Əmiraslan xan
Əfşar
"Qarabağın dostları və
düşmənləri" silsiləsindən
Nadir şah Əfşar Hindistan səfərində
olarkən qardaşı, Azərbaycan hakimi İbrahim xanı
Car-Balakəndə ləzgilər öldürdülər. Onun
yerinə kimin təyin olunması məsələsi o qədər
də uzun çəkmədi. Nadir şahla birlikdə o
yürüşdə iştirak etmiş və onun ən təcrübəli
sərkərdələrindən olan Qafqaz döyüşlərinin
qəhrəmanı Əmiraslan xan Əfşarın üzərində
dayanıldı. Çünki elə həmin ərəfədə
Nadir şah bibisi oğlunun igidliyinin bir daha şahidi
olmuşdu. Əmiraslan xan on iki min nəfərlik öncül
qoşunla Qəndəhar qalası üzərinə hücuma
keçərkən şəhər yaxınlığında
düşmən qoşun başçılarından olan
Sultan Hüseynin qarovul dəstəsi ilə
qarşılaşmış və elə ilk həmlədəcə
onları pərən-pərən salaraq sağ qalanları
geri qaçmağa məcbur eləmişdi. Bununla da irəliyə
gedən yol iranlıların üzünə tamamilə
açılmışdı...
Nadir şah igid sərkərdəsinin bu uğurunu
çox yüksək qiymətləndirdi və
götür-qoy etmədən onu qardaşı İbrahim
xanın yerinə Azərbaycan hakimi təyin elədi, üstəlik,
Zaqafqaziyanın bir çox əyalətlərinə, o
cümlədən, Qarabağa da nəzarəti Əmiraslan
xana tapşırdı. Onu İrana yola salmazdan əvvəl belə
bir mühüm və ciddi tapşırıq verdi ki,
özünü Təbrizə mümkün qədər tez
çatdırsın, vilayətin bütün hakimlərini
yanına çağırıb, tabeliklərindəki qoşun
hissələrinə təzədən baxış
keçirsin. Nadir şah Azərbaycanın yeni hakiminə həm
də tövsiyə elədi ki, Qarabağda, Gəncədə,
İrəvanda, Göyçədə... əsasən, yaz və
yay aylarında olsun, qış vaxtı isə yenə də Təbrizə
dönsün, əgər həmin vilayətlərdə
dövlətə qarşı hər hansı bir
iğtişaş baş verərsə, həmin hadisənin
qarşısını almaq üçün dərhal ciddi və
amansız tədbirlər görsün və sair və
ilaxır. Əmiraslan xan Təbrizə çatan kimi öz vəzifəsinin
icrasına başladı...
Nadir şahın qətlindən sonra qardaşı
oğlu Əliqulu xan Əfşar Məşhəddə
"Adil şah" adıyla taxta çıxdı və dərhal
da vəzifə dəyişiklikləri aparmağa
başladı. Qardaşı İbrahim xanı da İsfahana
hakim göndərdi. Elə bu zaman Adil şaha xəbər
çatdı ki, Qarabağda Pənahəli bəy adlı bir
nəfər ölkədəki hakimiyyət böhranından
istifadə edərək heç bir hakimin fərmanı olmadan
özünü həmin yerlərin xanı elan eləmiş və
ərazisini sürətlə genişləndirərək yaxın vilayətlər
üçün təhlükəyə çevrilmişdir.
Yenicə yaranmış xanlığın şöhrəti
Adil şahı da qorxuya saldı. O, Əmiraslan xana təcili
olaraq Qarabağa gedib, ya Pənahəli xanı itaətə gətirməyi,
ya da bu, baş tutmasa, onunla ittifaqa girməyi əmr elədi.
...Əmiraslan xan Nadir şah Əfşarın
öldürülməsində əli olanlardan, xüsusilə
də, Adil şahdan qisas almaq fikrinə
düşmüşdü. Ancaq bunun üçün heç
bir fürsət tapa bilmirdi. Ona görə də o, məqsədinə
tezliklə nail olmaq üçün özünə yaxın
və etibarlı adamlar axtarırdı. Elə Qarabağa getmək
məsələsi də Əmiraslan xan üçün
göydəndüşmə oldu və onda Pənahəli
xanı şəxsən görmək arzusu baş
qaldırdı. Qarabağa hələlik sülh məramı
ilə qoşun yeritməyi məsləhət bildi. Əgər
Pənahəli xanla söhbəti baş tutsaydı, bu, onu
öz məqsədinə daha da yaxınlaşdıracaqdı,
əgər ittifaqa girə bilməsəydi, onda Adil
şahın əmrini yerinə yetirməli olacaqdı.
