18 yaşında
SƏN
Hüseyn Xəlilovun
xatirəsinə
Səni görəndə tanımaqda çətinlik
çəkdim. Çiynində yaralı döyüş
yoldaşın, əlində silahın çinar kimi boy verərək
gedirdin. Mən bu boyda böyüklüyü, təmizliyi,
sevgini tanımaqda aciz qaldım. Sənsə ürəkdən-ürəyə
köçüb, ev-ev dolaşıb Şuşaya gedirdin.
Şəkillərinə, görüntülərinə
çox baxdım. Gözyaşı oldum. Özümü o qədər
gücsüz bildim ki. Başımı çiynində hiss elədim,
sevginin böyüklüyünü duydum. Mənə güc
verdin. Özümü güclü bildim. Bu saflığın
önündə çirkinliklərdən xilas oldum.
Dünyanı başqa cür gördüm. Həyata başqa
cür baxdım.
Bu ağrının sevincinin nəhəngliyini necə
yaşayar insan? Ağlayımmı, ağımı deyim?
Sevinimmi? Hanı o ürək anlasın? Sənə
baxdıqca səni tanıtmaq istədim hamıya. Amma sənə
nə yazım? Nə yazım ki, kiçik görünməsin?
Sən türk oğlunun böyüklüyünü göstərdin
dünyaya?
18 yaşında Sən Azərbaycan oldun, oğul.
Yanımda olsan, yəqin uşaq deyərdim sənə.
Sən 18 yaşında... 18 yaşa nə yazım?
Bakının Nardaran kəndində 2002-ci ilin bir yaz
günündə martın 27-də doğuldu Hüseyn Rasim
oğlu Xəlilov. Məktəbli oldu hamı kimi. 295 nömrəli
tam orta məktəbdə doqquzillik təhsil alandan sonra peşə
məktəbində orta təhsilini başa vurdu, dülgərlik
ixtisasına yiyələndi. 2020-ci ilin mayında 18
yaşlı gənclər kimi müddətli hərbi xidmətə
yollandı. Ağcabədidə, sonra Beyləqanda N saylı hərbi
hissədə Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin əsgəri oldu.
Bunları yazmağa nə var? Sonranı necə
yazım? Sən bir yazıya, hekayəyə, kitaba
sığmazsan ki, oğul. Səni hara sığdırım?
Sən neçə-neçə kəndi, Füzulini,
Cəbrayıl, Zəngilan, Qubadlını, Hadrutu keçdin,
Şuşaya qədər getdin. Neçə yaralını
odun-alovun içindən çıxardın, düşmən
gülləsindən qorudun. Sən azad Şuşaya
gülümsədin. 8 noyabrda ədalətin zəfəri ilə
barışa bilməyən düşmənin
atdığı minaların qəlpələrindən
özünü qoruya bilmədin. Səninlə birgə 49 nəfər
döyüş yoldaşın da bu mina qəlpələrinə
tuş gəldi...
Ölüm də aciz qaldı, sənə
qıyamadı. Beş aydan artıq dolandı
başının üstə. 2021-ci il 25 aprelə kimi diləmi
tutdu səni, yalvardımı sənə? Gülümsədinmi
yenə?
Önündə aciz qaldı. Onsuz da səni apara bilmədi
ölüm.
Bu igidlərdən yazanda düşünürəm:
Bu oğulları necə doğdu analar? Necə yola saldı hərbi
xidmətə? Onlardan bunu soruşa bilmirəm. Özləri
bölüşür xatirələrini.
Zəminə Hüseynova: "Sübh tezdən yola
saldım. Sənədləri qalmışdı, geri
qayıtdı. Əslində arxasınca ağlayırdım,
ağlamağımı görüb başını yellədi
ki, yəni niyə ağlayırsan? Elə deyirdi hərbiyə
gedəcəm, erməniləri biçəcəm. Mübariz
İbrahimov idealı idi. Onun haqqında bütün məlumatları
toplayırdı. Onun kimi igidlik göstərmək istəyirdi.
Bir dəfə telefonu açıq qalmışdı,
özü yatırdı. Anayam, dedim görüm nəyə
baxır, kiminlə danışır. Ancaq Mübariz
İbrahimovun şəkilləri, videoları, onun haqqında
yazılar. Özü də həmişə deyərdi ki,
Mübariz İbrahimov olacağam. Elə igidliklə də
döyüşüb balam. 2 noyabrda son dəfə
danışdıq. "Torpaqlarımızı ermənilərdən
alırıq, Şuşaya gedirik, bizə uğur
arzulayın" dedi. Sonra xəbər gəlmədi. 10 noyabrda
xəbər verdilər ki, yaralanıb, hospitaldadır.
Bir-neçə dəfə əməliyyat olundu. Aprelin 25-nə
kimi ümidlə yaşadıq. Nələr çəkdik..."
Nələr çəkdiyini göz yaşı
pıçıldayır. O
günləri unutmaz ki, ana.
