Atatürkün
işığı, Abdulhamidin zülməti
Yüz il sonra qapılarını açan saray
Osmanlı İmperatorluğunun son sarayı olan Ulduz,
100 il sonra bütün qapılarını ziyarətə
açdı və ilk dəfə Sultan II Abdulhamidin şəxsi
əşyaları da daxil onlarla əsər sərgilənməyə
başladı. Abidə ötən ay, yəni iyulun 19-dan fəaliyyətdədir.
Altı il davam edən restavrasiya müddəti konservasiya və
peyzaj işləri ilə tamamlandı. Özü də bu dəfə
bağlı qutu kimi gizli saxlanan "Böyük mabeyn",
"Cüt qəsr", "Kiçik mabeyn
köşkü", "Hərəm" kimi bir çox
abidəni də görmək mümkündür. Abdulhamidlə
bütünləşən, Avropa və Yaxın Şərqin
ən böyük kitabxanalarından biri olan saray
kitabxanası, dülgərlik sexi, Ulduz albomlarından
seçilən rəsm əsərləri də ilk dəfə
gün üzünə çıxarıldı. Tarixi əhəmiyyəti
ilə önə çıxan abidə Sultan II Abdulhamidin 33
il dövləti idarə etdiyi və yaşadığı yer
oldu. Son Osmanlı padşahı Sultan Vahdəddin dönəmində
bir müddət istifadə olunsa da, 1922-ci ildə səltənətin
ləğv edilməsi ilə qapılarını qapatdı.
Cümhuriyyətin elanından sonra hərbi məktəbin
istifadəsinə verildi. 1946-cı ildən etibarən Hərbi
Akademiya olaraq fəaliyyətini davam etdirdi, ardınca Mədəniyyət
Nazirliyinin nəzdninə keçdi.
İlklərin yaşandığı dönəm...
Ulduz sarayında ilk dəfə ziyarətə
açılan bölümlərdən biri də
"Böyük mabeyn" köşküdür, Osmanlı
dönəmində əcnəbi dövlət adamlarını
qonaqlayan bu köşk yaxın vaxtlara qədər prezidentin bəzi
qəbulları üçün istifadə edilirdi. Dönəmin
saray həyatını yansıtması baxımından maraq
oyandıran Hərəm bölümü də ilk dəfə
gəziləcək yerlər arasındadır. "Həmid
bağçası" olaraq adlandırılan, müxtəlif
bitki, təbii çay görünüşlü su kanalı
və peyzaj dizaynı ilə diqqət çəkən
bağça da, muzeyin görülməsi vacib olan yerlərindəndir.
Yeri gəlmişkən, bağdakı uzun kanal Abdulhamidin
baş hərflərindən ibarətdir. Yadıma illər
öncə sonralar bağlandığı elan edilən Qafqaz
Universiteti ilə bağlı apardığım
araşdırma gəldi. Bir gün bağı gəzərkən
gözüm universitetin yuxarıdan
görüntüsünü əks etdirən plana
sataşdı. Binanın Fətullah Gülənin baş hərflərini
əks etdirən təməl üzərində inşa
edildiyini görmüş və yazmışdım. Amma "kəramətini"
anlamamışdım. Bina dağıla bilər, su quruya bilər,
halbuki əbədi yaşamaq üçün daha
yaradıcı üsullar var. Bəlkə də baş hərflər
üzərində nəsələrsə tikməkdə
xüsusi "romantika" var, mən bilmirəm.
İlk dəfə görülən abidələr
arasında "Limonluq", "Hamam", "III Səlim
çeşməsi", "Ada köşkü" və
"Cihannüma köşkü" mövcuddur.
Beşiktaş səmtinin Ulduz təpəsində 500 min
kvadratmetrlik böyük ərazidə yerləşir. O dərəcədə
böyükdür ki, sarayın aşağısında
üsyan çıxsa, yuxarısındakıların xəbəri
olmaz.
Sultan Süleyman Qanuniyə qədər...
