Dəhşətlər və bədbəxtliklər
LƏYAQƏT VƏ İRADƏ XİLASKAR ROLUNDA
Tarix boyu müxtəlif xalqlar, bəzən
bütün bəşəriyyət dəhşətlərlə
üzləşməli olmuş, ölkələr çox
sayda canlı qüvvə və ərazi itkisinə
düçar olmuş, ağır mübarizə aparmaq nəticəsində
mövqeyini xoş istiqamətdə dəyişə
bilmişlər. Mesopotamiyada və Misirdə yaranan imperiyalar ətrafdakı
bütöv xalqları əsarətə almaqla meydana gəlmişdi.
Yüzillik müharibədə (1337-1453-cü illər) Fransa
İngiltərənin işğalına məruz
qalmış, böyük sahədəki torpaqlarını
itirməli olmuş, lakin Janna d`Ark kimi qəhrəmalıq
nümunəsi fransız xalqını uğurlu mübarizəyə
qaldırmış və onlar ingilis
işğalçılarını öz ərazilərindən
qovmuşdular. Yeddiillik müharibədə (1756-1763-cü illər)
isə fransızlar Şimali Amerikadakı böyük müstəmləkə
ərazilərini, Hindistanda malik olduğu torpaqları ingilislərin
xeyrinə itirməyə məcbur olmuşdular.
Osmanlı imperiyası Avropada, Asiyada və Afrikada xeyli
əraziləri tutmuş, son mərhələdə paytaxt
Konstantinopolu 1453-cü ildə işğal etməklə,
Bizans imperiyasının mövcudluğuna son qoymuşdu.
Böyük Britaniya imperiyası Şimali Amerikadan və Hindistandan başlayaraq, artıq XIX əsrdə
dünya ərazisinin dörddə birinə ağalıq
etmişdi. Rusiya imperiyası həmçinin silah tətbiq etməklə,
qan axıtmaqla Avrasiyanın şərqində və cənubu-qərbində,
qismən Qara dəniz ətrafında böyük əraziləri
öz hökmranlığı altına salmışdı
İspaniya Mərkəzi və Cənubi Amerikadakı
ölkələri işğal etmiş, Vest İndiyanın nəhəng
sərvətlərinə sahib olmuş, İngiltərə və
Fransa isə Afrikanı özlərinin müstəmləkə
zonasına çevirmişdilər.
Xoşbəxtlikdən, bütün imperiyalar əsasən
dağılmış, çox sayda xalqlar nəticədə azadlığa
çıxmış, müstəqillik qazanmışlar.
Lakin onlar buna nail olmaq üçün çoxlu qurbanlar
vermişlər. Napoleon İspaniyanı işğal etdikdə,
Cənubi Amerikada axırıncının imperiyasına daxil
olan ölkələrdə milli-azadlıq hərəkatı
böyük vüsət almış və 1820-ci illərdə
müstəqilliyə qovuşmuşdular. Digər xalqların
azad olmasına isə I və II Dünya müharibələri
nəticəsində imperiyaların dağılması səbəb
olmuşdu. I Dünya müharibəsində məğlub olan Avstriya-Macarıstan,
Osmanlı, Almaniya və Rusiya imperiyalarından (Rusiyada Oktyabr
inqilabı da buna müəyyən şərait
yaratmışdı) qopan onlarla yeni dövlət meydana gəlmişdi.
II Dünya müharibəsindən sonra isə Hindistan Britaniya
ağalığından xilas olaraq, müstəqilliyini elan
etmiş, onun bir hissəsində isə Pakistan İslam
Respublikası yaranmışdı. Afrikada milli azadlıq hərəkatının
canlanması nəticəsində
1960-cı illərin əvvəlindən başlayaraq qitədə
müstəmləkə sisteminin bütünlüklə
dağılması baş vermişdi. Hər iki dünya
müharibəsinin yaratdığı dəhşətlər
seriyasında, bu hadisə yeganə təskinlik faktı kimi
qiymətləndirilə bilər.
