QOCA MƏŞƏDİ AZƏR NİYƏ CAVAN QALMIŞDI?

 

Biz kimik, əslimiz-kökümüz nədir, hardan gəlib hara gedirik, tanıdığımız ən əski babalarımız nə zaman yaşayıb, biz onlarla bu gün nəyimizlə bənzərik, hansı cəhətlərimizlə fərqliyik? Əcdadı, mənşəyi, hansı nəsillərin övladı olması mütləq haçansa hər kəsi düşündürür, hər kəs də öz ağlı, biliyi səviyyəsində bu suallara cavablar arayır. Daha çox bilən daha dərinlərə gedir, daha sadə olanlar da, hər halda üzdən olsa belə, bu mətləblərdən hali olmağa can atırlar.

Məşədi Azər Buzovnalı çox bilənlərdən, vaqif adamlardan idi və həmin suallara cavabları da tarixin uzaqlarında arayırdı, amma o suallara cavablar gəzəndə yalnız özünü, yaxın qohum-əqrəbasını deyil, bütün xalqı da düşünürdü və istəyirdi tapdığı cavabları insanlara elə çatdırsın ki, belə dərinliklərə gedib çıxmağa imkanı olmayanlar da, elə onun yazdıqlarından bəhrələnərək onlardan şəcərələri, uruqları barədə kimsə nəsə xəbər alanda məlul qalmasınlar, əminliklə deyəcək sözləri olsun.

Məşədi Azər "Oğuznamə" yazmışdı, çox uzaqlardan - peyğəmbər dediklərimizin ən əskisindən başlayırdı, ulu babamız Yalavac Nuhun dünyanı sel-su basan əyyamlarda gördüyü tədbirlərdən söz açırdı. Dünyanı lərzəyə salan Tufan toxtayandan sonra Nuh öz Səfinəsini saxlamışdı, salamat qalanlar Gəmidən enərək yurd salmağa başlayınca ayrı bir bəla ilə qarşılaşmışdılar, yoluxucu xəstəliklər yayılmağa başlamışdı və məcbur qalaraq hərə bir səmtə üz tutası olmuşdu:

 

Bu xəstəlik oylə məqamə yetmiş,

Səksən kişi həlak olub həm bitmiş.

Qalmış ancaq dərk etməyən bu halı

Yalavacın üç oğluyla əyalı.

Oğlanların üçünə də budur nam:

Biri Yafəs, digəri Sam ilə Ham.

 

Tufandan sonra yeni həyat, təzə quruculuqlar başlanmalı idi və Nuh Peyğəmbər üç övladının hərəsini bir istiqamətə yönəldir:

 

Dünyada hər yer ki çəmən-çayırdı,

Yalavac o yeri üçə ayırdı.

Pozulmuş yerləri məmur etməgə,

Bir tərəfə hərə hökmən getməgə

Məmur etmiş üç oğlunu Yalavac

Vermək üçün yeni dövrə bir rəvac.

 

Qaynaqlardan topladıqlarını, ən qədim çağların söhbətlərini Məşədi Azər nağıl kimi söyləyirdi, amma bu nağılda ağıl vardı. Nuh oğlu Yafəsi Şərqə, Samı ərəb, əcəm, asura, Hamı Misir, Həbəş, Sudan, Hindistan sarı göndərmişdi. Öhdəsinə Şərq səmtdə xaraba qalan yerləri abad edib oralarda məskən salmaq düşən Yafəsin on bir oğlu vardı ki, bunlar Nəmsək, Səqlab, Kimar, Xəzər, Xələc, Sədsan, Parəc, Türk, Rus və sonuncusu da Ğuz idi.

Türk idi çün qaimməqam

 

(müavin - D.A.) Yafəsə,

Ehtiramı vacib idi hər kəsə.

Məskən olan yerlər Türkə o zaman

Denildi o yerə Ulu Türküstan.

Cahandarlıq ancaq Türkdən gəlirdi,

Bunu Yafəs görməksizin bilirdi.

 

Həyat davam edirdi, Yafəs oğlu Türkün oğul-uşağı asta-asta artırdı və onun nəvə-nəticələrindən biri də Oğuz idi ki, nəhayət, bu igidin də öz ailəsini qurmaq növbəti yetişir. Onun belindən təvəllüd tapan Gün xan, Ay xan, Yıldız xan, Göy xan, Dağ xan və Dəniz xandan da oğuzların 24 qanadı əmələ gəlir.

Məşədi Azər "Oğuznamə"sini 1925-ci ilin iyununda başlayaraq avqustunda tamamlamışdı. Müasir janr meyarları ilə "poema" deyə biləcəyimiz bu məsnəvi minillərin tarixini yığcam biçimdə əks etdirirdi və həcmcə çox da böyük olmayan bu əsəri yaratmaqçün Məşədi Azərin onlarla həcmli kitabı oxuduğu, fərqli qaynaqlardakı məlumatları tutuşduraraq ən mötəbərlərini səhifə-səhifə keçdiyi duyulmaqdadır.

Bu əsəri ilə Məşədi Azərin məqsədi bir tərəfdən xalqına hansı babaların nəvəsi olduğunu anlatmaqdısa, digər yandan da o uluların şərəfli yolunu mərhələ-mərhələ nişan verməkdi ki, tanıyın, bilin, qürur duyun, siz də bu şərəfli ocağın alovunu daha gur yandırın.

