KÖNLÜ UCA OLMAĞIN QAZANCI

 

Onların ömrü də, taleyi də Xəzərlə bağlı olmuşdu. Xəzərin sahilində yaşamışdılar, çörəkləri Xəzərdən çıxmışdı və Azər neçə misrasını da elə Xəzərə həsr elədi. Adının İmaməli, soyadının İmaməliyev olduğunu çoxlarının unutduğu buzovnalı şairin öz yaratdıqlarının çoxu ötmüş illərin ardında qaldığı kimi, onun ailəsinin taleyindən bəhs edən dəyərli bir əsər də çoxdan yaddan çıxmış kimidir və nə həmin əsəri yazan, vaxtilə də yetərincə məşhur olmuş qələm sahibi yada düşür, nə də o yetərincə maraqlı povest təzədən nəşr edilir.

O əsəri 1940-1950-ci illərdə ədəbi-mədəni və ictimai-siyasi mühitimizdə yetərincə üzdə olmuş Əvəz Sadıq yazmışdı və povestin də adı "Qəmər" idi. Bu Qəmər nə göydəki Ay idi, nə də o adı daşıyan və yazıçı təxəyyülündən doğmuş mücərrəd surət. Qəmər Məşədi Azərin qızı idi. Şairin üç övladı olmuşdu: böyüyü Xosrov, kiçiyi Əmir və ortancılı da yeganə qızı Qəmər.

2000-ci illərin başlanğıcında Əmirin qızı, Məşədi Azərin nəvəsi Fəridə xanım mənə şəcərə hekayətlərini nağıl eləyirdi ki, Qəmər ötkəm, kişi təbiətli qadınmış, ictimai həyatda da çox fəalmış.

Əvəz Sadıq da povestində Qəmərin dilindən yalnız bu qadının şəxsən özünün deyil, həm də ailəsinin ömür-gün hekayətini təsvir edirdi. Bu, sözdə bir bədii əsər sayılsa da, əslində Məşədi Azər haqda da ən doğru bilgiləri əks etdirən tarixi sənəddir. Bu gün Məşədi Azərin tərcümeyi-halı haqqında ayrı-ayrı adamların qələmə aldığı yazılar ortadadır. Ancaq onların arasında Əvəz Sadıqdan qalan yadigar ən mötəbəridir. Çünki bilavasitə ustadın qızının dilindən qələmə alınıb. Qəmər söyləyirdi ki, babası Hacı Məcidin dayısı Məşədi Nəcəf bir iranlının gəmisində kapitanmış, bacısı oğlunu da yanında işə düzəldibmiş. Ancaq günlərin birində Məcidi göndərir ovaxtkı Petrovska - sonrakı Mahaçqalaya ki, orada "Qafqaz-Merkuri" şirkətinin Gerasimov qardaşlarına aid kontorunda çalışsın. Məcid bir müddət orada işləməyinə işləyir, ancaq sonra özü ayrıca bir dükan açıb ticarətə başlayır. İstəyirmiş ki, oğlu İmaməli də ticarətlə məşğul olsun. Ancaq İmaməlinin fikri-zikri kitabların yanındaymış.

"Atam İmaməli uzun boylu, arıq bir adam idi. Gecə qaranlıq qovuşandan sonra yorğun halda evə gələr və səhər tezdən hələ biz yatmamışkən durub gedərdi.

Bəzən o qədər yorğun olardı ki, ona baxanda deyərdin, yəqin, bir həftə ayağa qalxa bilməyəcək. Bununla belə, bir azdan sonra qalxıb oturar, ya kitab oxuyar, ya da yazıb-pozardı. Biz sonralar onun şeir yazmağa həvəsləndiyini bildik".

Hər şairin özünə xas yazma şakəri olur. Əgər canlı şahid Qəmər xəbər verməsəydi, bu həqiqəti haradan bilərdik?! Deyir ki, atam bəzən əl-qolunu oynada-oynada, bizim başa düşmədiyimiz bir çox qəliz sözü ucadan ahənglə oxuyardı. Bəzən də ayağa qalxaraq mızıldaya-mızıldaya otağın o baş-bu başına gedib-gələrdi. Anam və biz ona heyrətlə qulaq asar, səsimizi çıxarmağa cəsarət etməzdik.

(Sabirin məşhur misraları yadınızdadırmı? O da şikayətlənən xanımının dili ilə özünü elə bu cür təsvir etmişdi).

O vaxtlar Petrovskda Seyid Həmzə Hüseyni və Hacı Molla Yəhya adlı iki nəfər bilikli müəllim varmış. Mollaxanada başlanğıc təhsil almış oğlu İmaməlinin dini savadını bir az da dərinləşdirmək üçün həmin iki xeyli kasıb dolanan adamı Hacı Məcid evinə gətirmişdi ki, ailə üzvü kimi onlarla birgə yaşasınlar, həm də balasına dərs versinlər. Beləcə, səkkiz il müddətində İmaməli səhər-axşam onlarla bir yerdə olur və gələcəyin Məşədi Azəri belə bir sağlam təməl üzərində yetişir. Onlar İmaməliyə guya dini, şəriəti öyrətməli idilər və öyrədirdilər də. Ancaq bundan daha artıq hər ikisi şair təbiətli olan o müəllimləri sabahın Azərinə ədəbiyyatı təlqin, sözün gizlinclərini təlim edirdilər. Və bütün bildiklərini də səxavətlə hər söylədiklərini suçəkən kimi canına hopduran bu istedadlı uşaqdan əsirgəməzlərmiş. Ona görə də Məşədi Azər artıq gənclik illərində yaşından xeyli qoca kimi imiş. Azərbaycan ədəbiyyatı öz yerində, farsdilli şeirin zirvələri - Firdovsini, Ənvərini, Xəyyamı, Hafizi, Sədini də yaxşıca mənimsəyibmiş.

