Məşhur hərbçi Novruz ağa Kəngərli və onun süvari varisləri

 

Naxçıvanın süvari Kəngərlilərinin sənədləri Tiflis, Vladiqafqaz, Nalçik, Odessa, Moskva və Sankt-Peterburq şəhərlərindəki arxivlərdə saxlanılır. Çünki 1828-ci ildən sonra Rusiya Qafqazda, həmçinin digər dövlətlərlə apardığı müharibələrdə, əsasən, müsəlman atlı polklarından istifadə etmişdi. Əlbəttə, sovet epoxasında bunu könüllü milis, yaxud ovçu dəstələri kimi qələmə versələr də, əslində, belə deyil. Döyüş bölgələrinə müsəlman polklarını məcburən aparıblar. Hətta elə döyüşlər var ki, Kəngərli süvari dəstələri və çərkəz döyüşçüləri döyüşməkdən imtina etmişlər. Demişlər ki, qafqazlılar bir-birinə qılınc qaldırmazlar. Ona görə də çar çinovnikləri Naxçıvana və Çərkəz vilayətinə ezam olunurdular ki, geniş təbliğat işi aparsınlar. Əslində, bu, təbliğat yox, müxtəlif vasitələrlə onları hədələmə idi. Tarixin bu səhifələri çox ağrılı və ziddiyyətlidir. Ya döyüşə getməlisən, ya da Sibir katorqalarını seçməlisən. Tək özünü yox, yaşadığın şəhəri, mahalı, mənsub olduğun tayfanı da belə bir tale gözləyirdi. Ona görə də hərbi and içdirirdilər və döyüşə aparırdılar.

Kəngərli süvarisi and içdisə, son nəfəsinədək döyüşəcək. Xəyanətdən söz açmaq olmaz. Belə sənədlərə hələlikdə rast gəlməmişik. Hərbi işə bu cür sədaqət doğma Naxçıvan üçün idi. Kəngərli süvariləri doğulub boya-başa çatdıqları Naxçıvanı necə də ürəkdən sevirmişlər! Naxçıvan süvarilərinin çoxu Krım cəbhələrində, Polşada və digər cəbhələrdə həlak olublar. Çar Rusiyası gizli saxlasa da, onun bu cəbhələrdə ağır itkiləri olub, çoxlu canlı qüvvəsini qurban verib. Bağlı arxiv fondları açıldıqca gizli mətləblər aydınlaşır.

Podpolkovnik İsmayıl ağa Kəngərli

1902-ci ildə Tiflisdə nəşr edilən "Novoye obozreniye" (Yeni icmal) qəzetində (№ 6078, 6079) naxçıvanlı yazıçı Eynəlı bəy Sultanovun (Kəngərli) "Novruz ağa" adlı hekayəsi çap olunub. Hekayə sənətkarlıq baxımından çox maraqlı idi. Yazıçı hekayəyə epiqraf kimi M.Y.Lermontovun məşhur "Borodino" şeirindən götürülmüş "Da, bılı lyudi v naşe vremya" ("Bəli, bizim zəmanədə kişilər var idi") misrası verilmişdi.

Əsərin baş qəhrəmanı Kəngərli tayfasının bilici (vəkil) qolundan olan Novruz ağa Kəngərlidir. O, məşhur hərbçi kimi tanınan I Kərim Sultanın varislərindəndir. I Kərim Sultan II Şah Abbasın hakimiyyəti dövründə, yəni XVII əsrin ortalarında Kəngərli tayfasının vəkili olub.

Novruz ağa II Məmmədkərim Sultan ("Büzürg") Əliməmməd bəy oğlunun nəvəsidir. Onun atası Hacı Lütfəli Sultan II Məmmədkərim Sultanın oğludur.

Novruz ağa təxminən 1780-ci ildə Naxçıvan şəhərində doğulub. Naxçıvan xanlığı Rusiya imperiyası tərəfindən işğal edilməzdən əvvəl İran ordusunda hərbi xidmətdə olub. Bu haqda şahzadə Abbas Mirzə Qacarın fərmanı var. Naxçıvan Muxtar Respublikası Dövlət Arixivində 1818-ci ilə aid saxlanılan bir sənəddə onun da təqaüd aldığı haqda məlumat vardır.

Atasından sonra, 1843-cü ildən etibarən Kəngərli tayfasının rəisi kimi sənədlərdə qeyd edilib. Novruz ağa dövrünün varlı mülkədarlarından biri olub. Çar Rusiyasında olan hərbi xidmətlərinə görə ona və atasına verilən imtiyazlar Naxçıvan xanlarına verilənlərlə eynidir.