Abidə bu gün II Abdulhamidin adı ilə
anılır, amma ərsəyə gəlməsində bir
neçə padşahın əli var. Hətta Topqapı
Sarayına olan bənzərliyi ilə diqqət çəkən
Ulduz sarayı, Qanuni Sultan Süleyman dönəmində
padşahlar tərəfindən ov ərazisi olaraq istifadə
edilib. Burada ilk köşkün tikilməsinə qərar verən
Sultan I Əhməd olub. İllər sonra Sultan III Səlim,
anası Mehrişah Sultan üçün ilk qəsri,
atası III Mustafa adına da rokoko üslubunda çeşməni
inşa etdirib. Lakin bəzi araşdırmalarda fərqli məlumatlar
var. Deyilənə görə, III Səlimin Ulduz adında bir
cariyəsi varmış. Sultan ona vurğun imiş, o da bura.
Ulduza jest etmək üçün Sultanın saraya həmin
cariyənin adını verdiyi də rəvayətlər
arasındadır. Hətta III Səlimin inşa etdirdiyi həmin
qəsr illər sonra səltənət ailəsinin sevimli məkanlarından
birinə çevrilir.
Bir müddət sonra taxta oturan II Mahmud isə ərazidə
növbəti köşkü inşa etdirir. Sonralar Sultan
Abdulaziz, Böyük Mabeyn köşkünü,
yaxınlığında Malta və Çadır
köşklərini, əsas qismə isə Çit qəsrini
əlavə etdirir. Sarayın ən canlı vaxtları Sultan
II Abdulhamid Dolmabağça sarayından ayrılıb Ulduz
sarayına köçməsi ilə başlayır. Sultan
buraya gəldikdən sonra Kiçik Mabeyn köşkü, hərəm
binaları, cariyələr dairəsi, Qızlarağası
köşkü, Şalə köşkü, Ulduz məscidi,
teatr, dülgərlik sexi, əczaxana, təmirxana, çini
atelyesi, kitabxana, şahzadə köşkləri inşa
etdirir və adının Ulduz Saray-i Humayun olduğunu elan edir.
Abdulhamidin xüsusi istəyi ilə qurulan çini atelyesi və
dülgər sexi istehsal mərkəzinə çevrilir. Sultan
burada əlləri ilə hazırladığı çini
qabları, dülgərlik sexində oyma işi ilə düzəltdiyi
əşyaları əcnəbi dövlət adamlarına hədiyyə
olaraq göndərirdi. Bütün bu üstünlüklərinə
görə, Ulduz sarayı ölkənin sadəcə idarə
mərkəzi deyil, eyni zamanda mədəniyyət və sənətkarlıq
mərkəzi sayılırdı.
Atatürkün işığı, Abdulhamidin zülməti
Sarayı gəzərkən, Mustafa Kamal
Atatürkün yaddaşlara həkk olunduğu hekayəsinin
yaşandığı otaq diqqət çəkir. Kamal gənclik
illərində Əli Fuad, Fəthi Okyar ilə birlikdə
jandarmalar tərəfindən saxlanılır. İçlərindən
sadəcə Kamalı sorğu-sual etmək üçün
Ulduz Sarayının Mabeyn dairəsinə aparırlar. Gizli hərəkat
qurmaq, bu məqsədlə pul yığmaq, qəzet
çıxartmaq, görüşlər keçirməklə
ittiham olunurdu. Elə həmin söhbətin ardınca bir
neçə ay həbs həyatına məhkum edilir.
Cümhuriyət qurulandan sonra Dolmabağça sarayında təşkil
edilən axşam yeməklərinin birində Biləcik millət
vəkili İsmayıl bəy bir etiraf edir, "Paşam,
Mabeyndəki sorğu-sualda mən də orda idim. II Abdulhamid
sizi qapının arxasından dinləyirdi". Təbii ki,
padşah hər kəsin sorğulanmasını dinləməz.
Ümumiyyətlə, hər adam Mabeyn dairəsində
sorğulanmazdı. Demək ki, Abdulhamid insan sərrafı
imiş. Mustafa Kamalın tərəqqiyə yönələn
fikirləri, liderlik iddiası, zəkası,
işığı, qapı arxasındakı Abdulhamidə,
yaxınlaşan qaranlığı hiss etdirirmiş. Hissində
yanılmadı, Sultan!
