"Huser yaylası" yolunda bir fors-major  

 

 

...Ondan başlayım ki, mən qorxacaq deyiləm. Nə mənada? Bir para adamlar kimi "ay gecə tək qala bilmərəm, kimsə yanımda qalsın", "ay filan yerə tək gedə bilmərəm, kimsə mənimlə gəlsin..." - yoxdur belə xasiyyətim. Ya da hündürlükdən-alçaqlıqdan qorxmuram, belə fobiyam-filan da yoxdur... İtdən, qaranlıqdan da qorxmaram. Anam rəhmətlik də həmişə deyirdi ki, sənin üçün çox narahat oluram, çünki ehtiyatsızsan... Bəlkə də... Yəqin ki!..

Deməli... 32 nəfərlik qrupla getmişik Türkiyənin Qaradəniz bölgələrini gəzməyə. Qara dənizin sahili boyu şəhərləri, məntəqələri dəyişə-dəyişə gəlib çatdıq gözəllər gözəli Rizəyə. Yoldaşlarım da, yerli əhali də buraya cümhurbaşqanı Ərdoğanın məmləkəti desə də, Vikipediya bu məlumatı təsdiq etmədi. Rizənin çox mənzərəli Ayder yaylasında yer-yataq salandan sonra turun proqramına uyğun axşamüstü "Huser yaylası"na ekskursiya təşkil olundu (Rizə öz yaylaları ilə tanınır). Reklam dəstəyi tərəfdən "bulud səndən aşağı-filan, eşsiz bir gözəllik, buludların üzərindən günbatımının möhtəşəm izlənməsi" kimi cəlbedici anonslar səsləndi. Arada da ağızucu qeyd olundu ki, təzyiqi olanlar nəzərə alsınlar, yüksəklikdi... Vəssalam! Turun rəhbəri də 18 yaşında bir uşaqdı. Uşaq niyə deyirəm? Elə adam var ki, 18 yaşında ağsaqqal kişidi. Bu isə ev, ana uşağı, çox qəşəng, incə, çox mədəni. Adam istəyir, uşağı ürəyinə qoysun. İstanbulda Universitetdə oxuyur. Əslində, agentliyin rəhbəri atasıdı, idarəçilik ondadı. Səlimbəy adlı bu oğlan isə, sadəcə, Bakıda olan atasının tapşırıqlarını icra edir. Həm də çox yarıtmaz. Qrupu toplaya bilmir, heç kim sözünə qulaq asmır, kim nə istəsə, onu edir... Tam özbaşınalıq. Yəni əlindən gələn budu. İş adamı deyil, bir sözlə. Fikri-zikri başqa yerdədi, marağı, həvəsi başqadı. Ata məcbur edir, işə-gücə əyir. Bundan qabaq da onunla yüngülvari insidentim olmuşdu, mənə oteldə ikinci mərtəbədə yer verdiyinə görə. Narazılığımı bildirəndə nəzakətlə dedi ki, mən sizin yaşınızı nəzərə alıb alt qatda yerləşdirdim (dördmərtəbəli binada lift yox idi). Xoşum gəlməsə də, söhbəti uzatmadım. Bir tikə uşağa nə deyim? Nə isə. Belə...

Dediyim o məşhur yaylaya getmək üçün 6-da çıxmalıydıq. 7 oldu,  tərpənmədik. Türklər demiş,"yeddi bucuq, bizimcə səkkizin yarısı", Səlimbəy güc-bəla ilə milləti bir yerə yığa bildi və iki "Vita" ilə yola düşdük... O biri maşınla işim yoxdur. Bildiyim qədər orada ciddi bir problem yaşanmayıb. Mən öz maşınımızda baş verənləri danışıram... "Vita" başladı dağa dırmaşmağa. Mən də rəfiqəmlə birinci sırada oturmuşuq. Öz aləmimizdə sevinirik də ki, yaxşı yer seçmişik. Bir az gedəndən sonra rəfiqəm dedi ki, mənim bu yoldan heç gözüm su içmir, nə qədər gec deyil, gəl biz qayıdaq. Mən də qayıtdım ki, Xınalıqdan ağır olmayacaq ki?! Bir də, o boyda Şuşaya, Laçına gedib-gəlmişik, inanmıram onlardan çətin olsun, qorxma... (Hələ müvafiq hormonlarım hərəkətə gəlməmişdi). Müqəddəs, rəfiqəmin adı belədi, razılaşdı. Bir az da getdik. Daha doğrusu, maşın ləhləyə-ləhləyə diki çıxmağa davam etdi və... birdən yerə mıxlanmış kimi dayandı. Minibusun içi dalğalandı, sorğu-sual başlandı: "Ay şofer, nooluub, niyə dayandıq?" Şofer isə sanki heç kəsi eşitmir, telefonunu çıxarıb video çəkirdi. Nəhayət, işini bitirib bizə cavab verməyi lazım bildi ki, verməz olaydı: "Mən maşını bu gün almışam. Birinci dəfədir bununla yola çıxıram. Hələ dilini bilmirəm. Elə video çəkib atdım aldığım yerə ki, görsünlər, necə məni yolda qoyub. Sonra inanmazlar". Maşında narazılıq, narahatlıq başladı...