Etiraf etmək lazımdır ki, dünya müharibələri
xalqları oyadaraq, istiqlaliyyət uğrunda mübarizəyə
qaldırmışdı və metropoliyalar güzəştə
getmək məcburiyyətində qalmışdılar.
Xalqların öz azadlığı uğrunda mübarizə
nümunəsi başqaları tərəfdən də mənimsənilməklə,
azadlıq hərəkatının məhsuldarlığına
yol açmışdı. Vaxtilə Şimali Amerikanın 13
koloniyasının Britaniya ağalığından azad olub,
ABŞ kimi müstəqil dövlət yaratması, başqa
xalqlara da güclü təsir göstərdi. Fransız
xalqının mütləqiyyətə qarşı
mübarizə aparması, 1789-cu ildə Böyük Fransa
inqilabının qələbəsi ilə nəticələndi.
Öz növbəsində Fransa inqilabı da xalqları milli
dövlət yaratmaq uğrunda mübarizəyə səslədi,
öz ardınca çox şeyə nail olmasa da, millətlərin
suverenliyi ideyası geniş yayılmağa başladı.
İki əsr sonra SSRİ dağıldıqda onun
xarabalığında 14 yeni müstəqil dövlət
meydana gəldi. Özünü sovet imperiyasının varisi
sayan Rusiya isə böyük ərazisini qoruyub saxlaya bildi.
XX əsrdə Avropa və dünyanın digər hissələri
ağır dəhşətlərlə üzləşməli
oldu, 20 illik fasilə ilə iki dəfə görünməmiş
qaydada insan həyatı itkiləri və şəhərlərin
dağıdılması ilə müşayiət olunan
Dünya müharibələri baş verdi. Hər iki
müharibə tonqalının alovlanmasında Almaniya
aparıcı rol oynadı. Almaniya İngiltərədən və
Fransadan fərqli olaraq müstəmləkə piroqundan
vaxtında lazımınca pay götürməmişdi və
müstəmləkə ölkələrinin nemətlərindən
bəzənən süfrənin arxasına nisbətən gec
gəlmişdi, daha dəqiq deyilsə, bu prosesdə iştirak
etməyə sadəcə gecikmişdi. Yaponiya da 1910-cu ildə
Koreyanı işğal etdikdən və 1937-ci ildən
Çinin böyük ərazilərini tutduqdan sonra
güclü iştahaya yiyələnərək, Asiyada
ağalıq etmək meylinə düşmüşdü.
I Dünya müharibəsinin başlanmasını
reallaşdırmaq üçün Almaniya,
Avstriya-Macarıstanla Serbiya arasındakı münaqişəni
qızışdırmaq və Serbiyanı müdafiə etmək
istəyən Rusiyaya və ona müttəfiqliyə girmiş
Antantanın digər iki üzvünə - İngiltərəyə
və Fransaya qarşı müharibədə bilavasitə
iştirak etmək şansı qazandı. Almaniya kayzeri II
Vilhelm bu şansa çox böyük ümid bəsləyirdi.
I Dünya müharibəsi
I Dünya müharibəsi 1 avqust 1914-cü ildə
başlandı, bəhanə kimi ona, Avstriya-Macarıstan
ershersoqu, şahzadə Frants Ferdinandın Sarayevoda serb Qavrila
Printsip tərəfindən öldürülməsi istifadə
edilsə də, əsas səbəb imperialist dövlətlər
arasında daha böyük əraziyə sahib olmaq istəyi və müstəmləkələr
üstündə gedən mübarizə və onun nəticəsi
olan münaqişə idi. Müharibəni Avstriya-Macarıstan
Serbiyaya qarşı başlamışdı və Almaniya əvvəlincinin
tərəfində silahlı münaqişəyə
girmişdi.
Rusiya Serbiyaya pravoslav dövləti kimi kömək
göstərmək üçün müharibəyə
qatıldı, sonra Antantanın digər üzvləri olan
İngiltərə və Fransa, Almaniyadan,
Avstriya-Macarıstandan və Osmanlı imperiyasından olan
müttəfiqlərə qarşı müharibədə
vuruşdu. Müharibədə
Avropanın xeyli sayda dövləti və 1917-ci ilin aprelindən
isə ABŞ iştirak etdi.
