Möcüzə həkim
Sevda həkim - Sevda xanım Əliyeva haqqında yazmaq
mənim üçün həm asan, həm də çətindir.
Asandır ona görə ki, bu illər ərzində ona kifayət
qədər yaxından tanımışam. Çətindir, ona
görə ki, böyük şəxsiyyətlər
haqqında yazmaq məsuliyyətli işdir, yazdığın
gərək ona layiq olsun. Ancaq Sevda xanım Allah
adamıdır. Bağışlamağı bacarır.
Əminəm ki, nəsə xoşuna gəlməsə,
güzəşt edər.
Bir ixtisas, bir peşə var ki, onu diplom almaqla qazanmaq
olmur. Bu, həkimlikdir. Hər həkim diplomu olana "həkim"
demək düzgün deyil. Əsl həkim insanlara məhəbbət
bəsləməli, öz xoş ünsiyyəti ilə
onların dərdinə əlac olmalıdır. Həkim
çox güclü mütəxəssis ola bilər. Amma xəstə
ilə düzgün dialoq qura bilməsə, onun "dərd"ni
başa düşə bilməsə, xəstəyə
qoyduğu diaqnoz yanlış olacaq.
Məşhur rus yazıçısı, həkim
A.P.Çexov həkimlik sənəti haqqında demişdi:
"Həkimlik sənəti qəhrəmanlıqdır,
hünər deməkdir. Bu peşə adamdan fədakarlıq,
pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz.
Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz
olmalıdır". Həqiqətən də, belədir.
Nə yaxşı ki, hər sahədə olduğu
kimi, həkimlikdə də Hippokrat andına sədaqətli, həkimliyə
şərəf gətirən, sənətini, peşəsini
sevən, ən başlıcası, insanı sevən, onun dərdinə
şərik çıxan, onu dərddən xilas etməyi
özünün həkimlik borcu hesab edən fədailər
vardır.
Belə fədailərdən biri də Bakı şəhərində
yerləşən 44 saylı poliklinikada peşəsini şərəflə
icra edən ali dərəcəli terapevt Sevda həkimdir. Həkimimizin
valideynləri "Sevda" adını qoyarkən sanki
bilirdilər ki, 30 il sonra Sevda qızları xəstələrə
şəfa verməyin sevdalısına çevriləcək.
Sevda həkim sanki bu peşə üçün
dünyaya gəlib. Həkimlik onun alnına yazılıb. Onun
simasında, çöhrəsində xəstələrə
şəfa gətirən bir nur, şölə var. O, bir Allah
adamı kimi hər kəsə bacardığı şəfqəti
göstərir, həkimlik borcunu şərəf və ləyaqətlə
yerinə yetirir.
Həkimimizin sağlam, təmiz aurası xəstənin
əhval-ruhiyyəsini yaxşılaşdırır. Hətta ən
ağır diaqnozlu xəstələrlə söhbət
zamanı çöhrəsindəki təbəssüm xəstələrə
bir ümid işığı verir, özünəinam hissini
artırır. Onun səbrinə, təmkininə yaxşı
mənada həsəd aparmaq olar. Bu optimizm, təmkinlik saxta
deyil, onun peşəkarlığından, xəstəni
sağaldacağına möhkəm inamından irəli gəlir.
Bu sadaladığım xüsusiyyətlər Allahın Sevda
xanıma bir həkim kimi bəxş etdiyi vergidir.
Sevda Raif qızı Əliyeva 1962-ci ildə Bakı
şəhərində ziyalı ailəsində anadan olub. Ali
təhsilini Azərbaycan Tibb İnstitutunda (indiki Azərbaycan
Tibb Universiteti) alıb.
Sevda xanımın hərəkətlərindən,
davranışından, göstərişlərindən,
tapşırıqlarından əsl həkim təmkinliyi,
müdrikliyi duyulur. Mən onun kiməsə səsini
ucaltdığını eşitməmişəm.
