"Ağdama ithaf"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət
Pedaqoji Kollecinin müəllimi, sənətşünas Emil
Ağayevdir. Onunla Xalq rəssamı Arif Hüseynovun
"Ağdama ithaf" üçlüyü haqqında
danışmışıq.
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində
anadan olub. 1960-1962-ci illərdə Əzim Əzimzadə
adına Rəssamlıq məktəbində orta ixtisas,
1965-1972-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində ali təhsil
alıb.
Arif Hüseynov 1975-ci ildən Rəssamlar
İttifaqının üzvüdür. 40 ildən
artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur.
Bu dövrə kimi rəssam əsasən dəzgah və kitab
qrafikası ilə məşğul olub.
Arif Hüseynovun əsərləri hazırda Azərbaycan
Milli İncəsənət Muzeyində, Moskva Dövlət
Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan
Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi
kolleksiyalarda saxlanılmaqdadır.
A.Hüseynov “Ağdama ithaf” triptix “Şahbulaq
qalası” (2021) (kətan, akril, 60x90 sm)
- Arif Hüseynov yaradıcılığında
Qarabağ mövzusu. Emil bəy, istərdim söhbətimizə
burdan başlayaq.
- Azərbaycan incəsənəti tarixin bütün mərhələlərində
baş verən prosesləri özündə əks etdirir.
90-cı illərdə xalqımızın başına gətirilmiş
Qarabağ faciəsi incəsənətimizdə daim
yaşadılıb. Qazanılan tarixi Zəfər isə incəsənət
sahəsində çalışan sənətkarların
çoxdan gözlədikləri bir arzunun gerçəkləşməsi
idi. Azərbaycan təsviri sənətinin görkəmli rəssamlarının
yaradıcılığında Zəfər mövzusu leytmotiv
təşkil edir. Kompozisiyalarda yaratdıqları obraz daha təsirli
rəng, xətt, plastika vasitəsilə vurğulanır. Xalq
rəssamı Arif Hüseynov da vətənpərvərlik
mövqeyi ilə daima seçilən sənətkarlardandır.
Onun yaradıcılığında "Qarabağnamə",
"Şuşanın görkəmli sənətkarları"
silsilələri tarixi, estetik baxışların dolğun
formada təqdim edilməsi baxımından əhəmiyyətli
mövqe tutur. Arif Hüseynov yaradıcılığında
"Qafqazın Hirosiması" adlandırılan şəhərin
obrazını təsirli rəng qamması ilə izləyə
bilərik.
- Üçlük neçənci ildə
yaradılıb?
- Əsər 2021-ci ildə kətan üzərində,
akril texnikası ilə yerinə yetirilib. "Ağdama
ithaf" üçlüyünün Dram teatrının
qalıqlarının qarşısında təqdimat mərasimi
keçirilmişdi. Triptixin hər detalı tarixdir. Rəssamın
mövqeyi ardıcıllığı ilə seçilən
silsilədə mədəni, tarixi irsimizi silməyə
çalışan erməni
işğalçılarının insanlığa
yaraşmayan simasını ifşa edir. Xalq rəssamı
triptixdə tarixi faktlara əsaslanır.
- Emil bəy, sizcə, bu əsər bizə nə
deyir?
- Mən istərdim ki, bu suala hər hissənin
ayrıca şərhi ilə cavab verim.
"Ağdama ithaf" triptix - "Şahbulaq
qalası": Triptixin sağ hissəsində Ağdamın
simvolik Şahbulaq qalası təsvir olunub. Tarixçilərin
məlumatına görə, Qarabağ
xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin
10 kilometrliyində "Şahbulaq" adı ilə məşhur
olan bulağın yanında bir qəsr kompleksi
saldırmış, daş və əhəngdən məscidlər,
evlər, bazar tikdirmişdi. Qala öz adını gursulu
bulağın adından alıb. Elmi ədəbiyyatda daha
çox Şahbulaq adı ilə tanınan abidə iri qəsr
kompleksinin içqalası olub. Şahbulaq qəsri Azərbaycan
xanlıqlar dövrü hərbi memarlığının sadə
nümunələrindən biridir. Şahbulaq tikililəri
Qarabağ xanlığının, xüsusilə onun
paytaxtı olmuş Şuşa şəhərinin
memarlığına öz təsirini göstərib. Rəssamın
yaradıcılığına xas olan nağılvarilik əsərə
yeni nəfəs gətirir. Pənahəli xan və
döyüşçülərinin ay üzərində təsviri
ruhların azadlıq obrazıdır.
"Ağdama ithaf" triptix - "Ağdam
teatrının məhvi": Mərkəzi hissədə
Ağdam teatrının məhvi təsvir olunub. "Leyli və
Məcnun", "Otello" və "Don Kixot"
tamaşalarını oynayan obrazlar səhnədə şər
qüvvələr tərəfindən
öldürülür. Qara qüvvələrin təsviri
düşmənin Ağdamı işğal etdikdən sonra
buranın məşhur dram teatrını məhv etməsidir.
Xarabalığa çevrilmiş teatr fonda təqdim olunub.
Düşmənlərimizin insanlığa yaraşmayan hərəkətləri
teatr səhnəsində faciəvi şəkildə
canlandırılıb.
A.Hüseynov “Ağdama ithaf” triptix “Ağdam. Cümə
məscidi” (2021) (kətan, akril, 60x90 sm)
"Ağdama ithaf" triptix - "Ağdam.Cümə
məscidi": Triptixdə Ağdam Cümə məscidinin təsviri
islam dini ənənələrinin qorunması və yenidən
azad edilən şəhərdə bərpa edilməsidir.
Bölgədə mühüm ticarət mərkəzinə
çevrildiyi zaman şəhərdə Qarabağın XIX əsr
dini memarlığının örnəklərindən biri
inşa edilib.
Ağdamda cümə məscidi olan abidəni
1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının
aparıcı sənətkarı memar Kərbəlayi Səfixan
Qarabaği ucaldıb. Memar orta əsr Azərbaycan
memarlığında geniş yayılmış qoşa minarəli
Cümə məscidləri ənənəsini davam etdirərək
Ağdam məscidində dövrün tələblərinə
və Qarabağın memarlıq-inşaat təcrübəsinə
uyğun məscid obrazı yaradıb. Arif Hüseynov
kompozisiyada azan səsinin sədaları altında
dağıdılan məscidi öz əlləri ilə qoruyub
saxlayan şəhidlərin obrazını təqdim edir.
"Ağdama ithaf" triptix bütünlüklə
Qarabağ faciəsini özündə əks etdirir.
Ağdamın memarlıq və dini abidələrinin ermənilər
tərəfindən məhv edilməsi üçlüyün
əsas mövzusudur. Bu əsərdə xeyir və şərin
mübarizəsinə şahidlik edirik.
Aytac SAHƏD
525-ci qəzet .-2024.-28 avqust (№154).- S.11.