I Dünya müharibəsi illərində tarixdə
ilk dəfə tranşey və səngər müharibəsi
meydana gəldi. Avropanı tranşey xətləri
çalın-çarpaz qaydada "bəzəmişdi".
Səngərlər döyüşçünü
xilas etmək əvəzinə, öz antisanitariya vəziyyəti
ilə, burada sığınacaq tapan yaralıların daha
çox ölümünə səbəb olurdu.
1915-ci ildən etibarən ilk dəfə olaraq
döyüşdə hərbi təyyarələrdən
istifadə olundu, onlar düşmən mövqelərinə
hücumda tətbiq olunurdu. Bir qədər sonra onlar yer
üstündəki hədəflərə, xüsusən
düşmən kommunikasiyalarına hücum əməliyyatına
başladılar. Təyyarələrdə pulemyot
quraşdırmaqla, hava hücumlarının təhlükəsi
artdı.
Almanlar dənizdə hərbi və ticarət gəmilərini
batırmaq üçün sualtı qayıqlardan geniş
istifadə edirdilər. Kayzer II Vilhelm hətta submarinaların
köməyi ilə müharibəni udmaq istəyirdi. Tarixdə
isə bir silah növünə bel bağlamaqla, heç vaxt
müharibə udulmamışdır.
Lakin ingilislər 1915-ci ildə almanların gizli hərbi
kodunu dağıdıb, onların ABŞ və Meksika ilə
bütün yazışmalarını ələ kçirə
bildilər. Almaniya Britaniyaya hərbi və ərzaq köməyini
kəsmək üçün ABŞ-nin öz ərazisində
də müharibə aparmaq və Meksikanın da,
özünün şimal qonşusuna qarşı almanların
hücumunda iştirak etməsini istəyirdilər. Almaniya
xarici işlər naziri Tsimmerman açıq mətnlə
Meksika rəhbərliyinə yazmışdı ki, əvəzində
Meksikaya 70 il əvvəl ABŞ tərkibinə keçmiş
Texas, Arizona və Nyu-Meksiko ştatları
qaytarılacaqdır.
İngiltərə bunu birbaşa açsa, ona iri
miqyasda kömək edən ABŞ-la diplomatik münaqişə
yarana bilərdi, ona görə də dolayı yoldan istifadə
etdi və məktub ABŞ mətbuatında da dərc edildi.
Tsimmerman da məktub yazdığını etiraf etdi. ABŞ
prezidenti Vudro Vilsonun səbir kasası dolmuşdu, onsuz da,
almanlar onun ticarət donanmasına böyük ziyan vururdular.
O, neytrallıq mövqeyindən əl çəkib, 1917-ci
ilin aprelində Almaniyaya müharibə elan etdi və
qoşunlarını Avropaya göndərdi. ABŞ-nin I
Dünya müharibəsinə girməsi Antantanın
silahlı toqquşmada üstünlük əldə etməsinə
şərait yaratdı.
Almanlar həmçinin nəhəng hava gəmilərindən
- tseppelinlərdən istifadə edirdilər. Onlar hidrogen
qazı ilə doldurulurdu,
pulemyot atəşi ilə vurulduqda, yanğın tam cəhənnəm
mənzərəsi yaradırdı.
1916-cı ildən isə Avropa döyüş
meydanında tanklardan istifadə edilməyə başlandı.
İlk tank Britaniya modeli idi. Tırtıl təkərlərin
üzərində qurulmuşdu, bu, onu təpələrə
dırmaşmağa da qadir edirdi. Onun silahı, üzərindən
quraşdırılmış top idi. Tanklar düşmən
mövqelərinə, həm də piyadalara pulemyot atəşi
ilə də hücum edirdi. Lakin 1918-ci ilə kimi tanklar o qədər
də səmərə vermirdi. Britaniyalılar yeni model kimi
döyüşdə daha səmərəli tank tətbiq etdilər.
