"Ölüm
ayrılıq deyil..."
Sevimli şairimiz, istedadlı publisist mərhum
Şahmar Əkbərzadənin "Xarıbülbül nəğmələr"
kitabını birnəfəsə, həm də çox
böyük maraqla oxudum. Şairin nəfis tərtibatlı bu
toplusunda toplanmış şeirlər öz mövzu rəngarəngliyi
ilə seçilir. Bu şeirlərdə sevgi-məhəbbət
də var, vətən həsrəti də, həyat fəlsəfəsi
də. Həmişə öz
çılğınlığı ilə diqqət çəkən
Şahmar Əkbərzadə hətta dünya futbolunun ilk
ulduzlarından biri olan məşhur braziliyalı futbolçu
Peleyə də şeir həsr edib:
Aldatmaq insanı gözdən salsa da,
Çatdırdı Peleni şöhrətə-şana.
Həsəd aparırdı ağıllı başlar
Ağlı topuğunda olan oğlana.
Şahmar Əkbərzadənin bu kitabda
toplanmış şeirlərini oxuduqdan sonra onun digər nəşr
olunmuş kitablarını əldə etməyə
çalışdım. Çox təəssüf.
Açıq efiraf edirəm ki, dəydiyim bir sıra kitab
satış mərkəzlərində də tapılmadı.
Nə yaxşı ki, kitabxanalarda Şahmar müəllimin
kitablarına rast gəldim.
Bəlkə də
çılğınlığından irəli gəlir, və
ya təbinin güclülüyündən Şahmar müəllim
gördüyü ən adi bir şeydən belə təsirlənir
və həmin anları poetik şəkildə oxucularına təqdim
edir.
Qan eləyir oğrun baxan baxışın,
Qoy eləsin, belə xoşbəxt qəza yox.
Məni oda-közə yaxan baxışın,
İldırımdır, ildırıma cəza yox.
Bir vaxtlar qapımızı demək olar ki, hər
gün döyən, müjdələr gətirən, hər
evin istəkli qonağına çevirilən poçtalyonlar
haqqında çox şeirlər yazılıb. Böyük
şairimiz Süleyman Rüstəm də, istedadlı
şairimiz Əli Kərim də poçtalyona şeir həsr
ediblər. Ancaq Şahmar Əkbərzadənin
"Poçtalyon İmran" şeiri də çox təsirlidir.
Sanki hamımız, bütün oxucular poçtalyon
İmranı tanıyır. Axı, hansı kənddə,
hansı obada poçtalyon olmayıb?
Səhərlər obaşdan əl açıb yenə,
Poçtu gətirməyə yollanardı o.
Davadan bədxəbər gəlməsin deyə,
Gözəgörünməzə yalvarardı o.
Amma nə edəsən ki, mənfur müharibənin
öz qanunları var. Müharibə
varsa, ölüm də var. Bu, qaçılmazdır.
Müharibə dövrünün bütün
poçtalyonları kimi sadə peşə sahibi İmran
kişi də belə xoşagəlməz, ürəkdağlayan
hallarla rastlaşır:
Ölüm xəbərini nə təhər verim,
Ay Allah, ay Allah ölüm mənimdi -
deyir İmran kişi...
Çox təsirli misralardır. İnsanı
düşündürür, o anları yaşadır. Kədər
sahiblərinin dərdinə uzaqdan-uzağa da olsa şərik
olmaq, təsəlli vermək istəyirsən. Əsl poeziyanın
gücü də elə bundadır.
Müharibə illərinin poçtalyonu İmran
kişi də belə nəcib hisslər keçirir.
Şahmar Əkbərzadə xeyirxah hisslərə
köklənmiş bu şeiri təsirli bir sonluqla bitirir.
Goru nurla dolsun İmran əminin,
Beləcə özünə ölüm dilərdi.
Cəbhədən dönməyən hər bir kimsəni,
Doğmaca balası, oğlu bilərdi.
Və yaxud Şahmar müəllimin başqa bir
şeirinə nəzər salaq. "İşıqçəkən".
Bu şeirin qəhrəmanı adi bir elektrik montyorudur. Evlərə
işıq çəkir, dünyanı qərq edir. Gəncdir,
hələ heç ailə də qurmayıb.
Özünün ürək parasını hələ tapa
bilməyib. Bəlkə də başı özünün
xeyirxah peşəsinə o qədər qarışıb ki, hələ
özü haqqında düşünməyə vaxt
tapmayıb.
Şahmar müəllim öz şirin təhkiyəsi
ilə bu anları gözəl və təsirli təsvir edir:
Öz könül şamını yandıra bilmir,
Baxma, evlərə nur paylamağından.
Görən hansı gözəl işıq çəkəcək,
Bu işıq oğlunun qəlb otağına?!