Uşaqlığından, yeniyetməliyindən belə mükəmməl ədəbi tərbiyə aldığından Azər ana dilində olduğu kimi, farsca da elə ana dili səviyyəsində yazırmış. Ancaq yalnız ana dilində - Azərbaycan türkcəsində, yalnız farsca deyil, qələmini özbəkcə də sınayırmış. Məşədi Azərin Nəvaiyə yazdığı sıra-sıra nəzirələr də qalmaqdadır.

...Məşədi Azər sonralar həyatının ayrılmaz parçasına çevriləcək müəllimliyə artıq Mahaçqalada başlamışdı. Bunu da Qəmər söyləyir. Xəbər verir ki, atası günlərin birində ağır liman işindən ayrılır, məktəbə müəllim düzəlir. Doğrudur, burada da məvacibi sən deyən çox deyilmiş, amma hər halda üstü-başı təmizmiş. Sonradan məktəbdə dərsini deyə-deyə limanda da müəyyən saatlarda işini davam etdirirsə də, Məcid kişi narazıymış. Yeni məktəbdən söz düşəndə, "uşkol" söhbəti açılanda təpəsindən tüstü çıxırmış. Qəmər xanım bu ailə sirrini də açır ki, məktəbdə müəllimlik etdiyinə görə İmaməli ilə atası Hacı Məcidin arasında daim narazılıq varmış. Ancaq atası nə qədər deyinsə də, İmaməli müəllimlikdən, məktəbdən aralanmır. Yaxşı müəllimlər gördüyündən, içərisi biliklərlə dolu olduğundan başqalarını da öyrətmək həvəsi həmişə onu müşayiət etdi və səbəbsiz deyil ki, elə ömrünün axırınacan da müəllim olaraq qaldı. Əvəz Sadıq həmin əsərində Qəmər xanımın dilindən Məşədi Azərin - İmaməlinin ömründən bir həqiqəti də bizə çatdırır. Sən demə, Məşədi Azər 1919-cu ildə Petrovskdan Azərbaycana biryolluq qayıtmasından bir qədər əvvəl də Vətənə dönübmüş. Həmin tarixçəni də Əvəz Sadıq qəhrəmanının dilindən verir. Qəmər xanım danışır ki, 1913-cü il may ayının 17-də Petrovskdan Bakıya gəlib çatdıq və atam bu barədə gündəliyində qeyd elədi.

Bu soraq da maraqlıdır ki, Məşədi Azər gündəliklər də yazırmış. Heyiflər olsun ki, dövrün ədəbi-mədəni, həm də tarixi simasını bir çox ayrıntıları ilə diriltməyə çox kömək edə biləcək həmin yazılar əlimizə çatmayıb. Nə o gündəliklər, nə bir çox məktubları, nə də əlyazmalarının xeyli hissəsi! Bunu Azər ailəsinə bələd olanlardan bəziləri şairin evinə bir neçə dəfə oğru gəlməsi, əlyazmalarını, müxtəlif qiymətli kitabları da çalıb getmələri ilə əlaqələndirirlər, elə Qəmər də bunu təsdiqləyir.

Qəmər xanım 1930-cu ildə Sənaye İnstitutuna girərək oranı "əla" qiymətlərlə bitirmişdi. Tezliklə əmək qabaqcılı kimi Azərbaycanda ən tanınan qadınlardan birinə çevrilmişdi. Kremldə keçirilən tədbirlərə qədər iştirak etdi, təltiflər qazandı, daim yüksək hökumət, dövlət vəzifələri tutdu. Ancaq Qəmərin İmaməliyevlər nəslinə və bütün Azərbaycana da digər töhfəsi qızı, həkimliyi sənət seçsə də, istedadlı müğənni kimi şöhrətlənən Zəhra Rəhimova oldu.

Səsin onlara ana xətti ilə gəldiyini də anasının evin divarları arasından heç vaxt çölə çıxmayan yaxşı avazının olmasına işarə etməklə Qəmər xanım xəbər verir. Deyirdi ki, uşaq vaxtı bizə laylalar oxuyardı, o laylaları artıq biz böyüyəndə də hərdən iş görəndə zümzümə edərdi, sanardın ki, oxuyan mahir bir müğənnidir.

Nənəsinin səsi dörd divar arasından qırağa çıxmadısa da, Zəhra Rəhimova səhnəyə də çıxdı, mikrofon qarşısında da dayandı, onun oxuduğu mahnılar, romanslar qiymətli səs sərvətləri kimi hətta Üzeyir bəyin qəlbinə yatdı, musiqi xəzinəmizdə biryolluq qalmaq haqqı da qazandı.

