ƏFSANƏLƏRİN ƏN
GERÇƏYİ
O, böyük sənətə gələndə Azərbaycanın
Bülbülü vardı. Bu nəhənglikdə Ulduzun nur
saçdığı məkanda işıq olub parlamaq, həm
də o Zirvəni təkrarlamadan tam fərqli bir yol seçərək
könüllər fatehi olmaq üçün istedadlı, hətta
çox istedadlı olmaq az idi. Gərək səs sehrbazı
olaydın, gərək ilahi avaz sahibi olaydın, gərək
minləri, onminləri, yüzminləri bir an içində
oxumağınla tilsimləyərək cazibəndə saxlamaq
qüdrətin olaydı.
Allah bu qabiliyyətlərin hamısını sevimli bəndəsi
Rəşidə əta edibmiş! Onu və bizləri xoşbəxt
etməkçün Tanrı bu lütfü göstəribmiş!
Rəşid Behbudovun bir çox oxuları var ki,
dünlədikcə mat qalırsan, fikirləşirsən ki,
bu səs incilərini doğrudanmı insan övladı belə
yaradıb, ya bu yazılar Göydən gələn töhfədir,
elə bu cür xəlq olunaraq bizə hansısa savab əməllərimizə
görə ərməğan göndərilib!
O, şuşalı idi və çox şuşalılar
kimi, bu şəhər ona elə dünyaya gəldiyi vaxtdan məlahətli
səs bağışlamışdı. Amma
düşünmürdü ki, gün gələr, o da xanəndəlik
edər, camaat qarşısına çıxar,
toy-düyündə oxuyar. Qarabağın elə onun kimi
yaxşı səsi olan çox cavanları da oxumağı
gündəlik həyatlarının yemək-içmək, at
çapmaq, torpaqla əlləşmək kimi adi hadisəsi
sayırdılar, "adam oxuyar da" deyirdilər.
Amma Göydəki Qələm ayrı yazı
yazırmış!..
Varlı bir tacirin yanında işləyən,
ağasının İrandan, Rusiyadan gətirdiyi
parçaları boğçasına yığaraq məhəllə-məhəllə
dolaşan, arşınmalçılıq edən Məcid
Behbudalı oğlunun o çağlar üçün ən
böyük arzusu Şuşada bir bəzzaz dükanına
sahib olmaq idi. XIX əsr bitib, XX yüzillik
başlanırdı.
Ancaq həmin Göydəki Yazının
Hökmüylə tale onu Qarabağın ən məşhur
tarçısı Məşədi Zeynal Haqverdiyevlə rast
saldı, bəxt onu sorağı Gəncədən Qafqaza,
Orta Asiyaya, Anadoluyadək yayılmış Məşədi Cəmil
Əmirovla görüşdürdü.
Bu bilgin, muğamat sərrafı sənətkarlarla
yaxınlaşandan sonra Məcid əvvəllər gəldiyi
bir qənaətə qəlbən inandı ki, hər səsi
olan, hər oxuya bilən xanəndə ola bilməzmiş. Bu
yolun yolçusu olmaqçün gərək lap çox biləsən,
muğam dəryasının qəvvası olmaqçün
daim öyrənəsən. Özü də hər səndən
bir az artıq biləndən yox, kamil ustadlardan dərs alasan.
...1912-ci ildə səsi onu gətirib
çıxarmışdı Riqaya.
XX əsrin əvvəllərində Avropanın bir
sıra şəhərlərində qızğın fəaliyyətə
başlayan səsyazma şirkətlərindən biri də
burada idi.
"Pate qardaşlarının şirkəti",
"Qrammofon", "Ekstrafon", "Sport rekord",
"Monarx rekord" və digər səsyazma şirkətləri
artıq Qafqazın məşhur xanəndə və sazəndələrinin
xeyli vallarını buraxmışdı.
Bu ticarət yaxşı pul gətirirdi və həmin
şirkətlər də maraqlı idilər ki, yeni səslər,
təzə çalğılar tapsınlar, kataloqlarında
yer alan ifaçıların sayını artırsınlar.
Məcid Behbudov onlarçün lap göydəndüşmə
bir xanəndə idi.
Tiflisdə yaşadığından,
vaxtaşırı yalnız Azərbaycan deyil, Gürcüstan
toylarına da dəvət edildiyindən səlis
danışdığı gürcü dilində də nəğmələri
çox şirin ifa edirdi. Eləcə də erməni
mahnılarını. Səsyazma şirkəti
üçün tək Məcidi dəvət etmək elə
yazılışa üç xanəndə
çağırmaq kimi bir şey idi.
