Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında: uğurlar və perspektivlər

 

Təhsil sahəsində müasir dövrün ən prioritet trendlərindən biri hərtərəfli, yüksək intellektli, XXI əsr bacarıqlarına sahib insan potensialının yetişdirilməsidir. Çağdaş zamanın innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli mütəxəssis potensialı isə məhz təhsil sistemində hazırlanır. Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən istedadlı gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyir ki, Azərbaycan məktəbliləri 1993-cü ildən etibarən müstəqil ölkəmizi beynəlxalq fənn olimpidalarında təmsil edirlər. Son illərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin təsis edilməsi, Respublika fənn olimpiadalarının beynəlxalq fənn olimpiadaları standartlarında təşkili və keçirilməsi təbiidir ki, məktəblilərin bu sahəyə marağını ciddi şəkildə artırıb, daha çox şagirdin bu sahə ilə məşğul olmasına gətirib çıxarıb. Belə ki, bu gün beynəlxalq olimpiadalara hazırlıq mərkəzində 5 müxtəlif fənn üzrə 500-dən çox şagird milli komandaya namizəd şagirdlər qismində beynəlxalq olimpiadalarda ölkəni təmsil etmək üçün hazırlaşırlar. Bundan başqa, müxtəlif lisey və gimnaziyalarda, eyni zamanda fərdi hazırlıqla da prosesə qoşulan yüzlərlə şagird var: "Azərbaycan məktəbliləri rəsmi olaraq müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak edirlər. Hər bir fənn üzrə müxtəlif miqyaslı beynəlxalq fənn olimpiadaları keçirilir və bu olimpiadalarda məktəblilərimiz iştirak edirlər. Əlavə olaraq yeniyetmə məktəblilərimizin iştirak etdiyi riyaziyyat fənni üzrə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO), informatika fənni üzrə Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ), təbiət fənləri üzrə yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasını (IJSO) sadalamaq olar. Olimpiadaların hər biri önəmlidir, ancaq təbii ki, hər bir fənn üzrə həm iştirakçı sayına, həm məzmununa, həm də ki nüfuzuna görə Beynəlxalq Fizika Olimpiadası (IPhO), Beynəlxalq Kimya Olimpiadası (ICHO), Beynəlxalq Biologiya Olimpiadası (IBO), Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) və Beynəlxalq İnformatika Olimpiadası (IOI) daha mötəbər olimpiadalar hesab edilir. İdman yarışlarında olduğu kimi, fənn olimpiadalarında da nəticələr heç də hər zaman yüksələn dinamika üzrə olmur".

Fuad Qarayevin sözlərinə görə, ümumilikdə, son illərdə Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nəticələri olduqca yaxşıdır. Lakin idman yarışlarında olduğu kimi fənn olimpiadalarında da nəticələr heç də hər zaman yüksələn dinamika üzrə olmur. Çünki nəticələr həmin il komandada olan şagirdlərin hazırlığından, elmi potensiallarından, həmin il təqdim edilən tapşırıqların çətinlik səviyyəsindən, komandanın psixoloji hazırlığından və daha bir çox amillərdən asılıdır: "1993-2013-cü illərdə, yəni 20 il ərzində məktəblilərimiz müxtəlif fənlər üzrə fərqli miqyaslı beynəlxalq fənn olimpiadalarında 25 qızıl, 65 gümüş və 141 bürünc medal olmaqla, cəmi 231 medal qazanıblar. 2014-2024-cü il illərdə, yəni 10 il ərzində isə şagirdlərimiz 31 qızıl, 133 gümüş və 306 bürünc medal olmaqla, cəmi 470 medal əldə ediblər. Diqqətinizi çəkim ki, 2014-cü ildən etibarən əldə edilən medalların sayı daha çoxdur. Məhz 2014-cü il Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində yeni yanaşmaların tətbiqi və eyni zamanda beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə nazirlik səviyyəsində diqqət edildiyi ildir. Azərbaycan məktəbliləri son 5 ildə fənlər üzrə ən nüfuzlu müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda riyaziyyat fənni üzrə 5 qızıl, 23 gümüş və 48 bürünc medal, fizika fənni üzrə 6 gümüş və 28 bürünc medal, kimya fənni üzrə 6 gümüş və 23 bürünc medal, informatika fənni üzrə 4 qızıl, 12 gümüş və 27 bürünc medal və s. nailiyyətlər əldə ediblər. Diqqətinizi çəkim ki, iştirak edilən bütün olimpiadalar deyil, sadəcə hər fənn üzrə ən nüfuzlu olimpiadaların nəticələri qeyd edilib. Ümumiyyətlə, sözügedən prosesə kompleks baxıldıqda görülən işlərin və nəticələrin qiymətləndirilməsinin fərqli olacağını düşünürəm. Olimpiadalara hazırlıq prosesinə qeyd edildiyi kimi, hər il yüzlərlə istedadlı şagird qoşulur. Milli komanda tərkibində beynəlxalq olimpiadalarda onların cüzi bir hissəsi iştirak edir, çünki komanda tərkibi üçün say məhdudiyyəti olur. RFO-da qalib ola bilməyən və ya beynəlxalq fənn olimpiadalarına hazırlaşan, ancaq milli komandaya düşə bilməyən gənclər də ixtisaslarını çox yaxşı və dərindən bilənlərdir. Hər il məktəblərimizdən bu sahə ilə məşğul olan yüzlərlə gənc məzun olur. Yəni olimpiada hərəkatı qiymətləndirildikdə sadəcə əldə edilən medallarla deyil, eyni zamanda proses əsnasında yetişən zəkalı, parlaq gənclərin sayı və onların gələcəkdə ictimaiyyətə verəcəkləri fayda da nəzərə alınmalıdır".