Məşədi Azər soydaşlarını əsarətdən xilas edərək azadlığa çıxaran Bozqurd adlı dəmirçidən də bəhs edərək niyə qurd başının bizlərdən ötrü simgəyə çevrilməsinin, qədim türklərdə bayrağın təpəsində yer alan tuğun - qurd başı fiqurunun nədən hökmranlığın rəmzi hesab edilməsinin gizlincini də açır:

 

Çünki Bozqurd sındırmışdı tilsimi,

Qurtarıcı qaldı onun isimi.

Buna görə edib ona ehtiram,

Bu qərara gəldi türklər bittəmam.

Məmnun etmək üçün Bozqurd yoldaşı,

Qayırdılar altundan bir qurd başı.

Tələb etdi bunu türklərin çoxu,

Qurd başıyla bəzənsin dövlət tuğu.

 

Və elə oradaca Məşədi Azər farsların müxtəlif rəvayətlər uyduraraq özlərinə çıxmaq istədikləri Novruz bayramının da əslində qədim türklərinki olduğunu yenə mənbələrə əsaslanaraq təsdiqləyir:

 

Gün təhəvvül edən zaman Həmələ

(Günəş Quzu bürcünə keçən vaxt - D.A.)

Bu işlərin gətirdilər əmələ.

Çün dünyaya türklər bu gün yayıldı,

Onun üçün ilin başı sayıldı.

İrgənəqon dörd yüz ildən ziyada

Məskən oldu onlar üçün dünyada.

Qurtuluş günləri çünki bu gündür,

Türklər üçün bu gün toydur, düyündür.

Əcəmlər də buna "Novruz" dedilər,

Onlar da bu günü bayram etdilər.

Mənimsəmək üçün bunu biganə

Uydurmuşdur onlar bir çox əfsanə.

Yeni günün var türklərə nisbəti,

Əcəmlərin yoxdur bundan qisməti.

Türk qövmünün bu gün malıdır, malı,

Əcəmlər də buna razı olmalı.

Türklər üçün uğurlu gündür bu gün,

Bu gün kimi olmaz nə toy, nə düyün.

 

Türk tuğuna sayğı ilə, bayraqlara saf altundan düzəldilmiş qurd başının taxılmasının qədimlərdə türklərin hamılıqla qəbul etdiyi ənənə olmasını yazan Məşədi Azərin bu yadasalması, çağdaş dünyada bir-biri ilə getdikcə daha artıq əl-ələ olan, türk birliyini parlaq bir gerçəyə çevirməkçün durmadan çalışan türk dövlətləri üçün də bir ismarış ola bilər ki, gələcəkdə ortaq bayraq haqqında düşünəndə bunu nəzərə alsınlar.

Qədim türk tarixi, oğuzlarla bağlı 4 min misralıq bu əsəri Məşədi Azər davam etdirməyi də düşünürmüş və məsnəvisinin son misralarında bunu açıqca bildirir:

 

Yaman-yaxşı bu yerədək yetirdim,

Bu tarixin bir hissəsin bitirdim.

 

Nəzərə alsaq ki, "Oğuznamə"nin, özü demiş, bu hissəsini bitirəndən sonra Azər 25 ildən də çox yaşayıb, onda "Oğuznamə"nin ardını şairin zəngin ədəbi mirasının hələ elmi dövriyyəyə daxil edilməmiş hissələri arasında aramaq gərəkdir.

Məşədi Azər uzaq tarixi yovuqlaşdırıb nəzmləşdirməklə gününün insanlarına yaxın etməklə yanaşı, axarında olduğu tarixin də zaman keçincə keçmişləşəcəyini, yanındakıların bir çoxununsa tarixi simalar olduğunu anlayaraq onların da ömür-gününü şeirlərində salnamələşdirməyi ədəbi vəzifələrindən biri kimi müəyyənləşdirmişdi.

Dostlarının, içərisində olduğu mühitin mənzərəsini Məşədi Azər Buzovnalı ayrı-ayrı şeirlərində dönə-dönə cızır və o parçalarda şairin oturub-durduğu, duyğu, düşüncə bölüşdüyü çoxlarının adları var. O adlar ki, onların hər biri ədəbiyyat, sənət, düşüncə, ziyalılıq tariximizdə qalır və həmişə də yaşayacaq.

Məşədi Azərin mükəmməl, solmaz, həmişə dəyərini saxlayacaq yaradıcılığından əlavə özünün bir cazibəli şəxsiyyət olaraq da mədəni aləmə bağışladığı məxsusi xeyir də ondan ibarət idi k, ətrafında o çağlarda Abşeron mühitində olan istedadlı qələm sahibləri və ziyalıların əksərini cəmləyə bilmişdi. Bir tərəfdən onları başına yığırdı, səmtləndirirdi, bir-birindən öyrənməyə və bəhrələnməyə səfərbər edirdi, istəyirdi ki, onların hamısının işığı millətə bütövlüyü ilə çatsın, o biri tərəfdən də həmin mühitin mənzərəsini və o mənzərəni ortaya çıxaranları da təsvir edərək, bunu da ayrıca ədəbi-tarixi sənəd olaraq gələcəyə məktub kimi tədarük edirdi.