Ağarəfi Zeynalov adlı dəyərli bir ədəbiyyatşünasımız vardı. Vaxtilə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində də çalışmışdı, yaxın qohumu, sonralar bizim də iş yoldaşımız olan Kəmalə Zeynalova onun haqqında çox danışardı. Ağarəfiyə qismət olmuşdu ki, Məşədi Azər Nizami muzeyinə ilk dəfə qədəm basanda ona bələdçilik etsin. Ancaq bundan daha əvvəl Ağarəfi Zeynalova ayrı bir xoşbəxtlik nəsib olmuşdu. Təbii ki, bunun hansı səadət olduğunu Ağarəfi o günlərdə deyil, üstündən illər keçəndən sonra aydınlığı ilə dərk etmişdi. Sonralar xatırlayırdı ki, 1948-ci ildə universitetdə təhsilini başa vurmaq ərəfəsində olduğu vaxt kurs yoldaşları ilə bərabər bir auditoriyaya toplaşıbmışlar. Müəllimləri Feyzulla Qasımzadə onlara diplom işi üçün mövzular paylamalıymış. Siyahı üzrə növbə Ağarəfiyə çatsa da, Mirzə Feyzulla "Yox, sən hələ bir az gözlə", - deyir. Həm intizar, həm də həyəcanla düşünür ki, axı, görən, nə səbəbə müəllim məni hamıdan axıra saxladı.

 Bütün tələbələrə mövzuları paylayıb qurtarandan sonra Mirzə Feyzulla qayıdır ki, sən Məşədi Azər Buzovnalı haqqında yazacaqsan. Ağarəfi təəccüblənir ki, axı mən belə bir şairin heç adını eşitməmişəm, əsərlərini oxumamışam. Müəllimi onu sakitləşdirir ki, narahat olma, gedərsən Nizami adına Ədəbiyyat İnstitutuna, orada Novruz kişi var. Mənim adımdan müraciət edərsən, nə kömək lazımdırsa göstərəcək.

Çarəsi nə idi? Ertəsi gün tələsir Ədəbiyyat İnstitutuna, həmin Novruz Ağayevi tapır. Baxır ki, yaşlı adamdır, oturub, qarşısında qədimi bir əlyazma, nəsə oxuyub-yazır. Ağarəfi Novruz kişiyə Feyzulla Qasımzadənin salamını çatdırır və gəlişinin məqsədini açır. Novruz kişi qalxır, şkafdan bir əlyazmanı gətirib qoyur tələbənin qabağına. Bu, 48 vərəqlik bir şagird dəftərində səliqəli xətlə yazılmış şeirlər toplusuydu. Deyir ki, hələlik bunu oxu, sonra başqalarını da verəcəyəm. O çağlar Dövlət Universitetində yalnız şərqşünaslıq yox, ədəbiyyat, hətta kitabxanaçılıq, jurnalistika fakültəsində də ərəb əlifbası da, fars dili də yaxşı tədris edilirmiş, Ağarəfi Zeynalovun da ərəb əlifbasını oxumaqda səriştəsi varmış. Ancaq baxır ki, rahatca oxuya biləcəyi çap kitabından fərqli olaraq, bu əlyazmanı asan mütaliə etməyi bacarmayacaq. Başqa çıxış yolu isə yox idi, istənilən halda işin öhdəsindən gəlməli idi. Başlayır oxuyub-köçürməyə, asta-asta gözü xəttə alışır, oxuduqca da heyran qalır, həm də heyrətlənir ki, niyə indiyədək belə qabil şairi tanımayıb və bu cür mahir söz ustası niyə layiq olduğu qədər məşhur deyil.

Hər dəfə əlyazmanın təzə səhifələrini oxumağa gələndə Novruz kişi Ağarəfiyə Məşədi Azər haqqında yeni bir əhvalat danışırmış. Ağarəfiyə sonralar bu da məlum olur ki, Novruz kişi özü də "Nəyyir" təxəllüsü ilə şeirlər yazırmış, hətta Məşədi Azərin bir qəzəlinə nəzirəsi var.

Ağarəfi Zeynalov yada salırdı ki, Mirzə Feyzulla gedib Məşədi Azərin özü ilə görüşməyi də tövsiyə etmişdi və yerini də başa salmışdı ki, Buzovnada yaşayır.

Ağarəfi gedib ustadın evini tapır, qapını Məşədi Azərin həyat yoldaşı açır (Əvəz Sadığın "Qəmər"inin bir xeyri də odur ki, Azərdən sonra da xeyli yaşamış, ərinin nəvazişini həmişə çəkərək yaradıcılıqla asudə məşğul olmasına fürsət yaratmış bu qadının da doğmaca qızının dili ilə dəqiq təsvirini bizə əyan edir: "Anam Bikəxanım ucaboylu, nazik və zərif bir qadın idi. Çox gözəl deyildisə də, cəlbedici üzü vardı. Uzunsov sifətində nazik, qara qaşları, qumral gözləri, çiyninə tökülmüş nazik hörükləri onu hər kəsə sevdirirdi. Ürəyi çox yumşaq və rəhmli olduğuna görə onunla tanış olanlar birinci görüşdən dostlaşardılar. O isə hamını üzündən əskik olmayan gülüşlə qarşılayar və xoş dillə danışdırardı").