1831-ci ildə Kırna kəndi ona verilən titul kəndlərdən idi. Aşağı Huremeşin kəndində 10 xalvar əkin sahəsi, Yuxarı Huremeşində 8 xalvar əkin sahəsi varmış. Bundan başqa, Kükü, Qulubəydizə kəndlərində də əkin sahələri olub.

Polkovnik İskəndər ağa Kəngərli

Arxivlərdə olan 1831-ci ilin məlumatına görə, onun Səkinə xanım və Xeyransa xanım adında iki həyat yoldaşı olub. Novruz ağanın İsmayıl ağa, İskəndər ağa, Qarabəy ağa, Məmməd ağa, Tərxan sultan, Cahangir ağa, Mahmud ağa, Möhsün sultan, Behbud ağa, Kərim ağa adında oğlanları və Xanımcan xanım, İmmi xanım, Töhfə xanım və Güllübəyim adlı qızları olduğunu müəyyənləşdirdik.

Qızı Xanımcan xanım tam süvari generalı İsmayıl xan Naxçıvanskinin həyat yoldaşı olub. Novruz ağanın oğlu İsmayıl ağa təxminən 1820-ci ildə doğulub. 1843-cü ildə Varşavada olan Zaqafqaziya müsəlman süvari dəstəsinin komandiri olub. 1865-1867-ci illərdə İrəvan bəy komissiyasının Naxçıvan qəzası üzrə üzvü imiş.

Həyat yoldaşı I Kalbalı xanın oğlu mayor Fərəc ağanın qızı olub. 1843-cü ildə Novruz ağa qraf Paskeviçə yazdığı bir məktubda qeyd edir ki, qardaşı Hüseyn sultan çox vuruşmaların iştirakçısıdır. O qeyd edir ki, öz oğlu İsmayılı qraf Paskeviçin yanına göndərir. Xahiş edir ki, qraf Paskeviç gənclərə təmənnasız yardım etsin. Digər bir sənəd isə general-mayor I Ehsan xana aid ola sənəddir. I Ehsan xan yazır ki, Kəngərli süvarilərinə İsmayıl ağa vəkil təyin edilsin.

I Ehsan xan yazır: "Onun atası Novruz ağa tayfanın vəkilidir, oğlu isə süvari döyüşçülərin vəkili təyin edilsin".

İsmayıl ağa Naxçıvanda yaşayıb. Onun evi XIX əsrin ən gözəl memarlıq tikililərindən biridir. Naxçıvanda bu mülkə "Şahbaz ağanın malikanəsi" deyiblər. Bu günədək Naxçıvan şəhərində durmaqdadır. Hətta 1935-ci ildə şərqşünas K.N.Smirnov Naxçıvanda uzunmüddətli ezamiyyətdə olarkən o evdə yaşayıb və məşhur "Kəngərli arxivi"ni (həmin binanın zirzəmisində saxlanırmış) Tiflisə aparıb.

İsmayıl ağa və oğlu Şahbaz ağanın malikanəsi

Bu arada demək yerinə düşər ki, əvvəllər Kəngərli arxivi İsmayıl ağanın Zaviyə məhəlləsindəki mülkünün zirzəmisində saxlanılıb. Sovet hökumətinin ilk illərində o mülk uşaq xəstəxanası kimi fəaliyyət göstərib. Sonralar orada Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşirdi. 1987-ci ildə sökdülər. Həmin vaxt İsmayıl ağanın evində nəvəsi Əliqulu ağa Sultanov yaşayırmış. Əliqulu ağa Cümşüd Paşa Sultanovun oğludur. Yeri gəlmişkən, Kəngərlilərin xeyli hissəsi Sultanov familiyası daşıyırlar (ulu babaları məşhur Kərim Sultanın şərəfinə), İsmayıl ağanın Şahbaz ağa, Cümşüd paşa, Yaqub paşa, Əlmədət ağa, Sultan ağa, Cavad ağa adında oğlanları və Fatma xanım, Cəvahir xanım, Bilqeyis xanım və Əzizə xanım (rəssam Bəhruz Kəngərlinin doğma anası) adlı qızları olub.

İsmayıl ağa Rusiya ordusunda tanınmış hərbçi olub. Bir çox sənədlərdə onun podpolkovnik və ömrünün sonlarına yaxın polkovnik rütbəsində olduğu bildirilir. İsmayıl ağanın şəxsi işinin axtarışı davam etməkdədir.

Kəngərli nəslinin varislərindən biri: Xan Mirzə Sultan Novruz ağa oğludur. Çox gənc ikən, 20 yaşında birbaşa döyüş cəbhəsinə aparılan Xan Mirzə ağanın da hünəri arxiv sənədlərinə yazılıbdır. Bəlkə də, bu gün onun Naxçıvandakı varisləri ulu babalarının mahir döyüşçü olduğunu bilmirlər! Bütün ömrünü hərbi işə sərf etmiş Xan Mirzə Sultandan danışmaq istəyirik.

