"Reallığı görə
bilmirik deyə yuxunu reallıq kimi qəbul edirik"
Sənətşünas Ülkər Veysəlli-Hacıyeva:
"Sivilizasiyanın inkişafı, informasiya bolluğu fonunda
hamımız bir çaşqınlıq içində
yaşayırıq"
Yaradıcılıq və sənətin mədəniyyət
adlı bir ünvanı var. Amma özlüyündə o qədər
zəngin bir sahədir ki, araşdırdıqca, qatların dərinliyinə
vardıqca, yığıb-yığışdırmaq olmur,
ardı elə hey gəlir. Mədəniyyət bir milləti
var edən əsas üç amildən biridir. Azərbaycan mədəniyyəti
və incəsənəti ilə bağlı qəzetimizdə
kifayət qədər yazılar, müsahibələr öz əksini
tapıb və davam da edir. Dəfələrlə olub ki, mədəniyyət
adamlarının içində sənətşünaslıq
elmi dərəcəsini daşıyan müsahiblərimizlə
də rastlaşmışıq. Lakin sırf sənətşünas
kimi bir həmsöhbətim olmamışdı bu günə
qədər. Bir təsadüf onu da qarşıma
çıxardı. Üstəlik, onun mərhum bir həmkarımızın
qızı olduğunu biləndə, bu fürsəti əldən
vermək istəmədik. Beləliklə, əziz oxucu, şənbə
nömrəmizin bugünkü müsahibi jurnalist,
yazıçı-publisist Nemət Veysəllinin qızı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Veysəlli-Hacıyevadır.
- Dünya narahat, bizlər də Ağ babanın yolu
ilə yürüməkdə...
- Haqlısınız... Dünya da gərgindir, elə
həyatımız da. Amma düşünürəm ki, bu gərginliyin
içində insan nikbinliyini yüksək tutmağı
bacarmalıdır. Ona görə ki, davam edən həyatda
nikbinlik insanın yardımçısı olaraq, onu bir
çox çətinliklərdən xilas etmiş olur.
- Ziyalı ailənin qızı sənətşünaslıq
sahəsini seçdi...
- Mən ətrafında daima qələm, kitab görən
bir mühitdə böyümüşəm. Atam qələm əhli,
anam kitabxana rəhbəri idi və ziyalı ailəsinə xas
xüsusiyyətlər daxilində boya-başa
çatmışam. Bu ənənə ilə
böyüdüyümüzdən onları hələ də
özümdə yaşadıram. Mədəniyyət və
İncəsənət Universitetinin mədəniyyətşünaslıq
ixtisasına yiyələndim. Magistr dərəcəsindən
sonra Azərbaycan Rəssamlıq Akademiyası fəaliyyətimin
ilk ünvanı oldu və elə orada da "Naxçıvan
rəssamlarının yaradıcılığında
üslub və istiqamətlər" mövzusunda namizədlik
işimi müdafiə edib sənətşünaslıq
üzrə fəlsəfə doktoru dərəcəsini
aldım. Uzun müddət fəaliyyətim bu akademiya ilə
bağlı oldu. Daha sonra bir sənətşünas kimi yolum
İçərişəhərdə "Art Qarden"
İncəsənət Qalereyasından keçdi. Hazırda isə
bir sənətşünas olaraq yaradıcı
insanlarımızın fəaiyyətini əhatə edən məqalələrlə
çıxışlar edirəm. Məqalələrimin əsas
istiqaməti Naxçıvan rəssamlarıdır,
çünki elmi işimin mövzusu onlar olub. O zaman mənə
bu mövzunu işləməyi məsləhət görəndə
çox tərəddüd keçirdim ki, axı mənim
Naxçıvanla heç bir əlaqəm yox idi, orada
heç kəsi tanımırdım. Lakin
araşdırmalarım davam etdikcə, materiallar topladıqca
Naxçıvan rəssamlarının
yaradıcılığının sözün həqiqi mənasında
vurğunu oldum. Və bu gün də tükənmək bilməyən
bu mövzu üzrə məqalələrimlə yola davam edirəm.
Bir sənətşünas kimi daha da mükəmməlləşməyimdə
bu, mənə çox bilgilər verir.
