Xaricdə təhsilin
üstünlükləri: Dövlət Proqramı unikal
imkanlar vəd edir
Bu günlərdə "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı"na 2024-2025-ci tədris ili üzrə həyata
keçirilən sənəd qəbuluna dair növbəti
siyahı açıqlandı. Məlumdur ki, "Dövlət
Proqramı"ndan məqsəd gənclərə xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin
edəcək və qlobal çağırışlara cavab
verəcək müasir texnologiyaları çevik mənimsəyən,
praktiki bilik və bacarıqlara yiyələnən, müasir və
gələcək əmək bazarının tələblərinə
cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Yeni açıqlanan siyahıya əsasən, daha 205 namizəd
proqram iştirakçısı adını qazanıb.
Beləliklə, növbəti tədris ilində
Dövlət Proqramı çərçivəsində
bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi
üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd
xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər
üzrə dünya reytinq cədvəllərində ilk onluqda
olan ali təhsil müəssisələrində təhsil
alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş
namizədlərdən 15 nəfəri "Columbia University",
7-si "Harvard University", 7-si "University of Cambridge",
6-sı "Yale University", 5-i "University of California,
Berkeley", 4-ü "National University of Singapore", 3-ü
"University of Oxford", 3-ü "ETH Zurich", 3-ü
"University of Chicago" və digər nüfuzlu universitetlərdə
təhsil alacaq.
Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq
müqavilənin müvafiq şərtinə əsasən,
proqram iştirakçısı təhsili bitdikdən sonra 2
ay ərzində ölkəyə qayıtmalı və 5 il
müddətinə burada əmək fəaliyyəti ilə məşğul
olmalıdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində
həyata keçirilmiş müsahibə mərhələsindən
müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən
keçməyən namizədlərə aid ehtiyat
siyahısı mövcuddur. 2024-2025-ci tədris ili üzrə
proqram iştirakçısı adını qazanmış
namizədlərdən bu və ya digər səbəbdən
imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi
rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti
iştirakçılar seçiləcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə Sərəncam
imzalayıb. Sərəncama əsasən sözügedən
proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin
sayı 400-dən 500-dək artırılıb.
Azərbaycanlı gənc Murad Qurbanov magistr təhsili
üçün dünya üzrə reytinqdə ən
yaxşılar sırasındakı 8 universitetdən qəbul
alıb. Onun seçimi dünyanın TOP 10 universitetindən
biri olan University of California, Berkeley-də Beynəlxalq hüquq
ixtisası (LLM in international law) üzrə olub. O, "Gənclərin
xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı" çərçivəsində
təhsil alacaq.
M.Qurbanov orta məktəbdə də əlaçı
şagird olub, 648 bal yığaraq ADA Universitetinin hüquq
fakültəsinə qəbul olub. Bakalavr təhsilini ortalama
3.84 GPA ilə başa vuraraq universiteti fərqlənmə
diplomu ilə bitirib: "Mən hər bir uğurun təməlinin
başlanğıcdan irəli gəldiyinə inanan biriyəm.
Məktəb dövründə müəllimlərimin
göstərdiyi qayğı və diqqətin mənim indiki
uğurumda böyük rolu olub. Potensiallı gənclərin
potensialının hələ şagirdlik dövründə
ortaya çıxarılmasında onların payının
çox olduğunu düşünürəm".
O, bakalavr təhsilini hüquq sahəsində alıb,
magistr təhsilini də bu istiqamətdə davam etdirəcək:
"Hüquq ixtisası mənim üçün hər zaman əvəzolunmaz
sahə olub. İstər sosial-iqtisadi, istərsə də
siyasi inkişafın hüquq sisteminin inkişafı ilə əlaqədar
olduğunu düşünürəm. Məhz bu səbəbdən
daim peşəkar hüquqşünas kimi yetişməyə
çalışmışam. Hüquq fakültəsini
seçməyimdə bir neçə faktor rol oynadı.
Ən önəmli faktorlardan biri isə ADA Universitetinin
hüquq fakültəsi heyəti və beynəlxalq təcrübəni
tətbiq edən yenilikçi hüquq təhsili verməsi
idi. Məhz bu seçim bu gün mənim dünyanın top 10
universitetindən biri olan "Berkeley"ə qəbul
olmağımda mühüm rol oynayıb".
M.Qurbanov qeyd edib ki, təhsil aldığı müddət
ərzində Almaniyanın Martin Lüter Universitetində bir
semestrlik "Erasmus+" təqaüdü vasitəsilə
hüquq təhsili alıb. Akademik göstəricilərimlə
yanaşı, kurrikulumdan kənar fəaliyyətlərdə də
aktiv məşğul olub: "Belə ki, Helga-Pedersen beynəlxalq
məhkəmə simulyasında iştirak etmiş, bir sıra
qurumlarda hüquq təcrübəçisi olmuşam. Bundan
başqa, Avropa Hüquq Tələbələri Assosiasiyası
(ELSA) tərəfindən təşkil olunan insan
hüquqlarına dair Helga Pedersen məhkəmə
simulyasıyasının Azərbaycan və ADA universiteti
üzrə təmsilçi iştirakçılarından
biri kimi seçilmişəm. Türkiyənin Ankara şəhərində
keçirilən beynəlxalq yarışında iştirak
etmişəm. Yarış 2 mərhələdən ibarət
idi. Hüquqi memorandumun yazılması və şifahi
çıxışların həyata keçirilməsi
formasında keçirilmişdi. Müxtəlif dövrlərdə
məhkəmə, prokurorluq, vergi və digər aidiyyəti
qurumların hüquq şöbələrində təcrübəçi
olmuşam".
