İmanın, mənəviyyatın sönməz işığı

 Şeyxülislam Allahşükür Paşazadə-75

 

Təkcə Qafqazda deyil, bütün İslam dünyasında Azərbaycan Şeyxülislamlıq məktəbinin görkəmli davamçılarından biri kimi tanınan Hacı Allahşükür Paşazadə ömrünün mənasını doğma Azərbaycanın tərəqqisinə, dünyada və Qafqazda milli və dini münasibətlərin yaxşılaşmasına, xalqlar arasında tolerantlığın, multikultural dəyərlərin təbliğinə, xalqın mənafeyinə xidmətdə görür. Gününü ibadətə, ictimai və elmi fəaliyyətə həsr etmiş bu nüfuzlu din xadimi müdrik el ağsaqqalı kimi də, nurlu və pak əməlləri ilə, ona üz tutanların qəlbində silinməz izlər buraxmaqdadır. Dövlət xadimlərinin birinin sözləri ilə desək, "Hacı Allahşükür Paşazadə İslam dünyasında parlaq və heç zaman sönməyən ulduzdur. Belə ulduzlar çox nadir hallarda olur".

Hacı Allahşükür Paşazadə hələ çox cavan yaşlarında tanınmış, 31 yaşında Qafqaz müsəlmanlarının dini rəhbəri seçilmişdi. Müqayisə üçün deyək ki, bu yaşda belə yüksək etimad əvvəlki şeyxlərin heç birinə nəsib olmayıb.

lll

Bir-birimizi çoxdan, məktəb illərindən tanıyırıq. Dünyaya göz açdığım və boya-başa çatdığım Vilvan kəndi ilə Şeyx həzrətlərinin doğma Cil kəndini kiçik bir əkin sahəsi ayırır. Xeyir-şərimiz bir olub, gəlin köçürüb, gəlin gətirmişik. İndinin özündə də belədir. Adamlarımız arasında möhkəm əlaqə, yaxşı ünsiyyət var. Şeyx həzrətləri bir dəfə söhbət zamanı dedi ki, Vilvan kəndində uşaqlıq illərindən tanıdığım ağsaqqallar, dindarlar bu gün də gözlərimin önündədir. Onlar həqiqətən də imanlı, təqvalı, Allah adamı, İmam Hüseyn (ə) aşiqi idilər.

Dinin yasaq olduğu dövrdə, bütün qadağalara baxmayaraq, Vilvanda, eləcə də Cildə ayrı-ayrı mollaların yanında, gizli də olsa, müqəddəs kitabımız olan "Qurani-Kərim"i öyrənənlər vardı. Mən də yaşıdlarımla kənddəki mollanın yanına gedərdim. Yadımdadır, beşinci sinifdə oxuyanda Cil kəndinə Molla İzzətin yanına getmişdik. O, "Qurani-Kərim"i necə oxumağımızla maraqlandı. "Yasin" surəsini oxuyub qurtardıqdan sonra Molla İzzət üzünü həmyaşıdımız Allahşükürə tutdu və dedi:

- Oxu!

Allahşükür "Qurani-Kərim"i vərəqləyib mollanın göstərdiyi surəni tapdı, elə təmkinlə, elə avazla oxudu ki, onun şirin, ürəyəyatımlı səsi bu gün də qulağımdadır.

Gənc Allahşükür sonralar islam dininin gözəl bilicilərindən olan Şeyx Qüdrətin, Şeyx Müzəffərin, Molla Hüseynəlinin, Şeyx Qələmin və başqalarının yanında şəriət elminə yiyələndi.

Gənc Allahşükür Veravul kənd, mən isə Lənkəran şəhər 1 saylı orta məktəbində oxuyurduq. Orta təhsilimizi başa vuran ili Molla Muqbil bizə gəlmişdi.

- Buxarada dini təhsil almağa adam istəyirlər. Allahşükür razılığını verib. Sən də getsən, peşman olmazsan. İndiki dövrdə dini təhsil almaq hər kəsə nəsib olmur.

O vaxt Molla Muqbilin sözləri mənə nağıl kimi görünürdü. Pioner-komsomol məktəbi keçdiyimizdən dini təhsil ardınca gedənləri "geridəqalmış" hesab edirdik.

Gənc Allahşükür həyat yolunu özü seçmişdi. Bəlkə də bu, onun üçün bir alın yazısı, Allah-Təalanın verdiyi qismət idi.

Şeyx Allahşükür Paşazadə Məkkədə olduğumuz dövrdə ustadı Şeyx Qüdrətdən danışarkən dedi: "O, çox ciddi adam idi, üzü gülməzdi. Ramazan günlərində təşkil etdiyi məclislərə məni də dəvət edərdi. Nüfuzlu, hörmətli qonaqların yanında "Quran"ı mənə oxutdurardı. Bu, sonralar həyatımda böyük rol oynadı".