Əmiraslan xan əvvəlcə elçilər vasitəsiylə
öz adından Pənahəli xana qızıl yəhərli
at və daş-qaşla bəzədilmiş xəncər, xələt
və bir çox qiymətli hədiyyələr göndərdi.
Qarabağ xanı iranlı elçiləri mehribanlıqla və
qonaqpərvərliklə qarşıladı, layiqincə
hörmət və etiram göstərdi. Bir neçə
gündən sonra Pənahəli xan onlarla birlikdə
adlı-sanlı adamlarından ibarət nümayəndə heyətini
Əmiraslan xanın yanına göndərdi və İran tərəfinin
təklifini, yəni Adil şaha itaət etmək fikrini qəbul
elədi. Pənahəli xan bu addımı həm məcburiyyət
qarşısında qalaraq, həm də siyasi uzaqgörənliklə
atdı. Çünki bir tərəfdən qonşu erməni
məlikləri, digər tərəfdən isə Şəki
hakimi Hacı Çələbi xan və başqaları onunla
ədavətdə idi.
Qaneedici cavabla kifayətlənən Əmiraslan xan
böyük bir qoşunla Qarabağa gəldi, Bayat qalasında
Pənahəli xanla görüşdü, onun Adil şaha itaət
etməsini şəxsən özü təklif elədi.
Qarabağ xanı ilə xeyli söhbətdən sonra
Əmiraslan xan İran hökmdarı adından ona sultan
rütbəsi verdi. Sonra şaha məktub göndərib,
xahiş elədi ki, Pənahəli xanın xanlıq rütbəsini
təsdiq eləsin. Adil şah da öz növbəsində,
imzaladığı xanlıq rütbəsi fərmanını
yazılı şəkildə Pənahəli xana göndərdi.
Və beləliklə də,
1748-ci ildə Pənahəli xan rəsmi sürətdə
Qarabağ xanı elan edildi.
Əmiraslan xan Əfşar bir müddət
Qarabağda qaldıqdan sonra Pənahəli xanla birlikdə
Şəki, Şamaxı, Gəncə üzərinə
yeriyib, bu yerlərin hakimləri qarşısında Adil
şahın təbəəliyini qəbul etmək tələbini
irəli sürdü. Hacı Çələbi xan ona ilk dəfədəcə
rədd cavabı verdi və oğlu Həsən ağanın
başçılığı ilə Əmiraslan xanın üzərinə
qoşun göndərdi. Döyüşlərin birində Həsən
ağa həlak oldu... Əmiraslan xan Şəkini tuta bilmədi.
Bu vaxt Teymurazın Gürcüstanda olmamasından istifadə
edərək Samxetiya hakimi Abdulla bəylə birlikdə II
İraklinin üzərinə hücum edən İran
qoşunlarının başçısı Dura xan
Əmiraslan xandan kömək istədi. O da qoşununun bir hissəsini
Dura xana köməyə göndərdi. Əmiraslan xanın
qoşunlarını iki yerə bölməsi ona baha başa gəldi.
Bir tərəfdən II İraklinin, digər tərəfdən
də Hacı Çələbi xanın əks
hücumları Əmiraslan xanı geri çəkilməyə
məcbur elədi. Şəki xanı güclü hücumla
İran qoşunlarını Təbrizə qədər qovdu.
Lakin yeni qüvvə toplayan Əmiraslan xan Hacı Çələbini
geri oturda bildi.
Adil şah Əmiraslan xanın məğlub
olmasına bərk qəzəbləndi və onu cəzalandırmaqla
hədələdi. Əmiraslan xan isə öz növbəsində,
Adil şahı qabaqlamağa çalışır və
ondan intiqam almağa tələsirdi.
Əmiraslan xan İbrahim xanın yaxın dostu idi. Niyyətini
həyata keçirtmək üçün o, bu dostluqdan
istifadə etmək qərarına gəldi və İbrahim
xanın qulağını yavaş-yavaş doldurmağa
başladı ki, Nadir şahın özünü və
övladlarını öldürdüyü üçün
Adil şahı İranda heç kəs sevmir və şah
kimi qəbul etmək istəmir. Gec-tez xalq onu hakimiyyətdən
uzaqlaşdıracaq. Lap elə bu gün Adil şahın əleyhinə
kimsə qiyam qaldırsa, hamı ona qoşulacaq.
Şahlığa isə səndən başqa, namizəd
yoxdur. İbrahim xan da şirindilli Əmiraslan xanın sözlərindən
xoşhallanıb, xəyalı şah taxtına uçur,
özünü İran hökmdarı kimi hiss edirdi.