Müasirləri arasında Səməd Mənsura rəğbəti və diqqəti daha çox idi, həm də bu, səbəbsiz deyildi. Çünki o, adamtanıyan olmaqdan özgə, istedadın gücünü duymaqda da bəsirətli idi. Aşkarca hiss edirdi ki, Səməd Mənsur ətrafındakı istedadlıların içərisində də ən seçiləndir və həm də yalnız şeirdə yox!

Səməd Mənsurun o keyfiyyətlərini ki Məşədi Azər o vaxt təsvir edirdi, o zaman bütün bunlar dost-tanışın hamısına bəlli idi. Ancaq həmin şahidlərin hamısını illər aparıb və elə dünənki kimi şövqlə Səməd Mənsuru təqdim edəcək bir şahidsə diri qalıb, bu da Məşədi Azərin şeiridir:

 

Hara getdi, hanı Səməd Mənsur?

Şüəra içrə fazil-i məşhur.

 

İrəliləyən sətirlər bir yandan Səməd Mənsurun üstün şairliyindən əlavə digər qabiliyyətlərindən - mahir qiraətçi, musiqişünaslıqdan mükəmməl xəbərdar, daha artıq, həm də məlahətli avazlı xanəndə, bunun da üstünə gəl - usta çalğıçı olmasından soraq verirsə, o biri yandan da "Məcmə üş-şüəra"nın yalnız abşeronlu söz ustalarını mütəmadi görüşdürən söz ocağı deyil, həm də bir musiqi yığnağı, ürəfa məclisi olduğunu əyan edir:

 

Şeirqulluqda sani-yi həssan,

Musiqi elminə fərid-i zaman,

Həmi xanəndə, həm nəvazəndə,

Bülbüllər ona kəmin bəndə.

 

...Hələ Azərbaycan insanının əlində o kitab yoxdur ki, orada Məşədi Azər Buzovnalının bütün irsi toplanmış ola. Əslində kitab da yox, kitablar sırası. Çünki bu irs elə geniş olub ki, nə qalınlığında nəşr edirsən-et, bir cildə sığan deyil. Geci-tezi var. Millət kitabxanasının rəflərində, gün gələcək, o kitablar da sıralanacaq. Əlbəttə ki, bu yöndə iş görülsə, zəhmətə qatlaşılsa.

Çünki zahirən söz tariximizin uzaq keçmişlərinə bağlı olan Məşədi Azər Buzovnalı həm də müasir düşünən bir insan idi. O, çevik uyğunlaşma qabiliyyətinə malik olduğundan və köhnə ilə yeni arasındakı kəsişmə nöqtələrini həssaslıqla tuta bildiyindən ötürücü naqil kimi idi, klassik irslə yeni ədəbiyyat arasındakı birləşdirici, qovuşdurucu idi. Bunun məntiqi nəticəsidir ki, Şərq Xalqlarının Qurultayından sonra 1926-cı ildə Bakıda keçirilən ən möhtəşəm beynəlxalq tədbir olan Birinci Türkoloji Qurultaya dəvətli ədiblərimizin sırasında o da vardı və əslində qurultay ərəfəsində qələmə aldığı "Oğuznamə"si də Məşədi Azərin həmin böyük elmi-ədəbi mərasimə töhfəsi idi. Türkoloji Qurultaya qatılmış azərbaycanlı ədib və ziyalıları qovuşduran məşhur bir foto var. Azərbaycanın ödövrkü elm, ədəbiyyat, mədəniyyət, maarif mühitinin çöhrələrdəki mənzərəsi adlana biləcək həmin fotoda əks olunanların bir qismi 1930-cu illərin sovet siyasi repressiyalarının qurbanına çevrildiyindən ta 1950-ci illərin ikinci yarısında gerçəkləşəcək bəraətlər dönəminə qədər həmin şəklin bir çox nüsxələri məhv edilmişdi, tək-tək şəxsi arxivlərdə qurd ürəyi yemiş ayrı-ayrı ziyalıların saxladıqları da kimsəyə göstərilmədən gizlində qalırdı. O fotoda elə simalar da var ki, bu, onların yeganə şəklidir. Nurlu görkəmi ilə Məşədi Azər də 1920-ci illər Azərbaycanının üstün ədəbi qüvvələri və ziyalılığının aynası olan bu fotodakı seçilmişlərin cərgəsindədir.

Sovet siyasi repressiyaları, təbii ki, yalnız Azərbaycanı və cəmiyyətin də iki-üç məhdud təbəqəsini hədəf götürməmişdi, Sovet İttifaqının digər xalqlarının da, ən müxtəlif zümrələrin də bu qanlı və məşəqqətli qəziyyədə itkiləri oldu - birində bir az çox, digərində bir qədər az. İfrat amansızlıq və ardıcıllıqla təqib edilən türkologiya və türkoloqlar, bu sahəylə az-çox bağlılığı olanlar sanki məxsusi qisas ünvanı kimi seçilmişdi.

Elə Türkoloji Qurultayın keçirildiyi həmin 1926-cı ildə Səməd Mənsur simsarı Məşədi Azərə həsr etdiyi şeirində bu sualı da qoyurdu ki, axı türklüyə belə qəddar münasibət nəyə görədir?

 

Türklüyün varlığı qeyrə

nə böyük qorxuymuş,

Dost-düşmən onu məhv etməyi istər, Azər.

İstədim ki, sənə bir hal ilə məktub yazım,

Olmadı, qəm bürüyüb fikrimi yeksər, Azər.