"Xarıbülbül nəğmələri"
kitabının bu bölməsində Şahmar müəllimin
yaxın dostlarına, elm, incəsənət xadimlərinə,
yaxından tanıdığı sənət adamlarına
ithafla yazılmış şeirləri toplanıb. Bu təsirli
ithaflar kimlərə həsr olunmayıb. Bəxtiyar Vahabzadəyə,
ölməz Bülbülə, Üzeyir bəyə,
böyük alim Xudu Məmmədova, Səməd Vurğuna,
maestro Niyaziyə, bəstəkar Süleyman Ələsgərova,
dostu Zeynal Məmmədova, tarixi romanlar ustası Fərman Kərimzadəyə...
Bu siyahı çox genişdir. Və ithaf olunmuş
bu şeirlərin hər birində ürəklərə təsir
edən səmimi hisslər var. Bu şəxslərin, görkəmli
adamların, xadimlərin çoxları ilə Şahmar
Əkbərzadəni sıx dostluq telləri bağlayır.
Şahmar müəllim dostluqda çox sədaqətli,
etibarlı, əvəzsiz bir ziyalı olub. Bunu
"Xarıbülbül nəğmələri"
kitabının naşiri və ön sözün müəllifi,
tanınmış naşir Əlövsət Ağalarov da
ön sözdə qeyd edir: "Əsl dost okeanların dibindəki
mirvari kimidir, az tapılır, ildırımlar kimi qaranlıq
çökəndə ilk onlar görünürlər.
Şahmar Əkbərzadə də əsl dost idi.."
Məhəbbət mövzusu da Şahmar müəllimin
əbədi mövzularındandır. Bu qəbildən olan
şeirlərində çox kövrək hisslər var.
Şahmar müəllim bu şeirində saf məhəbbəti
tərənnüm edir:
Səndən zülümlər görsəm,
Zülümdən gözəl nə var?!
Dizin üstə can versəm,
Ölümdən gözəl nə var?!
Şahmar Əkbərzadə nə qədər ürəkdən,
poeziyaya sonsuz məhəbbətlə yazıb-yaratsa da, ürəyində
ağır nisgil gəzdirirdi. Qarabağ nisgili, Ağdam
nisgili... Uşaqlıq illəri bu torpaqlarda keçmiş
Şahmar müəllimi işğal altında olan yurd həsrəti
üzürdü. Və bu həsrət nisgil dolu misralara
çevirilirdi. "Laçın dağlarına məktub"
şeirində yazır:
Behiştdən gözəlmiş cəhənnəm dərə,
Cənnət deyəydilər gərək o yerə.
Nərdivan dağıyla qalxdım göylərə,
Dünyaya sığmadı vüqarım mənim.
Şahmar müəllim torpaqlarımızın
işğal altında olmasına heç cür dözə
bilmirdi. Bu ağrı-acını yazdığı şeirlərlə,
kövrək misralarla ovundururdu:
Daha danışmağa sözmü qalıbdır,
Gərək söz tutmasın dodaqlarımız.
Ulu Xan qızının baş örpəyindən,
Götürsün payını papaqlarımız.
Bir şeirində isə ürək həsrətini
belə təqdim edirdi:
Həsrət qoxlayıram çiçək yerinə.
Min-min təəssüf ki, Şahmar Əkbərzadə
torpaqlarımızın 30 illik işğalına son qoyulan
günü görmədi. Vaxtsız əcəl onu bizdən
tez ayırdı. Yəqin ki, bu gün biz Zəfər Qələbəsinə
sevindiyimiz kimi, onun da ruhu şaddır. Onun ruhu və bizim
könlümüz indi çox rahatdı. Ona görə ki,
Şahmar müəllimin canından çox sevdiyi əzəli
və əbədi dədə-baba torpaqları azaddır. Həm
də sevindirici hallardan biri də odur ki, Ağdamda
küçələrin biri Şahmar Əkbərzadənin
adını daşıyır. Ölüm bu istedadlı
ziyalını bizdən cismən ayırdı, ona olan əbədi
sevgi isə həmişə ürəyimizdədir. Şair
demişkən, "sevgi varsa, ölüm ayrılıq
deyil..."
lll
Nəriman Həsənzadə, Xalq şairi: "Mən
Şahmar müəllimin yaxın dostu idim. O da mənim
yaxın dostum idi. Mən onun şəxsində bir yaxın
dostumu itirmişəm. Olduqca ilahi xasiyyəti vardı. Onda hər
bir şey təbii idi. Şahmar təkcə bu günün
yox, dünənin yox, həm də sabahın şairi idi. Onun
şeirləri haqdan gəlirdi, ürəkdən gəlirdi.
Şahmar yaşamadığı hissini, duyğunu
yazmırdı.
Şahmar bu gün də bir şair kimi bizim
sıramızdadır. Şahmar heç vaxt köhnələ
bilməz. Şahmar həmişə təzədir, həmişə
doğmadır, həmişə istidir".
