Aforizm: hikmət ədəbiyyatının qovşağı

 

 

Aforizm, yunanca, "fərqlənmə", "tərif ifadə edən" və digər mənalarda işlənir. Ümumi həqiqətin və ya prinsipin lakonik ifadəsidir, çox vaxt ənənə ilə nəsildən-nəslə ötürülür. Aforizm müəllifinə aforist deyilir. Nəzəriyyədə Endrü Hui aforizmə "təfsir tələb edən qısa söz" tərifini verir.

İlk dəfə aforizm "Hippokratın aforizmləri"ndə xəstəliyin simptomları və diaqnozları, şəfa və tibb sənəti ilə bağlı uzun təkliflərdə istifadə edilib. Bu əsərin tez-tez istinad edilən ilk cümləsi belədir: "Həyat qısadır, sənət uzunömürlüdür".

Aforizmlər təcrübədən və sosial normalardan qaynaqlanır. Bəs aksiomun aforizmdən fərqi nədir? Aksiom doğru hesab edilən ifadədir, öz-özlüyündə aşkar həqiqətlərdir, buna görə də əlavə sübut tələb etmir.

Aforizmin qollarından biri qrafizmdir, burada aforizm şəkillərlə bəzədilir və mətni şəkilli şeirlərə bənzər şəkildə formatlana bilir. Aforizmlər sübuta yetirmir, mübahisə açmır, zəka və orijinallıqla təsir edir.

Aforizmlər hikmət ədəbiyyatına daxildir. Hikmət ədəbiyyatı ilahilik və fəzilət haqqında təlimlər təklif edən müdriklərin ifadələrindən ibarətdir. "Şahzadələrin güzgüləri" siyasi yazılardan ibarət, sərbəst, maarifləndirici ədəbi janrdır. Spekulum (güzgü) ədəbiyyatı janrının bir hissəsidir. Bu mətnlər çox vaxt padşahlara, şahzadələrə və ya daha kiçik hökmdarlara idarəçilik və davranışın müəyyən aspektləri haqqında birbaşa təlimat verən dərsliklər formasını alır. Müəlliflər tez-tez belə "güzgüləri" yeni padşahın gəlişində, gənc və təcrübəsiz bir hökmdarın hakimiyyətə gəlmək üzrə olduğu zaman düzəldirlər. Bəzən hikmət ədəbiyyatı kimi tanınan aforistik toplular Hindistanın Sutra ədəbiyyatı, Bibliya vaizləri, İslam hədisləri, Pifaqorun qızıl ayələri, "Hesiodun əsərləri və günləri" kimi bir neçə qədim cəmiyyət qanunlarında mühüm yer tutur. İlk dəfə nəşr olunmuş aforizmlər toplusu Erasmusun "Adagia" kitabıdır. Digər aforistlər Baltasar Qrasian, Fransua de La Roşfuko, Blez Paskal və başqalarıdır.

İlk növbədə gərək aforizmi ona bənzəyən digər janrlardan fərqləndirək:

Xiazm - oxşar mənaları söz və ya ifadələri balanslaşdırır. Məsələn, "Gündüzlər əylənir, gecələr rəqs edir", "Zövq günahdır, bəzən günah da həzdir".

Antimetabol - sözlərin ardıcıl bəndlərdə, lakin köçürülmüş qaydada təkrarlanmasıdır. Məsələn, "Mən nəyi sevdiyimi bilirəm və bildiklərimi də bəyənirəm", "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün", "Yaşamaq üçün yeyin, yemək üçün yaşamayın", "Ölkənin sənin üçün nə edə biləcəyini soruşma, ölkən üçün nə edə biləcəyini soruş", "Sülhə gedən yol yoxdur, sülh yoldur", "Şənbə günü insan üçün yaradılmışdır, insan şənbə üçün deyil", "Amerikada həmişə partiya tapa bilərsiniz, Sovet Rusiyasında partiya həmişə sizi tapır", "Fikrim pulumda, pulum ağlımda", "Biz təkcə gücümüzün nümunəsi ilə deyil, nümunəmizin gücü ilə rəhbərlik edəcəyik", "Bütün cinayətlər vulqardır, necə ki, bütün vulqarlıqlar cinayətdir".