 

Ev sahibəsi qayıdır ki, Məşədi hazırda yatır, gedim baxım görüm, əgər oyaqdırsa, səninlə görüşdürəcəm. Bir neçə dəqiqə sonra Ağarəfini içəri çağırırlar. Yada salırdı ki, Azər xalıların üzərində bir tərəfdə oturmuşdu, qarabuğdayı, ucaboylu adamdı, əvvəl çox yorğun görünürdü, ancaq gəlişimin məqsədini deyəndən sonra, ədəbiyyatdan, şeirdən danışmağa başladıqca kişinin rəngi, elə bil ki, açıldı, həvəsə gəldi, başladı universitetdəki gedişatdan suallar verməyə, ədəbi həyatla maraqlanmağa, ardınca da dedi ki, nə sualların varsa, hazırla gəl.

İkinci dəfə gedəndə artıq Ağarəfi tədarüklü olur. Azər yenə xalçaların üstündə, yuxarı başda, həminki yerində əyləşibmiş, qarşısında xeyli kitablar, əlyazmalar varmış. Ağarəfi Zeynalov diplom işi yazacaqdı. Təbii ki, yaradıcılığına, şeirlərinin təhlilinə keçməzdən əvvəl Məşədi Azərin tərcüme-yi halını verməli idi. Ona görə də suallarının çoxu bununla bağlı imiş. Sualını verirmiş, başqasından deyil, birbaşa Azərin özündən cavabları alaraq kağıza köçürürmüş, ona görə də o dəqiqlikdə ki Ağarəfi Zeynalov yazıb, daha heç vaxt heç kəs Azərin həyatı ilə bağlı ondan yaxşısını, dürüstünü, inandırıcısını yaza bilməz. Gələcəkdə də Məşədi Azərin tərcümeyi-halı tərtib olunarkən ən əvvəl istinadlar məhz Ağarəfi Zeynalovun həmin diplom işinə, ilk yazdıqlarına edilməlidir.

Məşədi Azər Ağarəfinin Buzovnaya gəlişlərindən birində ona müxtəlif illərdə götürdüyü ədəbi təxəllüslərdən də söz açmışdı. İlk təxəllüsü elə Azərdi. Ancaq Ağarəfi Zeynalovsa onun daha üç təxəllüsünün olduğunu yazır. Farsca qələmə aldığı şeirlərə Məşədi Azər "Rüfət" imzası qoyurmuş; xeyli qəsidələri, növhələri, mərsiyələri var ki, bu cür şeirləri üçün "Xosrovi" təxəllüsünü işlədərmiş, ancaq Azər gendən nə qədər zəhmli təəssüratı oyatsa da, içəridən şux bir insandı və həmin keyfiyyəti də satirik şeirlərində görünməkdədir. O qəbil şeirləri üçünsə imzası "Əyyar Azər" idi.

 Və Azərin XX əsrin əvvəllərində dövri mətbuatda dərc edilən şeirlərində bu dörd imzanın dördü də keçməkdədir.

...1928-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyəti yarananda onun ilk və ən fəal üzvlərindən biri Məşədi Azər olur. O vaxt Məşədi Azərin yaşı altmışa çatırdısa da, içərisi gənclik şövqü ilə dolu idi. Bunun da əsas səbəblərindən biri, yəqin ki, daim gəncliklə birgə olması, illərcə məktəblərdə dərs deməsi idi. Ömrü boyu müxtəlif məktəblərdə Azərbaycan dili və ədəbiyyatı, həmçinin fars dilini tədris etdi. Dərs deməyəndə də bir sıra məktəblərdə tərbiyəçi işlədi. Rəsmən yaradılan ilk şairlər cəmiyyətinə, əslində Azərbaycanın gələcək Yazıçılar Birliyinə ən əvvəlincilərdən üzv olması çox təbii idi. Ona görə ki, Məşədi Azərin o cəmiyyət yaranmazdan əvvəl artıq onun öz Yazıçılar Birliyi vardı -"Məcmə üş-Şüəra"! Lakin Azərin qonaq-qara üzünə həmişə açıq qapısını da şairlər tez-tez döyərdi, onun öz evi də ayrı bir şairlər məclisi idi.

Unudulmaz Cəfər Rəmzinin söylədiyi bir fikir heç yadımdan çıxmır və Ağarəfi Zeynalovun xatirələrində də həmin söz təkrarlanmaqdadır. Söyləyirlər ki, Məşədi Azər klassik ədəbiyyatı gözəl bilməyinə bilirdi, Zirvələrin hamısını sevirdi, fəqət ustadı olaraq Əlişir Nəvaini qəbul edirdi, tanıdığı fars, türk, ərəbdilli şairlərin içərisində də onu ən üstün sayırdı.

XX yüzilliyin əvvəllərinin Məşədi Azər biçimli insanları özlərini daim, hər sahədə və hər cəhətdən məsul bilirdilər. Yalnız şeir yazmaq, müəllimlik etmək, yaxud sahibi olduğu hansısa peşə ilə məşğul olmaq bu insanlar üçün azlıq edirdi. Fayda verə biləcəkləri bütün istiqamətlərə üz tuturdular.

