Fürsət
esse
Düz on beş ildir ki, Mürşüdqulu
zurnaçalan Məmişin dəstəsində züy tuturdu.
Bu, ilk baxışda asan görünən peşə, olduqca məsuliyyətli,
ağır və mürəkkəb idi. O, bəzən kənd
toylarında qulağını üç gün, üç
gecə Məmişin zurnasına dirəməli, onun bəmini,
zilini diqqətlə izləməli, bircə səsi belə nəzərdən
qaçırmamalı olurdu. Belə hallarda gecə yarıdan
xeyli keçmiş zurna ağzında mürgü də
döyərdi, amma ordu və qulağı uzun illərin təcrübəsində
öz vəzifəsini alışdığından, nə
ağız nahiyəsi boşalar, nə də bəmi zilə,
zili bəmə qatardı. Elə yata-yata dan yeri sökülənə
qədər gah alçaqdan, gah da ucadan
züüüüüü edərdi. Yuxulu
züyçünün bu aramsız züyü Məmişə
də, nağara vurana da ləzzət verərdi və onun məsum
körpə kimi yuxulamasına göz yummağa zəmin
yaradardı.
Onların dəstəsi hərdən bir aşıq Qəmbərqulunun
yanında, bəzi mötəbər məclislərdə də
çalırdı. Bu mənzərəni görmək bir
ömrə dəyərdi: Qabaqda tökməboy aşıq Qəmbərqulu,
ortada eşməbığ, xəşəlqarın Məmiş,
onun dalınca nağara vuran Qəmil və lap arxada arıq,
uzuntıraq Mürşüdqulu ordunu doldurub züy tuta-tuta
süfrənin başına fırım-fırım
fırlanırdılar. Qabaqda gedən aşıq və
sazançılarla müqayisədə Mürşüdqulunun
vəzifəsi bir az gərəksiz, bir az mənasız
görünsə belə, arxada dabanbasaraq addımlayan
züyçü yaxşı bilirdi ki, bu dəbdəbəli
səs-küydə ağzını sərçə
balaları kimi açan sükut boşluqlarını doldurur,
buna görə də dəstənin işi onsuz aşa bilməz.
Beləcə düşünə-düşünə fərəh
hissi keçirir, qabağa məğrurcasına baxaraq
züyha-züylə yoluna davam edirdi. Hələ siz təsəvvür
edin ki, rayonda bərk gedənlərin izdihamlı məclislərində
bu vəzifəni layiqincə yerinə yetirmək, arxada gedə-gedə
səsləri bir-birinə qatmamaq, bəmi-zili mahircəsinə
ayırd etmək nə qədər mürəkkəb, nə
qədər məsuliyyətli məsələ idi, ələlxüsus
da aşıq Qəmbərqulunun səsi Məmişin qara zurnasının
səsinə qarışanda məsələ lap
müşkülləşirdi. Amma Mürşüdqulu bu
cür vəziyyətdən həmişə üzüağ,
alnıaçıq çıxmışdı,
çıxırdı və çıxacaqdı.
Züy tutmaq hər oğlun hünəri deyil, fəqət
buna rəğmən, Mürşüdqulunun artıq həddi-buluğuna
çatmış oğul-uşağı atalarının bu
peşəsinə dodaq büzür, hərdən bir evdə
narazılıq salıb yekəxanalıq edirdilər.
Belə məqamlarda Mürşüdqulu qürur hissi
ilə bildirirdi: "Mən sənətkaram, balam, sənətdə
hərənin öz yeri var. Biri o birini əvəz edə bilməz!"
Uşaqlar inadlaşıb,
züyçülüyün sənətə heç bir
aidiyyəti olmadığını isbat etməyə
çalışanda, Mürşüdqulu da öz müqavimətini
artırar, dərinə gedib daha geniş mənalı dəlillər
gətirərdi:
- İki nəfərdən biri
züyçüdür! Həyat biney-başdan belə qurulub,
lütfən kimsə kiminsə züyünü
tutmalıdır, biri çalır, o biri də ona züy
tutur.
- Hamı çalır, züy tutanı-zadı yoxdur!
- bu etirazı bir dəfə Mürşüdqulunun arvadı
gözlənilmədən, Mürşüdqulu
üçün qəti gözlənilmədən ortaya
atdı. Mürşüdqulunun matı-qutu qurudu, dili
dodağını təpdi. Uşaqlardan hər sözü gözləyərdi,
amma indiyə qədər dili-ağzı özündə, hər
çətinliyə sinə gərən vəfalı
ömür-gün yoldaşından, onun züyünə
züy tutan bağrıbadaş qadından bunu gözləməzdi.
