"Ötən günə gün
çatmaz..."
Keçmiş artıq "canını
tapşırmış" "indilərin"
üst-üstə yığılmasından yaranan
yaddaşdır. Nə qədər ki, o yaddaş var,
yaşayır, insan onu gətirib indisinə çatdıran ənənələrə
bağlı olur, hansı yollardan keçib gəldiyini,
hansı ömrü yaşadığını, hansı
günahları etdiyini bilir. Bu mənada keçmişi unutmaq
yaddaşı unutmaq, səni "sən" eləyən dəyərlərə
arxa çevirmək deməkdir. Bunun sonuncu isə heç də
yaxşı olmur - əgər səni "sən" eləyənlərə
arxa çevirirsənsə, deməli, sənliyini də itirirsən,
dönüb heç kim, yəni nakəs olursan.
Ona görə də yaddaşımızı sönməyə
qoymayaq, əziz dostlar. "Gün keçdi" filmində
deyildiyi kimi, keçmişimizi xatırlayaq ki, bu
günümüzdə yaşaya-yaşaya gələcəyi
fikirləşək...
DOĞUM GÜNÜMƏ YAZDIĞIM ODA - İZHAR
1959-cu il mayın 26-da Göyçay şəhərində
doğulmuşam və bir neçə gün sonra anamın
qucağında, o dövrün dəbində olan bələkdə
doğum evindən bu həyətə və heç cür
xatırlaya bilmədiyim köhnə evimizə gəlmişəm...
Bu evin tikilməyini və orada atdığım ilk
addımlarımı isə dumanlı da olsa
xatırlayıram.
Mənim uşaqlığım, ümumiyyətlə,
18 yaşına qədərki həyatım fasiləsiz olaraq
gördüyünüz bu həyətdə, bu evdə
keçib...
...Əvvəllər bu həyətdə qarğı
"atımı" o yana-bu yana çapa-çapa
özümü nağıl qəhrəmanlarına
oxşadanda elə bilirdim ki, dünya elə bizim həyətimiz
boydadır. Sonralar mənimlə birlikdə dünya da
yavaş-yavaş böyüməyə başladı.
Amma dünya nə qədər böyüsə də,
məni bu evə, bu həyətə bağlayan tellər
qırılmadı, əksinə, illər keçdikcə bu
həyəti, bu evi daha çox sevdim...
Axı, necə sevməyə bilərdim? Bu həyətin
hər qarışının, bu evin hər
künc-bucağının yaddaşında anamın həniri,
dədəmin gur, zəhmli səsi, doğmalarımın isti
nəfəsi, sevincim, kədərimlə bağlı
yazılmamış neçə-neçə xatirəm
yaşayır.
...İlk siqaretimi bu ağacların arxasında gizlənib
çəkmişəm...
...Universitetdə oxuyanda növbəti semestrdə məni
gözləyən kitabları yay tətilində bu
ağacların kölgəsində oturub oxuyur, konspektini
tuturdum. Bir də görürdüm anam məni səsləyir:
"A bala, yeməyin soyuyur axı. Bəsdir özünə
zülm elədin..."
...Sonra da mən eyvanımızda oturub anamın məxsusi
yay imtahan sessiyasından sonra arıqlayıb
qabırğaları görünən məni kökəltmək,
adam "vidinə" salmaq üçün bişirdiyi və
əvəzsiz, təkrarsız dadını hələ də
unutmadığım xörəklərdən yeyirdim...
Dünyanın ən dadlı xörəklərini mənim
anam bişirirdi...
Bu həyət, bu köhnə ev indi mənim
üçün dünyanın ən gözəl, ən
doğma, ən isti, ən sakit guşəsidir və inşallah,
həmişəlik ora qayıdacağam günü səbirsizliklə
gözləyirəm. Şair demişkən:
"Özünə qayıdır hər şey özünə,
Qoy, ana, başımı qoyum dizinə"
Nur içində yat, ay ana! Bu həyətin bəzəyi,
yaraşığı sən idin!
Kim bilir, bəlkə elə bu qızılgüldən
həyətimizə boylanan sənin ruhundur...
Kim bilir?..
Və çox qəribədir ki, indi,
yaşımın bu vaxtında hərdən bu həyətin
ortasında dayanıb canavar kimi ulamaq, ardınca da körpə
uşaq kimi için-için
ağlamaq istəyirəm...
Məşhur bir mahnının sözlərindəndir:
"Hardan başlayır Vətən, nədən
başlayır Vətən?" Mənim bu suala qəti
cavabım var: "Vətən öz özəyindən,
nüvəsindən - səni doğan anadan, onun südündən,
oxuduğu layladan, sənin ilk qədəminə sinə
açan bir qarış torpaqdan başlayıb onun sərhədlərinə
qədər uzanan bir dünyadır, o dünyada olan hər
şeydir - xəstəsindən, dəlisindən tutmuş
dahisinə, mütəfəkkirinə qədər, sərçəsindən
tutmuş qartalına, yaltağından tutmuş məğruruna, rüşvətxorundan tutmuş təmiz
vicdanlısına, otundan, çayırından tutmuş
yaşıl meşələrinə, susuz, şoran
torpaqlarından tutmuş yalçın qayalarına qədər...