Məlum olduğu kimi, bir müddət əvvəl 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələri açıqlandı. Ölkəmiz 75-ci yerdə qərarlaşdı. Lakin mediada şagirdlərimizin nəticəsi birmənalı qarşılanmadı və hətta son illərin ən aşağı nəticəsi kimi təqdim edildi: "2023-2024-cü tədris ilində Azərbaycan məktəbliləri iştirak etdikləri bütün olimpiadalarda çox uğurlu çıxış ediblər. Sadəcə, iyul ayında İngiltərədə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) nəticələrimiz gözləntilərimizin aşağısında oldu. Olimpiadaya getmədən öncə komanda rəhbərlərinin bizə verdiyi proqnoza görə, şagirdlərimiz ən yaxşı halda 2 gümüş və 2 bürünc medal, real gözlənti olaraq 1 gümüş və 3 bürünc medal, ən pis halda isə 3 bürünc medal qazana bilərdilər. Ancaq həyatda hadisələr heç də hər zaman bizim düşündüyümüz və ya arzuladığımız kimi cərəyan etmir. Bu olimpiadada şagirdlərimizdən Sevinc Mahmudova olimpiadanın bürünc medalına, digər şagirdlərimiz isə həvəsləndirici sertifikata layiq görüldülər. Fürsətdən istifadə edib həm Sevinc Mahmudovanı, həm də digər şagirdlərimizi, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edirəm. Düzdür, nəticə komanda hesabında zəif oldu və bu, mediada geniş müzakirələr yaratdı, ancaq təəssüf ki, hər kəs nəticənin pis olmağından danışsa da, bürünc medal qazanan parlaq gənc qızımız Sevinci təbrik edənlər, demək olar ki, olmadı. İdman yarışlarında əldə edilən bürünc medal dəyərli olduğu halda, idman yarışlarından heç də asan olmayan elm yarışında əldə edilən bürüncə qiymət verənlərin sayı az oldu. Nəticələrə müxtəlif rəy bildirənlərin hər birinin şəxsinə hörmətlə yanaşıram, ancaq rəyləri müzakirə edilə bilər. Təəssüflər olsun ki, ola bilsin məktəb illərində sinifdə ilk üçlüyə daxil ola bilməyənlər bu gün dünyanın riyaziyyatı ən yaxşı bilən 300 məktəblisi siyahısına düşən parlaq gənclərimizin nəticələrini tənqid edirlər. İstənilən halda, komanda rəhbərləri ilə birlikdə hamımız nəticələrin daha yaxşı olması, medalların əyarlarının yaxşılaşdırılması, dayanıqlığın mümkün qədər təmin edilməsi üçün çalışacağıq. Digər tərəfdən, deməzdim ki, bu nəticə ən pis nəticədir. Təəssüf ki, 2018-ci ildə Rumıniyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz, ümumiyyətlə, medal qazana bilməmişdilər. Hansı ki, həmin olimpiadaya qatılmış 4 şagirdimizin hər biri 1 il öncə, yəni 2017-ci ildə Braziliyada keçirilmiş olimpiadada bürünc medal əldə etmişdilər. 2019-cu ildə İngiltərədə keçirilən olimpiadada həmin şagirdlərdən 3-ü yenə medal əldə etdilər. Uşaqlar eyni uşaqlar, rəhbərlər eyni rəhbərlər, proses eyni proses. Yəni demək istədiyim budur ki, dalğalı çıxış bu işin özündə var. Məsələn, 2022-ci ildə Norveçdə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) Azərbaycan məktəbliləri 1 gümüş və 4 bürünc medal əldə edərək 2010-cu ildə qazanılan uğurdan sonra tarixinin ikinci ən yaxşı nəticəsini göstərərək ölkələr sıralamasında 34-cü olmuşdular. Xatırladım ki, 2010-cu ildə 3 gümüş və 2 bürünc medal qazanaraq, sıralamada 28-ci olmuşduq. Bu il Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında şagirdlərimiz 1 qızıl və 5 gümüş medal qazandılar. Gümüş medal qazanan 4 şagirdimizin qızıl medala sadəcə 1 balları çatmadı. Gümüş medal qazananlardan biri 8-ci sinif Şəki məktəblisi idi. Və komandamız Serbiya, Rumıniya, Fransa, Qazaxıstan, Bolqarıstan kimi ölkələri geridə qoyaraq sıralamada 2-ci oldu. Təəssüflər olsun ki, bu gün tənqid edənlər, istər 2022-də, istər may ayında keçirilən Balkan Olimpiadasında əldə edilən uğurlara görə şagirdlərimizi təbrik etmədilər. Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızlarımız qızıl medal aldıqlarında yenə çox az sayda insan reaksiya göstərdi. Bəli, bu il Beynəlxalq riyaziyyat olimpiadası (IMO) nəticəsi zəif olub, ancaq bunun olimpiada nəticələrinin ümumi vəziyyətinin zəif olduğu kimi qələmə verilməsi düzgün deyil. Riyaziyyat fənni üzrə iştirak etdiyimiz Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında şagirdlərimiz 1 qızıl və 5 gümüş medal, Balkan Riyaziyyat Olimpiadasında 1 gümüş və 2 bürünc medal, Avropa Qızlar Riyaziyyat Olimpiadasında 1 bürünc medal əldə edərək, ümumilikdə, riyaziyyat fənni üzrə 1 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 10 medal əldə edilib".