Sən təsəlli vermək istəyirsən, söz
axtarırsan, tapmırsan. Nəfəsin də boğazında
düyünlənir.
Ana özü danışır: "Hər birimiz bu qələbəni
arzulayırdıq. Bizə bu sevinci yaşadanlardan biri də mənim
oğlumdur. Qəhrəman olmaq istəyirdi, oldu".
Rəşid İlham oğlu Əliyev də 2020-ci ildə
hərbi xidmətdə olub. İlk gündən ərazi
bütövlüyümüz uğrunda döyüşüb.
Nə qədər yaralını xilas edib. Döyüş
yoldaşları Əsgər Quliyev, Orxan Qardaşxanlı,
Tofiq Quliyevlə birlikdə ən çətin vəziyyətlərdə
bölüyü susuz, ərzaqsız qoymayıb. Özündən
danış dedim: "Nə deyim? Neynəmişik ki?
Döyüşmüşük, torpaqlarımızı azad
etmişik. Bu, bizim borcumuzdur. Əvvəl-axır bunu etməliydik.
Hüseynlə də 2020-ci ilin iyul ayından birlikdə hərbi
xidmətdə olmuşuq. Hücum zamanı bir-neçə
gün görüşməsək də, bütün
döyüşlərdən birlikdə çıxdıq.
Şuşaya qədər getdik. Müharibələr
haqqında eşitsək də, filmlərə baxsaq da, onun əsl
üzünü döyüşdə görürsən.
İlk günlər lap çətin oldu. Yaralıların,
şəhidlərin ağrısı, həyəcan, qorxu, ilk
qələbənin sevinci-hamısı bir-birinə
qarışmışdı. Bir də qisas hissi
yaşayırsan. İllərin əzabından keçən
yurdunu, verdiyimiz qurbanları düşünürsən. Hər
qarış azad olduqca ölüm də mənasını
itirir. Uşaqların hamısı mərdliklə
döyüşürdü. Bir-birimizi qoruyurduq. Hüseynlə
çox yaralını xilas etmişik. Noyabrın 5-də biz
artıq Şuşaya gedirdik. 8 noyabrda düşmən
mühasirədə idi, amma atışma vardı. Elə o
gün də şəhidlərimiz,
yaralılarımız oldu. Hüseyn də həmin gün qəlpə
yarası aldı, təxliyə olundu, amma elə bil
özü əvvəlcədən hiss etmişdi şəhid
olacağını. Onlar dörd qardaşdı. Arada deyirdi ki,
dörd qardaşdan biri olmasa, heç nə olmaz. Nə onun bu
sözünü, nə də özünü unutmuram".
25 aprelə kimi valideynləri də, qardaşları
da, dost-tanış da ümidlə gözlədi. Ata ümid
yolu çəkdi ürəyindən xəstəxanaya.
Rasim Hüseynov: "Ümid edirdim ki, sağalar...
Özü idmançı idi, cüdo ilə məşğul
olmuşdu. Dəfələrlə Bakı və respublika
çempionatlarında iştirak etmişdi, birinci, ikinci,
üçüncü yerləri tutmuşdu. Başından
yaralanmışdı, xilas edə bilmədilər. Hələ müharibə vaxtı
Elvin adlı bir döyüş yoldaşının telefonunu
da vermişdi mənə, deyirdi "ata Elvinlə də
danış". Arada ondan da hal-əhval tuturdum. Bir gün
dedi ki, mən xəstəxanadayam, yaralanmışdım, sənin
oğlun canavar kimi məni od-alovun içindən
çıxardı. "Canavar" deyirdilər ona. Çox
belə qəhrəmanlıqlar edib. Şuşanın azad
olmağını görmək istəyirdi. Yaşadı bu
azadlıq sevincini..."
Aramla danışır ata. Özünə də, bizə
də təsəlli verir.
18 yaşlı igidim Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə", "Qubadlının azad
olunmasına görə", "Şuşanın azad
olunmasına görə", "Cəsur
döyüşçü" medalları ilə təltif
olunub.
Mənsə Hüseynlə danışıram: Sən
təkcə düşmənləri cismən öldürmədin.
Xəyanəti, yalanı, namərdliyi və daha nələri
öldürdün, oğul. Sevgini yaşatdın, oğul. Sən
18 yaşında niyə belə nəhəng idin? Bu ürəyi
necə daşıdın?
Hansı arzuları aparıb getdin? Bilmədim, amma səndən
sonra nə qədər xəyallar gerçək oldu. Nə qədər
arzular yaşadı. Nə qədər arzular doğuldu. Sənin
keçdiyin yollarda arzular çiçəkləyir.
Sən 18 yaşında anlatdın - bizə necə
yaşamalı olduğumuzu anlatdın, oğul!..
Kamalə ABİYEVA
525-ci qəzet .-2024.-30 avqust (№156).- S.13.