Brokard-qanuni ifadələrdir. Termin ənənəvi hüquqi proseslərlə bağlıdır, qədim Roma dövründən qalıb. Məsələn, "Sübut iddiaçının üzərinə düşür", "Heç kim sırf niyyətə görə cəza çəkmir", "Torpaq kimindirsə, cənnətə və dərinliklərə gedən yol onundur", "Qanun ən xırda şeylərlə məşğul olmur", "Şübhəli şeylər ən yaxşı şəkildə yozulmalıdır", "Dəlil iddia edənin üzərindədir" (bir insanın günahı sübuta yetirilənə qədər günahsız olduğu anlayışı), "Əgər qarşı tərəf öz öhdəliyinə hörmət etməyibsə, onun öhdəliyinə hörmət etməyə ehtiyac yoxdur", "Silahlar arasında qanunlar susur", "İnsanın qanunları doğulur, yaşayır və ölür", "Kim başqasının vasitəsilə hərkət edirsə, özü də hərəkət edir".

Epiqram-satirik və təəccüblü ifadələrdir. Məsələn, "Sevgi və insanlıq otdur", "Silahlar danışanda ölüm mübahisələri həll edir".

Aperçu - hazırcavab, iti fikrə əsaslanan qısa qeydlərdir. Məsələn, "İlahilər dəyərsizdir".

Bonmot - gülməli fikir, hazırcavab zarafat, vəziyyətə münasibətdir. Bonmot adətən danışılır, aforizm yazılır. Bonmot söhbətdə cəld fikirdən doğan, hazırcavab ifadədir. Bura ilham çaxnaşmaları (beyin fırtınası və ya düşüncə parıltısı), eyhamlar, söz oyunları, paradokslar, ikiqat mənalar və ya amfibolizm daxildir.

Maksim - şüar, şəxsi prinsiplərdir.

Aforistik üslubi vasitələrdən olan paradoks - ziddiyyətli fikirlərdir. Məsələn, "Tarix onu necə saxtalaşdırmağı öyrədir". Alogizm - əsassız, cəfəngiyyat deməkdir, məntiqsiz vəziyyəti ifadə edən ritorik vasitədir.

Amfibolizm - ikiqat mənalardır. Məsələn, "Savadsızlıq diktə edilməlidir", "Çılpaq qadınlar ağıllıdırmı? "İroniya və söz oyunu da maraqlı elementlərdir.

Leonid Suxorukovun aforizmlə bağlı diqqətçəkən bir fikri var: "Aforizm bir sətirdə bir romandır".

Aforizmə dair maraqlı nümunələrə nəzər salaq. "Mən ən ağır yükümü axtarırdım, özümü tapdım" kimi maraqlı deyimin müəllifi olan Nitşeyə görə, aforizm "başqalarının kitabda təsvir etdiklərini on cümlə ilə söyləməkdir" və o, bunu çox arzulayırmış.

Qastronom olan Savarinin də maraqlı aforizmləri var: "Mənə nə yediyini söylə, sənə kim olduğunu deyim", "Xalqların taleyi onların necə qidalanmalarından asılıdır".

Loesjenin aforizmi: "Ehtiras sizi heç bir yerə aparmaz, həvəs sizi bir yerə aparır".

Saramaqodan bir misal: "Damarlarımdakı qan kimisən, varlığını hər zaman hiss etmirəm, amma sənsiz yaşaya bilmirəm".

Digər maraqlı nümunələrə də diqqət yetirək: "Bir adamın terrorçusu başqasının azadlıq döyüşçüsüdür"; "Hər yeni şey yaxşıdır, çünki yaxşı olan hər şey yenidir"; "Dil ordu və donanma ilə bir dialektdir"; "Vicdan səni izləyən və hürən itdir".

"Özümü tək qoymamaq üçün bütün gecəni güzgünün qarşısında oturdum" -  italyan şairi Cesare Pavesenindir bu aforizm.

"Ənənəni təzələməyi bilməyənlər sitayiş edirlər" - braziliyalı şair Karlos de Andrade isə belə düşünür.

Oskar Uaylda görə, "Özünü sevmək ömürlük romantikanın başlanğıcıdır". Dünyanın ən maraqlı siyasətçilərindən olan Çörçillin özünəməxsus tərzindən xəbər verən bu aforizmlə yazımızı tamamlayırıq: "Bir işi çətin göstərməyin ən yaxşı yolu onu təxirə salmaqdır".

 

Sərvanə DAĞTUMAS

Ədəbiyyatşünas

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.21.