Rəşad Məcid, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini: "Şahmar
Əkbərzadənin vəfatından 24 ildən artıq bir
vaxt keçsə də, şairin parlaq siması, təbii, səmimi
obrazı yaddaşlarda yaşayır. Şahmar Əkbərzadə
Türk dünyasının böyük yazarları ilə
dostluq edirdi, hələ türk şairlərinin,
yazarlarının Azərbaycana gəlişinin çətin
olduğu vaxtlarda onların ölkəmizə gəlməsində,
bununla bağlı tədbirlərin təşkilində fəallıq
göstərirdi. Şahmar Əkbərzadə öz şeirləri
ilə əbədi ömür qazanıb. Şahmar Əkbərzadə
şeirləri ilə özünə əbədilik qazanan
şairdir. O şeirlər heç nədən asılı
olmayaraq, heç kimin köməyi olmadan həmişə
yaşayacaq və eyni zamanda, müəllifini yaşadacaq.
Çünki Şahmar Əkbərzadə insan sevgisi, vətənpərvərlik
kimi həmişəyaşar hissləri, duyğuları
şeirə çevirib. Elə ona görə də Şahmar
Əkbərzadənin poeziyası yenə də diridir, bizim
müasirimizdir".
Flora Xəlilzadə, Əməkdar jurnalist: Flora Xəlilzadə, Əməkdar
jurnalist: "Azərbaycan ədəbiyyatında,
publisistikasında, poeziyasında öz yeri, öz sözü
olan Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən
illər keçir. Bu itkinin ağırlığı dünənin
xatirəsindən, bugünün pəjmürdəliyindən,
sabahın onsuzluğundan doğan sarsıntı kimi hisslərimizi
bir kədərin pəncəsinə sıxdı. Elə bil
dünən idi onun şeirlərini sevə-sevə
oxuduğumuz və dinlədiyimiz günlər. Şirin
Qarabağ ləhcəsilə həmkarlarına "nənə",
"dədə" deyə müraciət edərdi.
Sözün doğmalığı ürəyimizə bal kimi
yayılardı. Şahmarın "Mərkəzi
poçtxana", "48 ölçülü qadın
paltarı" kimi şeirlərinin ahəngindəki ruh hələ
də qəlbimizi tərk etməyib.
...Şahmarı yaxından tanıyanlar çox
gözəl bilirlər ki, o, necə etibarlı və mehriban
insan idi. Dünyanın var-dövləti, şan-şöhrəti
eyninə gəlməzdi. Başdan-ayağa vətən
üçün çırpınan Şahmar adlı bir
eşq idi".
Zemfira Məhərrəmli, Əməkdar jurnalist:
"Gəncliyimizin sevilən şairlərindən biriydi
Şahmar Əkbərzadə. Onun istər sevgi şeirlərini,
istərsə də doğma el-obaya məhəbbətindən
barınan poetik nümunələrini, necə deyərlər, əl-əl
axtarır, həvəslə oxuyurduq. Lirik şeirləri nə
qədər həzin, duyğusal, həyati, incə ruhlu idisə,
çevrəsində baş verən olaylara, ictimai-siyasi hadisələrə
yanaşması, müəllif müdaxiləsi bir o qədər
fərqliydi.
Şahmar Qarabağda, Ağdamın Çəmənli
kəndində dünyaya gəlmişdi. Yurdunu, yuvasını
dəlicəsinə sevirdi. Nankor qonşunun xəyanətinə,
torpaqlarımızın işğal altında qalmasına
dözə bilmirdi. Yurd itkisinə, haqsızlığa
üsyan idi şeirləri. Kəsilməsinə razı
olmadığımız, az sonra coşub-daşan xalq hərəkatımızın
rəmzinə çevrilmiş Topxana meşəsinə üz
tutan şair dərdlərimizdən yana-yana
danışırdı. "Qarabağsız qarabağlı",
"Salam de", "Laçın dağlarına məktub",
"Tüstümüz", "Anam Azərbaycana"
şeirləri də bu qəbildəndir.
Şahmar Əkbərzadə həm də peşəkar
jurnalist, publisist idi. "Azərbaycan gəncləri" qəzetində çalışdığı illərdə
onunla tez-tez görüşür, fikir mübadiləsi edirdik.
Mənim işlədiyim "Bakı" qəzeti
redaksiyasında da Şahmarın qələm dostları az
deyildı və onunla hər görüş, ünsiyyət
maraqlıydı.
Baş redaktoru olduğu "Mədəniyyət"
qəzeti onun şah əsəri, fikirlərinin tərcümanı,
mədəniyyətimizə töhfəsi idi".
Fuad Biləsuvarlı
525-ci qəzet .-2024.-28 avqust (№154).- S.10.