Qoşa gedib, qoşa gəldilər
Novella
- Alma, alma, alma! - Alməmməd Alyanağı almaq qərarına
gələndə və bu qərarını evdə bəyan
edəndə, hamı bir ağızdan bu sözü dedi.
Amma onlar "alma" dedikcə, Alyanağın al
yanaqları, bal dodaqları Alməmmədi daha da özünə
cəlb edirdi:
- Alacam, iki dünya bir olsa da, alacam!
- Alma! Alma almadan uzaq düşmür!.. Anası gəzən
ağacı balası budaq-budaq edər...
Alyanağın anasını ona görə
hallandırırdılar ki, deyilənə görə, bir az
hal əhliyidi, adı çıxmışdı. Arada gəzən
şayiələrin düzgünlüyünü-əyriliyini
heç kəs bilməzdi, amma bir şey bəlli idi ki,
Alyanağın ərlik vaxtı gəlib çatana qədər
qızın anası üç dəfə ərdən
boşanmış və hər dəfə də daha
uğurla ərə getmişdi. Alyanaq birinci ərindən
olmuşdu; bu evdən o evə boxça kimi
apardığı Alyanağa o biri atalardan, daha doğrusu,
atalıqlarından üç bacı, üç qardaş
da doğmuşdu...
İndi həmin ana idi ki, gələcək kürəkənin
başına qaxılmasa da, məsum seçiminin
qarşısına ciddi irad kimi tutulurdu.
Amma iş burasındadır ki, öz şəxsi həyatnaməsinə
görə bir növ (kişibaz demək yaxşı
düşməz) kişimehirli görünən qadın Alməmmədin
Alyanağa olan ehtirasını daha da
qıcıqlandırırdı. Odur ki:
- Alacam! - deyib sözünü göyərdirdi.
- Alma!
- Alacam!
- Alma!
- Alacam!
Nəhayət Alməmməd öz sözünü
yeritdi...
On gün olardı Alyanağı almışdı.
Almışdı deyəndə, indiki zamanda hər cür
almaq olar... Alməmməd el adəti ilə toy eyləyib
Alyanağı evə gətirmişdi. Toyda Alyanağın
anası, atası və iki atalığı da iştirak
etmişdir. İnsaf xətrinə onu da qeyd etmək
lazımdır ki, hər üç ər, məclis qurtarana qədər
bir-birinə qarşı çox mehriban davranmış, təzə
bəylə gəlinin valideynlərinin şərəfinə
badə qaldırılanda, üçü də ayağa durub
yekdilliklə minnətdarlıqlarını bildirmişdilər.
Maraqlı burasıdır ki, toy əhli də buna təəccüblənməmiş,
üzlərdə ciddi ifadə hamısının
sağlığına içmişdi.
Gündüzlər xeyli külfətin içində
xəlvət görüşmək imkanı
olmadığından, toy gecəsi də, toydan sonra keçən
on gecə ərzində də, demək olar ki, Alməmmədlə
Alyanaq səhərə qədər əməlli-başlı
yuxu görməmişdilər. Buna görə də
gündüzlər bir az mürgülü gəzirdilər. Elə
bu səbəbdən idi ki, qayınana gəlindən
narazılıq edirdi.
Toydan sonrakı on birinci gün təzəcə
açılmışdı ki, bu əyalət şəhərciyinə
cavan-cumrunun içini qıdıqlayan bir səs
yayıldı: Kinoteatra elə bir film gətiriblər ki, səhnənin
qabağına ekranəvəzi çəkilən ağ mələfənin
üzərində hər şeyi həyatda olduğu kimi
göstərirlər. Paytaxtda bu filmi artıq görənlər
deyirdilər ki, hələ belə şey görməmişik...
Alyanaq iki ayağını bir başmağa dirəyib
Alməmmədin üstünə düşdü ki, get hardan
olursa olsun, iki bilet tap, gedək bu axşam biz də baxaq.
Alməmməd bir az tərəddüd etdi ki, belə
açıq-saçıq filmə təzə gəlini
aparmaq düz olmaz, amma Alyanağın marağı elə
qıcıqlanmışdı ki, höcətləşdi,
inadından dönmədi.
Şəhərin kinoteatrına çatanda Alməmməd
gördü ki, kassanın qənşərində
qırğın var. Neyləməli, bu izdihamlı növbəyə
durdu, amma... Amma o kassaya çatanda bildi ki, cəmi
üç-dörd bilet qalıb, onların da hərəsi bir
yerdə. Biri zalın bu bucağında, biri o ucunda.
Yanaşı yer yoxdur, ta qalmayıb.