- Böyüdüyünüz ziyalı ailənin
başçısı Nemət Veysəlli...
- Ümumiyyətlə, valideyinlərimiz bizə hər
şeyin mənəvi tərəfini aşılayıb.
Bütün dövrlərdə maddiyyatı üstün tutan
mühit olub. Atam istənilən cəmiyyətdə mənəviyyatı,
dəyərlərimizi üstün tutmağı tövsiyə
edib. Onu ötən il itirdik. Qız övladı
üçün ata itkisi ağır olur. Ata faktoru çox
böyük anlayışdır. Mən atamı itirəndə
keçirdiyim ağır sarsıntıya söykənərək
bunu deyirəm. Nemət Veysəlli müasir hərbi
jurnalistikanın görkəmli nümayəndələrindən
biri olub. Hələ I Qarabağ müharibəsi dövründə
atam Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan
ordusu" qəzetinin hərbi müxbiri idi. O illəri yəqin
ki, xatırlayırsınız, çox ağır, çətin
vaxtlarda atam ön cəbhədə olub və bütün xəbərləri
qaynar nöqtələrdən qəzetə göndərib. O,
böyük vətəndaş idi, çünki
özünü torpağına, millətinə, xalqına həsr
edən, bu yolda can yandıranlardan biri olub. Onun
yaradıcılığı, insanlığı, şəxsiyyəti
ilə o qədər qürur duyuram ki... Nemət Veysəlli ədalətli,
sözün düzünü deyən və bundan çəkinməyən
bir insan idi. Bilsəydi ki, sözün düzünü deyib
bundan əziyyət çəkəcək, yenə də
yolundan dönməzdi. O yerdə ki, atamdan tənqid əvəzinə
tərif gözləyirdilər, o, cəsarətlə tənqidi
deməyi bacarırdı. Düzgünlük onun həyat
prinsipi idi. Onun yazılarını oxuyanda həmişə bir
məqam məni cəlb edib. Nemət Veysəlli məqalə
və oçerklərində cəmiyyətin
alçaldılmış, təhqir olunmuş, başqaları
tərəfindən tərk edilmiş insanlarını həmişə
gözəl təsvir edib. Cəmiyyətin bər-bəzəyi,
təm-tərağı, bir məşhuru tərifləmək
kimi tərəflər onun yaradıcılığından
çox uzaq olub. Onun qəhrəmanları fiziki cəhətdən
kiçik olsalar da, mənən həmişə ucada
dayanıblar. Digərlərinin ört-basdır etmək istədiyi
problemləri atam yaradıcılığında daima
qabardıb. Mənim üçün Nemət Veysəlli bir
ata, bir ziyalıdan savayı, haqq-ədalətin tərəfdarı
olan insanlıq simvoludur. Ailədə çox tələbkar
idi. Deyərdi ki, bir insanın yanında onun
şan-şöhrəti, var-dövləti naminə deyil,
insani xüsusiyyətlərinə görə dayanın. Eynilə
də sizə yaxınlaşanlar daxili
insanlığınıza, təmiz mənəviyyatınıza
dəyər versinlər. Onun haqqında danışanda dərhal
kövrəlirəm, eyni zamanda özümə təsəlli
verirəm ki, nə yaxşı belə bir insanın
övladıyam.
- Sənətşünas haqqında danışaq...
- Əsrin əvvəlindəki sənətşünasla
bugünkü arasında böyük fərq var. Bu gün
texnologiya elə bir inkişaf mərhələsindədir ki,
bütün sahələr üzrə sürət artır.
Dövrümüzdə sənətşünas dünyada gedən
prosesləri insan mənəviyyatına, ruhuna, əxlaqına,
mədəniyyətinə, insanın düşüncəsinə
belə, təsirini analiz etməyi bacaran, onu bu gün cəmiyyət
üçün düzgün təqdim edəndir. Bir rəssamın
çatdırmaq istədiyini tamaşaçı görməyə
bilər. Sənətşünas isə məhz onun görmədiyini
insana çatdırandır. Bu gün sənətşünas
bütün sahələrdə var. O, həm tarixçidir, həm
həkimdir, həm siyasətçidir, həm musiqiçidir,
yəni onun müdaxilə etmədiyi bir sahə yoxdur. Ona
görə də dövrümüzdə sənətşünasların
daşıdığı məsuliyyət yükü
çox ağırdır. Artıq hər hansı bir əsərin
təhlili ilə məşğul olan sənətşünas
yoxdur. Cəmiyyətdə baş verən qlobal proseslərin,
dəyişikliklərin içində insan
çaş-baş qalır və məhz sənətşünas
bütün bu çaşqınlığı ona sadə bir
dildə təqdim etməyi bacaran kəsdir. Mədəniyyət
bu gün dünyada informasiyanın qəbul olunacağı
dillərdən biridirsə, sənətşünas onun tərcüməçisidir.