Zahirən şair, müəllim Məşədi Azər hara, teatr hara. Ancaq Azərbaycan səhnəsinin görkəmli xadimlərindən olmuş Hacıağa Abbasovun ixtiyar çağlarında yazdığı və zamanında ayrıca kitab kimi nəşr edilmiş xatirələri qalır və o səhifələrdə Azər də var. Yadına düşür ki, 1907-ci ildə Azərbaycan teatrı Petrovsk şəhərində qastrol səfərində olanda "Yağışdan çıxdıq, yağmura düşdük" pyesi tamaşaya qoyulacaqmış. O vaxtlar da adətən maddi sıxıntılar ucbatından qastrol səfərinə çıxanda truppa heç də həmişə tam tərkibdə olmazmış və bu kəsiri də, bir qayda olaraq, yerli həvəskarları cəlb etməklə aradan qaldırarmışlar. Hacıağa Abbasovun təsdiqincə, o vaxt Azər tamaşanın təşkilinə, yerli aktyorların cəlb edilməsinə çox kömək edibmiş. Səbəbsiz deyil ki, həmin tamaşanın afişasında Azərin də adı təşkilatçı olaraq qeyd edilib.

 

1908-ci ilin yanvarında Üzeyir bəyin "Leyli və Məcnun"u tamaşaya qoyuldu. Azərbaycan muğam operası ilə teatrımızın, səhnəmizin həyatında yeni bir səhifə açıldı. Üzeyir bəyin özü də, operanın müvəffəqiyyətini görən başqa ədiblər, musiqiçilər də bu səmtə iştahla üz tutmağa başladılar. Bir-birinin ardınca çoxlu operalar yarandı. Təbii ki, arasında yaxşısı da vardı, uğursuzu da vardı. Hansıları ki yaxşı idi, yaşadı, neçə illər də səhnədə qaldı. Azərbaycanın mədəni həyatında əmələ gələn bu yeni təmayülə Məşədi Azər da biganə qalmamışdı.

1909-cu ildə Haşım bəy Vəzirovun redaktoru olduğu qəzetdə Məşədi Azər Buzovnalının silsilə yazıları dərc edilməyə başlayır. Bunlar Azərin "Rüstəm və Söhrab" adlı librettosundan parçalar idi.

Azər sözlərinə musiqi bəstələnməsinə çox maraq göstərirmiş. İllah da həmin operanın haçansa səhnəyə gəlməsi ən böyük arzusuymuş və "Şahnamə"yə rəğbəti səbəbsiz deyildi. Əvvəla, o, "Şahnamə"ni, Firdovsi yaradıcılığını sevirdi, yenə Cəfər Rəmzinin xatirəsidir - ona da qocaman Abşeron şairləri söyləyiblərmiş ki, şeir məclislərində Məşədi Azər "Şahnamə"dən iri-iri parçaları saat boyu əzbərdən söyləyə bilirmiş. Səbəbsiz deyil ki, sonradan "Şahnamə"dən "Rüstəm və Burzu", "Rüstəm və İsfəndiyar", "Rüstəm və Söhrab" dastanlarını öz vəznində - mütəqaribdə Azərbaycan dilinə çevirmişdi. Tək Azər deyil ki! "Şahnamə" Azərbaycanda vaxtında sevilən kitablardanmış. Mirzə Ələkbər Sabirdən tutmuş ta XX yüzilliyin ortalarınacan neçə şairimiz "Şahnamə"dən tərcümələr edib. Ancaq bütün indiyədək olan tərcümələri yan-yana düzüb Məşədi Azərin çevirmələri ilə tutuşduranda Azər qələmindən çıxanların daha üstün olduğundan kimsədə zərrəcə şəkk qalmı.

 

1934-cü ildə Azərbaycanda dünya klassiki Firdovsinin 1000 illik yubileyi böyük təntənə ilə keçirildi. O vaxt "Şahnamə"yə, Firdovsiyə həsr edilmiş ayrıca nəfis bir kitab da buraxılmışdı. Orada Firdovsi, "Şahnamə" haqqında müxtəlif məqalələr, bir də "Şahnamə"dən edilən tərcümələr yer alırdı və həmin kitabda Məşədi Azərin "Şahnamə"dən məharətlə etdiyi çevirmələr lap əvvəldə gəlirdi.

...Bir şair, qələm sahibi olaraq Məşədi Azər klassik ülgüyə tam uyğun idi - üçdilli idi. Ancaq onun yaradıcılığını, həyata baxışını, fəlsəfəsini göz önünə gətirərkən bunu da təsdiqləməliyik ki, o, daha çox türkçüydü. Bu, əvvəla, onun milli mövqeyi həmişə çox aydın olmuş Əlişir Nəvaini özünə ustad saymasında görünməkdədir, digər tərəfdən, mətləbini pərdəsiz-filansız izhar etdiyi misraları da az deyil axı!

Günlərin birində Abşerondakı hansısa məclisdə Məşədi Azərin bədxahlarından biri söyləyir ki, o, ləzgidir. Bir az da irəli gedərək inandırıcılıqçün tam dəqiqləşdirirlər: o, noğaydır.

Bu şayiəni uzaqdan-uzağa eşidən bəzi nabələdlərin ağlına həmin söz ona görə batmışdı ki, Məşədi Azərin həyatının xeyli hissəsini, bütün gəncliyini Petrovskda keçirməyindən agahdılar və həmin sözü eşidəndən sonra başlamışdılar kişinin zahirində ləzgilik aramağa.

Və bunu da eşitmişdilər ki, Azər Bakıya uzun müddət yaşadığı Mahaçqaladan gəlib. Təbii, bu da "bəlkə elə, doğrudan, deyilənlər düzdür" şübhələrini bir az da qatılaşdırmışdı.