 

Sanki Türkoloji Qurultay bu sahədə çalışan ən parlaqları bir yerə yığaraq sonra bircə-bircə dənləməkçün hazırlanan məxfi tələymiş. Sovet siyasi repressiyaları SSRİ boyu onminlərlə görkəmli alimin də axırına çıxdı. Kimisini dərhal güllələdi, kimisini həbs düşərgələrində çərlətdi. Ancaq elm sahələri içərisində ən ağır, ən şiddətli və sürəkli zərbələr məhz türkologiyaya dəydi.

Sonralar gözünün odu alınmış sovet cəmiyyətində bu istiqamətə meyil edənlər də azaldı.

Lakin qəmli tarix gözünün önündə cərəyan edən və ömründən keçən Məşədi Azər axıracan bu yola sədaqətini hifz etdi.

1935-ci ildə o, 1.500 beytlik "Çingiznamə"sini yazdı və burada da məqsədi yalnız tarixdə qalan əzəmətli sərkərdənin möhtəşəm surətini yaratmaq deyildi. Çingiz xan türklüyün məğrurluq, igidlik tarixində rəmz kimi yüksələn zirvələrdəndir və Məşədi Azər də əsərinə ən əvvəl həmin səbəbdən onu baş qəhrəman seçmişdi. Elə həmin düşüncəylə eyni mövzuda, təqribən eyni vaxtda Hüseyn Cavid də növbəti pyesini yazmışdı. 1937-ci ildə Cavid həbs olunarkən evindən əlyazması da, makinada çap olunmuş bütün nüsxələri də aparılan və qayıdışsız yoxa çıxan əsərlərdən biri də elə onun "Çingizxan" dramı idi.

Bu əsərini də yazmaqçün Məşədi Azər çox məxəzlərə əl atmışdı və oxuduqca da aydınca görünür ki, məqsədi təsirli bədii lövhələr yaratmaqdansa türk tarixinin unudulmuş səhifələrini nəzmlə müasir oxucuya çatdırmaqdır:

 

Əski moğol, türk ü tatar xəbərin,

Bilmək üçün məharətin, hünərin.

Bir qaç sənə hər tərəfi dolaşdım,

Tarix bilən alimlərə yanaşdım.

 

Məşədi Azər 1935-ci ilin 15 fevralında bitirdiyi bu əsərində də bilavasitə Çingiz xandan söz açmazdan əvvəl yenə türklərin ümumi tarixinə baş vurur və məsnəvi sona çatanda bəlli olur ki, yenə müəllif mətləbini axıra çatdırmadı, yenə deyəcəkləri var və türklük hekayətlərini davam etdirmək niyyətindədir:

 

Xətm eylədik, intəhaya yetmədik.

Bunlar elə mövzular idi ki, onlardan yazanda intəhaya yetmək də çətin idi. Sonsuz olanın axırına necə çatasan ki?! Ümumən Azərbaycan tarixinin ayrı-ayrı hadisələri, dövrləri və şəxsiyyətləri, xüsusən qədim dövr Azər yaradıcılığında ayrıca bir xətt kimi sabit yer tutur. Lirik şeirlərində sözə cila verməyə, hər misranı və beyti bədii cəhətdən gözəl etməyə nə qədər çox diqqət etsə də, tarixi mənzumələrində onu çəkən məzmundur. Dil baxımından da bu qoşqular daha sadədir. Sanki bu mətnlərlə müəllif qarşısına məqsəd qoyub ki, oxucusuna Vətən tarixini oxutsun - gedib dağa-daşa düşməsinlər, müxtəlif tarixi mənbələrə səpilmiş, bəzən də bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar arasında çaşıb qalmasınlar, bəlkə də tənbəllik edərək mütaliə etməyə sən deyən həvəsli olmayacaqları qalın tarixi salnamə və risalələr əvəzinə elə bu qısa mənzumələri oxuyub milli keçmişimizin sirlərindən agah olsunlar.

"Tarix-i İslam" adlı poeması var ki, burada dinimizin tarix içərisindən keçdiyi yol, müqəddəslərimiz, İslamiyyət təqvimində yer alan mühüm hadisələr şeirləşdirilib. Təsadüfən yazmamışdı. Allahsız sovet quruluşu dinə qarşı mübarizədəydi - məscidləri dağıdırdı, saxladıqlarını da ibadət yeri olmaqdan çıxararaq anbarlara çevirirdi, dini mərasimləri yasaq etmişdi, dini kitabları aradan götürürdü. Lakin mənəviyyat adamı olan Məşədi Azər xalqının bu dəyərlərdən də məhrum qalmaması xatirinə belə bir əsəri yazmağa da daxili ehtiyac duymuşdu. Görürdü elə bir dövr başlanıb ki, daha keçmişlərdəki sayaq mədrəsə-mollaxana yoxdur, ərəb-fars dillərini uşaqlıqdan mənimsəmə imkanları aradan gedib, din tarixinə aid kitablara da kütlənin yolu bağlıdır. Müsəlmanlığın tarixinə dair nəsrlə, qəliz dillə yazılmış risalələrin qarşısına buzovnalı ustad sadə dillə, oxunaqlı tərzdə və başvermişlərin məğzini yığcam ifadə edən mənzuməsi ilə çıxırdı.