Fuad Qarayevin sözlərinə əsasən, şagirdlərin olimpiadalara hazırlıq prosesi beynəlxalq olimpiadalara hazırlıq mərkəzində aparılır. Müxtəlif fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkar edilməsi və aşağı yaşlardan şagirdlərlə bu istiqamətdə işlərin görülməsi məqsədi ilə fənn müsabiqələri təşkil edilir və keçirilir. Fənn müsabiqələrində və Respublika fənn olimpiadalarında qalib olan şagirdlər tədris ilinin əvvəlində beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzlərinə cəlb edilirlər və tədris ili boyunca mütəxəssislər tərəfindən hazırlıq proqramı tətbiq edilir: "Bölgələrdə fəaliyyət göstərən liseylərdə bu istiqamətdə kifayət qədər gözəl işlər görülür. Belə ki, artıq Quba, Şəki, Gəncə, Sumqayıt kimi liseylərimizdən olan parlaq zəkalar Respublika fənn olimpaidalarında qalib olmaqla yanaşı, eyni zamanda Azərbaycanı müxtəlif fənlər üzrə beynəlxalq fənn olimpiadalarında təmsil edirlər. Belə ki, fizika fənni üzrə beynəlxalq olimpiadanın qalibi Quba məktəblisi, riyaziyyat fənni üzrə Balkan riyaziyyat olimpiadasının qalibi Şəki məktəblisi, yenə riyaziyyat fənni üzrə Balkan riyaziyyat olimpiadasının qalibi Sumqayıt məktəblisi, informatika fənni üzrə Gəncə məktəbliləri qaliblər sırasındadırlar. Olimpiada hərəkatı spesifik sahədir və ölkədə müxtəlif istiqamətlər üzrə elmin inkişafından asılıdır".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.23.