Arvad xeylağını nə bilmək olar! Kim bilir
onun ürəyində ağzından qan iy gələn
neçə aslan yatır? Bu etibarsız arvadın, qəflətən
uşaqlara qoşulub öz vəfasızlığını
büruzə verən bu qadının kəndin
toy-düyünündə neçə dəfə qol
qaldırıb Mürşüdqulunun züyünə
oynadığını kim saya bilər? Bəli, məhz
Mürşüdqulunun züyünə! Çünki
Mürşüdqulunun zövcəsinin ağzı nədir
öz halal-hümbət əri dura-dura, həmin məclisdə
ola-ola, gözü baxa-baxa özgə bir kişinin
çaldığı havaya oynasın!? Mürşüdqulu
bilirdi ki, qız-gəlinə qoşularaq qollarını
çiçəkləyən şaftalı budaqları kimi
açıb süzə-süzə ortalığa gələn
arvadı hamıdan fərqli olaraq nə uzunboğaz Qəmilin
nağarasının dappıltısına, nə də Məmişin
qaydasına oynayar. Oynayammaz! Qadın, özü bunu
özünə rəva bilməz, Mürşüdqulunu el
içində rüsvay etməz! O, yalnız halalca ərinin
tutduğu uzun-uzadı, aramsız züyə oynaya bilər!
Amma sən demə, arvadın da qəlbində gizli
etiraz vulkanı qaynayırmış. Qaynaya-qaynaya da
püskürmək üçün öz məqamını,
öz saatını gözləyirmiş.
Püskürdü. Bir püskürməklə də
Mürşüdqulunun üz-gözünü, ömrü boyu
arvad-uşağının cəfasını çəkən,
bir tikə çörək üçün durmadan dolub-boşalan
qara gün dağarcığı ordunu yandırıb
pörtdədi.
Mürşüdqulu haçandan-haçana təkcə
bunu deyə bildi:
- Həə?
- Hərə öz havasını çalır,
züy tutanı-mutanı yoxdur! - uzun illərdən bəri
gizlin-gizlin qaynayan vulkan alov dilini bir də çıxardı,
Mürşüdqulu hiss etdi ki, amansız od bu dəfə onun
qalan yerlərini də yandırdı.
Uşaqlar bundan ləzzət alaraq susur,
atalarının nə deyəcəyini, indi necə dəlil gətirəcəyini
qəribə bir maraqla gözləyirdilər.
Mürşüdqulu daxilindəki səsin zilə
qalxdığını hiss edib elə zildən dilləndi:
- Kim tutmur, az!? Hamı züy tutur, hamı!
Özbaşnalıq edib mənimlə söz güləşdirmə,
əzəl başdan dünya belə qurulub, hər ailədə
evin kişisi çalır, ailənin yerdə qalan üzvləri
ona züy tutur! Daha geniş mənada desək, -
Mürşüdqulu bu yerdə dərindən nəfəs
alıb, ordunu vərdişi üzrə doldurub boşaldandan
sonra sözünə davam etdi, - Amerika çalır, Avropa ona
züy tutur! Eşitdin? Gözünü aç, dünyaya
yaxşı-yaxşı bax!
Görünür, arvad eşitdi də, baxdı da,
inandı da, çünki onun vulkanı sürətlə
püskürdüyü kimi sürətlə öləziyərək
alov dilini qatlayıb öz içinə qayıtardı.
Mürşüdqulu cəfakeş
ordlarını yenidən doldurub, sözünə nəsə
əlavə etmək istədi, amma arvadın da,
uşaqların da yazıq-yazıq susduqlarını görüb
fikrindən daşındı, bir müddət beləcə
ordu dolu qaldı. Bu əsnada qadının fikrindən
qeyri-ixtiyari belə bir kəlmə keçdi: İndi
ağzında düdük olsa, lap zildən züyüldədərdi,
özü-özünə züy tutardı.