Tarixi mövzulara aludə olan Məşədi Azər hətta keçmişimizə dair əfsanə və rəvayətləri də şeirləşdirir ki, bunlar da itib-batmasın.

Makulu Hüseynqulu xanla Qubalı Fətəli xanın bağlılıqları haqqında "Aydəmir" adlı bir əsər yazmışdı.

1936-cı ilin fevralında başladığı və tamamladığı "Bakı xanı Dərgah xanın Bikə xanım ilə olan əhvalatı"nda Məşədi Azər tarixi mövzu ilə məhəbbət xəttini qovuşdurur.

Güney Azərbaycanda Maku şəhəri var, Quzey Azərbaycanda Baku. Biz indi paytaxtımızın adını "Bakı" yazırıq, ərəb əlifbasında isə əskilərdə elə "Baku" yazılardı. Bir-birindən uzaq məsafələrdə qərar tutmuş bu iki şəhərimizin adındakı səsləşmə təsadüfidirmi? Rəvayətlər pıçıldayır ki, yox! Məşədi Azərin mənzuməsi iki min il əvvələ aparır:

 

Atamdan eşitdim, dedi ki, banam

İki qardaş olmuş Baku, Maku nam.

Qoca Şərq elindən bu iki cavan

Olub həddən artıq qəvi pəhləvan.

Olar əsr-i İsayə ən bir yaxın

Zamanda bu ətrafa yapmış axın.

Müsəxxər ediblər bu iqlimi tam

İgidlikləriylə ol iki banam.

Bulub sonra aldıqları yerlərin,

İdarə edərmiş hərə öz yerin.

Müəyyən edib ölkənin hər zadın,

Veribmiş hərə öz yerinə adın.

Makunun xanlığı adlanmış Maku,

Bakunun xanlığı çağrılmış Baku.

 

Məşədi Azər özü elə məktəblərdən keçmişdi ki, yurdunun da, İslam Şərqinin də tarixini oxumuşdu, anadilli və farsdilli klassik ədəbiyyatı mükəmməl bilirdi. Ancaq artıq yeni məktəb əyyamları idi və Azər təqdir etdiyi, çalışmaqda olduğu təzə təhsil şəbəkəsindəki boşluqları da hiss edirdi. Anlayırdı ki, vasitəçi olmasa, yeni nəslin köhnə irslə əlaqələri tam qırılmasa da, xeyli zəifləyə bilər. Ona görə də klassik mirası öz günlərinin insanına yaxınlaşdırmaqçün tərcüməçiliyə də başlamışdı. Əbülqasım Firdovsinin "Şahnamə"sindən, Nizami Gəncəvinin "Xəmsə"sindən elə orijinal kimi səslənən tərcümələr etmişdi, "Kəlilə və Dimnə"dən müəyyən hekayətləri isə yazıldığı kimi nəsrlə yox, mənzumlaşdıraraq şeirlə çevirmişdi.

Azər yaradıcılığının hansı səmtinə üz tutsan, faydalıdır, bu gün də şeir kimi gözəlliyini, tarixi baxımdan əhəmiyyətini saxlamaqdadır və əlbəttə ki, həm indinin, həm sabahın Azərbaycan oxucusu ilə bu irsin mümkün qədər tam halda birlikdə olması zərurətdir. Hansısa hissələri itibsə də, hər halda böyük bir qismi də əldədir, Azərbaycan Əlyazmaları İnstitutunda qorunmaqdadır. Sözün isə bütün başqa xəzinələrdən fərqi odur ki, o, əsl qiymətini bu incilər üzə çıxarılanda, hamınınkılaşanda qazanır.

...Artıq 90 il ömür yaşamış Fəridə xanım İmaməliyeva da həyatdan gedib.

2012-ci ilin bir yay günü idi, Məşədi Azərin nəvəsi Fəridə xanımla zəngləşərək evlərinə getmişdim, babası haqqında söhbət edirdik, ailədə həmişə söylənən və Azəri diri saxlayan xatirələri bölüşürdü. Şeirləri ilə mənə ruhca məhrəm olan Məşədi Azər bu söylənənlərlə sanki məsafəcə də yaxınlaşırdı.

Fəridə xanım babasının elə cavanlığından diribaş, hər işdən tez baş çıxaran olmasını, qısa müddətdə atasından ticarətin özünəməxsus sirlərini öyrənərək onu həm sevindirib, həm də peşman etməsini təsdiqləyirdi. Məşədi Azərin Mahaçqalada yaşadığı illərdəki tacirlik sərgüzəştləri haqda bir-birindən maraqlı hekayətləri söyləyən Fəridə xanım deyirdi ki, Hacı Məcid - babasının atası sevinirmiş, ona görə ki, illərlə təcrübəsi olsa da, oğlunun qısa müddətdə onu üstələməsinə, fərasəti ilə bir çox sövdələşmələrdə daha uzaqgörən və sərfəli qərarlar qəbul etməsinə şahid kəsilirmiş. Ancaq bu yandan da pərişanmış, çünki oğlunun bir belə fərasətlə ticarətə biganə olduğunu hiss edirmiş.