Xanəndə Məcid Behbudov heç yuxu,
nağıl kimi də təsəvvür etməzdi ki, indi
Riqada yazdırdığı vallarından biri üstündən
onillər ötəndən sonra artıq məşhur oxuyan
kimi şöhrəti Azərbaycandan çox uzaqlara
yayılmış oğlu Rəşidlə İranda
görüşəcək.
Bu əhvalatı mənə unudulmaz Rəşid
Behbudov özü danışmışdı. 1978-ci ilin apreli
idi. O vaxtlar indiki Kukla Teatrında yerləşən Mahnı
Teatrında Rəşid müəllimin söhbətini lentə
alırdım. Həmin söhbəti yazanacan elə bu
yazılışla əlaqədar beş-altı
görüşümüz olmuşdu. İlk iki
görüşümüzdə atası ilə bağlı
xeyli danışmışdı mənə.
Sonra həmin söhbətlərdən bir mətn
düzəldib gətirmişdim ki, oxusun, lentə alaq.
Demişdi ki, belə olmaz, hər yazılan söz
tarixdir, gərək mətni mənimsəyəm, əməlli-başlı
hazırlaşam.
Neynək, hazırlaşın demişdim. Sonrakı
görüşümüzdə qayıtmışdı ki,
hazırlamışam, amma hələ tam bişməyib, qoy
bir az da işləyim.
Bəzi sözləri dəyişməyimi xahiş
etmişdi (o vaxt hələ kompüter yox idi, makinada
yazırdıq və özümün çap etdiyim mətnin
üzərində Rəşid müəllimin əlgəzdirmələri
əks olunun vərəqləri də yadigar saxlayıram),
yadına düşən başqa əhvalatları da
danışmışdı.
Nəhayət ki, böyük Rəşid Behbudovun təxminən
bir mahnını lentə almaq üçün sərf etdiyi
müddəti və çəkdiyi zəhmətlərə bərabər
zaman və əməklər sayəsində atası Məcid
Behbudovla bağlı xatirələrini öz səsində
lentə alaraq tarixləşdirməyə müvəffəq
olmuşdum.
Danışırdı ki, İrana qastrol səfəri
əsnasında Analı xanın evinə dəvət
edilibmiş. Arada evin sahibəsi bir neçə dəqiqəliyə
otaqdan çıxır, az sonra əlində bir fotoşəkil,
bir də köhnə val qayıdıb gəlir: "Mən hələ
kiçik qız idim. Anamla Naxçıvanda toyda idik. Cavan,
yaraşıqlı bir xanəndə oxuyurdu. Anama dedim ki,
böyüyəndə, haçansa toyum olanda bu xanəndəni
çağırarsınız. Anam da o vaxt zarafat kimi qəbul
edilən bu istəyimi unutmamışdı. Vaxt-vədə
yetişib toyum olanda həmin xanəndəni tapıb gətirdilər.
Sonra bir neçə gün evimizdə qonaq da qaldı. Bu
şəklini və səsi yazılmış bu daşı
(Rəşid müəllim bunu xüsusi vurğulayırdı
ki, həmin xanım vala "daş" deyirdi) bizə hədiyyə
etdi".
Rəşid heyrət içində ayağa
qalxıbmış. Təəccübləniblərmiş ki,
xanımın bu xatirəsi onu belə həyəcanlandırdı.
"Bu fotodakı mənim atam Məcid kişidir. Bu
"daş"da da onun oxuduğu "Zabulsegah"...
...Artıq böyük müğənnimiz Rəşid
Behbudovla əbədi ayrılığımızdan illər
keçir. Lakin onsuz illərin bir anında da xalqımız Rəşidsiz
qalmayıb.
Onun ecazkar səsi dünən olduğu kimi, onlu
günlərdəki sayaq yenə yol
yoldaşımızdır. Rəşid əfsanəsi davam
edir və həmişə də bizimlə olacaq.
O bu millətə Tanrının müstəsna
töhfələrindən idi. Belə nadirlər haqqında hərdən
deyirlər ki, "bu cür şəxsiyyətlər 100 ildə,
1000 ildə bir doğulur".
Doğru deyil!