Xan Mirzə 1833-cü ildə Naxçıvan şəhərində məşhur hərbçi, Kəngərli elinin vəkili Novruz ağanın ailəsində dünyaya gəlib. İlk təhsilini Naxçıvanda aldıqdan sonra Tiflisdə hərbi məktəbdə oxuyub. Hərbi xidmətə Şərq müharibəsinin cəbhələrində başlayıb. 1853-cü ildə onu 4 nömrəli süvari müsəlman polkunun vəkili təyin edirlər. 20 yaşlı gənc Bilici Kəngərlilərdən olduğu üçün Krım cəbhəsində döyüşən Kəngərli süvarilərinin vəkili təyin olunur. Rusiya Dövlət Hərbi-Tarix Arxivindəki sənəddən məlum olur ki, Xan Mirzə 15 aprel 1853-cü ildə döyüş bölgəsinə aparılır. 15 iyun 1854-cü ildə Kəngərli süvari dəstəsinin naibi seçilir. O, 17 iyun 1854-cü ildə məşhur Çınqıl təpəlikləri uğrunda gedən döyüşlərdə iştirak edir. Döyüşdə hünərinə görə gümüş və Şərq müharibəsinin şərəfinə təsis edilmiş bürünc medallarla təltif olunur. Müharibə qurtarandan sonra öz arzusu ilə ordudan tərxis olunub Naxçıvana qayıdır. Ancaq 1857-ci ildə yenidən onu hərbi xidmətə çağırırlar. Xan Mirzə Sultan əlahəzrət imperatorun Qafqaz eskadronunun leyb qvardiyasında (saray qvardiyasında - müəllif) 4-cü batareyada silahdaşıyan vəzifəsini yerinə yetirir. Bu vəzifəni yerinə yetirmək əmri 28 dekabr 1857-ci ildə verilir. Xan Mirzə Kəngərli 25 yanvar 1858-ci ildə Sankt-Peterburq şəhərinə gəlir və imperator sarayında hərbi xidmətini davam etdirir. O, 1861-ci ilin 7 sentyabrınadək Rusiya çarının saray qvardiyasında mühafizəçi olur. Sonra onu ordudan azad edərək Naxçıvana göndərirlər ki, yunkerlər hazırlamaqla məşğul olsun. Amma Xan Mirzə Sultanın Naxçıvana qayıtdıqdan sonra nə işlə məşğul olması haqqında məlumatımız yoxdur. Təkcə onu deyə bilərik ki, Xan Mirzə Kəngərli 1866-cı ildə 33 yaşında Naxçıvanda vəfat edib.

Sankt-Peterburqda yerləşən Rusiya Dövlət Tarix Arxivində elmi axtarışlar apararkən "Hökumət Senatının Departamenti" fondundakı sənədlər içərisində Xan Mirzə ağanın oğlunun adı olan bir sənəd tapdıq. Senata ərizə yazan Naxçıvan Kəngərliləri arasında yazılmışdı: Ağalar bəy Xan Mirzə oğlu.

Bu sənəd imkan verdi ki, onun Naxçıvandakı varislərini şəcərədə təsvir edə bilək. Ağalar bəyin oğlunun Muxtar, oğul nəvəsinin adı isə İskəndərdir. İskəndər ağanın anası Cümşüd Paşa Sultanovun qızı Xuraman xanımdır. Ağalar bəyin varisləri Naxçıvanda, əsasən, maarifçiliklə məşğul olmuşlar. İskəndər müəllimi Naxçıvanda ürəkdən sevirdilər. O, övladlarını da vətənpərvər ruhda böyüdüb, alitəhsilli mütəxəssislər kimi yetişdirib. Onlardan biri - uzun illər "Şərq qapısı" qəzetində çalışan və bu qəzetin baş redaktoru vəzifəsinə qədər yüksələn Səxavət Kəngərli Prezident təqaüdçüsü olub. Sovet hakimiyyəti illərində qəzetdə işləyərkən biz gənclərin yazılarının işıq üzü görməsinə xüsusi qayğı ilə yanaşırdı. Əlimizdə olan arxiv sənədlərinə görə, onun ulu babaları məşhur hərbçi kimi XVI əsrdən XIX yüzilliyin sonlarına qədər tariximizdə böyük hünər sahibləri olmuşlar. XX yüzillikdə isə varislər qılıncı qələmlə əvəz edib xalqımızın maariflənməsi yolunda fədakarlıq göstərmişlər. Babaların hünər yolu indi də gənc varislər tərəfindən sədaqətlə davam etdirilir.

 

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

kuliyevm@yandex.ru

525-ci qəzet $g 2024.- 3 dekabr (№221).- S.11.