Həmin vaxt Məhəmmədhəsən xan
Qaçar Astrabadda baş qaldıraraq Gilanı, Mazandaranı,
Talışı, Azərbaycanı və İranın bir
sıra mərkəzi əyalətlərini tutmaq məqsədilə
qoşun toplayırdı. Bunu bilən Adil şah Məhəmmədhəsən
xanla müharibəyə hazırlaşmağa başladı və
İbrahim xana sifariş göndərdi ki, təcili olaraq
böyük bir qoşunla Astrabada gəlsin. Bu, İbrahim xan
üçün yaxşı fürsət idi. Çünki
o, Əmiraslan xanın təkid elədiyi kimi bir qədər əvvəl
qoşun toplamağa başlasaydı, qardaşı onun niyyətindən
agah olar və onu cəzalandırardı. Cəza da ondan ibarət
idi ki, İbrahim xan ya edam olunacaqdı, ya da ən azı,
dünya işığına həsrət qalacaqdı.
Adil şahın qardaşına qoşun toplamaq əmri
göndərdiyini bilən kimi Əmiraslan xan İbrahim
xanın beyninə yeritməyə başladı ki, şahlıq
taxtına çıxmaq üçün bundan gözəl
fürsət ola bilməz. Əlində saysız-hesabsız
qoşun olduğu halda, Adil şahı devirib yerində
oturmağa nə var ki?! Təsəlmək lazımdır,
heç cür gecikməz olmaz.
Olduqca mənsəbpərəst və şöhrətpərəst
olan İbrahim xan təcili qoşun toplamağa başladı.
Əmiraslan xanı isə Kirmanşaha göndərdi ki, Adil
şahın adından bacardıqca çox əsgər
toplayıb, İsfahana gətirsin.
Əmiraslan xan tələb olunduğundan da çox
qoşun toplayıb, İsfahana varid oldu. Elə bu vaxt
İbrahim xana xəbər çatdı ki, Adil şaha ona
qarşı üsyan edəcəklərindən qorxub,
özündən kiçik üç qardaşının
gözlərini çıxardıb. İbrahim xan yaxşı
bilirdi ki, onun aqibəti də bir gün belə olacaq. Ona
görə də qəti sürətdə qərara gəldi
ki, Adil şaha qarşı üsyan qaldırsın...
Adil şah Məhəmmədhəsən xan Qacarla
müharibədə məğlub oldu. Qacar xanı
bütün Mazandaran vilayətini ələ keçirib,
Tehrana doğru hərəkət elədi. Adil şah dərhal
Tehrana yola düşdü və Məhəmmədhəsən
xanın üzərinə hücum eləmək
üçün qardaşı İbrahim xandan yenə kömək
istədi. Fürsəti fövtə verməyən
Əmiraslan xan İbrahim xana dedi ki, Tehrana çatan kimi Adil
şahı həbs eləməsən, o, səni öldürə
bilər. O biri qardaşlarının taleyindən ibrət
götür.
İbrahim xan öz yaxın dostunun sözlərinə
artıq tamamilə inanmışdı. Ona görə də
o, səksən minlik ordu ilə Tehrana gəldi, gözlənilmədən
Adil şahın qoşunları üzərinə hücuma
keçdi. Əmiraslan xana da əmr elədi ki, Adil
şahı həbs eləsin. Artıq özünü
"şah" adlandıran və Azərbaycana doğru hərəkət
eləmək fikrinə düşən İbrahim xanın bu hərəkəti
Adil şahı bərk təşvişə saldı və o,
qardaşı ilə döyüşə girməyi qərara
aldı. İbrahim xan kömək üçün
Əmiraslan xana müraciət elədi. Əmiraslan xan onun
çağırışına əməl edərək otuz
minlik süvari ordusuyla Adil şaha qarşı
döyüşə girdi. Adil şah döyüşə-döyüşə
Xorasana çəkilsə də, Əmiraslan xanın əlindən
qurtula bilmədi. Qardaşının bütün niyyətlərini
artıq indi başa düşən Adil şah Əmiraslan
xanı ələ almaq məqsədi ilə dedi:
- Əgər məni buraxsan, sənə böyük vəzifə
verəcəyəm!
Artıq əlli yaşını haqlayan və
dünyanın hər üzünə bələd olan
Əmiraslan xanı isə aldatmaq mümkün deyildi.
Çünki o, belə vədləri çox eşitmiş,
çox görmüşdü.