Belə misilsizlər bircə dəfə gəlir
dünyaya, onların tayı, bənzəri daha heç vaxt
olmur! Təsəvvür edə bilirsinizmi ikinci Rəşidi?!
Ona qismən bənzəyənlər, özünü
ona bənzətməyə can atanlar ola bilər. Olsun!
Təki elə bənzəmək istəyənlər,
təqlid etmək həvəsinə düşənlər Rəşid
kimi zirvələrə oxşamağa
çalışsınlar. Belə olarsa, gec-tez öz müstəqil
cığırlarını da tapacaqlar və hər halda bəyənilənlərdən
olacaqlar. Çünki təməldən zövqləri, səviyyələri
varmış ki, məhz ən üstünə oxşamaq
yolunu tutmuşlar. Amma Rəşid ki heç kəsə bənzəmir!
O, Azərbaycan musiqisinə gələndə bu tərzdə
heç kim oxumurdu. Bu üslubu, bu yolu Azərbaycana o
bağışladı. İlahi gözəllikdə olan səsinə
qovuşan cazibəli dəst-xəttilə lap ilk
addımlarından hər kəsi valeh etdi.
Təzə xətt, təzə yol adətən əvvəldə
etiraz da doğura bilir, bir qədər çətinliklə qəbul
edilir. Rəşid bu baxımdan da istisnaya çevrildi. Gəldi
və elə ilk qədəmlərindən birbaşa Azərbaycan
insanının ürəyinin dərinliklərinə irəlilədi,
oranı özünə əbədi yuva seçdi. Məhz əbədi!
Bundan sonra yüzillər keçsə belə, bu xalqın
ruhunu Rəşiddən ayrı düşünmək
olmayacaq!
Söz yox, gün gələcək ki, Rəşid
Behbudovun doğurduğu müstəsna irsə və öz
möhtəşəmliyinə yaraşan abidəsi də
yaranacaq.
Və o abidə burada - Bakıda da, Qarabağda -
Şuşada da ucalacaq.
Bir çoxları deyir ki, qurucusu olduğu Mahnı
Teatrının qarşısındakı heykəli də, Fəxri
xiyabandakı qəbirüstü abidəsi də əsl,
tanıdığımız Rəşid deyil, onun
obrazını dəqiqliyi ilə göstərə bilmir.
Mübahisə etmirəm. Baxışlar, yanaşmalar fərqlidir.
Amma bir həqiqət də unudulmasın ki, Rəşid kimi nəhənglərin
abidəsini yaratmaq son dərəcə çətindir. Bu səs,
bu ad özü artıq abidədir.
Və Rəşid bu millətin ruhuna o qədər
qarışıb ki, Rəşidi canlı görənlər
bir yana, hətta onu yalnız oxularından tanıyanların da
hər birinin içərisində öz Rəşidi var. Hərənin
bir cür gördüyü və təsəvvür etdiyi
şəxsiyyəti hamının qəbul edəcəyi bir
şəkildə canlandıraraq millətə təqdim edəcək
heykəltəraş da elə Rəşid qədər
böyük olmalıdır.
Rəşid Behbudov dünənin, indinin və gələcəyin
elə fövqəladə gözəllik
yaradıcılarındandır ki, artıq rəmzə
çevrilib. Milli rəmz olmaq ucalığına qalxanlarasa
minnətdar yurddaşlar tərəfindən layiq olduqları
abidələr gec-tez hökmən yapılır. Lakin artıq
ucalmaqda olan və gələcəkdə dikəldiləcək
Rəşid abidələrinin milyonlarcasını Azərbaycan
insanı ürəyində lap çoxdan bərqərar edib.
Bizə yadigar qoyub getdiyi hər səs incisi
özlüyündə ayrıca abidə olan Rəşid
Behbudovun möhtəşəm heykəli Tarixin Bağrında
XX yüzilin ortalarından var və həmin abidə Rəşid
sağ olduqca da var olacaq. Bunca sevimli bir səs dünyası
doğurmuş Rəşidin sağlığı, diriliyi isə
millətimizin, dilimizin ömrü qədər olacaq!
Amma niyə məndə bunca xiffətli duyğular, həyəcan
oyada bilir?