Bir gecə dəstə başçısı Məmiş
iti hürüdə-hürüdə Mürşüdqulugili
şirin yuxudan oyatdı. O, xoş xəbər gətirməsə,
bəlkə də, Mürşüdqulu zurna
yoldaşını uzun müddət
bağışlamazdı. Amma xəbər xoş idi, xoş
sözü azdır, zurna səsi kimi olduqca şad və
cingiltili idi. Məmiş onu həyətə
çağırıb bığını eşə-eşə
dedi:
- Göstəriş var, Bu yaxınlarda çox
hörmətli bir qonağın qarşısında
çıxış edəcəyik. Sabahdan etibarən gərgin
məşqlərə başlamalıyıq. Bugün məni
çağırmışdılar. Dedilər, ayın sonunda
O... - Məmiş bu yerdə gözlərini bərəldib
barmağını elə uzağa tuşladı ki,
Mürşüdqulu barmaqdan o yanda ləngərlənən müəmmalı sonsuzluğu
apaydın gördü, - nə qədər gözlənilməz
olsa da, Onun özü bizim ölkəyə təşrif
buyuracaq.
Dəstə yoldaşının barmağının
qeyri-müəyyən istiqamətini görüb "O" hərfini
eşidəndə Mürşüdqulunun həyəcandan
qeyri-ixtiyari ordu top kimi doldu.
- Bildin də kimi deyirəm?
- Bildim... Adı nədi?
- Adını mən də bilmirəm, amma bilirəm
ki, O, bəşərin ən məşhur sənətkarıdır.
- Mən də elə bilirəm.
- Qonaq, rayon mərkəzinə gedərkən bizim kəndin
ayağından keçəcək. Zatən başqa yol da yoxdur.
Odur ki, biz Onun qarşısında çıxış edib
gözəl bir zurna havası çalmalıyıq.
- Biz Onun qarşısında çıxış edəcəyik?
- Mürşüdqulu heyrətlə soruşdu.
- Bəli, Onun qarşısında!
- Biz?
- Bəli, biz. Xaricdən gələn belə bir qonaq
üçün uşaq-muşaq çalmaz ki?
Tapşırıq verib dedilər, ayın sonunda yol
qırağında durub qədim el havası olsun deyə,
"Uzun dərəni", ya da "Aman nənəni"
çalmalısınız ki,
hörmətli qonaq bizim qədim el havalarının
ab-havası ilə tanış olsun. Yaxşı
hazırlaşın, elə çalın ki, O heyran olsun!..
- Deyirsən "Aman nənəni" çalaq? -
Mürşüdqulu xeyli udqunandan sonra soruşdu.
- Bəlkə də "Uzun dərəni"
çaldıq, hələ baxaq. İndi get, yat dincəl. Səhər
doqquzda bizdə ol. Məşqlərə başlayırıq.
Qəmilə də demişəm.
"Gecən xeyrə qalsın!" - deyən Məmişə
"xeyrə qənşər" deyib Mürşüdqulu evə
elə qayıtdı, elə bil Qaqarindir, kosmosa ilk
uçuşdan öncəki gecəni yatmağa,
yaxşı-yaxşı dincəlməyə gedir.
Bundan sonra düz üç həftə məşq
elədilər; evdən səhər səkkizdə
çıxan Mürşüdqulu evə gecə saat onda, on
birdə, bəzən bundan da gec qayıtdı. Belə
şeylər sizə asan gəlməsin. Otuz illik toy-mağar təcrübələri
olsa da, bu nə toy idi, nə də mağar, daha doğrusu,
ikisi də bir yerdə idi, hələ bundan qat-qat artıq, son
dərəcə məsuliyyət tələb edən bir hadisə
idi.
Neçə gün, neçə gecə
çala-çala düşündülər, fəqət
heç cür təsəvvürlərinə gətirə
bilmədilər o boyda qonaq yol kənarında durub bunlara nə
təhər qulaq asacaq, çaldıqlarını necə dəyərləndirəcək.
Görəsən, bunlardan hansının üzünə daha
çox, daha diqqətlə baxacaqdır?
Mürşüdqulu dəstənin başqa üzvlərindən
fərqli olaraq öz boyunun hündürlüyünə
ümid bəsləyir, güman edirdi ki, O
aşağıdakıları görə bilməyəcək,
məhz unun üzünə zillənəcək, bəyənib
yadında qalanı da onun züyü olacaq.
Həmin məşq müddətində
Mürşüdqulunu evdə-eşikdə tanımaq olmurdu.
Fikirli-fikirli gəzir, az dinib, az danışırdı, hər
sözə cavab vermirdi, ətrafdakılara yuxarıdan
aşağı baxmağa başlamışdı.