- Dediniz ki, sənətşünas bu gün
bütün sahələrə baş vurmaq
iqtidarındadır. Bu sahələrin içində mədəniyyət
daha əhatəlidir. Mədəniyyətimizin bu günü
haqqında sənətşünas fikri...
- Sualınızı qane edir və ya etmir deyə, bir
cavab versəm, bu, düzgün olmaz. Düşünürəm
ki, Azərbaycan mədəniyyətinin vəziyyəti necədir
sualına cavab vermək lazımdır. Bu gün dünyəvi
şəbəkənin mövcud olduğu eranı
yaşayırıq. Artıq məhdud miqyasda düşünmək
mümkün deyil. Çünki sivilizasiyanın
inkişafı, informasiya bolluğu fonunda hamımız bir
çaşqınlıq içində yaşayırıq və
ona görə də çox vaxt yanılırıq.
Reallığı görə bilmirik, gördüklərimiz
bizə qarabasma kimi gəlir və əksinə, yuxunu
reallıq kimi qəbul edirik. Biz insanlar bunun izahını
tapmaq üçün ya iştirakçı olmalıyıq,
ya seyrçi. Və mədəniyyət də bu gün
seyrçilikdən çıxıb iştirakçı
mövqeyində dayanmalıdır ki, insanların
düşdüyü panikada, ajiotajda, stresdə, informasiya
bolluğunda onlara kömək edə bilsin.
- Mən yenə də mədəniyyətimizdən,
daha doğrusu, onun bir qolundan danışmaq istərdim. Konkret
olaraq kinomuzdan...
- Kino kollektiv sənət növüdür. Yəni
burada bir nəfərin deyil, bir yaradıcı kollektivin əməyi
var. Bu gün hara fırlansaq da, nəticə gəlib maddiyyata
söykənir. Bizim nəhəng kino sənətimiz olsa da, bu
gün həmin sahə acınacaqlı dövrünü
yaşayır. Nəyə görə? Düşünən
başlar var, yaradıcı gənclər var, peşəkar
rejissor və ssenaristlər var, lakin məntiqli bir film yoxdur.
Əvəzində məişət dedi-qodusu zəminində
çəkilərək, müəyyən
tamaşaçı kütləsini cəlb edən seriallarda
görürəm ki, istedadlı aktyor da var, peşəkar
rejissor da, savadlı ssenarist də. Amma gərək ki, bu
istedaddan düzgün istifadə edilsin. Ona görə deyirəm
ki, kinomuz üçün aktyor da var, rejissor da var, mövzu da
var. Çatışmayan tək şey maliyyə vəsaitidir.
Dövlətin kinoya qayğısı da var, maliyyə dəstəyi
də, lakin görünən odur ki, bu, kifayət etmir.
İstedadı olan aktyora yaxşı qonorar verilməlidir ki,
o, bayağı filmlərə üz tutmasın. Bu, rejissorlara
da, ssenari müəlliflərinə də aiddir. Kino sənətinə
böyük sərmayələr lazımdır. Təəssüf
ki, bu vəsait yalnız seriallar üçün
tapılır.
- Demək ki, filmlərin kölgədə
qalmağında serialların payı var...
- Var... Cəmiyyətdə hər növ təbəqə
yaşayır. Çəkilən seriallar da müəyyən
bir təbəqə üçün nəzərdə tutulub.