"Mülkü daimi olsun..."
Sarayda hər kəsin qarşısından keçib
getdiyi, olduqca maraqlı hekayəsi olan balaca divar
xalçası var. Yazıçı, jurnalist, xəttat
Əbu Ziya Tevfik tərəfindən padşaha hədiyyə
edilib. O vaxtlar müxalif fikirləri ilə gündəmdə
olan Əbu Ziya padşahı tənqid edən yazılar
yazırdı. Padşahın isə heç bir tənqidə
zərrə qədər dözümü yox idi. Ona görə
də, Əbu Ziyanı sürgünə göndərir. Bir
müddət sonra Ziya Abdulhamiddən əfv diləyir,
padşah onu bağışlayır. Əbu Ziya padşaha
üzərində kufi xətt ilə işlədiyi "Onun
mülkü daimi olsun" yazılı xalça hədiyyə
edir. Xalçanın rəngi padşahın yavərinin diqqətini
çəkir və Sultana burada gizli bir mesaj olduğunu deyir,
"Padşahım, yaşıl rəng xalça tabutun
üstünə örtülür. Görünən odur ki,
Əbu Ziya "Onun mülkü daim olsun" sözləri ilə
sizin ölməyinizi və o biri dünyadakı yerinizin daimi
olmağını diləyir". Bu söz təbii ki,
Abdulhamidin beyninə ilişib qalır. Xalçaya həmin
mesajın həssaslıqla yerləşdirildiyini görə
bilirdi çünki. Ancaq buna baxmayaraq, həmin xalça bu dəqiqə
sarayın ən gözəl yerində sərgilənir.
Əslində Sarayda Əbu Ziyanın bir neçə əsəri
var. O vaxt Abdulhamid Əbu Ziyanın xəttatlıq işi əsərlərini
dəyərindən iki-üç qat artıq qiymətə
alırdı. Bu isə onu, onun fikirlərini almaq demək idi.
Ümumiyyətlə, II Abdulhamid onu tənqid edən
insanları pulla almağı ilə məşhurdur. Yüzlərlə
yazıçını, şairi, sənətçini, qəzetçini
satın alıb, onlara aybaay pul verirdi, satılmayanları isə
sürgünə göndərirdi, Namiq Kamal və digər
yüzlərlə söz adamı kimi...
Qorxu gücdən daha güclüdür
Xalqın əksər qismi Sultan II Abdulhamidin qorxaq
olduğunu deyirlər. Abidəni gəzərkən həmin
iddianın haradan qaynaqlandığını görmək
olur. Məsələn, padşahın bu sarayda yataq
otağı olub, amma heç vaxt ona aid olan otaqda daimi
yatmayıb. Öldürülməkdən qorxub. Elə
Dolmabağça sarayından da dəniz vasitəsi ilə
ediləcək hücumlardan qorxduğu üçün
çıxıb Ulduza gəlmişdi. Çünki ulduz təpədə
yerləşir. Belə yerlərin müdafiəsi bir tərəfi
su, bir tərəfi quru və sabit xətt üzrə yerləşən
yerlərə nisbətən daha rahatdır.
Hətta sarayın bağçasında
sıxlıqla qarşılaşdığımız şəlalələri,
fəvvarələr tikdirməsi də təsadüf deyil. Təbii
ki, suyu sevirdi, amma əsas məqsədi qorunmaq idi. Xüsusi
bir adamla çox ciddi məsələ danışacaqsa
stol-stul həmin su fəvvarələrin və ya şəlalənin
yanına gətirilirdi. Suyun səsindən onların nə
danışdığını heç kim başa
düşmürdü. Şəlalənin yanında pilləkən
də inşa etdirmişdi. Danışıqlar
aparacağı adamlarla bəzən yuxarı
çıxır, söhbəti orada aparırdı.
Aşağıya doğru axan suyun şırıltısı
su səsinə qarışaraq yox olurdu.
Yenə Sarkis Balyan...