Bilet satan qadın dedi, ziyan yoxdur, iki yer al, zalda dəyişdirib
yanaşı oturarsınız.
Alməmməd biletləri həmin ümidlə
aldı.
Seansın başlamasına iki saat qalırdı. Evə
qayıtdı ki, Alyanağı da götürsün. Otağa
keçəndə Alyanağı tanıyammadı,
xanımı elə bəzənib-bərtənmişdi ki, Alməmməd
bir dəfə aşiq olduğu Alyanağa bir də aşiq
oldu. Aldığı ilə fəxr edə-edə dedi:
- Alıçka, yerlər ayrı-ayrıdı, amma
ziyan yoxdur, salonda dəyişərik...
- Eybi yoxdur, dəyişsək də olar, dəyişməsək
də... - Qadın bunu deyib güzgü önündə
fırlandı.
Alyanaqla Alməmməd kino-zala keçəndə, demək
olar ki, artıq hamı öz yerini tutmuşdu. Onların yerlərindən
biri nisbətən öndə, digəri lap arxada idi. Alməmməd
Alyanağı öndəki yerdə oturtdu. Alyanağın
sağına bir nəfər qarayanız arıq qadın, sol yanına qalın
bığlı, çatma qaşlı gənc kişi
düşdü. Kişi həm də toppuş idi. Hiss olundu
ki, böyrünə Alyanaq kimi gözəlin düşməyindən
xeyli məmnundur. Alməmməd kişiyə öz biletini
göstərib dedi:
- Bizim bir yerimiz də arxada var, olarsa yerimizi dəyişək.
Kişi yox işarəsi olaraq başını
buladı.
- Niyə? - Alməmməd soruşdu.
- Uzaqdan görə bilmirəm.
Alməmməd kişidən əlini üzdü,
Alyanağın sağında oturan qadına üz tutdu:
- Etiraz etmirsinizsə, yerimizi sizinlə dəyişək...
- Dəyişə bilmərik, - qadının əvəzinə
onun böyründə oturan idmançıya bənzər
oğlan cavab verdi, - biz iki nəfərik, bir yerdəyik...
- Üzr istəyirəm, - Alməmməd bu sözləri
deyib ətrafa çiçək ətri yaya-yaya yerini
rahatlayan Alyanağa üz tutdu, - sən otur, gedim görüm,
arxadan dəyişən olsa, gəlib səni apararam.
- Aparsan da olar, aparmasan da... - Alyanaq ikimənalı
deyib gülümsündü. Bu sözlərə solunda oturan
kişi də qımışdı.
- Necə yəni aparmasam? - Pis vəziyyətdə
qalan Alməmməd soruşdu.
- Yəni orda da heç kəs yerini dəyişmək
istəməsə?..
- Onda... Onda neyləməli sən burda otur bax, mən
orda oturaram. Film qurtaranda qapının ağzında
görüşərik.
Alyanaq gözləriylə razılığını
bildirdi.
Alməmməd cəld arxa sıralara tərəf tərpəndi,
bir az axtarıb öz yerini tapdı. Yeri iki nəfər
güləyən oğlanın arasına
düşmüşdü, məlum oldu ki, oğlanların hər
ikisi qız gətirib, bu səbəbdən heç biri,
heç nəyin xətrinə yerini dəyişə bilməz.
Gözü qabaqda qalan Alməmməd öz yerində əyləşdi.
Bir azdan film başladı. Film dillərdə gəzdiyi
qədər açıq-saçıq olmasa da, elə səhnələr
var idi ki, Alməmməd bu gecə Alyanaqla nələr edəcəyi
barədə xoş xəyallara daldı. Ağ mələfənin
üzərindəki görüntülər onun təxəyyulunu
elə qıcıqlandırmışdı ki, sürətlə
döyən ürəyi vücudunun tarazlığına da təsir
etdi.
Film bitdi. Alməmməd Alyanağı bayaq qoyub gəldiyi
tərəfə cummaq istədi, lakin baxdıqları filmdən
alacankeş olan adamlar əl-ayağına dolaşdılar,
onun irəliləməsini xeyli ləngitdilər. Alməmməd
adamları yara-yara ha irəliyə can atdı, amma
mümkün olmadı, nəhayət bulanıq maye kimi ləngərlənən
axına qoşulmalı oldu.
Qapıya çatan kimi Alməmməd dörd olan
gözləri ilə Alyanağı axtardı, amma tapa bilmədi.
Bu izdihamın içində əməlli-başlı tərpənmək
də olmurdu. Yenə də itirdiyini axtarmağa cəhd etdi,
adamları yara-yara kinoteatrın həyətinə tərəf
tələsdi. Dörd bir yana boylandı, Alyanağı
görə bilmədi.