- Niyə nasaz maşınla yola çıxmısız?

- Belə iş görərlər?

- İndi biz dağın başında neyləyək?

Və belə vəziyyətlərdə həmişə katalizator tapılır:

- Görəsən, buralarda vəhşi heyvanlar olur?

 

Ara qarışdı, məzhəb itdi... Haray-həşir, hamı bir-birinə dəyib, dağın başında avtobus çalxalanır... Və... bütün bu ajiotaj tam gücü ilə işləyən maqnitofondan gələn qırıq-qırıq Karadeniz şarkıları ilə müşayiət olunur:

 

"Denizden haber geldi, gel çıkalım dağlara,

İsyan olmuş sevdamız dağları sara-sara..."

 

Şofer də var gücü ilə motoru işə salmağa çalışır. Bu səslərin altında... Zalım oğlunun əsəbinə həsəd aparılasıdır. Heç olmasa, əlini uzadıb maqnitofonun "xod"unu da almır... Necə deyərlər, görək kim-kimi...

Neçənci cəhddən sonra - bilmirəm, nəhayət, maşın işə düşdü. Biz də, pilot alqışlanırmış kimi, Mərd adlı sürücümüzə əlçalmalarla motivasiya verdik. Amma öz aramızdır, heç sevinməyin yeri yox idi, nəyə şadlandığımızı da bilmirdik. Maşının xarab olmağı bir tərəfə, bir az da yoldan deyim... Yol nə gəzir? "Qruntovoy" - bir, ensiz - iki, landşaft qupquru, bozalaq, bu hündürlükdə yaşıllıq olar? Canım sənə desin, hər tərəf uçurum! Bir santimetr sağa, ya sola, yuvarlanırsan uçuruma. Yol deyilən cığır iki qarışdır - damdar. Üstəlik, aşırımlar.  Sərt döngəni qət edəndə, düz uçurumun tinində motor yenə söndü... Bu da az deyilmiş kimi, minibusun siyirmə qapısı sürüşüb açıldı və sərnişinlərdən çıxan qiyyə Rizə dağlarında əks-səda verib uçuruma töküldü.

 

 

 

- Qapını tutun, qapını, - deyə şofer var gücü ilə qışqırdı...

İki qüvvətli adam irəli keçib qapıdan yapışdılar.

- Anasını satayım, qapı da çalışmır, - deyə Mərd dodağının altında deyindi.

 

Maqnitofondan gələn şarkı isə öz işində idi:

 

"Birden vurdi karayel, tutulduq furtunaya

"Dalğalar kurşun oldi, can verduk bu sevdaya...

 

Şarkı da şəraitə uyğun idi. Sanki fəlakət çağırırdı... Hamı düşdü şoferin üstünə, hərə bir tərəfdən. Müqəddəs, vəziyyətin uçuruma getdiyini görüb, köhnə orqan işçisi, milis mayoru kimi asayişi qorumağa, panikanı yatırtmağa çalışdı:

- Ay camaat, sakit olun, şoferi çaşdırmayın, hamımızın taleyi onun əlindədi! Özü də deyir ki, 4 ildi bu yolu gedib-gəlir, gəlin ona inanaq.