Qapı-bacada gəzinəndə ordu dolu olurdu, hər yoldan
ötənin salamını almır, hamı üçün
ordunu boşaltmırdı. Salam verib kəlmə kəsdiyi kənddə
sayılan kişilər idi. Arvadının dediyinə görə,
gərgin məşqlərdən sonra ordu dolu yatırdı.
Gah "Uzun dərə", gah da "Aman nənə"
məşqləri sona çatdı və intizarla gözlədiklər
gün də gəldi.
Axşamdan danışdıqları kimi sübh tezdən
üzlərinin tükünü təraş etmiş,
saçlarını vurdurmuş halda, başlarında buxara
papaq, əyinlərində səliqəli pencək və qalife
şalvar yol qırağında əvvəlcədən
göstərilən yerdə peyda oldular. Amma
çalmadılar, özlərini Onun üçün
saxladılar.
Yol boyu on metrdən bir məktəbli
könüllülərdən ibarət ağ paltarlı
oğlan və qız düzülmüşdü.
Mal-qaranı, qoyun-quzunu otarğaya çıxaranlar
yola tərəf gəlir, bu qəribə mənzərəyə,
zurnaçılar dəstəsinə və yol kənarında
seyrək bitən çobanyastığı kimi düzülən
könüllülərə heyrətlə baxırdılar.
Gün günortanın yerini haqladı, amma qonaqdan bir
xəbər-ətər yox idi. Bomboş trasda ara-sıra rayon
sakinlərinə məxsus müxtəlif markalı
maşınlar şütüyürdü.
Sazançılar, gözləməkdən gözlərinin
kökü saralsa da, dözdülər. Özlərini, vəfalı
qadınlar kimi sədaqətlə yolunu gözlədiklərinə
saxladılar, vüsal anlarını dönə-dönə xəyalən
canlandırdılar. O isə gecikirdi.
Mürşüdqulu, Onun harada duracağını,
onlara hardan tamaşa edəcəyini səhərdən
gözü ilə yüz dəfə ölçdü, yerini
yüz dəfə dəyişdi: "Yox, orda yox, burda... mən
burdan daha yaxşı görünürəm. Yox, yox, bir az bəridə
dursa, daha yaxşıdır, bir başa üzümə
baxar". Dəstənin
üzvləri yorğunluqdan yerlərini dəyişdikcə,
Mürşüdqulu da hörmətli qonağın yerini dəyişməli
olurdu: "Bəlkə bura daha yaxşıdır, xeyir, ora lap
əladır!"...
Günəş çoxdan qüruba tərəf əyilmişdi.
Birdən Mürşüdqulu hiss elədi ki, yolda bir canlanma
yarandı. Orda-burda pıçıllaşdılar ki, gəlir!
Yaxınlaşır! Lap yaxındadır!..
Rayon rəhbərlərindən biri
(Mürşüdqulu onu mədəniyət şöbəsinin
müdiri kimi tanıyırdı) təcili gəlib
zurnaçılar dəstəsini özü bildiyi qayda üzrə
düzdü. Mürşüdqulu bu mərdimazarlıq
ucbatından qonağın yerini yenə dəyişməli
oldu. Artıq neçənci dəfə idi ki, gözü ilə
Ona layiq və müvafiq yer axtardı.
Bu canlanmadan sonra yarım saat da keçdi.
Birdən yola və ətrafa bir çaxnaşma
düşdü ki, Mürşüdqulunun qeyri-ixtiyari dizləri
əsdi, ordunun iç divarları qurudu.
- Gəlir! Gəlir! Hazır olun! Lap yaxındadır!
Bu an rayon mədəniyyət şöbəsinin müdiri gəlib
dirijor kimi zurnaçıların düz qabağında durdu
(Bu mazarrata görə Mürşüdqulu qonağın yerini
son məqamda bir daha dəyişdi), o, zurnaçılara əmranə
sələ:
- Mən çalın deyəndə çalın! -
dedi.
Məmiş, "baş üstə!" deyib,
müdirin əmrini zabitəli baxışla dəstənin
daha iki üzvünə ötürdü.
Nəhayət, yolda sürətlə gələn qara maşın
göründü, göründüyü kimi də
vıyıltı ilə keçib getdi. Mürşüdqulu
düşündü: guman ki, bu muştuluqçu, müjdəçi
maşın idi.
Bundan sonra çox keçmədi, yolun başında
qeyri-adi bir maşın peyda oldu. Mürşüdqulu
ömründə belə maşın görməmişdi.