Birdən ağlına bir iş gəldi.
Maşınların dayanacağına sarı qaçıb
gördü, kinodan çıxan adamlar axşamın
alatoranında yan-yana düzülən maşınlara əyləşib
həzin-həzin tərpənirlər.
Alməmməd həmin maşınlara tərəf
qaçdı. Qəflətən gözü nimdaş
qırmızı "Jiqulinin" salonunda, həmin cod
bığ, çatmaqaş kişinin yanında əbəd-ərkanla
oturan Alyanağa sataşdı.
- Alyanaq! Alyanaq!
Alməmməd bilmədi, Alyanaq onun səsini
eşitdi, ya yox. Odur ki, sıradan çıxan
qırmızı "Jiquli" yola düzəlib şəhərin
alatoranlığında əriyib itdi.
Alməmməd bilmədi nə etsin. "Jiquli"nin
dalınca qaçsın, yoxsa... Yoxsa nə? Neynəsin? Bu
"yoxsa"dan o yanda bir boşluq var idi. Orada cavab yox idi. Evə
təkmi qayıtsın? Bunu öz qeyrətinə
sığışdıra bilmirdi. Evdəkilər nə deyərlər?
Qoşa gedib tək qayıdana deməzlərmi, bəs arvad
hanı?
Kino-teatrın həyətinə sarı
ayaqlarını sürüyə-sürüyə gedən Alməmməd
qəti bir qərar qəbul edə bilmirdi. "Tək
qayıtmaqdansa, ölüm yaxşıdır..." Bunu
ürəyinin dərinləyində öz-özünə təkrarlayırdı.
Əlbəttə, orası elədir, amma öz
aramızdır, qeyrət, kişilik bir yana qalsın, bayaq
baxdığı filmdən sonra Alməmmədin gözünə
yuxu gedərmi, özü də on gündü Alyanaqla bir yerdə
səhərə qədər min bir oyundan
çıxdığı iki nəfərlik yataqda...
Alməmməd bu cür qarışıq fikirlərdə
idi ki, gözü keçmiş sinif yoldaşına, bu
yaxınlarda naməlum səbəblərə görə ərdən
boşanan, camalı can alan Cəmiləyə sataşdı.
Sözün düzü, Alməməd Alyanağı
almamışdan da (boşandığı gündən) Cəmiləni
gözaltılamışdı, amma aranı Alyanaq söhbəti
kəsirdi deyə, məqamını gözləyirdi.
Alməmməd an içəndə qərara gəldi
və qıza yaxınlaşana qədər gəldiyi qərarı
qətiləşdirdi: Evdən qoşa
çıxmışam, qoşa da qayıtmalıyam! Cəmilə
də razı olsa, elə indi aparacam.
- Salam, Cəmilə, - deyə qıza
yaxınlaşdı.
- Salam, Alməmməd! Bəs Alyanaq hanı?
Alməmməd bu sualı gözləmirdi deyə bir
az özünü itirdi.
- Onu çoxdan boşamışam, - kəkələdi.
Cəmilə güldü:
- Zarafat edirsən? Mən sizi bu axşam kino-teatrın
qabağında bir yerdə gördüm...
Alməmməd artıq özünü ələ
almışdı:
- Hə, düz deyirsən, buraya onu azıtmağa gətirmişdim,
- dedi və belə məqamda öz
hazırcavablığına özü də heyrətləndi.
- Neynədin? Azıda bildin? - Cəmilə öz
gümanında Alməmmədin zarafatına qoşuldu. - Deyirsən, daha sizin evi tapa bilməz?
- Tapa bilməz...- Alməmməd köks
ötürüb dedi.
- Niyə azıtdın?
- Nə bilim...
- Eşitmişik cücələri yeyən iti,
pişiyi azıdırlar...
- O getdi başqasının cücələrini yeməyə...
Cəmilə bu sözlərə qəhqəhə
çəkib güldü, sonra araya sükut
çökdü.
- Cəmilə, - sükutu Alməmməd pozdu, - sənə
bir şey demək istəyirəm, amma yox demə, xətrimi
qırma...
- Elə şey demə ki, xətrini qırım, - Cəmilə
yenə gülə-gülə dedi.
- Elə şey deyil... İstəsən, qırmazsan.
- İstəsəm?
- Hə, istəsən... Mən istədiyimi sən də
istəsən... hər şey yaxşı olar...
- Sən nə istəyirsən, Alməmməd?
- Mən səni istəyirəm, Cəmilə, səni
almaq istəyirəm, elə indi, bu axşam səni almaq istəyirəm...
