İşıqlı ümidlər  

GƏNC AKTRİSA NƏZRİN ZEYNALOVANIN SƏHNƏ DEBÜTÜ İLƏ BAĞLI İNAMLI DÜŞÜNCƏLƏR

 

 

Gənc Tamaşaçılar Teatrı "Milli" statusa layiq görüləndən sonra kollektivin ilk yeni yaradıcılıq işi Abdulla Şaiqin nasir-dramaturq Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında yazdığı "Qaraca qız" pyesinin tamaşası oldu. Premyerası 2 iyun 2024-cü ildə göstərilən bu tamaşada Mədəniyyət və İncəsənət Universitetində magistr təhsilini başa vurmuş gənc aktrisa Nəzrin Zeynalovanın debütünü gördük. O, əsərin qəhrəmanı Tutunu (Qaraca qızı) ifa edir. 95 yaşını adlamış kollektivin truppasına ilk kövrək addımlarından uğurla yovuşa bilməsi aktrisanın ifasının əsas münbit zəminlərindən biri kimi diqqəti cəlb edir.

Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova (rejissoru Nofəl Vəliyev) Tutu rolunu Nəzrinlə bərabər, Asya Atakişiyevaya da tapşırıb. Hər iki seçim uğurludur, amma Asyanın kifayət qədər səhnə təcrübəsi var və onun uğurlu oyunu gözləniləndi. Mən bu aktrisaların ifalarını müqayisə etmək fikrində deyiləm, inamla onu demək istəyirəm ki, hər iki Tutu tamaşanın ümumi estetikasına, rejissorun müəyyənləşdirdiyi ideyaya, üslub-janr estetikasına uyğundur. Bununla belə, onların ifalarının ayrılıqda öz fərdi səciyyələri var və bu keyfiyyətlərin müxtəlifliyi aktrisaların oyunlarını fərqləndirir.

Mən magistr pilləsində Nəzrinə dərs demişəm və yeganə tələbəm olub ki, ona ən yüksək balı - 50 balı vermişəm. Hətta ona təklif etmişdim ki, dissertasiya mövzusu götürsün, mən də onun elmi rəhbəri olaram. Ancaq Nəzrin səhnəni seçdi. Bəlkə də nə yaxşı ki, təcrübi işi seçdi. Nəzrinin səhnə məlahəti, davranış səmimiyyəti, təbiiliyi, enerjisi, obrazın tələb etdiyi lirik-psixoloji çılğınlığı məharətlə canlandırması onun gələcəyinə böyük ümidlər doğurur.

Adı Tutu olan, güclü zəlzələdən sonra doğmalarını itirən (Piri baba nəvəsini axtara-axtara onu sonradan tapır) qızcığaz qaraçı taboruna rastlaşır. Tutunu xilas edən Yasəmən ona qaraçı rəqsləri öyrədir və Qaraca qız kimi qaraçı ailəsinə çörəkpulu qazanmağa başlayır. Aktrisanın qabiliyyətinin ilk işartıları sadə kəndli balası Tutunun Qaraca qıza çevrilməsində özünü göstərir. Qaraca qızın çılğın, oynaq, ritmik rəqslərini məharətlə oynayan Nəzrin Zeynalova eyni zamanda Tutunun qəlbindəki səmimiyyəti, həssaslığı və ülviyyəti də ifadəli estetik vasitələrlə tamaşaçılara təqdim edə bilir. Məhz bu keçidi, obrazın "ikiliyi"ni ahəngdar vəhdətdə tamaşaçıya çatdıran aktrisa ilan çalmış Ağcanın yarasındakı zəhəri sovurmaqla onu xilas etməsinin məntiqi reallığını təsdiqləməyə nail olub.

Qaraca qız Yasəmənin əri, əyyaş Orucun əzazilliyinə, ona işgəncələr verməsininə qarşı çıxa bilmir, əzablara daxili gərginliklə dözür. Məhz bu dözümdə tamaşaçı Tutunun daxili nifrətini hiss edir. Nəzrinin ifasında bu zavallının içində dəhşətli kimsəsizlik dərdinin əzabları var. Bununla belə, biz burada aktrisanın daha bir yaradıcılıq keyfiyyətinin şahidi oluruq; o, Oruca olan qəzəb və nifrətini mənalı sifət ifadələri, hərəkət dinamikasına əsaslanan pauzalardakı sirayətedici baxışları ilə tamaşaçılara çatdıra bilir. Bu məqamda da Nəzrinin səhnə sərbəstliyi heyranlıq doğurur.

Tutunun - Qaraca qızın səhnədə yöndaşları olan obrazları ifa edən aktyorlar Anar Seyfullayev (Piri baba), Zemfira Əbdülsəmədova (Yasəmən), Rəşad Səfərov (Oruc), Elnur Bəhramxan (Bəy), Qəmər Məmmədova (Gülpəri), Simuzər Atakişiyeva (Pəricahan), Aygün Fətullayeva və Zümrüd Quliyeva (Ağca), Ədalət Əbdülsəməd (Əlləz), Mehriban Abdullayeva (Nərgiz) diqqət və məhəbbətlə aktrisanın sərbəst oyununu daha da təravətləndirirlər. Onlar diqqət və qayğıyla, hətta deyərdim cəsarətlə Nəzrini önə buraxır, mürəkkəb hadisələr burulğanında ən kiçik nüanslarla belə gəncə dayaq dururlar. Bu yaradıcılıq ehtiramı, gənclərə qayğıyla yanaşma Gənc Tamaşaçılar Teatrının uzun illərdən bəri formalaşmış gözəl ənənələrindən biridir (Məsələn, Xalq artsitləri Yusif Vəliyevin, Firəngiz Şərifovanın, Süleyman Ələsgərovun, Hüseynağa Sadıqovun, Tariyel Qasımovun, Yasin Qarayevin və başqalarının zəngin təcrübələrini xatırlamaq kifayətdir). Belə yaradıcılıq iqlimində çalşmağa yenicə başlaması Nəzrin Zeynalovanın daha sanballı yaradıcılıq uğurları qazanacağına bəslədiyimiz inamımıza çıraq tutur.

 

İlham RƏHİMLİ

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.17.