Məsumiyyət muzeyində  

KAMAL KİMİ SEVMƏK, YOXSA FÜSUN KİMİ SEVİLMƏK?

 

 

Bir don almışdım güllü-çiçəkli... Lap Füsunun donu kimi. Özümə söz vermişdim ki, bu paltarı nə vaxtsa Məsumiyyət muzeyinə getsəm, onda geyinəcəyəm. Nəhayət, o gün gəldi. Güllü donumu da geyinib, üz tutdum məlum məkana.

İstanbulda - Nobel mükafatı laureatı Orhan Pamukun "Məsumiyyət muzeyi" romanı əsasında yaradılan eyniadlı muzeydəyəm.

Bura lap təsəvvürümdə canlandırdığım kimidir. Pamuk da buranı məhz belə təsvir etmişdi. Binaya daxil olduğum ilk dəqiqələrdə bu fikri özüm üçün yəqin etdim. Düzü, xəyalımda canlandırdığım Füsunu itirmək istəmirdim, ancaq onu da təxmin edirdim ki, bu binadan başqa bir Füsunla çıxa bilərəm.

Onu tanımağa dodaq boyasından başlayıram. Siqaret kötüklərinin künc-bucağına bulaşan "qırmızı" yöndəmsiz görüntünü necə də gözəlləşdirir... Füsunun dodağına toxunan 4213 siqaretin hər biri öz hekayəsini danışır.

Yuxarı mərtəbələri görmək üçün tələsirəm. Hər detalda Füsunu axtarmaq, onu gördüyün əşyalarla tanımaq, oxuduğun səhifələri elə oradaca xatırlamaq cəhdi... Fərqli və qarmaqarışıq hisslər... Bu hissi doyunca yaşamaq üçün muzeyi bir neçə dəfə dolaşıram.

Burada olduğum müddətdə diqqətimi çinli bir qız çəkir. Muzeyi tək gəzən turist xanım diqqətlə eksponatlara baxır, şəkillərini çəkir, eyni yerə təkrar-təkrar qayıdır. Davranışlarından hiss olunur ki, əsərdən xəbərdardır. Ancaq bir sual mənə çox maraqlı gəlir. Görəsən, o, Pamuku hansı dildə oxuyub? Nə qədər yaxşı tərcümə olsa belə, mətni orijinalında olduğu kimi hiss etmək mümkün deyil. Bəlkə o da türk dilində oxuyub romanı?! İstənilən halda Pamuku tərcüməsiz oxuya bildiyim üçün özümü şanslı hesab edirəm.

Muzeyi gəzdikcə gözümə dəyən eksponatlar xatırladır ki, təkcə yazıldığı dil yox, həm də danışdığı hekayələr mənə yad deyil. Bakirəliyini itirən qızın məcbur evləndirilməsi, yaxud da cəmiyyətin qınağından ehtiyatlanıb istədiyi həyatı yaşamaqdan qorxan adamlar. Mən bilirəm bu taleləri, eşidirəm ara-sıra dostdan-tanışdan. Eyni coğrafiyanın insanlarının dərdləri də tanış olur, elə bil.

Sevdiyi adamla yatan qızın cəhənnəmə dönən həyatı bir ingilis yazıçının mövzusu ola bilərmi? Yaxud da bu hekayəni Pamuk kimi yazmağı bacararmı?

Füsunun donu. İncə qollarının, zərif boynunun, Kamalın dediyi kimi, yay gəlməmiş günəşin qaraltdığı uzun ayaqlarının bu donla necə bütünləşdiyini gözlərimin önündə canlandırıram. Kamalın Füsuna aşiq olduğu gün ayağından çıxan ayaqqabını muzeydə gördüyüm ayaqqabı ilə, itirdiyi sırğanı burdakı sırğa ilə assosiasiya edirəm. Güzgüsü, darağı, fincanı - bir sözlə, Füsuna aid hər şey gözümə o qədər estetik görünür ki... Kamal sanki bu detallarla Füsunu niyə sevdiyini bir daha bəyan edir.

Füsunun portretini gözümün önündə canlandıra bilsəm də, təəssüf ki, nə əsərdə, nə də muzeydə daxili dünyasına dair heç nə tapa bilmirəm.

"Aşk yalnızca mutlu bir buluşma, bir karşılaşma değil. Aynı zamanda karanlık bir yanı da var aşkın. Aman ne güzel şey, aşk" demiyor kitabım. Onu da tabii ki diyor. Aşık olunca bunu hissederiz, ama aşık olunca başımıza ne geliyor? Masumiyet Müzesi adlı romanda, aşkı sanki bir trafik kazası gibi, başımıza gelen korkunç bir olay gibi, bizim elimizde olmayan, karanlık, anlaşılmaz bir şey gibi anlattım" - deyir Pamuk...