Amma iş onda deyil ki, sən Vətənin müqəddəsliyinin,
gözəlliyinin şərəfinə pafoslu odalar deyəsən.
İş Vətən-dünyanı
yumruq boyda ürəyinə yerləşdirib ruhunun bir
parçasına çevirə bilməyindədir.
Bunun üçün isə Vətəni özəyindən
- ata ocağından sevmək lazımdır. Onda Vətənin
ən uzaq sərhədlərini də öz doğma evin kimi
sevəcəksən!
Mayın 26-da doğulan bütün təvəllüddaşlarımı
təbrik edirəm!
MƏNİM İLK QATİLLİYİM -
ÖLDÜRDÜYÜM SƏRÇƏYƏ DEDİYİM
AĞI
Düz-dünyanı sərçələrin
başına götürdüyü vaxtlar idi - biz uşaqlar
toyuq-cücəyə atılan dənin, dirrikdə səpilən
keşniş, soğan, turp toxumlarının, barı
yetişməkdə olan gilas ağaclarının az qala hər
gün keşiyini çəkirdik ki, məhsul yetişəndə,
gilas tam dəyəndə böyüklər əsəbiləşib
sərçələrin qarasına söyməsinlər. Bəzən
vaxtımızın çoxu açıq pəncərələrdən
otaqlara doluşmuş sərçələri qovmaqla, tutmaqla
keçirdi. Dirriyin yanında, ağacların qabağında
qurduğumuz müqəvvalar da bu qeyri-bərabər
döyüşdə bizim mütləq qələbəmizə
bəs eləmirdi...
Bağımızın ayağında böyük bir
gilas ağacı vardı, həmin il yaxşı bar gətirmişdi.
Bir gün atam evə doluşmuş sərçələrdən
birini tutub ayağına ip bağlayaraq digər sərçələri
qorxutmaq üçün həmin ağacın
budağından asanda elə bil mənim ürəyimi də
aparıb sərçə ilə birlikdə o budaqdan asdı.
Sanki başıaşağı sallanan,
çırpına-çırpına azad olub uçmaq istəyən
sərçə elə mənim hardasa o ağacdan asılan
ürəyim idi və mən mütləq o sərçə
ilə bərabər, öz ürəyimi də həmin ipdən
azad etməli idim - özü də hamıdan gizlin.
Ertəsi gün günorta - həyətdən əl-ayaq
kəsiləndə gizlincə ağacın yanına gəldim
ki, öz xilaskarlıq missiyamı yerinə yetirim.
Budaq çox hündürdə idi - ora çıxa
bilməzdim, sərçə isə çapalamağında,
məni köməyə çağırmağında idi. Qəfildən
divara söykənmiş uzun taxta parçasını (biz tərəflərdə
buna "qabırğa" deyirlər) görəndə
sevindim, onu qapıb aramla sərçəyə yüngül
zərbələr endirməyə başladım ki, ip
qırılsın və sərçə azad olub mənə
alqış edə-edə uçub getsin.
İp isə qırılmaq bilmirdi ki, bilmirdi.
Mən heç kim duyuq düşməmiş öz
işimi başa çatdırmaq üçün zərbələri
bir az gücləndirdim və nəhayət, deyəsən, ip
qırıldı, amma sərçə uçub getmək əvəzinə
daş kimi yerə düşdü və əvvəlkindən
də böyük canfəşanlıqla çabalamağa
başladı...
Ona yaxınlaşanda məni dəhşət
bürüdü - sərçənin bir ayağı yox idi,
dibindən qopub ip ilə bərabər ağacda
qalmışdı (!)...
İçimdən qopan dəhşətli
hönkürtünü zorla boğazımda boğa bildim və
mənim gözlərimdən sel kimi yaş axa-axa səssizcə
ağladığım o dəqiqələrdə sərçə
gözlərimin qarşısında çabalaya-çabalaya
axır ki canını tapşırdı...
Mən həmin o müdhiş dəqiqələrdə
əlləri qana, özü isə günaha batmış
qatil idim.
Gücüm ona çatdı ki, ağlaya-ağlaya əllərimlə
ağacın dibində sərçə üçün qəbir
qazdım, qurbanımı mənasını
anlamadığım sözlərlə əzizləyə- əzizləyə,
ona yalvara-yalvara öpüb dəfn
elədim və bir həftə evdə-eşikdə sirrindən
baş acmadığım qəribə bir psixoloji durumda
kölgə kimi gəzdim.
Bu, mənim düşdüyüm ilk depressiya idi...
Sonralar, artıq böyük oğlan olanda atamın
dediyi sözləri indi də xatırlayıram: "A bala, belə
yuxa ürəyin ki, var, sənə həyatda çox çətin
olacaq".
O hadisədən 50 ildən də çox vaxt
keçib. Bu müddət ərzində çətinmi,
asanmı yaşamışam - bilmirəm. Amma çox bilmək
istəyirəm - görəsən,
Allah o günaha görə məni bağışladı, yoxsa
yox?
