Ev: arxadakı və
öndəki
Esse
Tez-tez eşitdiyim bir sualla başlamaq istəyirəm:
"Doğulduğun yerə aidsən, yoxsa doyduğun?" Kəndimizə
gedəndə üç gündən artıq qala bilmirəm.
Sosial həyat yoxdur, söhbət edəcəyim adamlar yoxdur,
vaxtımı sərf edəcəyim heç nə yoxdur...
yoxdur... və yoxdur. Bəs nə var? Həyatı
bütün şərtlərdə qucaqlayan, hər şeyə
ümid edən, bildiklərindən artığını
öyrənmək istəməyən bir ovuc xoşbəxt
insan. Torpaq, ağaclar, xırda marketlər, çayxanalar və
bütün bunlara sahib olduqları üçün özlərini
bəxtəvər hiss edən adamlar. Bu mənzərə
birinci gün maraqlı gəlir, ikinci gün onları kəşf
etməyə həvəsli olursan, üçüncü
gün hər şey rəngini itirməyə başlayır və
dördüncü gün özünü tək hiss etməyə
başlayırsan. Bu mövzuda böyüklərə şikayətlənəndə
həmişə deyirlər ki, böyüdükcə
buraların qədrini biləcəksən.
Bu yaş hansı yaşdı, bilmirəm. Nə vaxt
torpaq məni özünə çəkəcək, onu da
bilmirəm. Hələ ki olduğum yerləri sürətlə
dəyişmək istəyən, xoşbəxt yox, rahat
olacağım yerləri axtaran birinin yaşındayam.
Heç bir yer içimdəki boşluğu doldura bilmir. Nə
kənd, nə paytaxt şəhər, nə də indi
küçələrini əzbərləyib bitirdiyim bu balaca
sahil qəsəbəsi. Hələ də axtarışdayam.
Aid olduğum yerlər, elə bilirəm ki, məndən
çox uzaqda qalıb. Yəni hələ oralara tərəf
getməliyəm. Arxama baxanda daha çox şey görürəm.
On yeddi ilin hənirini hələ də özündə
saxlayan quru, tozlu bir kənd, gəncliyimin ehtirasını,
cığallığını küçələrinə
sındırmış liman şəhəri və hər
şeyi təzədən başlamaq üçün gəldiyim,
amma heç nəyi dəyişə bilmədiyim balaca şəhər.
İrəli də isə hər şey məchuldu. Növbəti
dayanacağın hələ anonsu verilməyib. Əmin
olduğum həqiqət isə odur ki, buraya da aid deyiləm.
Böyüklər deyirlər ki, axırda doğulduğun yerə,
həmin o evə aid olduğunu anlayacaqsan.
"Ev sənin doğulduğun yer deyil, bütün
qaçış cəhdlərinin bitdiyi yerdir" - Nəcip
Məhfuz yazır. Hələ də aidlik hissinin mahiyyətinə
tam hakim ola bilməsəm də, məhz bu iki sözü - ev
və aidlik hissini bir az yozmağa çalışacam.
Ev bir yer deyil, bir hissdir. Aidiyyət hissi, deyilənə
görə... Mən bu hissi kəşf edə bilmirəm.
Onların dediyi isə xarici aləmə aidlik hiss etməmək
kimi görünsə də, bəzən insanın
özündən uzaqlaşması, xarici aləmə aid
olmamasına çevrilir. Yəni fərdiyyətçiliyə.
Mənə elə gəlir ki, harada olmalarından asılı
olmayaraq, özlərini heç bir yerə aid etmədiklərini
deyənlər özlərinə yad ola bilərlər.
Çünki özünü tanımayanlar hara aid
olduqlarını görə bilmirlər. Əslində, bu hiss
o həddə çatır ki, aidiyyəti hiss etmək istəyi
başqasına çevrilir və onu digərindən
asılı vəziyyətə salır. "Mən boşam
və içimdəki boşluğu kiminləsə doldurmaq
istəyirəm..." Özümü
tanımadığım üçün bu solaxay hiss bəzən
bütün bədənimi yay bürküsü kimi yorur.
Aidiyyət hissi özünü tanıma prosesinin nəticəsidir.