Kamalın Füsuna olan sevgisinin niyəsi ilə bərabər, necəliyini də danışır bu muzey. Pamukun da dediyi kimi, bu kitab həm də eşqin qaranlıq yönünə işıq tutur. Burada isə ağrı, acı, kədər, həsrət var. Ən əsası, zamanın gücünə dair çox şey. Təəssüf ki, bəzi şeylərin dəyərini yalnız itirəndən sonra anlayırıq. Necə ki Kamal Füsunu itirəndə bilmir nə qədər böyük səhv etdiyini. Bir dəfə gecikir, ömürlük itirir.

"Hayatımın en mutlu anıydı, bilmiyordum". Necə də ağrılı cümlədir. Pamuk "Eşq acısının anatomiyası"nı təsvir etməklə sanki mücərrəd görünən dərdi maddiləşdirməyə cəhd edir. Hətta ağrının koordinatlarını da detallıca təsvir edir:

"Acı güçlendiği vakit, şekilde görüldüğü gibi, göğsümle midem arasındaki boşluğa hemen yayılırdı. O zaman gövdenin yalnız sol kısmında kalmaz, sağa da geçerdi. Şiddetlendikçe hacmi genişleyerek artan acı, alnıma, enseme, sırtıma, hayallerime, her yerime vurur, beni boğar gibi sıkıştırırdı. Acı bazan boğazıma kadar çıkar, yutkunmamı zorlaştırır, bazan sırtıma, omuzlarıma, kollarıma yayılırdı. Ama her zaman asıl midemdeydi, merkezi orasıydı".

Bu ağrını ovutmaq üçün içdiyi rakı qədəhləri də eksponatlar arasında xüsusi yer tutur.

Qəhrəmanların yaşantıları fonunda 80-ci illərin İstanbul mənzərələri gözümüzün önündə canlanır. Ümumilikdə, romandakı hadisələr 1970-2000-ci illəri əhatə edir, muzeydə də bu illəri əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə isə xüsusilə, ötən əsrin ictimai həyatını əks etdirən eksponatlar diqqətimi çəkir. Əşyaların çoxunun kiçik olması ilk baxışda qarışıq bir təəssürat yaratsa da, romanı xatırladıqca mənzərə aydın olur. Onu da qeyd etmək mütləqdir ki, Orhan Pamuk sərgilənən eksponatları toplamaqla bərabər, muzeyin tərtibatında da iştirak edib.

Əgər siz romanı oxumadan muzeyə gəlsəniz, burdakı eksponatlar gözünüzə əşya yığını kimi görünə bilər. Çünki hər əşyanın romanla əlaqəsi var. Üstəlik, hər mərtəbə romanın bölümlərinə görə sıralanıb.

Burada nümayiş olunan Məltəm qazozlarının reklam çarxı ənənəvi muzey stilistikasına rəng qatmaqla yanaşı, insanı həmin dövrə aparır.

Və nəhayət, sonuncu mərtəbəyə qalxıram. Ən çox burada - çarpayının başındakı köynəyi görəndə kədərlənirəm. Məhz o köynəkdən sonra bütün səhvlərinə rəğmən, Kamala olan hirsimin keçdiyini hiss edirəm. Gözüm divarda həmin cümləni axtarır... "Her kes bilsin, çok mutlu bir hayat yaşadım".

Bu cümlənin sirrinə aldanıb o qədər səhvlər etmişəm ki. Heç birinə görə də peşman deyiləm. Çox istərdim ki, mən də Kamal kimi son nəfəsimdə bu sözləri deyəcək qədər gözəl ömür yaşayım. Əminliklə deyə bilərəm ki, "Məsumiyyət muzeyi" mənim ən sevimli romanımdır.

Divardakı cümlənin fonunda kitabın qısa xülasəsini xatırlayıram.

Qəhrəmanımız varlı ailənin otuz yaşlı oğlu Kamal özünün aid olduğu sinifdən olan Sibellə nişanlanmaq üzrəykən təsadüfən gördüyü kasıb qohumu, on səkkiz yaşlı Füsuna vurulur. Qısa müddət eşq yaşadıqdan sonra Kamal Sibellə nişanlanır. Füsun başqası ilə evlənir, Kamal isə Füsunu nə qədər çox sevdiyini anlayıb, Sibeldən ayrılır. Kamal Füsunu təkrar qazanmaq üçün səkkiz il qohum qiyafəsində onların evinə gedib-gəlir. Məhz həmin dövrdə muzeyin eksponatına çevriləcək əşyaları oğurlayır. Nə az-nə çox, düz səkkiz ildən sonra Füsun ərindən ayrılır və Kamalla hekayələri yenidən başlayır. Cütlük evlənmək üzrəykən Füsun yol qəzasında həyatını itirir. Kamal isə ömrünün sonuna kimi nakam sevgisində təsəlli gəzir. Füsundan qalan əşyalarla görüşdükləri Merhamet apartmanında Məsumiyyət muzeyini qurur.

Bu hekayənin harasındadır xoşbəxtlik? Kamal bu ömürləmi fərəhlənir?

 

Aytac SAHƏD

525-ci qəzet .-2024.-31 avqust (№157).- S.10.