşür, dəniz
ilbizlərinin çanaqları arasından sürüşərək
sədəf içində parlayan mirvarilərə
çevrilir. Günlərin bir günü balıqçı
yuxuda pərisinin onu dənizə səslədiyini
görür və sübh tezdən qayıqla yuxuda
gördüyü körfəzə üz tutur. Bu dəfə
onun toruna balıq yox, içində incilər düzülmüş
balıqqulağılar düşür. Balıqçı
sevimli pərisinin ona göndərdiyi ən iri mirvarini
oğlunun toy günü gəlininə hədiyyə edir.
Okean sahillərində yaşayan bir çox
xalqların mifologiyasında mirvarinin Yer üzündə əmələ
gəlməsi məhz bu cür izah olunur. Belə əfsanələr
mirvaridən hazırlanan məmulatları sevgi, sədaqət
və saflıq rəmzi kimi sevən və sevilən hər
bir gəlinin əvəzolunmaz bəzək əşyasına
çevirmişdir.
lll
Qəlbimizi nə qədər qapalı saxlamağa
çalışsaq da, qəm-qüssə, kin-küdurət dənəcikləri
ona yol tapır, göynədir içimizi. Ağrı verib əzab
yaşadır bizə, dəyişir məcrasını
duyğu və düşüncələrimizin. Bir qismimiz
kiçik dərdi böyük görüb üsyan edir,
ağır yükdən qurtulmağa çalışır,
bir qismimiz taleyilə barışır... Nə dinir, nə
danışır, içini göynədən dərdə
alışır...
Qəlbi sevgi sədəfinə bürünənlərin
unudulur dərdi, keçir ağrısı. Zaman axarında
dözümlə yaşayıb, səbir edənlərin qəlbi
ümid və inam parıltısı ilə
mükafatlanır: bizi incidən nə varsa, inciləşir, həyat
təcrübəsindən qidalanıb mirvariyə
çevrilir. Dəyərləndiririkmi?..
lll
İncilərtək sayrışan ulduzlar səltənətində
Yer kürəmiz bir zərrəcik, hər birimiz dənəciyik.
Ana bətnində yaranışımız da sədəfli
çanaqda yaranan inci kimidir - əzab, ağrı verə-verə
gəlirik bu dünyaya. Amma ömür boyu parlamaq, göz
oxşamaq, sevilmək və sevindirmək nəsib olmur hər
birimizə - ələnirik, süzülürük... Yük
altında əzilirik, büzülürük,
qayğılardan üzülürük çox zaman. Sonumuzu dərk
etmədən unuduruq əvvəlimizi. Axı bir vaxtlar biz də
inci idik... Doğmalarımızın sevinci idik... Bəs niyə
dəyişdik, söndük, tükəndik?
Bəlkə bu sual özü də bir zərrəcikmiş?
Diqqətəlayiq olmayan xırda zərrəcik...
Bildiyim budur - mirvaritək yaşamağı
bacarmalıyıq. Ömür yolumuzda üzləşdiyimiz,
içimizi göynədən xoşagəlməz hadisələri
qum dənəciyi kimi qarşılamağı,
üzücü və ağrılı sınaqdan inci
yaratmağı bacarmalıyıq.
İncitək zərrəcikdən adi qum dənəciyinə
çevrilməməkdən ötrü...
Oqtay SƏMƏDOV,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2024.- 27 avqust (¹153).-S.15.