Bir anlıq sanki qurbağa gölünə daş atdılar, hamı susdu. Həm vəziyyətin ciddiliyini anladılar, zatən, başqa yolumuz da yox idi... Oşo da deyir ki, qorxunun üstünə get...

Maşın bir-iki həmlədən, silkələnmədən, xırıltıdan sonra yenə də hərəkətə gəldi və indidən deyim ki, daha sönmədi. Nə gedəndə, nə də qayıdanda... Amma həyəcan işini görmüşdü. Bəlkə də... yəqin ki, maşın saz olsaydı, bu cür qorxmazdıq... Həm də, hamı bir-birinə baxırdı. İsterika da yoluxucudur axı. Hər şey üst-üstə gələndə də, belə "partlayış" baş verir. Mərd də gözünü yoldan çəkmədən nə əcəbsə, bizi ciddiyə alıb səsləndi ki, qorxmayın, 2019-un arabasıdır, olur belə şeylər. Əslində, bu maşının zəif bəndi elə sürücünün özü idi...

Minibus yavaş-yavaş irəliləyirdi. Mərddən soruşdum ki, çox qalıb?

- Azı gedib, çoxu qalıb.

Heç olmasa sakitləşdirmək üçün "nağıl" danışa bilərdi ki, az qalıb. Bu hələ harasıdır? Üstəlik, hamının eşidə biləcəyi səslə elan da etdi ki, qayıdanda yol daha "kötü"! Mənə elə gəldi ki, o, bizi saymır... Bəlkə də qəsdən edir, sadizmə meyillidir. Ya da, tərbiyəsi belədir, uşaqlıqda necə öyrədiblərsə, yalan danışa bilmir. Bu qədər adamı çıldaq edər, amma saxta məlumat verməz... Bu sözdən bağrı yarılan sərnişinlər yenə haqlı olaraq ayağa qalxdılar ki, bizə niyə yolun bu vəziyyətdə və belə uzaq olduğu deyilməyib?

Birdən arxada oturan uşaqlı qadın çığırdı: - Ay aman, yolun yarısı yoxdu!!!

Bayaqdan üzümü Müqəddəsə çevirmişdim ki, yolu görməyim... Bunu eşidəndə pəncərəyə baxdım. Yol tamamilə yeyilmişdi. Nəinki yarısı, heç yarısının da yarısı yox idi. Elə qışqırmaq istəyirdim ki, maşının qapısı yenə şırıppıltı ilə açıldı... Katastrof filmlərini sevirsinizmi? Mən dəlisiyəm! Bəlkə də, elə o səbəbdəndir ki, sövqi-təbii gəlib "ilanın yuvasına" girmişdim. Allah-Təala da gördü ki, elə baxdığım "Ekipaj"dı, "Poseydon"du, "Armaqeddon"du, yutubda axtardığım tornadodu, sünamidi, kataklizmlərdi, buyurdu ki, al, bu da sənə canlı qəza! Kainata ötürdüyüm mesaj özümə qayıtmışdı. Mənimlə də birlikdə bir avtobus adama. Onlar da mənim oduma yanırdılar, bəlkə.

Avtobusda baş verənləri canlandırmaq üçün bir Pikasso lazım idi... Birindən irəliyə uzanan əl, digərindən qorxudan sudorqa tutmuş ayaq, başqa birindən hədəqədən çıxmış göz götürüb şedevr yaratsın. Tam ortaya da "Vita"nın rulunu qoysun, ətrafına da daş-kəsək. Hə, romantika üçün üstünə bir az da yağış çiləsin... Amma onda bütün bunları düşünəcək halda deyildim. Səsimi başıma atıb anamı haraylayırdım. Müqəddəs dayanmadan "Ayətül-kürsü" oxuyurdu, arxamda əyləşən patoloqo anatom xanım isə Mirmöhsün ağaya nəzir deyirdi. Sol tərəfdəkilər bərkdən ağlaşır, sağdakı müəllim kəlimeyi-şəhadət gətirirdi... Bu "büsat" tək minibusdakı baxça yaşlı uşaqlara əyləncəli idi, nə baş verdiyini anlamır, maraqla bir-birinin qulağına nə isə deyirdilər. Dərindən həyəcanlanmaq üçün onlar hələ çox kiçikdilər. Mərd isə "belə qorxaqlara ilk dəfə rast gəldiyini" deyib başını bulayırdı. Bu yolu 4 il gedib-gəlməyinə inansaq, haqlı ola bilərdi. Bəs bizim tərəfimizdən baxanda? Qorxu təbii, normal bir hissdir. Sağlam qorxu xəstəlik deyil, simptom, əlamətdir ki, bizim situasiyada bütün "gözəlliyi" ilə üzə çıxmışdı. Hamının qılıqsız sandığı ortayaşlı qadın qorxusundan "dil açmışdı", qabağa keçib şoferə maşın sürmək öyrədirdi: - Niyə yarğanın qırağı ilə gedirsən? Sən istiqaməti bu tərəfdən götür ki, ağırlıq boşluğa düşməsin...