Allahşükür Paşazadə ailənin - yeddi bacıdan sonra - 26 avqust 1949-cu ildə dünyaya gələn ilk oğul övladıdır. Uşaq yaşlarımda mənə "Quran" dan dərs deyən Hacı Ağannə xanım danışardı ki, bir dəfə Hümmət Paşayev atam Şeyx Rəzzaqın yanına gələrək Allahın ona oğlan övladının qismət edib-etməyəcəyi ilə maraqlanır. Atam deyib ki, oğlun olacaq, onu cavan yaşlarından bütün dünya tanıyacaq.

"Mən dünyaya gələndə kənddəkilər əllərini göyə qaldırıb "şükür-səna" ediblər, - Şeyx həzrətləri danışır bunu. - Qonşuluğumuzda olan Oruc kişi məscidin yanında əyləşibmiş, o deyir ki, uşağın adını "Allaha şükür" qoyaq. Adım oradan gəlir".

Yetmişinci illərdə eşitdiyimiz bir xəbər Hacı Allahşükür Paşazadəni gözlərimizdə daha da ucaltdı. Qəzetlər yazırdılar ki, o dövrdə İranda şah üsul-idarəsinin əleyhinə qalxan nümayişçi dəstələr SSRİ-nin bayrağını ayaqlar altına atmışdılar. Bayrağı gözləri qanla dolmuş cavanların ayaqları altından götürmək böyük cəsarət tələb edirdi. Hacı Allahşükür həyatını təhlükə qarşısında qoyaraq SSRİ-nin bayrağını ayaqlar altından qaldıra bilmişdi. Qələm dostum Hacı Ağaddin Mənsurzadə həmin hadisəni qələmə alaraq yazırdı: "Bəlkə, bu hadisə bu gün üçün o qədər də xarakterik deyil və buna ağız büzənlər tapılsın. Çünki bir zamanlar adına and içdiyimiz həmin "məğrur", "yenilməz" qırmızı bayraq günahsız Azərbaycan xalqının qanına batıb. Ona olan sonsuz məhəbbətimiz qəzəb və nifrətə çevrilib... Amma bir həqiqət də var ki, SSRİ-nin bayrağını xilas etmək üçün özünü qızmış beyinlərin, yumruq və təpiklərin arasına atan Allahşükür Paşazadə, heç şübhəsiz ki, Azərbaycanın bayrağı yolunda da özünü oda, ölümə atmağa hazır olacaqdır. Əslində o, buna həmişə hazırdır".

İllər sonra, 1990-cı ilin Yanvar faciəsi günlərində Şeyx Allahşükür Paşazadənin xalq yolunda cəsarətinin, vətənpərvərliyinin bir daha şahidi olduq. 20 yanvar qırğınında Şeyxülislam Allahşükür Paşazadə dərhal öz etiraz səsini qaldırdı, millətlər içində təklənən millətimizin başına gətirilən müsibəti dünya ictimaiyyətinə çatdırdı. Şeyx o zaman Azərbaycan İnformasiya Agentliyinin müxbiri ilə müsahibəsində dedi: "Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən, Azərbaycan xalqı ilə silahla danışmaq olmaz!"

lll

Bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadənin adı bütün İslam dünyasında iftixarla çəkilir. 1995-ci ildə Şeyx həzrətləri ilə Həcc ziyarətinə gedərkən onun dünya dindarları arasında necə böyük nüfuz sahibi olduğunu yaxından gördük. Şeyxin şəxsiyyətinə hörmət əlaməti olaraq Azərbaycan zəvvarlarına xüsusi diqqət və qayğı göstərilirdi. Şeyx həzrətləri yorulmaq bilmədən çalışır, zəvvarlarla görüşməyə vaxt tapır, hər birini səbirlə, təmkinlə dinləyir, bir çox məsələlərin həllində köməyini əsirgəmirdi. Ona müqəddəs Məkkə şəhərində rahat iqamətgahda yer ayrılmasına baxmayaraq, zəvvarlarla bir yerdə qalmağa üstünlük vermişdi, yanaşı otaqda qalırdıq.

Yadımdan çıxmır, kənddəki qonşusu Hacı Mirabbas Yaqubovun səhhətində problem yaranmışdı. Şeyx həzrətləri vaxtaşırı otağımıza gələrək Hacı Mirabbasın səhhəti ilə maraqlanırdı. Mənə də tapşırmışdı ki, çətinlik yaranarsa, müraciət edim. Şükür Allaha, hər şey yaxşılıqla qurtardı. Hətta Şeyxin tapşırığı ilə Hacı Mirabbas ağanı və məni eyni təyyarədə yerləşdirdilər ki, bir-birimizə həyan olaq.

lll

Lənkəranda, eləcə də Bakıdakı iş otağında dəfələrlə görüşmüşük. Şeyx həzrətləri Həcc ziyarəti ilə bağlı bir neçə kitabıma "Ön söz"ün müəllifidir. Özünün avtoqrafla yazdığı kitablarından bir neçəsini mənə hədiyyə edib.

