Gecikmiş məktub
Şahverən Cavad uzaqdan gələn imzadır. Təqvim mənasında
götürürəm. Adını eşitdiyim,
üzünü gördüyüm, fəqət
yazılarıyla, şeirləriylə tanış
olmadığım söz adamı. Hələ bir yaş da məndən
böyükdür. Ədəbiyyata təxminən eyni vaxtda gəlsək
də, bircə misrasıyla tanış deyildim. Sadəcə
rastıma çıxmayıb. Son bir ayda 2021-ci ildə
çap olunan qalın kitabıyla tanış oldum, oxudum:
Ötən xatirələr laylam tək şirin,
Gözümün qarası, ağı kimidir.
İndi mən Fərhadam, bu dünya Şirin,
Ömür də Bisutun dağı kimidir.
Əzizim Şahverən Cavad təpədən-dırnağa,
sözdən səsəcən diridir. Bu şeir böyük mənada
poeziyadır. Təsəvvür elə, bu yaşda, bu başda
məni təəccübləndirə bilir bu obrazlı
düşüncə tərzi. Hər şey memar dəqiqliyilə
ölçülü-biçili. Adətən
ölçülü-biçili yazılar soyuq olur, fəqət
bu sözdər misrada olan istilik, emosiya qarışıq
obrazlı təfəkkür oxucunu uzaqdan
çağırır. Misralar sudan təzəcə
çıxarılan balıq kimi diri və çevikdir,
oyur-oyur oynayır. Yaxşı, deyək ki, mən bilmirdim, mən
tanış deyildim bu obrazlı düşüncə tərziylə.
Bilənlər ki var idi, niyə təqdir edilmir sözə bu
cür yanaşma tərzi? "İndi mən Fərhadam, bu
dünya Şirin, ömür də Bisutun dağı
kimidir". Bəlkə mən hissə qapılıram. Hər
halda ədəbi mühitdə paçka-paçka təqdir
edilən şeirlə, nəzm parçasını ayıra
bilirəm. Yadıma gəlir, səksəninci illərdə rəhmətlik
Məmməd Aslanın dediyi bu beyt ağız-ağız gəzirdi:
Bu dağlar xan Əslidi,
Məmməd Yanıq Kərəmdi.
Hörmətli Şahverən Cavad, əlli illik
yaradıcılıq fəaliyyətimdə qəti qərara gəlmişəm
ki, şeir, ədəbiyyat taledir. Qələm adamları da o
talenin daşıyıcıları. Yaradıcılıq səviyyəndən
asılı olmayaraq, ya ədəbi taleyin gətirir, ya da gətirmir.
"Gətirmir" o mənada ki, təbliğata meyilli
olmursan, hamıyla dil tapa bilmirsən, heç ona cəhd eləmirsən,
qapılar döymürsən, haqqını heç kimin
qanlı dişindən qoparıb çıxartmırsan...
Sadəcə oturub şeirini yazırsan. Elə bilirsən
ki, layiqli qiymətini tabaqda gətirib qoyacaqlar stolun
üstünə... Sən də rahat-rahat baxıb
xoşallanacaqsan. Arada yazacaqsan ki:
Xatirə ovuna çıxırsan bəlkə,
Bu dünya mənə də tanışdı,
tanış.
Dərdimi deməyə adam tapmıram,
Apar dərdlərimi sulara danış.
Həmən "dərdini deməyə
tapmadığın adamlar"
səni yarandığın günə elə peşman eləyəcəklər
ki, baxıb öz-özünə içindən ovulacaqsan.
Adını adlar içindən siləcəklər, cismini
görməzliyə vuracaqlar... Və başlayacaqlar dəstə
qurub özlərinin ötür-ötür oyununa...
Təbiidir ki, bunlar sənin də taleyindən
keçib, Şahverən Cavad! Haqqın ola-ola kənara
çəkilməyin, əyalətdən, Astaradan şeir, sənət
cameəsini sakit-sakit seyr eləməyin o ovqatdan soraq verir.
Şeirləri oxuduqca ruhum təzələnir.
Şeirdən-şeirə keçdikcə həyəcanımı,
marağımı gizlədə bilmirəm. Hardaymış bu
şair, mən niyə görməmişəm bunu?
Nə vaxtsa oxumuş olsaydım, mütləq
maraqlı bir şair kimi bu imza haqqında yazardım, onun
şeirlərini təqdir eləyərdim. Heç yazmamaqdan,
gec də olsa yazmaq yaxşıdır. Bu misralara fikir verək:
Bəlkə axar suya bənzəyirik biz,
Haqdan axan sular cilova gəlməz.
Mən ki, qismətimi qızıl balıq tək,
Küsdürdüm, bir daha tilova gəlməz.
Sahman, nizam, şeirin estetikası, söz
düzümü, şeirə, sənətə bələd
bir şairin susmayan ilhamından soraq verir. Kitaba Əməkdar
elm xadimi Məhərrəm Qasımlı ön söz
yazıb. Şairin ilhamını və şeirlərini təqdir
eləyir. Son sözün müəllifi isə sinif
yoldaşı Mehman Qaraxanoğlunun yozumunda şairin poetik
duyğuları ilmə-ilmə "açılır".
Mehman Qaraxanoğlu yazır:
"Rəfdə toz altında qalan kitab tək,
Adım bir kimsənin yadına düşmür.