Bayaqdan böyük dözüm nümayiş etdirən Mərdin birdən səbir kasası daşdı: hansısa bir diletant xanım onun məsləkinə qarışırdı. Sükanı buraxıb geri döndü: "Abla, kurbanın olayım, senin canın can da, benimki patlıcanmı?!" İlk dəfə eşitdiyim bu sözə sonra arxayınlıqda ləzzətlə gülmək üçün onu ağlımın bir köşəsinə yazıb yenə döndüm situasiyanın mərkəzinə. Sıldırımda bir an sürücüsüz qalıb müvazinətini itirən maşın ləngər vuranda gözlərimi bərk-bərk yumub instinktlə rəfiqəmdən yapışdım. "Panik atak" hücuma hazır vəziyyətdə idi. Gözümün qabağına sabahkı qəzetlər, daha doğrusu, onların manşetləri gəldi...

- Muqaa, çox qalıb?!

Müqəddəs, bu yollara bələdmiş kimi, "yoox, çatmışıq" deyib məni sakitləşdirirdi.

 

Maqnitofon isə bağırırdı:

 

"Hey gidi Karadeniz, dağlarunda sis-duman,

Kurşuna tutuldi aşk, güneşü suvadı kar..."

 

Mərd, kişi kimi, sona qədər sözünün üstündə durdu, musiqinin səsini azatmadı ki azaltmadı. Bəlkə də, bizim səsimizi batırmaq üçün... Hələ arada fit çalıb züy də tuturdu. Yəqin o da özünüterapi üçün...

Bir əlimiz qapıda, bir əlimiz göydə ölüm-zülümlə gəlib çatdıq Huser yaylasına. 2300 metr yüksəkliyə qalxmışdıq. Neçə maşın, nə qədər adam var idi! Zirvədəki qələbəliyi, ən azından tənha olmadığımızı görüb çox sevindim. Mən elə bilirdim, yalqızlıq olacaq (insan bilmədiyindən qorxur), amma burada gənclər bizi "Doğu Karadeniz bölgesi"nin ən hızlı - çevik rəqsi olan horonla qarşıladılar. Təxminən, bizim yallı kimi. Gün çoxdan batmışdı. Dumandan göz-gözü görmürdü. Əlini sal buludun içinə, çıxar. Poeziyada var a: bulud kimi toxunulmaz? O, artıq arxaizmdir. Hamımız su içində idik. Sonra bildim ki, buranın bir adı da "Sis dənizi"dir. Həm də, Rizə Türkiyənin ən nəmiş şəhəridir. Gördüyüm mənzərədən dəhşətə gəldim. Uçurumun ucunda hündür bir yelləncək asılmışdı ki, o da bu qeyri-adi anturajı tamamlayırdı. Yelləncəyin də sığortası-filanı yox idi, eləcə yellənənin belinə yalandan nazik bir boş ip bağlayırdılar. O da uçurumun üzəri ilə, buludların üstü ilə uçur, dumanda görünməz olur, geri qayıdıb yenə peyda olurdu. Xalis adrenalin! Bu dəfə gənc bir qız oturdu. Yelləncək itələnənd əqız özünü geri gərib üfüqi vəziyyət aldı, yelləndikcə ancaq aşağıya uzanan saçları görünürdü. Ona baxanda dizlərim əsdi. Vəhşi təbiət mənlik deyil. Öz doğma sivilizasiyamızı sevirəm ki, burada da (çox hayıf!) onun nişanələri yalnız ətrafa səpələnmiş zibillərdən ibarət idi. Tək bura belə deyil. İnsana aid nə varsa, hər yerdə özünü göstərir, abadlıq da, xaraba qoymaq da. Deyirlər, Everestə qalxmağa o halda icazə verilir ki, geri qayıdan turist oradan özü ilə 8 kq. zibil gətirməlidir. Təsəvvür edin də, orada vəziyyət necədir? Elə bil yer tapılmır, alpinistlər dünyanın ən yüksək zirvəsinə piknikə gedirlər. Əks halda, niyə Everest SOS çağırır?!