Bu söhbətin açıldığı məclislərdən birində Məşədi Azərin sədaqətli dostu, Azərbaycan səhnəsinin böyük ustalarından olmuş Sidqi Ruhulla da iştirak edirmiş. Dərhal başlayır höcətləşməyə ki, türk oğlu türk olan Məşədi Azəri noğay, avar, ləzgi adlandırmağınız heç doğru söhbət deyil. Onların əsli sırf türk tayfası olan toğaylardandır. Toğay isə hətta 1950-ci illərə qədər Abşeronda bağlar, bostanlar olan bir əraziyə deyilirmiş ki, indi oranın adı Qızılqumdur.

Mənşəyinin məhz toğay olmasını isə Məşədi Azər bir şeirində də açıqca elan edir. Həmin şeiri də Azər belə dedi-qodulu söhbətlər qulağına çatandan, yığnaqda bir nəfərin ona noğay deməsi, Sidqi Ruhullanın da həmin adama cavabını qaytarmasını eşidəndən sonra böyük aktyora ithaf olaraq yazmışdı:

 

Azərbaycanlıyam, deyiləm noğay,

Buzovna elindən məskənim toğay.

Eldən, əqrəbadan inciyəm əzbəs,

Həmdəm tapa bilməm özümə bir kəs.

Etmişəm hamıdan qəti əlaqə

(hamı ilə əlaqələri, münasibətləri kəsmişəm - A.D.),

Salmışam meylimi bostana, bağə.

Özüm də şairəm, ləqəbim "Azər",

Yoldaşım qələmdü, qəzəldü, dəftər.

 

...Məşədi Azərin necə hərtərəfli kamil insan, qüdrətli yaradıcı olmasını, aydın məsələdir ki, ətrafındakılar, onunla tez-tez ünsiyyətdə olanlar daha yaxşı bilirdilər.

 

Ey gülüstan-i vəfa içrə gül-i tər Azər!

Asiman-i hünərə mehr-i münəvvər Azər!

 

Bu misralar Mirzə Əbdülxaliq Yusifin Məşədi Azərə həsr etdiyi qəzəlindəndir. Azərin mənzilində təşkil olunan şeirli-musiqili axşamlardan birində bədahətən gəlib, orada ilk dəfə oxuyub, bir neçə gün sonra da misraları sığallaya-sığallaya qələmə də alıb və Azərə hədiyyə edib.

"Məcmə-üş şüəra" üzvləri ayrı bir yerdə yığılanda da, Məşədi Azərin evində toplananda da, Mirzə Əbdülxaliq Yusifgilə təşrif gətirəndə də həmişə şeirlə musiqi həmahəng olurdu, bir-birini davam etdirirdi. Bu insanlar şeirlə, musiqi ilə nəfəs alırdılar.

Və Məşədi Azər təməlini Məşədi Məliyin qoyduğu Abşeron musiqi məclisinin də daimi üzvlərindən, sabit qonaqlarından idi. Azər Məşədi Məliyin oğlu Mirzə Mansurla yaxın dost idi.

Mirzə Mansurun İçəri şəhərdəki mənzili bir vaxtlar atasının təməlini qoyduğu məclisin, bir növ, davamıydı. Məşədi Azərin nə qədər şeiri Mirzə Mansurun İçərişəhərdəki həmin mənzilində mahir xanəndələrin oxusunda canlanmışdı.

Mirzə Mansurun tarzən olaraq üstünlüklərindən biri muğamın sirlərinə dərindən bələd olması idi. O, muğamın elə incəliklərinə vaqif idi və elə şöbələrindən, elə guşələrindən xəbərdar idi ki, çağdaşı olan ustad tarzənlərin əksərinin ifasında həmin guşələr, şöbələr yox idi. Belə guşələrdən biri də "Xavəran" idi. Xavəran bizim əski muğamatçıların ifasında daim yer alıb. "Xavəran" "Rast" muğamında "Əraq"dan, "Bayatı Şiraz"da "Üzzal"dan sonra ifa edilərdi. Və Mirzə Mansur da "Xavəran"ın ən qabil ifaçılarından sayılırdı, Azərbaycan radiosunun səs xəzinəsində onun çaldığı "Xavəran" da qalmaqdadır. Ancaq o çalınan, oxunan "Xavəran"la yanaşı, Məşədi Azərin də "Xavəran"ı qalır.

Mirzə Mansurun ifası onu necə heyran qoymuşdusa, elə ustadın evindəki məclislərdən birində Mirzə Mansur muğamını ifa eləyə-eləyə Məşədi Azər kağızını götürmüşdü, dizinin üstündə "Xavəran" haqqındakı misralarını qələmə almışdı.

 

Nəqş edib bir tazə ulduz asimana Xavəran,

Ənvəritək şairi vermiş cahana Xavəran.

 

"Xavəran" söylədiyim iki muğamda ayrıca bir şöbə olmaqdan əlavə, həm də məkandır. O yer ki, XII yüzilin böyük şairi Ənvəri Əbivərdi oradan çıxmışdı. Elə Məşədi Azər də məhz bu səbəbdən Xavəranı yada salırdı:

 

Nəqş edib bir tazə ulduz asimana Xavəran,

Ənvəritək şairi vermiş cahana Xavəran.

 

Tərifində söyləmək bəsdir onun yalnız bu söz,

Ənvərini bəxş edibdir bu zəmanə Xavəran.

 

İstəyirsənsə xocəstə, ya iraqi bir muğam.

Malik olmuş ən lətif, incə bəyanə Xavəran.