Ömrüm arıları uçan bir pətək,
İndi qarışqa da yaxına düşmür.
Qəribədir mənim tanıdığım
Şahverən Coşqunun qələmindən
çıxıb bu misralar! Bəli, səhv eşitmədiniz
Coşqunun. O Coşqun ki, saatlarla evlərinin
qarşısından axıb gedən dəli-dolu dağ
çayımız Təngərudçayını hələ
heç kimsənin danışdıra bilmədiyi bir dildə
danışdıraraq, onun "qılığına
girdi" və ondan yaşadığı doğma kəndinə
sonsuz sevgi əlaməti olaraq adının "dəyişdirilməsinə"
rüsxət istədi"...
Bu həssas detallar elə bir məqamı yadıma
saldı ki...
Təzə-təzə şeir yazanda mən də
"Coşqun" təxəllüsüylə
yazmışam. Şahverən "Cavad"a qayıtdığı
kimi, mən də "Qoşqar"a döndüm.
Görünür, bu cür sentimentallıq əksər
yaradıcı qələm adamında olur, get-gedə durulur,
arınır, arıtlanır, öz axarına
düşür. Bəlkə də ona görə deyiblər
ki, bir ananın övladıdı şairlər...
...On, on iki il olar, Astaradaydım, "Yurd yeri"
verilişini hazırlayırdım. Rayonun ziyalısı kimi o
da çıxış elədi, yurddan, obadan
danışdı. Şair, şeir söhbəti ortaya gəlmədi,
nə mən şeirləri barədə söhbət
saldım, nə o, üstünü vurdu. Beləcə bir stəkan
çay içib ayrıldıq. Təbii ki, onun Astaranı tərənnüm
eləyən şeirləri yox idi, indi baxıram iki
kitabının heç birində o cür yazılara rast gəlmədim.
Çünki o, tərənnüm, vəsf şairi deyil,
için əlçatmaz məqamlarına işıq
salır, insanın daxili ziddiyyətlərini qabardır, əsl
şeirin tələb elədiyi məqamlara əl uzadır. Və
yaxşı da ki, elədir. O qədər boğazdan yuxarı
tərənnümlə vəsf eləyən qələm
adamları var ki, əlindən qaçmağa yer tapmaq olmur.
Tam yaradıcı potensialı açılmayan
tanıdığım beş-üç şairdən biridir
Şahverən Cavad. O imkanın açılmamasının
günahı yarı
özündədirsə, yarısı da bizdədir.
Bu bazarda hər şey baha, söz ucuz,
Millət baxır kitablara gözucu,
Qapılarda dayanırsa yazıçı -
bizi tutub Füzulinin qarğışı.
Bu dünyanın, onun adamlarının kimliyini necə
usta bir dildə, dupduru obrazla açıb
"xırdalayır". Fikrin, poeziyanın estetikasına
heyran qalmaya bilmirsən. Mental dəyərlərin,
etnoqrafiyanın incə çalarını elə ustalıqla
çatdırır ki, təəccüb qarışıq bir
maraq oxucunu misraların arxasınca dartıb aparır.
Yarısı əyalətin payına düşür,
başqa bir yarısı da sivil qaydaları köynəyindən
keçirməyən cəmiyyətin bəlasıdır.
Söz bazarının ucuz olmasıdır şairi
üşüdən, onu sözdən perikdirən. Yoxsa
şair niyə gileylənirdi ki?..
Bir şairdən qalan bir kitab da çoxdur. Ədəbiyyat
tariximizdə bir şeiri ilə, beş yazısı ilə
qalan, zamana bələdçilik eləyən söz adamı
çoxdur. Şahverən Cavadın ömürlüyündə
cəmi iki kitabı işıq üzü görüb.
1994-cü ildə "Təkcə sənin xatirinə" və
bir də 2021-ci ildə çap olunan on dörd çap vərəqlik,
iki yüz iyirmi səhifəlik "Bir salam yetir" mükəmməl
şeirlər kitabı.
İlk səhifədən kitab məni özünə
çəkir. Bu maraq səhifədən səhifəyə
daha da artır, duyğular axınına düşürsən,
önündə yeni üfüqlər açılır.
Kitablar arasında il fərqi açıq-aydın
görünür. Şahverəni "sözlə aldadan
dünya"nın işləri başı qatır,
gözü aldadır. Yaxşı ki Şahverən Cavadın
şeir bağı susmayıb, qırılmayıb.
Yetmişə yan alan yaşla sevgidən umacaq elə
bir şey qalmır yaradıcı adamın içində,
duyğusunda. O doğmalığı, sözə olan məhrəmliyi
nə yaxşı qoruyub saxlamısan, Şahverən Cavad. O, tək
sənin üçün deyil, onun bəhrəsini oxucu
özü də görür.
Şahverən, ilahi sözə əyil ki,
Söz olub dünyanın əzəli, ilki.
Mənim yazdıqlarım şeir deyil ki -
Könlümün səsinə qulaq asıram,
Mən özüm-özümə məktub
yazıram.
Şairliyin birinci məqamı səmimiyyət və
etirafdır. Əsas məqamı isə yazılan və
yaşadan bilər. Yenə də sənətkar və zaman
sınağı qarşısında qalırıq.
Yazılarına və ruhuna dərin
sayğılarla...
Avdı QOŞQAR
525-ci qəzet .-2024.-30 avqust (№156).- S.15.