Bir də ki Nadir şahın qatilini buraxmaqmı
olardı?! Adil şah isə çoxdan tanıdığı
Əmiraslan xanı mülayim, ürəyi yumşaq, xoşrəftar
olmasından istifadə edərək bu təklifi irəli
sürmüşdü. Odur ki, o, Adil şahın təklifini rədd
eləyib, belə cavab verdi:
- Səni buraxmasam, bundan da böyük vəzifəyə
çataram! - deyərək onu birbaşa İbrahim xanın
hüzuruna gətirdi. İbrahim xan iyirmi beş yaşlı
böyük qardaşının gözlərinə mil çəkdirdi
və Əliqulu Mirzənin - Adil şahın bir ildən bir az
çox (iyun 1747-iyul 1748) davam edən şahlığına
son qoyuldu. Əmiraslan xanın ürəyindən sanki tikan
çıxdı, xeyli təsəlli tapdı. Nəhayət
ki, o, Nadir şahın intiqamını ala bildi.
İbrahim xan Təbrizdə özünü şah
elan elədi. Bu vaxt isə, yəni 1748-ci ildə Nadir
şahın gözləri çıxarılmış nəvəsi
Şahrux Mirzə Adil şahın taxtan düşməsini
eşidib, özü Məşhəddə taxtda oturdu. Dərhal
da İran vilayətlərinin bütün hakimlərinə məktub
göndərərək şahlığını onlara bildirdi.
Azərbaycan hakimi Əmiraslan xan Əfşar da təzə
şahın məktubunu alandan sonra ona itaət etmək qərarına
gəldi. Şahrux Mirzəyə cavab yazıb bildirdi ki, o,
artıq öz arzusuna çatıb. Nadir şahın və
onun övladlarının qatili Adil şahın kor edilməsini
Tehranda öz gözləri ilə görüb. Əmiraslan xan
İbrahim xanı Adil şaha qarşı üsyana qalxmağa
məcbur etməsini və Nadirin intiqamını ondan
almağa çalışmasını da bildirdi. Həm də
Şahrux Mirzəni inandırmağa çalışdı
ki, onun səmimi tərəfdarıdır və İbrahim
xanı da ona itaət etməyə məcbur edəcək.
Sonralar Əmiraslan xan Şahrux Mirzəyə verdiyi vədlərin
hamısını yerinə yetirdi. İbrahim xana məktub
yazıb, Şahrux Mirzəni rəsmi olaraq şah kimi tanımasını
xahiş elədi. İbrahim xan isə gördü ki, onun
hökmdarlığı təhlükə qarşısındadır.
Çünki bütün İran əhli və xüsusən
də, onun ən sədaqətli və yaxın dostu
Əmiraslan xan artıq Şahrux Mirzənin tərəfinə
keçib. Ona görə də İbrahim xan həm Şahrux
Mirzəni, həm də Əmiraslan xanı aradan götürmək
və öz şahlığını qoruyub-saxlamaq fikrinə düşdü. Hiylə
işlədərək Əmiraslan xana cavab məktubu göndərdi
və bildirdi ki, guya onun təklifini qəbul edir. Dostuna
yazdı ki, Tehrana gəl, ordan Məşhədə gedib
Şahrux Mirzəni birgə təbrik edək və ona itaətimi
də elə sənin öz yanında bildirim.
Əmiraslan xan İbrahim xanın sözlərinə
inanıb, kiçik qardaşı Sarı xanı da
özü ilə götürərək qoşunla Tehrana yola
düşdü. Marağa şəhəri
yaxınlığında onlar İbrahim xanın
qoşunları ilə üzbəüz gəldilər.
İbrahim xanın məqsədi Əmiraslan xana məlum oldu və
o, dərhal döyüş əmri verdi. Daha
hazırlıqlı olan İbrahim xan qalib gəldi. Məğlub
olan Əmiraslan xanın qoşunları pərən-pərən
düşüb, dağılışdı. Özü isə
dostu, Qaradağ hakimi Kazım xanla birlikdə sağ-salamat
aradan çıxaraq özlərini Əhərə
çatdırdılar.
Lakin Kazım xan Əmiraslan xana xəyanət edərək
onu həbs elədi və qardaşı Sarı xanla birlikdə
qolları bağlı halda İbrahim xanın hüzuruna
göndərdi. Zəncan və Tehran şəhərləri
arasında hər iki qardaşı öldürdülər və
başlarını kəsib, İbrahim xana göndərdilər.
Bu hadisə 1749-cu ildə baş verdi. Əmiraslan xan
Əfşar da ömrünü belə faciəli şəkildə
başa vurdu.
Vasif QULİYEV
525-ci qəzet.-2024.- 27 avqust (№153).-S.12;13.