Təcrübəli taciri hissiyyatı aldatmırdı, çünki onun fikrindən keçəni oğlu şeirlə etiraf da etmişdi. Azər Buzovnalı Allahın onu dünyaya vəzifə ilə gətirdiyini sövq-təbii dərk edənlərdən idi, elə cavankən anlamışdı ki, ticarəti özünə ömürlük peşə etsə, tacirlərin ən yaxşısından ola bilər, pul qazanmaq həvəsinə düşsə, tezliklə tüccarın ən varlılarından birinə çevrilər, ancaq bu yol onunku deyil, onun səmti sözə tərəfdir, eşqi ordadır!

 

Qiymətim, qədrim ki, qarnımdan müqəddəmdir mənə,

Razıyam hər zəhmətə qədrim bilən insan ilə.

Şairəm, "Azər" təxəllüs, qədridanlar vasifi,

Xəlq ara, məşhur-i afaqam həmin ünvan ilə.

 

Məşədi Azər Buzovnalının ən vacib istedadlarından biri, şübhəsiz ki, onun görmək bacarığı idi. Həyatda, cəmiyyətdə, insanlarda başqalarının baxaraq yanından laqeyd keçdiklərini onun iti gözləri dərhal tuturdu, tutunca da şeirləşdirirdi. Ancaq onun sirayətedici baxışlarının, görmək istedadının daha bir tərəfi başqalarındakı qabiliyyəti dərhal sezərək dəyərləndirmək nəcibliyi idi. Bunun ən üzdəki sübutu hamının tanıdığı Əlağa Vahid! O məşhur qəzəlxanımızın böyük ədəbiyyat aləminə gəlişinin təməlində dayanan Məşədi Azər olub. Bunu bir sıra başqaları söyləyiblər də, yazıblar da, ancaq daha mötəbəri can yiyəsinin özüdür - Vahidin lent yazısında şirin söhbətləri qalır ki, orada Məşədi Azərlə ilk görüşündən tutmuş onu necə qanadlandırması, ədəbiyyatın füsunkar aləminə biryolluq bağlaması ilə bağlı çox təfərrüatları açır. O çağlarmış ki, Əlağa hələ Vahid deyilmiş, təzə-təzə yazmağa başlayan gəncmiş və günlərin birində Seyid Zərgərgildə Məşədi Azərlə rastlaşır. Seyid Zərgər Əlağanı Məşədi Azərə belə təqdim edir ki, bu cavan da milli şairlərimizdəndir. Azər Buzovnalı dərhal zarafata salır ki, deyirsən, milli şairdir, məgər milsiz şair də olur? Seyid Zərgər qayıdır ki, yox, həqiqətən ümid verən cavanlardandır və Məşədi Azər Əlağanı "görmək"dən ötrü onun öz dilindən şeirini eşitmək istəyir.

Vahid bunları xatırlayanda artıq oturuşmuş sənətkar idi və hələ Vahidə dönməmiş Əlağanın o zaman yazdıqlarına indi xeyli üstdən baxır, tənqidi yanaşırdı, ona görə də deyirdi ki, Azərə o vaxt yazdıqlarımdan saya bir qəzəli oxudum.

 

Tökmüş o şux məh üzrə zülf-i siyahini,

Guya ki, gizlədib fələk əbr içrə mahını.

 

Vahid danışırdı ki, o, qəzəlini beyt-beyt oxuduqca Məşədi Azər də dodaqaltı "Maşallah!", "Bərəkallah!", "Nə yaxşı yazmısan!" söyləyirmiş və bu da öz aləmində düşünürmüş ki, deyəsən, məni lağa qoyur. Ancaq saniyələr sonra məlum olur ki, Məşədi Azər ürəyindən gələni söyləyirmiş və bu cavanın qabında nə olduğunu müəyyənləşdirməkçün elə bir neçə beytini eşitmək yetərliymiş.

Vahid yada salırdı ki, mən şeiri oxuyub qurtaranda Məşədi Azər "Nə yaxşı yazıbsan, sən yaxşı şair ola bilərsən, çox yaz" dedi və ardınca da qayıtdı ki, indi mətbəəyə gedirəm, gəl səni özümlə aparım, orda tanış eləyəcəm səni. Vahid sadədilliklə etiraf edirdi ki, ovaxtacan mətbuat, mətbəə sözünü bilmirdim, ona görə elə baxa-baxa qaldım, tərəddüd içində olduğumu görən Məşədi Azər dedi ki, mətbuata çıxmaq lazımdır, sən gərək çap olunasan, sənin şeirlərini gərək başqaları da oxusunlar, bilsinlər.

Azər gənci Orucov qardaşlarının mətbəəsinə gətirir. İçəri girincə bu cavan şairçün ayrı bir tarix başlanır. Vahid xatırlayırdı ki, biz gələndə Seyid Hüseynlə Ruhulla Axundov da orada idilər.

Məşədi Azər o vaxtlar Vahidə nisbətən yaşlı idi, ancaq qoca ki deyildi. Amma bununla belə, ədəbi çəkisi və nüfuzu elə yüksək idi ki, hamı onu ağsaqqal kimi qəbul edir, hörmət bəsləyirdi. Əlağanı da tapşırır, nə gətirsə, çap edin deyir. Bu zəmanət gənc şairin yazdıqlarının qəzet səhifələrinə çıxa bilməsi üçün ən qısa körpü idi.