Huser, tərif edildiyi kimi, "qəlb dincələn" bir məkan deyildi. Əksinə, ekstrim sevənlər, dağ turizmi həvəsliləri üçün adrenalin partladan yerdir.

Birdən yağış başladı. Daha dayanmayıb maşınımıza doğru gəldim. Mərd yox idi. Onu xəbər alanda digər şoferlər "kalp krizi geçirib", - deyə zarafat da etdilər. Yəqin anladıbmış başımıza gələnləri. Qayıdanbaş rahat oldu, heç kimin cınqırı çıxmırdı. Mərd də sevinirdi ki, nə yaxşı, qaranlıq düşüb, yolu görmürük. Əslində, indi daha çətin idi, yağış yağıb yolu sürüşkən eləmişdi, özü də üzüaşağı. Adətən yol qəzaları elə pis hava şəraiti ucbatından baş verir. Qaranlıq da xeyrimizə deyildi. Amma ustad demiş: nə gözlərim görsün, nə könlüm qubar eyləsin... Artıq həm öyrəşmişdik, həm də Mərd imtahandan mərd çıxmışdı. Əslində, heç halımız da yox idi. Bütün enerjimizi gedəndə xərcləmişdik. "İlk dəfənin qorxusunu"da atlatmış kimi görünürdük. Taleyimizlə barışıb özümüzü Mərdin ixtiyarına vermişdik. Yerimizə gəlib çatanda ona dedim:

- İndi yəqin hər yerdə bizdən danışacaqsan?

O da: - Yox, abla, olan olduğu yerdə qalar, - deyə mərd-mərdanə cavab verdi.

Otağıma qalxanda Səlimbəyi gördüm: - Ay bala, bura gəl görüm... Sən guya mənim yaşıma hörmət edib ikinci mərtəbədə yerləşdirdin. Bəs 2500 metr hündürlüyə çıxaranda niyə onu düşünmədin?

Sözümü deyib uzaqlaşdım, onu daha artıq utandırmaq istəmədim. Gördüm ki, ağlı bu qədər kəsir, oranın camaatının dediyi kimi, "kafası öyle çalışıyor..."

Nömrəmə qayıdıb rahatlanandan sonra əvvəl etməli olduğumu sonda etdim, dostum-sirdaşım "Google"da Huser yaylası yazıb axtarış verdim: "Doğanın kucağında sakin bir cennet, doğal güzellikleriyle ünlü bir yer" tərifini oxuyan kimi səhifəni bağladım. Gördüyümü görmüşdüm. Gözlərimlə... Getməyimə peşman idimmi? Onda hə. Amma indi - deyə bilmərəm. O zaman fərqində olmasam da, indi göz yaddaşımda qalanları bərpa edəndə düşünürəm ki, hər kəs, ömründə bir dəfə də olsa, özünü buludların arasında bulub buluda toxunmalıdır.

Səlimbəylə isə nəinki münasibətimiz düzəldi, turun müddəti bitənə qədər hətta dostlaşdıq da. Sümela monastırından qayıdanda yağış yağdığından eniş-yoxuşlu yol sürüşkən və keçilməz olmuşdu. Cavan oğlan centlmencəsinə köməyini təklif etdi. Razı olmurdum, heç əziyyət vermək istəmirdim. Çox təkid və hətta inad etdi. İnadı da elə nazik-nazik edirdi ki! Qəbul etməkdən başqa çarəm qalmadı. Yəqin həm də ikinci mərtəbəni və 2500 metr məsələsini "telafi" etmək istəyirdi.

Sonda qeyd edim ki, bu yazı, türkiyəli qardaşlarımız demiş, "gerçek bir olaydan uyarlanmışdır..."

 

Dilarə ADİLGİL

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.20;21.