 

Anlaya qədrin, kimin ki sənətə var hörməti,

Düşdü Mənsur tarı ilə dastana Xavəran.

 

Heyran etdi Azəri bir böylə mizraf naləsi,

Sönməyən atəş salıb Şur ilə cana Xavəran.

 

...Mey, saqi, sağər, şərab əski ədəbiyyatın köhnə bəzəklərindəndir. Orta əsrlərdə yaşamış, ta XIX əsrə qədər yazıb-yaratmış şairlərin hansının "Divan"ını açırsınız-açın, orada meyə də rast gələcəksiniz, saqiyə də. Amma klassik şeirdə işlənmiş mey, şərab heç də həmişə birbaşa mənasında qavranılmamalıdır. Ömər Xəyyamın rübailərində əvvəldən-sona kuzə var, mey var, şərabçı var.

Bütün bunları gerçək mənada, sözün məcaziliyini unudaraq elə olduğu kimi qəbul etsən, onda gərək Ömər Xəyyamı söz tarixinin ən məşhur şərabiçəni sayasan. Klassik ədəbiyyatda mey, şərab çox vaxt rəmzi mənada işlənib. Sufilərin də şeirlərində, bütün təsəvvüf ədəbiyyatında da əvvəldən-sona mey var. Ancaq o mey sadə insanların içdiyi şərabdan deyil, vəhdət meyidir.

Əlağa Vahid də klassik ədəbiyyatın havasıyla tərbiyə alıb böyümüş şair idi. Onun da şeirlərində, qəzəllərində addımbaşı şəraba, meyə, badəyə, sağərə rast gəlinir. Ancaq Vahid zamanca bizdən uzaq insan deyil. Onu görmüşlərin, onunla ünsiyyətdə olmuşların neçəsi hələ indi də həyatdadır.

Şeirlərindəki şərab öz yerində, ancaq həyatda da Vahid şəraba biganələrdən deyildi. Hətta onun meyə aludəliyi bəzən cızığından kənara da çıxırdı. Buna görə dostlarından ona irad tutanlar da az olmamışdı. Əlağa Vahidin başına ağıl qoymaq istəyən, onu şərabdan uzaq durmağa çağıranlardan biri elə ustadı Məşədi Azər olmuşdu. Sözlə demişdi, nəsihət eləmişdi, təsiri olmamışdı, götürüb şeir yazmışdı. Anlayırdı ki, Vahid düşüncəli insanlara bəzən Allah-bəndə sözündən daha artıq şeir təsir edir. Yazırdı ki:

 

Vahida, münfəil etmiş məni kirdarilərin,

Sənə nalayiq olan şive-yi rəftarilərin.

 

Ərəq etmiş səni rüsvayi-cahan, leyk məni

Ərəqi-xəclətə qərq eyləmiş ətvarilərin.

 

"Ərəq" bir ərəb sözüdür ki, mənası "tər" deməkdir, amma həm də "araq" sözü "ərəq" sözündən götürülmədi. Ona görə də bu iki sözü Məşədi Azər bu beytdə bu cür məharətlə oynatmışdı, Vahidi qınamışdı ki, sənin qədərindən artıq araq içməyin mənə ərəq - xəcalət təri gətirir.

Söylənənlərə görə, Məhəmməd Hadi də içkiyə çox aludə imiş. Elə içki də onun həyatını dağıdan əsas bəlalardan birinə çevrilmişdi. Bu qəzəlində Məşədi Azər Vahidin yadına Məhəmməd Hadinin taleyini də salırdı:

 

Halət-i Hadi-ye mərhumu unutma, Vahid.

Gör nədir aqibət-i karı günahkarilərin.

 

O da bir şair-i mümtazı idi ölkəmizin,

Araq etdi onu da pirəvi əşrarilərin.

 

Yad qıl hal-i əsəfnaki Səməd Mənsuru,

Görgilən aqibət-i karını meyxarilərin.

 

Az deyil ağlamalı halını gördükdə gülən,

Olma minbəd gülüncü o xətakarilərin.

 

Belə sərt deyirdi, belə silkələyərək sancırdı ki, Vahid oyansın. Kinayə ilə deyirdi, belə toxuntulu tərzdə yazırdı ki, nəhayət, Vahidə qeyrət güc gəlsin və tüpürsün içkiyə. Söyləyirdi ki, axı özünə və ətrafına bax, müqayisə et, gör səndən qat-qat əskik olanlar sənə rişxənd edirlər, baxıb gülürlər, özünü ələ al, özünü yığışdır.

 

Huşə gəl, bir daha məğmun eləmə dostlarını!

Az deyildir sənin Azər kimi qəmxarilərin.

 

Ancaq bizim əski nəslin bəzi nümayəndələrinin, xüsusən yeni zaman içərisində içkiyə aludəliyinin səbəbləri haqqında bir az başqa cür də düşünmək lazımdır. Azərbaycan kino sənətinin köhnə xadimlərindən olan Məmməd Əlili vaxtilə mənə Cəfər Cabbarlı ilə bağlı bir əhvalat danışırdı. Cəfər də ömrün müəyyən parçasında içkiyə qurşanmışdı. Məmməd Əlili danışırdı ki, günlərin birində Cəfər Cabbarlı ilə küçədə gedirdik, həmin gün içməmişdi, tamam ayıq idi. Ancaq birdən-birə çox təəccübləndim. Çünki Cəfər başladı elə içmiş adam kimi səndirləməyə. Bir qədər belə getdi. Sonra yenə başladı elə əvvəlki kimi adi qaydasında yeriməyə. Soruşdum ki, ay Cəfər, niyə belə edirdin? Qayıtdı ki, görmədin filankəs keçirdi oradan, əlində qələmi həmişə hazırdır, qoy məni içmiş bilsin.