M.Qurbanovun dediyinə görə, qəbul balı ilk
növbədə hər bir kəsin istədiyi ixtisasa yiyələnməsinə
imkan verən əsas vasitədir. Lakin bundan əlavə
düşünürəm ki, yüksək akademik göstəricilər
tələbənin mükəmməliyyətçi xarakterindən
xəbər verir: "Yəni bu kimi tələbələr
daim hər şeyin ən yaxşısına sahib olmağa
çalışırlar. Mən də özümü bu
kateqoriya insanlardan biri kimi hesab edirəm. Uğurun əsas
açarını da məhz bu xüsusiyyətdə
görürəm".
O vurğulayıb ki, magistr dərəcəsi üzrə
alacağı hüquq təhsilinin (LL.M.) müddəti 1 ildir:
"Yəni dövlət proqramı çərçivəsində
mənə təklif edilən ümumi təqaüdün
miqdarı təqribən 110 min ABŞ dolları məbləğindədir.
Dövlət təqaüdü illik 79 min dollar həcmində
təhsil haqqımı qarşılayır. Bundan əlavə,
aylıq 1800 dollar məbləğində təqaüd təklif
edir. Çəkilən nəqliyyat, viza xərcləri,
sığorta haqları da dövlət proqramı çərçivəsində
qarşılanır".
Gələcək planlarından söz açan
M.Qurbanov deyib ki, hüquq sahəsi üzrə fəaliyyətini
davam etdirəcək: "Dövlət Proqramının
iştirakçısı olaraq öhdəliyim var ki, magistr təhsilimi
başa vurduqdan sonra 2 ay ərzində ölkəyə
qayıdım və 5 il ərzində burada əmək fəaliyyəti
ilə məşğul olum. Lakin bunu özüm
üçün bir məhdudiyyət olaraq görmürəm,
əksinə, bu, mənim Berkeley hüquq məktəbində əldə
edəcəyim bilik və bacarıqlarımın Azərbaycan
hüquq sisteminə töhfə vermək üçün
istifadə edilməsi hədəfimlə tam olaraq
üst-üstə düşür. Hesab edirəm ki, mənim
kimi digər prestijli xarici univeristetlərə də qəbul
olan tələbələrin ilkin hədəfi məhz bundan
ibarət olmalıdır".
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində Böyük
Britaniyanın Vorvik Universitetində magistratura təhsili alacaq
Günel Qasımlı qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyətin
bütün sahələrində rəqəmsallaşma
sürətlə tətbiq edilir: "Qeyri-neft sektorunun əhəmiyyətini
anlayaraq istərdim ki, Azərbaycanda yeni startaplar yaransın, bu
startaplara xaricdən və yerli şirkətlərdən
böyük investisiyalar cəlb edək və ölkəmizdə
fərqli maliyyələşdirmə mənbələri
yaradaq. Xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycanda
çoxsaylı vençur kapital fondlarının
yaradılmasını istərdim. Bu istiqamətdə ekspert
olmaq istəyirəm. Məqsədim ölkəmizdə həyata
keçirilən inkişaf strategiyasında yaxından
iştirak etməkdir".
G.Qasımlı həm orta məktəbi, həm də
universiteti fərqlənmə ilə bitirib:
"Bakıdakı 147 nömrəli Texniki-Humanitar Liseyi fərqlənmə
ilə bitirmişəm. 2018-ci ildə 609 balla UNEC-ə
dövlət sifarişi əsasında qəbul olmuşam.
Maliyyə və mühasibat uçotu fakültəsində
mühasibat uçotu və audit ixtisası üzrə təhsil
almışam. Təhsil müddətində universitet tərəfindən
təqaüdlə təmin olunmuşam. Universiteti də fərqlənmə
diplomu ilə bitirmişəm. Bu 4 ildə fərqli sahələrdə
- banklar və şirkətlərdə hüquq, audit üzrə
təcrübə proqramlarında iştirak etmişəm. Həmçinin
startaplar və investisiyalar üzrə məhsulların
yaradılması ilə bağlı işlərdə
çalışmışam. Hazırda SABAH.HUB İnnovasiya Mərkəzində
çalışıram, eləcə də regionun ən
böyük investisiya tədbiri "Baku ID"nin təşkilati
işlərində yer almışam".
Xaricdə təhsilə dair Dövlət
Proqramının bütün
iştirakçılarını təbrik edir, onlara yeni
uğurlar arzulayırıq!
Sevinc QARAYEVA
525-ci qəzet.-2024.- 27 avqust (№153).-S.14.