Bir dəfə "Lənkəran şəhidləri" kitabım çapdan çıxmışdı, nəşriyyatdan götürməkdə problem yaranmışdı. Şeyx həzrətlərinin xaricdə səfərdə olduğunu eşitmişdim. Təzəpir məscidində şam namazını qılıb rayona getməyə hazırlaşanda bildirdilər ki, Şeyx həzrətləri qayıdıb. Yanında qonaqları olmasına baxmayaraq, məni səmimiyyətlə qarşıladı və məsələni yoluna qoydu.

Şeyx həzrətləri həmin gün iş yerinə gəlməyə də bilərdi. Səfərdən qayıtdığı üçün o da başqaları kimi evində-eşiyində istirahəti ilə məşğul ola bilərdi. Bəlkə də Allah-Təala şəhidlərin ruhunu şad etmək üçün Şeyx həzrətlərini o gün oraya yetirmişdi.

Allahın evinə - Kəbəyə daxil olub orada namaz qılmaq hər bir müsəlmanın arzusudur. Amma bu, hər kəsə qismət olmur. Şeyx həzrətləri müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevlə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə bu arzusuna çatıb, onlar Kəbənin içərisini ziyarət edərək ibadətlərini yerinə yetiriblər.

lll

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi din-dövlət münasibətlərinin yüksək səviyyədə təşkilində də mühüm rol oynayıb. Cəmiyyətdə həyatı boyu bütün mənəvi-əxlaqi dəyərlərin və milli mənəvi həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərən Şeyxülislam Hacı Allahşükür Paşazadə deyir ki, ölkəmizdə nümunəvi dini tolerantlıq mühiti yaradılıb. Yadımdadır, anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə əlaqədar Lənkəranda keçirilən konfransda çıxışı zamanı Ulu öndərin yaxından qayğısı ilə Şeyxülislam səviyyəsinə yüksəlməsindən və cənab Prezident İlham Əliyevin onun fəaliyyətinə yüksək qiymət verməsindən danışdı. Dedi ki, əgər mənim üçün dövlət rəhbəri şərait yaratmasaydı, Şeyxülislam kimi yetişə bilməzdim. "Burada Allah məhəbbəti, iman olmalıdır. Ulu öndərin qəlbində inam vardı, Sovetlər dövründə cibində partiya bileti gəzdirirdi, amma Allahı yaddan çıxarmırdı".

lll

Şeyxülislam Allahşükür Paşazadənin bütün həyatı, taleyi Azərbaycanla, doğma Vətənlə bağlıdır. Şeyx həzrətləri təkcə Səudiyyə Ərəbistanında deyil, ABŞ, Rusiya, Kanada, İran, İordaniya, Şri-Lanka, Fransa, Əfqanıstan, Türkiyə, Hindistan, Suriya, Küveyt və digər ölkələrdə də rəsmi görüşlərə dəvət olunub, Azərbaycanı ləyaqətlə təmsil edib. Bir neçə il əvvəl Avstriyada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransda iştirakı da Şeyxülislam Allahşükür Paşazadəyə diqqət və hörmətin təzahürü idi. Şeyx həzrətləri dünyanı narahat edən problemlərin aradan qaldırılması yollarından danışmış, onun yüksək tribunadakı çıxışı diqqətlə dinlənilmişdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri demişdi ki, dini etiqadından, millətindən, yaşından asılı olmayaraq xalqlarımızın taleyi, gələcəyi müsəlman xalqlarını da çox narahat edir.

Xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın yorulmaz təbliğatçısı Şeyxülislam Allahşükür Paşazadənin qənaəti belədir ki, Allah-Təalanın xeyir-duası ilə, birgə səylərimizlə insanların qəlbinə yol tapa bilərik. Biz sülhü, əmin-amanlığı qorumaqla, xalqlar arasında mehribanlıq yaratmaqla müstəqilliyimizi də qorumuş olarıq.

Bu gün ölkəmizdə dini, milli və irqi ayrı-seçkilik yoxdur və dövlətimizin bu sahədəki uğurlu siyasətinin həyata keçirilməsində Şeyx həzrətlərinin də xüsusi rolu vadır. Şeyxülislam Allahşükür Paşazadənin bir vaxt ATƏT nümayəndələri ilə görüşdə qeyd etdiyi kimi, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər.

lll

Məktəb illərindən etibarən yaxından tanıdığım Şeyx həzrətləri bu gün xalqın vətənpərvər övladı, haqqın, ədalətin gözünə dik baxan nüfuzlu din xadimi, görkəmli şəxsiyyətdir, dəyanət və cəsarət simvollarımızdan biridir. Bu mənada o, həqiqətən, cəmiyyətimiz üçün sönməz bir ulduzdur. Belə ulduzlar çox nadir hallarda olur. Qoy uca Allah möhtərəm Şeyximiz Allahşükür Paşazadənin iman və mənəviyyat işığını xalqımıza, bütün müsəlmanalara çox görməsin!

 

Etibar ƏHƏDOV

"Aşkarlıq" qəzetinin baş redaktoru

525-ci qəzet.-2024.- 27 avqust (№153).-S.11.