Tapşırıqlarını, göstərişlərini,
xahişlərini elə tərzdə deyir ki, onları yerinə
yetirməmək mümkün olmur. Xəstələrdən
tutmuş işçilərə qədər hamının
Sevda xanıma qarşı səmimi məhəbbətini,
hörmətini hiss etmişəm. Həkim üçün
bundan yüksək mükafat olarmı?
İşçi üçün ən böyük
xoşbəxtçilik rəhbərinə qarşı sevgi,
hörmət duymaqdır. Terapiya şöbəsinə rəhbərlik
etdiyi müddətdə işçilər tərəfindən
böyük sevgi və ehtiram görüb. Bu isə onlara
qarşı göstərilən sevgi və ehtiramın nəticəsidir.
Onun mütəxəssis professionallığı, həkim
araşdırmaçılığı, fikrini aydın, səlis
ifadə etmək qabiliyyəti, daha mühüm, vacib məsələləri
ayırd etmək bacarığı, əsl həkimə xas
olan xüsusiyyətləri insanı valeh edir.
Həkimin ala biləcəyi bütün titulları
qazanan bu insanın sadəliyi Sevda xanıma qarşı
xoş hisslər yaradır. Məddahlıq, riyakarlıq, əyrilik,
saxtakarlıq, intriqa, qərəzçilik ona yaddır.
Özündən razılıq, "hamıdan
ağıllı görünmək", başqasının
fikrinə laqeyidlik ona xas olan xüsusiyyət deyil. O, səmimiliyi,
sadəliyi, təvazökarlığı ilə seçilir,
lovğalıqdan uzaqdır. Sevda xanım həmsöhbətinə
qulaq asmağı bacarır.
Sevda xanım üçün xəstənin hansı
millətdən olduğu, hansı ölkədən gəldiyi
qəti maraqlı deyil. Onun üçün yalnız insan var
və buna görə ona üz tutan, yanına gələn xəstələrə
əlindən gələn köməyi edir, şəfa verir.
Yaratdığı "möcüzələr" sayəsində
xəstələr arasında onu "möcüzə həkim"
adlandırırlar.
"Möcüzə həkim"i fərqli edən cəhət
onun düşüncə tərzi, istedadı, məntiqi,
ensiklopedik tibbi biliyi, tükənməz enerjisi,
universallığı, qətiyyəti, dönməzliyi və
mübarizliyidir.
O, hər şeyi düşünərək gündəliyə
gətirir, odur ki, düşündüyündən heç
vaxt geri çəkilmir. Əlbəttə, bu, onun
üçün həmişə asan olmur. O, öz qətiyyətini
həmişə göstərməli olur.
Sevda xanımı hamıya sevdirən əsas cəhəti
onun insanı keyfiyyətləri, ailəsinə,
övladlarına münasibətidir. O, əsl Azərbaycan
xanımıdır.
Sevda xanım varlığı ilə yaradıcı
insandır. O, həyatının məğzini qurub yaratmaqda,
həyatda bir iz qoymaqda görür. Onun hər şeyə fərqli
baxışı və sözü var. Yüksək
intellektuallığı, biliyi, bacarığı, iti zəkası,
dünyagörüşü hər şeyin mahiyyətini
olduğu kimi açmağa imkan yaradır. Bu isə heç
də hamı üçün arzu edilən deyil.
Əlbəttə, savadlı həkim, gözəl
insan olan Sevda xanım haqqında çox yazmaq olardı. Lakin
bu yazdıqlarımız da onu tanıtmağa kifayət edər.
Sevda xanım, Allahdan arzumuz budur ki, həmişə
sağlam olasınız. Sizin sağlamlığınız
minlərlə insanın sağlamlığı deməkdir.
Kəmalə XƏLİLQIZI
525-ci qəzet.-2024.- 27 avqust (№153).-S.13.