Vahid artıq özünün ovaxtkı Azərdən yaşlı olduğu çağlarında yada salırdı ki, mətbəədən çıxanda Azərin əlində qəzet vardı, oradakı bir şeiri mənimçün oxudu, qafiyələri "dad", "fəsad", "fəryad" idi və həvəsə gəldim, evə qayıdan kimi gecə ilə bir şeir yazdım, sabahı günü apardım verdim mətbəəyə və qəzəl 1914-cü il may ayının 14-də "İqbal" qəzetində çıxdı. Şeirdəki qüvvətli hafizəsinə baxmayın. Əlağa Vahid o yaddaşın sahibi deyildi ki, ilk yazdığının qəzetdə haçan çıxmasının tarixini dəqiqliklə yadda saxlamış ola. Sadəcə, 1914-cü ilin 14 may "İqbal" qəzetini əziz yadigar kimi saxlayırdı, dönə-dönə açıb baxdığı, artıq süzülmüş, qat kəsən yerlərində sətirlər pozulmuş bu qəzetin tarixi daim gözünün qabağında idi və qəzetin nəşr ilini, ayını, gününü vaxtaşırı gördüyündən ilk mətbu şeirinin tarixi də hafizəsinə həkk olunmuşdu. Azər Buzovnalının xeyirxah vasitəçiliyi ilə işıq üzü görmüş həmin qəzəl belə başlanırdı:

 

Olmadım bir ləhzə, ya Rəb,

bu vətən mülkündə şad,

Ömrüm əksildi, günü-gündən

qəmim oldu ziyad.

Bifəva gördüm kimə dünyada etdim etimad,

Çərxi dün sübh ü məsa oldu

mənimlə kəcinad,

Ələman, çərx-i sitəmkarın əlindən,

dad, dad.

 

Və asta-asta Əlağanın ayağı Məşədi Azərin evinə də açılır və o sözlü-avazlı mənzildəki xudmani şeir məclislərində söylənənlər lap çoxdan efir boşluqlarında əriyib-itsə də, Vahidin öz səsində qalan bu hekayət həmin yığnaqdakı mənalı saatlardan birinə hamımızı şahid edir. Vahidin söyləməsincə, Azər hərdən düşbərə bişirtdirər, yaşlı-cavan həmkarlarını dəvət edərmiş və günlərin birində yenə abşeronlu şairlər Məşədi Azərin işığına yığışıblarmış, şeirləşir, söhbətləşirlərmiş, Əlağa da bu məclisə hələ təzə-təzə isinişən cavan kimi bir qıraqda oturubmuş. Həsən Səyyar qayıdır ki, gəlin elə bir qafiyə tutaq, indiyəcən deyilməmiş olsun.

Nə qədər ədəb-ərkan gözləsə də, içərisindən fışqıran söz imkan vermir ki, Əlağa yerində dinc otursun, elə Həsən Səyyar təklifini edib qurtarınca dərhal başlayır:

 

Kim der ki, ləl-i nabüvə kövsər deyilməyib?

Mah-i cəmalüvə məh-i-ənvər deyilməyib?

 

Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,

Heç bir kəlamın bunca mükərrər deyilməyib.

 

Cananə ərz edibdilər Səyyarı, Vahidi,

Odlara taleyi yanan Azər deyilməyib.

 

Deyir, qafiyəni tutaraq bunu mən bədahətən söylədim, məclisdəkilərin hamısının xoşuna gəldi, gördüm ki, Məşədi Azər də çox məmnundur.

Adətən məclislərdə belə bir şeir deyiləndə ardı da gələr, başqaları da ona qoşulub həmin qafiyəni davam etdirər, ancaq Vahid xatırlayırdı ki, mənim bu şeirimdən sonra daha kimsə dillənmədi: "Belə oldu ki, mən dedim bunu, day bunlar səsini çıxarmadı. Özü də tez deyənəm də, qoymaram bir adam məndən qabaq desin. O Həştərxan atları kimi. Xasiyyətim elədir. Qələm ki əlimə keçdi, mən o şeyi gərək tez bitirəm. Bir saatlıq işi on dəqiqəyə görənəm. Ona görə də Mirzə Əbdülxalıq Yusif deyərdi ki, sənin təbin bicdir. Mən də gülərdim. Deyərdim ki, nə üçün, ay Mirzə? Deyərdi, ona görə ki, səninlə bacarmaq olmur".

...Müəllimlik Məşədi Azərin cövhərində idi. Mükəmməl təhsil görmüş bu insan biliklərini paylaşmağa daxili ehtiyac da hiss edirmiş, Mahaçqaladan qayıdıb gələndən sonra bilavasitə məktəbdə işləməsi, sinif otaqlarında şagirdlər qabağına çıxması da, "Məcmə üş-şüəra"nın yığıncaqlarında öyrədiciliyini bir başqa şəkildə davam etdirməsi də öz yerində, amma onun dolaysı ilə də müəllimlik etməsi vardı.

Hələ həyatının Mahaçqala dövründən Azərin qələmi qəzetlərə yol tapmışdı. Ancaq o çağlar hələ adda-budda gözə dəyən mətbu yazıları Azərbaycana köçüb gələndən, Buzovnada məskun olandan sonra sadəcə sayca artmamış, həm də məqsədyönlüləşmişdi. Azərin cəmiyyətlə təmasın bu qısa yolunu elə məktəbdəki, öz şeir məclisindəki müəllimliyinə bərabər tutması onun əsrin ilk onillərində "Həyat", "İrşad", "Səda-yi həqq", "Tazə həyat", "Zənbur", "Molla Nəsrəddin" və digər nəşrlərdəki yazılarını izlədikcə aydın olur.