I Dünya müharibəsinin icadı kimi tank sonralar,
II Dünya müharibəsi cəbhələrində daha
böyük əhəmiyyət kəsb etdi. Tankın
potensialının reallaşması bütünlükdə
yeni növ döyüşlərin aparılması
qaydasını yaratdı. I Dünya müharibəsində həyata
keçirilən yüngül hücumlar tank kolonnalarından
asılı olurdu. Kütləvi hava qüvvələri
bombardmanı isə orduların döyüş xətlərini
qırırdı və düşmən qoşunlarını
tamamilə dövrəyə alırdı. Bu, I Dünya
müharibəsinin döyüş səngərlərindən
qalxan qışqırıqlardan da uzağa gedirdi.
I Dünya müharibəsinin uzanması, baxmayaraq ki, əvvəlcə
onun bir neçə aya başa çatacağı
düşünülürdü, savaşın ilk dəfə
olaraq, total xarakter almasına gətirib çıxardı. Bu,
müharibə aparan ölkələrin bütün vətəndaşlarının
həyatına öz təsirini göstərdi.
Döyüşə illər ərzində kişi cinsindən
olan kütlənin və materialların cəlb edilməsi,
siyasi və iqtisadi dəyişikliklərə səbəb
oldu.
Əvvəllər tanış olmayan total müharibə,
Avropa cəmiyyətinə əsaslı təsir göstərdi,
işsizliyə son qoyulmasına səbəb oldu. Kişi
cinsindən olan milyonların vuruşmaq məqsədi ilə əmək
bazarından uzaqlaşması, döyüş silahları və
sursat istehsalında işləməyə qadir olanların hər
birinin zəhmətlə məşğul olmasına gətirib
çıxardı.
Müharibə 11 noyabr (11.11) 1918-ci ildə başa
çatdı.
I Dünya müharibəsi Avropa sivilizasiyasını
viran qoydu. 8 və 9 milyon arasında əsgər
döyüş cəbhələrində həlak oldu, digər
22 milyon isə yaralanmışdı, sağ qalanlardan
çoxu sonralar müharibə yaralarından və ya əllərinin,
ayaqlarının itirilməsindən və aldıqları digər
zədələrdən ölürdü.
Çox saydakı Avropa ölkələrində
uşaq doğumu əhəmiyyətli dərəcədə
azalmışdı, bu, çox sayda cavan kişilərin
ölməsinin və ya əlil olmasının nəticəsi
idi. ABŞ prezidenti Franklin Ruzveltin arvadı 1930-cu illərin
birinci yarısında Avropada turist səfərində olarkən,
Fransada cavan adamların gözə dəyməməsindən
olduqca pərişan olmuşdu. O, öz kitabında bu
ağır təəssüratını, I Dünya müharbəsinin, ölkənin gənclərini
amansızcasına biçməsi ilə izah edir. Bu müharibə
həmçinin öz veteranlarından itirilmiş "nəsil"
yaratdı, onlar döyüşməyə adət edən
qüvvələrə və müharibədən sonrakı
dövrdə həmin döyüşçülərdən
ibarət olan bandalara çevrilmişdilər. Onlar həm də
məhz Mussolininin və Hitlerin tərəfində
çıxış edən və bu hesaba, özlərinə
çətinliklərdən xilas yolu axtaran fəal qüvvəni
təmsil edirdilər.
Müharibə təkcə əsgərlərin həlak
olması effekti ilə fərqlənmirdi. Müttəfiq
dövlətlərin mülki vətəndaşları,
müharibənin özünün gedişində baş verən
vətəndaş müharibəsi və ya aclıq nəticəsində
ölürdülər. 1915-ci ildə Rusiyaya kollaborantlıq,
öz dövlətinə isə xəyanət edən
Osmanlı vətəndaşları olan ermənilər bu hərəkətlərinə
görə cəzalandırıldılar. Heç bir dövlət
müharibə dövründə ciddi xətaya yol verən
öz vətəndaşını cəzasız buraxmır.
Ermənilərin bir hissəsi ölümlə də üzləşməli
oldu, ancaq onların özləri də çox sayda türklərin
həlak olmasına səbəb olmuşdular.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .-2024.-31 avqust (№157).- S.22.