Sarayın gözoxşayan abidələrindən olan
Şalə köşkü günümüzə gəlib
çıxan görkəmli memarlıq abidələrindən
biridir. Adı fransızca "dağ evi" mənasına gələn
"chalet" sözündən alınıb. Daha əvvəl
Osmanlı memarlığında bu qədər fərqli və
diqqət çəkən bir tikili olmayıb.
Köşkün birinci bölümü 1880-ci ildə inşa
edilib. Doqquz il sonra İstanbuldakı ən gözəl abidələrin
memarı olan Sarkis Balyan tərəfindən genişləndirilərək
otaq və salonlar da əlavə edilir. Mərasim
köşkü adı ilə tanınan və italyan əsilli
saray memarı De Aranconun inşa etdiyi üçüncü
bölümü isə 1898-ci ildə tamamlanır.
Şalə köşkü zirzəmisi ilə birlikdə
üç mərtəbədən ibarətdir.
İnşasında taxta və kərpicdən istifadə
edilib. Osmanlı ənənələrində olan "hərəm
və salamlıq" bu memarlıq abidəsində
görülməməkdədir və bu, imperatorluq
üçün bir ilk hesab edilir. Pəncərələri
taxta jalüzlərlə açılan Şalənin mərtəbələr
arasındakı pilləkənləri De Aranco tərəfindən
italyan mərmərindən hazırlanıb. Bura altmış
otaq, dörd dəbdəbəli salonu ilə köşkdən
daha çox kiçik saraya bənzəyir. Avropa
memarlığının izlərinin güclü şəkildə
hiss edildiyi, hətta görüldüyü köşk
insanı valeh edir. İşə bax ki, Şalə
köşkü Cümhuriyyətin ilk illərində
İstanbul bələdiyyəsi tərəfindən Mario Serra
adlı bir italyan tərəfindən kirayəyə götürülür
və qumarxana kimi işlədilir.
Sultan II Abdulhamid, yoxsa Ərdoğan?
Saray açıldığı gündən insan
selinə qərq olub. Hətta səhər erkən saatlarda gəlsən
belə, uzun sırada gözləmək məcburiyyətindəsən.
Bir ay içində yüz minə yaxın adamın sarayı
ziyarət etdiyi bildirilir. Əksəriyyətin dindar, qapalı
olduğu açıq-aydın görünür. Zənnimcə,
Abdulhamidlə Ərdoğanı bir-birinə bənzədənlər
və bir ara "səni Abdulhamidin yalnızlığına
buraxmayacağıq" deyən kəsimdir onlar.
Müşahidələrimdən bu nəticəyə gəldim
ki, həmin insanların çoxu sənəti deyil, siyasəti
görməyə gələnlərdir.
Avqustun sonuna qədər ödənişsiz ziyarət
ediləcək olan sarayda ağız deyəni qulaq eşitmir.
Qarmaqarışıqlıq hökm sürür. Hansısa əsərin
qarşısında bir-iki dəqiqədən artıq dayanmaq
mümkün deyil. Az qalsın üzərindən tapdayıb
keçsinlər. Düşünürəm ki, ödəniş
tətbiq edəndən sonra bu cür izdiham yaşanmayacaq.
Sonun başladığı yer...
Acı son 1909-cu ildə gerçəkləşir və
sultan taxtdan endirilir. Bu, az deyilmiş kimi, saray
yağmalanır. Möhtəşəm memarlığa ciddi zərər
dəyir. Mücəvhərlər, zinət əşyaları,
dəyəri milyonlarla hesablanan qiymətli əşyalar
oğurlanır.
Hər sarayın, qəsrin, köşkün bu və
bənzər keçmişi var. Tarixə boylananda
görürsən ki, nələrisə, kimlərisə
gözdə böyütmək qədər mənasız bir
iş yoxdur. Çünki kim olursan ol, harada yaşayırsan
yaşa, güclü və ya gücsüz ol, cəsur, ya da qorxaq
ol, sonun iki metrlik "quyudur". Bu "mütləq son"u
ən çox saray ziyarətlərimdə anladım və əmin
oldum ki, daşlardan öyrənəcəyimiz çox şey
var.
Türkan TURAN
525-ci qəzet .-2024.-31 avqust (№157).- S.16;17.