Yəni bir para yaradıcı insanlar ki guya sanki içkiyə çox aludə imişlər, əslində içki onlar üçün müəyyən mənada qorunmaq vasitəsi, bir sipər, pərdəymiş.

Elə Vahidin özü də simsar rəfiqlərlə söhbətlərində etiraf edib ki, bu içki olmasaydı, qanım çoxdan getmişdi, məni içən, qeyri-ciddi birisi kimi qəbul etməsəydilər, 37-də tutulanlardan biri də mən olardım; mənə o qədər də yönlü adam kimi baxmır, içən kimi qəbul edib çox bənd olmurlar.

Bu həqiqəti üstüörtülü şəkildə Vahid Məşədi Azər Buzovnalının o qəzəlinə yazdığı cavabda da əks etdirib. Yazırdı ki:

 

Məni alude-yi mey gözləri ahulər edib,

Qurtaran varmı əlindən bu xətakarilərin?

Məstilik qəsdi ilə zöhdi vərədən qaçıram

Ki, gözüm görməyə karın bu riyakarlərin.

 

Fikir verirsinizmi? Əsl ustadanə cavabdır. Məşədi Azər şeirini hansı vəzndə, hansı qafiyələrlə yazıbsa, Vahid də cavabını elə o cür verir. Daha artıq sətirlərin altında incə işarələr, eyhamlar da gizlədilib: içirəm ki, sağımda-solumdakı çox eybəcərlikləri görməyim. Həm də sağdakı-soldakı riyakarlar da məni içən sayaraq çox da ciddi adam kimi qəbul etməsinlər:

 

Vahidəm, məst görürkən məni çox eyb etmə,

Tənəsindən içirəm bəzi dilazarilərin.

 

Vahidi şöhrət erkən tapmışdı və bu da səbəbsiz deyildi. Yalnız ona görə yox ki, sadə və gözəl yazırdı. Böyründə sadə və gözəl yazan Abşeron şairləri az deyildi. Vahidin el içində böyük məhəbbət qazanmasının, şöhrətinin bütün Azərbaycan boyu yayılmasının əsas səbəblərindən biri xanəndələr idi. Sadəliyindən əlavə musiqiyə, muğama yatan tərzdə yazırdı. Ona görə xanəndələr onun qəzəllərinə məmnuniyyətlə müraciət edirdilər. Çünki Füzulini, Seyid Əzimi oxumaq bir sıra xanəndələr üçün daha çətin idi. Ancaq Vahidin qəzəllərinin dil sadəliyi, həm də musiqiyə çox uyğunluğu əlverişli idi, ona görə bu şeirlərə həvəslə üz tuturdular. Vahidin ad-sanının, şöhrətinin belə yayılması səbəbindən bəzi məclislərdə deyənlər də olmuşdu ki, Vahid elə Məşədi Azərdən də üstün şairdir. Bu söz Vahidə təsir eləmişdi. Götürüb cavab yazmışdı:

 

Vahidi Azərlə şeir içrə bərabər tutmayın,

Şeirdə Azər kimi ustad-i əzəm başqadır.

 

Məşədi Azəri sadəcə ustad yox, "böyük ustad", "ustad-i əzəm" adlandırırdı. Təbii ki, bu şeir də, bu şeirin özündən əvvəl onun sədası da Məşədi Azərə çatmışdı və tələbəsinin, yetirməsinin ona belə qiymət verməsi, əlbəttə ki, onu fərəhləndirirdi. Amma istəyirdi ki, tələbəsini, yetirməsini bir az da qanadlandırsın. Ona görə bu şeiri cavabsız buraxmamış, belə bir cavab yazmışdı:

Gər mənim də var bir az hissim fünun-i şeiridə,

Qardaşım Vahid, vəli, ustad-i əzəm başqadır.

Mötəqid əşxasilər çox varsa da mən bikəsə,

Leyk sən tək qədridan, şəxs-i mükərrəm başqadır.

Qədimlərdə döş-döşə gələn pəhləvanlar özlərini öyərək bir-birinə rəcəz oxuyardılar, bununla həm rəqibi qorxutmağa, həm də özlərini cuşə gətirərək çarpışmada qələbəyə kökləyərdilər.

Orta çağ şairləri də elə buna bənzər şəkildə fəxriyyələr yazar, başqa söz ustalarının müqabilində özlərini vəsf edib göylərə qaldırardılar. Ancaq burada əksinədir. İki böyük şair üz-üzədir - bu onu tərənnüm edir, o bunu alqışlayır. Azər Vahid haqqında, Vahid Azər barəsində deyə biləcəyi daha gözəl sözü arayır. Çünki bu şeirləşmədə iki təmənnasız şairin məqsədi kimin daha üstün olmasını sübut etmək deyil, birinin digərində daha artıq gözəllik görməsinə çalışmaqdır. Çünki əmindirlər - nə qədər könlüuca olsan, daha çox qazanan sözün özü olacaq.

20 avqust 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.14-15.