Mütəsəvvüflər deyir ki, məkan da, zaman da bizim
içimizdədir. Öncə içimizdə baş verənləri
kəşf etməliyik ki, həmin "evin" tərifini də
özümüz üçün müəyyən edə bilək.
Özünüzü tanımaq üçün çəkindiyiniz
və etmədiyiniz və ya çox etdiyiniz, lakin sizin
üçün yaxşı olmayan davranış və
düşüncələrə nəzər salın.
Çünki bu nümunələr bəzən bizə
öyrədilən şeylərin qədim bir əzbərdən
başqa heç nə olmadığını sübut edir. Qədim
bir korluqdu bu. Oğuz Atayın "Tutunamayanlar"
romanında insanın özünə qarşı korluğu
belə təsvir edilir: "Yatağımın
qarşısında pəncərə var. Otağın
divarları boşdur. On il bu evdə necə yaşadım? Bir
gün divardan şəkil asmaq istəmədimmi? Mən nə
etdim? Heç kim mənə xəbərdarlıq etmədi.
Sonda mənasız bir insan oldum. Bu, mənim sonumdur. Pis şəkil
asmaqdan qorxduğum üçün heç vaxt şəkil
asmadım. Axı mən heç vaxt pis yaşamaq qorxusu ilə
yaşamamışam".
Natamam və ya qüsurlu olmaq heç də mövcud
olmamağı tələb etmir. Əgər belə
olsaydı, heç birimiz mövcud olmazdıq. Əgər o
şəkli asmaq istəyirsənsə, hətta pis olsa belə,
bunu etməyə çalış. "Pis" deyilən
şey əsasən seçici korluqdur. Əksəriyyət tərəfindən
qəbul edilən subyektiv dəyərlər belə real olmaya
bilər. Ona görə də insan heç olmasa
özünün hiss etdiyi kimi yaşamağa
çalışmalıdır. Bilirəm, bir az şəxsi
inkişaf kitablarındakı sicilləmələrə bənzədi,
amma hərdən onlar da yaxşı nələrsə deyir:
xarab saat misalı.
Yalom "Nitsşe ağlayanda" kitabında
yazır: "Yaşadığınız müddətdə
yaşayın. İnsan doğru zamanda yaşamırsa,
heç vaxt doğru zamanda ölə bilməz..."
Doğru zamanda, doğru yerdə ölmək... Qəribə
ifadədir. Kənddəki adamlar mənə deyirdilər ki,
doğru yer elə evindir. Bəs doğru zamanı, həmin o
final saatını haradan bilməliyik? "Ölməyə vətən
yaxşı"?! Yox, əvvəlcə özünü
tapmağa vətən yaxşı. Vətən - yəni
evimiz, yəni içimiz, yəni əvvəl-axır
qayıdacağımız yer.
Bunlar haqqında hər gün düşünə
bilmirəm. Bir az yaşımın verdiyi məsuliyyətsizlik
haqqıdır. Yaşamağı iliklərimə qədər
hiss etmək istəyirəm. Pandemiya, müharibələr,
sosial-ictimai məsələlər, iqtisadiyyat və bizim dəyişə
bilmədiyimiz onlarca şey gəncliyimizin böyük bir hissəsini
alıb aparanda "ev haradı, boşluğu kim doldurur"
suallarına cavab axtarmırıq. Çabalamadan bataqlıqdan
çıxmağın yolunu tapmağa
çalışırıq. Təbii ki, bir gün
gözümüzü açanda hər şeyə, hər kəsə
gecikməyək deyə.
O ki qaldı doyduğumuz yerə... Marksist bir ifadədir.
Yeni dünyada doyduğumuz yerlər bizi xoşbəxt edəcək
yerlər deyil. Və bu yerlər aid olacağımız yerlər
heç deyil. Doyduğumuz yer həm də yorulduğumuz yerdir
çünki. Kapitalizmin və sənayeləşmənin dəmir
çarxları arasında on bir ay əzilib, on ikinci ay tətil
planı qurub aidlik hissinə çatmaq, onu yaşamaq
mümkünsüzdür, əlbəttə. Aidlik, bir gün
doyduğun yerin mahiyyətinə varmaq, onu rədd etməklə
başa gələcək yəqin. Nə vaxt, harada? Bilmirik!
Rəvan
525-ci qəzet .-2024.-31 avqust (№157).- S.13.