Sən də mənə gəlmək istəyirsənsə,
gedək bizə!
Alməmməd bu sözləri bir nəfəsə
dedi.
Cəmilə bilmədi öz qulaqlarına inansın,
ya inanmasın. Bilmədi nə desin:
- Sən nə danışırsan, Alməmməd? Sənin
ki, arvadın var...
- Var idi... Daha yoxdu...
- Nə təhər yoxdu? - Cəmilə səmimi təəccüblə
soruşdu.
- Yoxdu. Onu sənə görə boşladım, - Alməmməd
işinin xətrinə yalan danışdı, - mən həmişə
səni sevirdim... Onunla olanda da xəyalən səninlə
idim.
- Ciddi sözündü? - Cəmilə son dərəcə
heyrətlə soruşdu.
- Ciddi sözümdü. Gəl, elə indi gedək
bizə... Filmi bəyəndin?...
Alməmməd filmi hansı məqsədlə
soruşduğunu Cəmilə duydu.
- Çox bəyəndim,- dedi.
- Mən də çox bəyəndim, - Alməmməd
bic-bic gülümsündü, əla səhnələr
vardı... Hə, nə deyirsən? Mənə gəlirsənmi?
Gedək bizə?
- Vallah, heç bilmirəm nə deyim... Hər şey
son dərəcə gözlənilməz baş verdi, - Cəmilənin
səsində razılıq və sevinc hiss olunurdu.
- Amma yadda qalan film idi haa, - Alməmməd
sözünün canını yenə filmin vasitəsiylə
deməyə cəhd etdi, - evə tək qayıtmaq istəmirəm...
Rəva deyil... Xətrimi qırma, gedək...
Araya sükut çökdü.
- Filmin bəzi yerləri hələ də
gözümün önündən çəkilməyib..
Alməmməd bu sözləri deyib Cəmilənin
qoluna girdi.
- Hansı yerləri? - Cəmilə bilərəkdən
soruşdu.
- Özün də yaxşı bilirsən... - Alməmməd
yenə gülümsündü... - Hə, gedək?
- Ətləri tökülmüşlər, ətim
töküldü, hər şeyi açıq-saçıq
eləyirdilər... - Cəmilə bunu deyib ani olaraq susdu. Sonra əlavə
etdi, - sən doğrudan məni almaq istəyirsən?
- Doğrudan, özü də elə indi...
Açıq-saçıq deyəndə, filmdi də... Amma əla
filmdi... Hə, nə deyirsən, gedək?
- Gedək deyirsən, gedək. Amma evdən
ayın-uyun götürməliyəm.
- Bizimkilər sizə barışığa gedəndə,
deyərsən, o şeyləri gətirərlər...
Almməmməd bu sözləri deyib, taksi saxladı.
Evdəkilər Alməmmədin yanında
Alyanağı deyil, Cəmiləni görəndə, nəfəslərini
içlərini çəkib udqundular.
- Bəs Alyanaq hanı? - Haçandan-haçana Alməmmədin
anası soruşdu.
- Daha Alyanaq olmayacaq, Cəmilə olacaq! - Alməmməd
bu sözləri deyib qolunu Cəmilənin qoluna keçirdi. -
Onu bu əvəz edəcək...
Belə bir dəyişiklik Alməmmədin
anasının da ürəyindən idi, amma hələ
çaş-baş qalmışdılar, bu işdən
baş aça bilmirdilər.
- Bu onu əvəz edəcək? - Alməmmədin
atası soruşdu.
- Hə, onu boşadım, daha doğrusu, aparıb
azıtdım, əvəzinə bunu gətirdim.
- Nə deyim, özün bilən yaxşıdı.-
Alməmmədin anası bu sözləri deyib çiyinlərini
çəkdi.
Alməmmədin atası:
- Arvad, gətir süfrə aç, təzə gəlinimizin
şərəfinə badə qaldıraq, - dedi.
Süfrə açıldı da,
yığıldı da.
Hamı yatdı.
Baxdıqları filmdən təsirlənən
yuxuları qaçan Alməmmədlə Cəmilə isə
gecə yarıya qədər yatmadılar.
lll
O hadisədən sonra, nə az, nə çox, düz
on beş il keçib. Taxtın üstünə səvərən
Alməmməd bütün bunları ona görə bittə-bitə
xatırladı ki, bayaq oğlu qaça-qaça gəlib
"şəhərə əla film gətiriblər", -
deyə ondan iki biletlik pul istədi.
İmir MƏMMƏDLİ
525-ci qəzet .-2024.-30 avqust (№156).- S.14;15.