Hansı məqaləsini açırsan, hansı şeirini oxuyursan, ömür-günü ilə bağlı hansı xatirəni dinləyirsən, hamısındakı ortaq cəhətin Məşədi Azərin öyrətməyə, bilik verməyə, göz açmağa can atması olduğunu görürsən.

Elə evindəki növbəti şeir məclislərindən biri ilə bağlı bizlərə Əlağa Vahidin xatirəsində gəlib çatmış anlarda məgər o, yenə həminki Müəllim, Ustad Azər deyilmi?

Əhvalat vaqe olur 1916-cı ilin yayında. Onda Vahidin 20-21 yaşı olarmış. Azər Buzovnalı ruhuna yaxın olan bir dəstə adamı, o sıradan da Əlağa Vahidi Buzovnadakı evinə, çay süfrəsinə dəvət edibmiş. Təbii, Azərin açdığı çay süfrəsi də, lap qurduğu yemək-içəmk ziyafəti də mahiyyətcə ləziz söz süfrəsi idi.

Məşədi Azər Buzovnalı başlayır Məhəmməd Füzulinin Həbibiyə yazdığı təxmisi oxumağa:

 

Ta cünun rəxtin geyib,

tutdum fəna mülkün vətən,

Əhl-i təcridəm, qəbul etmən

qəba vü pirəhən,

Hər qəba vü pirəhən geysəm

misal-i qönçə mən.

"Gər səninçün qılmasam çak,

ey büt-i nazikbədən!

Gorum olsun o qəba,

əynimdə pirahən kəfən".

 

Vahidin söylədiyi bu əhvalatı mənə rəhmətliklər - xanəndə Hacıbaba Hüseynov da, diktor Soltan Nəcəfzadə də, Həkim Qəni də hər biri o səhnənin təsirliliyini bir az da artıraraq danışıblar. Vahid deyirmiş ki, Azər Buzovnalı qarayanız adamdı, ancaq bu şeiri oxuduqca sözlərin təsirindən rəngi ağarmağa, dodaqları əsməyə, gözlərindən yaş gəlməyə başladı. Cüssəli adam idi, ancaq söz onu idarə edirdi, o boyda adam gözümüzün qabağında an-an dəyişirdi. Sonra Azər başlayır həmin təxmisi misra-misra, söz-söz təhlil eləməyə. Vahid etiraf edir ki, ovaxtacan "təcrid" sözünün mənasını anlamırdım, ustaddan soruşdum, o da kəlmənin hansı məna çalarları olduğunu misallarla, təlmihlərlə, tarixdən çəkdiyi rəvayətlərlə izah elədi.

O məclisdə Məşədi Azərin verdiyi izahlar, etdiyi şərhlər, əlbəttə ki, cavanlar üçün növbəti ustad dərsi idi. Ancaq Füzuli şeirini necə hərarətlə oxumasının özü də ayrı bir örnək, başqa bir dərs idi. Yəni Füzulini siz də belə sevin, siz də belə duyun, siz də belə heyran qalın. Elə oxuyurdu, elə anladırdı ki, sabah o cavanların içərisində Füzulinin ardınca getmək, Həbibinin cazibəsinə düşmək şövqü yaranırdı. Əlağa Vahidin özünün də o axşamdan çox illər sonra Füzulidən etdiyi təxmisi var və şairin öz səsində həmin təxmisi oxuması da qalır.

Elə ürəklə oxuyur, elə eşqlə təhlil edir ki, zənn edirsən Vahidin özünün xatırladığı Məşədi Azər məclisindəsən. Azər Buzovnalı şərh eləyən tərzdə, hər misranı Azər dilə gətirdikcə həyəcanlandığı kimi izah edir. Sanki bir anlıq unudur ki, bu misralar özününküdir, riqqətlənir: "Nə gözəl yazıb e!" Yəni dilindəki sözün təsirinə özünü unudacaq qədər əsir olmaq Əlağa Vahidə Azər Buzovnalıdan - ustadından qalan keyfiyyətlərdən biri idi.

...Məşədi Azər bütün varlığı və qələmi ilə ictimai-siyasi gedişatın qırağında yox, qoynunda və tən mərkəzində idi - həm oturuşu-duruşu, zahiri və bir çox vərdişləriylə köhnə kişilərdən idi, keçmişdən yazırdı, həmin keçmişə məhəbbət və xiffətlə yazırdı, həm də günün övladı idi, sanki yaşına, keçdiyi yola görə tam onunku olmayan zəmanə ilə rahatca ayaqlaşırdı, yeni gündə qəlbinə yatan, təqdir edəcəyi bir çox işıqlı məqamlar taparaq onları tərənnüm də edirdi.

Dünəndə qalan qocaman adam olmadığından müasirlərindən geri qalmır, nəfəsi təngimədən onlarla yanaşı və birgə addımlayırdı. Yeni zamanla qol-boyun, gəncliklə həmnəfəs olduğundan isə saç-saqqal ağarsa, sinni artsa da, üzdən yaşlaşan Məşədi Azər qocalmırdı, ruhca elə əvvəllərdəki tək cavan idi.

 

18 avqust 2024

Dəmir Aranelli

525-ci qəzet .-2024.-28 avqust (№154).- S.12-13.