Dünyadakı bütün canlıları Allah
yaradıbsa, hamısının yaşamaq haqqı, bəlkə
də bizim bilmədiyimiz bir missiyası var.
Çalışaq onları məhv etməyək - hətta
yaxşılıq etmək istəyəndə belə.
MƏNİM İLK DƏRS GÜNÜM VƏ İLK
"DƏRSİM"
Sizi bilmirəm, amma mən 1-ci sinfə getdiyim ilk
günü yaxşı xatırlayıram...
Əynimdə rəhmətlik anamın məxsusi həmin
gün üçün tikdiyi zolaqlı köynək (deyəsən,
yaxalığı bir balaca əyri idi), ayaqlarımda o vaxt
çox geniş yayılmış "sandal" vardı. Rəhmətlik
atamın əlindən yapışmışdım və biz
küçə boyu addımladıqca gördüklərimdən
heyrətə gəlirdim - sən demə, dünya mənim
indiyəcən düşündüyüm kimi təkcə
bizim həyətdən ibarət deyilmiş, parkları,
geniş küçələri, rəngbərəng
adamları... olan sirli bir aləm imiş. Ağzım
açıla qalmışdı. Görünür, atam elə
buna görə tez-tez deyirdi ki, a bala, ağzını yum,
yoxsa içinə milçək düşər.
Biz sonralar düz 8 il içindən keçib gedəcəyim,
indi - aradan 54 il keçəndən sonra isə kiçilə-kiçilə
1-2 ağacın, 2-3 yaşıl kolun əhatəsində elə
mənim kimi "ağzını" açıb yazıq-
yazıq "işğalçı" obyektlərə baxan
"Sabir bağı"ndan keçib 4 nömrəli məktəbin
həyətinə daxil olanda heyrətim daha mükəmməl
şəkil aldı, nəinki ağzım daha böyük
ölçüdə açıldı (yəqin ki,
milçəyi sərçə layiqincə əvəz edə
bilərdi), üstəlik,
gözlərim də bərəldi - aman Allah, bu qədər
uşaq bura niyə yığışıb ? Bütün həyəti
bürümüş bu neft iyi hardan gəlir? ...Bizi bura niyə
yığıblar?..
Mənim açılmış ağzımı, bərəlmiş
gözlərimi elə o həyətdə qoyub keçək
birinci dərsin həyəcanına.
Boyum bir az hündür olduğuna görə məni
sağ sırada ən axırıncı partada əyləşdirdilər.
Xoşsimalı müəllimə ilk dərsi tanışlığa,
uşaqları necə deyərlər, dişinə vurub
hansı yuvanın quşu olduğunu müəyyənləşdirməyə
həsr etdi - növbə ilə uşaqları qaldırıb
adını, o vaxtkı terminologiya ilə desək,
familiyasını, yaşadığı ünvanı
soruşur, uşaqlar da ki, bülbül kimi ötürdülər.
Mənsə ağzım bu dəfə bir az kiçik
ölçüdə açılmış vəziyyətdə
maraqla izləyirdim və qəfildən diksindim, yadıma
düşdü ki, növbə axırda mənə də
çatacaq, mən də qalxıb bülbül kimi ötməsəm
də, hər halda nə isə deməliyəm. Bədənimi
tər basdı. Məsələ burasındaydı ki,
bağçaya-filana getmədiyimə görə adımı
bilirdimsə də, familiyamdan xəbərim yox idi,
küçəmizin nə demək olduğunu qanırdım,
amma adını bilmirdim, evin nömrəsinin nə demək
olduğunu isə, ümumiyyətlə, anlamırdım.
Necə deyərlər, ilk dərsdəcə
hamının gülüş obyekti olub sinfin ən lodur
uşağı statusu qazanmağıma az qalırdı...
Başladım uşaqların cavablarını "təhlil"
etməyə - gördüm çoxu adından sonra "Məmmədov",
küçə sözündən əvvəl isə
"Lenin" deyir. Fikirləşdim: Yəqin bunlar
yaxşı sözlərdir ki, onlara daha çox üz tuturlar
(müəllimənin "sağ ol"u da öz yerində). Deməli, mən
də familiyamı "Məmmədov", küçəmizin
adını "Lenin" desəm, müəllimənin
xoşuna gələcək və bir yağlı "sağ
ol" da mən qazanacam. O ki, qaldı evimizin nömrəsinə,
10-a qədər bildiyim rəqəmlərdən birini deyərəm
- kimdir yoxlayan.
...Lakin ilk zəng mənə bu həyəcanlı
sevinci axıradək yaşamağa imkan vermədi. Tənəffüsə
çıxanda isə atamın hirsli sifətini görüb
lap çaşdım. Demə, 1"a" sinfi əvəzinə
gedib girmişəmmiş 1"b" sinfinə. "Sağ
ol" əvəzinə yaxşı bir "fərsiz"
sözü qazandım.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .-2024.-30 avqust (¹156).- S.12;13.