Əgər bir rejissor çəkdiyi serialda cəmiyyətin
problemlərini, güzəranını, nailiyyətlərini əks
etdirirsə, buna ancaq sevinmək olar. Amma bu gün bizim
seriallarda nələr var? Yaradıcı və bacarıqlı
bir heyət birləşib ortalığa bir iş qoyur. O
işin isə bir mövzusu var - məişət, ailə
ziddiyyəti və münaqişəsi. Ailə
özlüyündə böyük mövzudur, bu, öz yerində.
Lakin bizim cəmiyyətdə insan intellektini, düşüncəsini
yüksəldə biləcək o qədər mövzu var
ki... Olmazmı bu seriallar yolu ilə həmin mövzulara
toxunaraq və tamaşaçı təbəqəsinin
zövqünü artıraq? Çexovun gözəl bir
sözü var: "Teatrı xalqın səviyyəsinə
salmayın, xalqı teatrın səviyyəsinə
qaldırın". Yəni bu seriallar ona tamaşa edən təbəqənin
düşüncə tərzinin,
dünyagörüşünin ikişafına yönəlsə,
daha yaxşı olmazmı? Bax, bəla da elə
burasındadır. Olmazmı düşünən bir beyin elə
bizi düşündürən bir mövzuya müraciət
etsin? O cür mövzular isə kifayət qədərdir.
- Bir xalq, bir millət olaraq ağrılı 30 il
yaşamışıq. Bu mövzuya müraciət heç də
ürəkaçan deyil...
- Bilmirəm fikrimi necə izah edim ki, yanlış
anlaşılmasın. Bəzən cəmiyyətdə
müharibə yolu keçənlər haqqında
qeyri-sağlam bir düşüncə ilə
qarşılaşıram. Bunun da səbəbi odur ki, dediyiniz
30 illik yol, şəhidlər, qazilər, müharibə
iştirakçıları kifayət qədər
işıqlandırılmayıb. Bu proses mədəniyyət
və incəsənətin bütün sahələrində
düzgün istiqamət götürsəydi, belə ürəkağrıdıcı
hallarla rastlaşmazdıq. İdeoloji təbliğatı elə
bir xətt üzərində qurmaq lazım idi ki, bu salnamə
vətənpərvərlik ruhunun yüksəlməyinə
xidmət etsin. Bəzən içimizdə elə gənclərlə
rastlaşıram ki, Vətəninə, dövlətinə,
millətinə nifrətlə yaşayır. Adamı vahimə
basır ki, hardandır bu qədər zəhər? Deməli
ki, təbliğatımız kifayət qədər deyil. Mədəniyyət
və incəsənət xadimləri bunun üzərində
ciddi düşünməlidir. Onlar insanın hisslərinə
təsir edən sənət nümunələri üzərində
ciddi düşünməlidirlər ki, yetişən gənclik
ətrafına qara pərdə arxasından baxmasın.
- Amma bu 30 ilə 44 gün bir zəfər
möhürü vura bildi...
- Hisslərimə qapılsam da, deyirəm ki, bu 44
gün labüd idi. Bu 44 gün bizim mənliyimizi qaytardı,
başımızı dikəltdi, inləyən şərəfimizi
tapdaq altından xilas etdi, çirkab içində
çabalayan ləyaqətimizə ağappaq bir don geyindirdi,
bizi özümüzə qaytardı. Batan səsimiz elə
açıldı ki, düşmən
bağırtımızdan hürkdü. İgidlərimizin
qanı Vətənin daşlarında iz qoydu və yol gözləyən
torpaqların intizarı bitdi. İndi isə o torpaqlar artıq
sakinlərini qarşılamağa başlayıb. Bu qələbəni
bizə yaşadanlara tək özümüz deyil, neçə
nəsil övladlarımız da, borclu olacaq.
SÖZARDI: Elə dəyərlər var ki, insan
kimliyindən, hansı yaşda olmağından asılı
olmayaraq, onlar haqqında danışanda kövrəlməyə
bilmir. Ülkər xanım atası Nemət Veysəlli və
bir də ana Vətənimiz haqqında danışanda nə
hisslərini, nə də səsindəki titrəyişi gizlədə
bildi. O yerdə ki söhbət ən həssas dəyərlərdən
gedir, insanı heç bir qüvvə saxlaya bilməz.
Tamilla M-zadə
525-ci qəzet .-2024.-31 avqust (№157).- S.18.