- Çalın! - Rayon mədəniyyət şöbəsinin
müdiri əlini yelləyib çevikcəsinə yola tərəf
çevrildi.
Mürşüdqulu, keçirdiyi güclü həyəcandan
ordu qurumuş olsa da, əlləri əsə-əsə
zurnanın ucunu titrəyən dodaqlarının arasına yerləşdirib
qulağını Məmişin qara zurnasına dirəyərək
"Uzun dərənin" züyünü tutdu. Bir
zurnaçı kimi taleyinin burda və bu an həll
olunduğunu bildiyindən elə tutdu, elə tutdu,
ömründə belə züy tutmamışdı.
Maşın onlara yaxınlaşdıqca zurnaların səsi
gurlaşır, zurnaçıların həyəcanı
artırdı. Yolunu intizarla gözlədikləri adam indicə
gəlib onları dinləyəcəkdir. Görəsən, O,
Mürşüdqulu onun üçün təyin etdiyi yerdəmi
duracaq?
Elə bu ara gözəlliyi göz oxşayan həmin
maşın onların təninə gəldi... və bir az
bundan öncə keçən maşınlar kimi bu da
vıyıltı ilə keçib getdi.
Maşın keçərkən Mürşüdqulu
ordunu bacardıqca doldurdu və uğultu səsi zurnaların səsinə
qarışsa belə, o möhtəşəm anda, o təkrarsız
məqamda (bu maşın kimi sürətlə keçən
anın içinə sığsa da, sığmasa da)
ömründə ən yaxşı, ən vacib, ən məsuliyyətli,
ən mənalı, ürəyin dərin qatralına yatan bir
"züüüüüüüüüüüy!"
elədi.
O sürətli anda nağara bircə dəfə də
olsun tappıldaya bilmədi, amma həmin həlledici məqama
sığan Mürşüdqulunun uzun züyü mühərriyin
uğultusundan yaranan divarı yara-yara qonağın
qulağına mütləq çatdı, çatmaya bilməzdi,
çünki maşın qənşərdən keçərkən
qara şüşə arxasından, deyəsən, kimsə
Mürşüdqulunun üzünə zilləndi.
Bu "deyəsən" və "kimsə"
sözlərini öz aramızda deyirik, yoxsa
Mürşüdqulu o gündən etibarən hər məclisdə,
hamının yanında "deyəsənin" əvəzinə
"dəqiq" sözünü, "kimsənin" yerinə
isə "O" hərfini işlədirdi.
Deyirdi, cani-dildən çaldığım "Uzun dərənin"
könüloxşayan züyünü eşidən kimi, dəqiq
gördüm, O düz gözümün içinə
baxdı.
Düzdür, onun bu sözünə inananlar da olurdu,
inanmayanlar da, amma inananlar çox, inanmayanlar az, lap az idilər.
Əsas odur ki, buna evdə-eşikdə, elə kəndin
özündə hamı inanırdı. Hələ
Mürşüdqulunun arvadının dediyinə görə,
bu hadisədən sonra üç gün, üç gecə
onun ordunun köpü yatmamışdı. Həmin əlamətdar
hadisədən sonra el arasında Məmişin dəstəsinə
hörmət birə beş artdı, hamı onları məşhur
musiqi xiridarının qarşısında (bəziləri
"önündə" deyirdilər) çalan
zurnaçılar dəstəsi adlandırırdı. Son
zamanlar onları toya-düyünə çox nadir hallarda
çağıran imkanlı kişilər, həmin kübar
məclisdən sonra bu şanlı dəstəni hər toya, hər
şənliyə çağırırdılar. Hətta
onlara görə öz aralarında toy cədvəli
tutmuşdular. Cavanlar da istəyirdilər onların toyunu elliklə
urvat qazanan dəstə çalsın. Zurnaçılar da
etibarlı cədvəl üzrə hər yerə gedirdilər,
Mürşüdqulu da fürsət düşdükcə əziz
qonağın qarşısında tutduğu züydən, Onun
gözünü züyçünün orduna və
gözünə zillədiyindən ağız dolusu
danışırdı.
Belə möhtəşəm uğura rəğmən,
kimsə züyün dəyərini xəyalən belə
kiçiltməsin deyə, söhbətinin sonunda mütləq
əlavə edirdi: Gör, züy nə qədər əhəmiyyətli
şeydirsə, qosqoca Avropa cavan Amerikaya züy tutur.
İmir MƏMMƏDLİ
525-ci qəzet $g 2024.- 3 dekabr (№221).- S.12.