Böyük sənətkarı
düşündükcə istər-istəməz 1977-1978-ci
illəri, unudulmaz müğənni ilə elə həmin məşhur
Kukla Teatrındakı görüşlərimizi
xatırlayıram. O zamanlar Rəşid Behbudov Mahnı
Teatrını yaratmışdısa da, ətrafına
topladığı istedadlı kollektivlə tez-tez Azərbaycan
boyu konsertlər verirdisə də, dünyanın müxtəlif
ölkələrinə vaxtaşırı qastrol səfərlərinə
yola düşürdüsə də, hələ arzusunda
olduğu münasib sabit məkanları yox idi. Kukla
Teatrının binası müvəqqəti
sığınacaq idi.
Təmirə ciddi ehtiyacı olan, damı qəzalı,
hər yağış səpəndə neçə yerdən
daman bu nimdaş binada isə Rəşid Behbudov o illərdə
evindəki saatlardan da çox vaxt keçirirdi. Xatirimdədir,
elə həmin binada, yuxarı qatda balaca kabinetindəki iri
masanın arxasındakı növbəti görüşlərimizdən
birində Rəşid müəllimi çox pərişan
gördüm. Ötən gecə selləmə
yağış tökmüşdü, damın bu hissəsini
az əvvəl xala-xətrin qalmasın təmir etmişdilərsə
də, güclü yağmura davam gətirməmişdi, necə
dammışdısa, döşəmə də su içində
idi, masanın üstündəki bəzi sənədlər,
yazılar və bir neçə kaset də
korlanmışdı.
Elə mən içəri girincə əllərini
yana açıb: "Rəşidin gününü
görürsən də", - demişdi!
Əzəmətli Rəşidin bu aciz sözləri o
vaxt da məni çox ağrıtmışdı, bu gün də
xəyalən hənin günə qayıdırkən yenə
çox qüssələnirəm.
Həm də yalnız Rəşidə görə
yox, Allahın dünyanın hər ölkəsində nadir
yaratdığı belə parlaqların niyə həyatda bəzən
(hərdənsə bəzən deyil, lap tez-tez) bunca
sarsıntılara, layiq olmadıqları məhrumiyyətlərə
qatlaşaraq fikir çəkməli olmalarına
acımışdım, acıyıram.
Dahiyanə sənəti ilə güc timsalı olan
bir yaradıcının namünasib şərait
qarşısında öz gücsüzlüyünü belə
fağırcasına ifadə etməsi ürək incidirdi.
Rəşid Behbudovu sevənlərin arasında
unudulmaz Heydər Əliyevin xüsusi yeri vardı.
Rəşid Behbudovun sağlığında da,
artıq həyatda olmadığı çağlarda da bu
nadir siyasət və dövlətçilik nəhəngi diqqət
və qayğılarını ondan heç vaxt əsirgəmədi.
Elə Mahnı Teatrına indi Rəşid Behbudovun
adını daşıyan küçədəki binanın
ayrılmasını və orada əsaslı təmirə
başlanması qərarını da vaxtilə Heydər
Əliyev vermişdi.
Heyiflər ki, ömür vəfa etmədi, tale həmin
binada ürəyi istəyən kimi fəaliyyət göstərmək
imkanını ondan əsirgədi.
Rəşid müəllimlə illər boyu
yaxınlaşdıqca, ünsiyyətlərimiz artdıqca bu
nadir sənətkarın özünə qarşı da, yetirmələrinə,
həmkarlarına münasibətdə də nə qədər
tələbkar, hətta amansızca tələbkar olduğuna
şahid kəsildim.
İlahinin nəsib etdiyi istedad öz yerində, ancaq Rəşid
kimi fədakarlıq göstərməyəndə həmişə
yaşayacaq inciləri yaratmaq da mümkün olmur. Bu, eləbir
köhnəlməz yaradıcılıq düsturudur ki, həmişə
təkrar-təkrar isbatına ehtiyac var.
Rəşid Behbudovdan qalan səs abidələrini dinlədikcə
həmişə hərdəfəki kimi sonsuz zövq ala-ala,
heyran qala-qala onu da düşünürəm ki, bu incilərin
bu gözəlliyə, bu kamilliyə çatması
üçün gör vaxtında Rəşid Behbudov nə qədər
saatlar itirib, nə qədər əməklər sərf edib.
Rəşid Behbudovun az adamın eşitdiyi, rusca lent
yazısı qalmış bir nəğməsi var.
"İki sahil" adlı bu mahnı Cənubi Azərbaycandakı
Azadlıq hərəkatına, 1 illik məsud ömründən
sonra 1946-cı ilin dekabrında devrilmiş Milli Hökumətimizin
və Seyid Cəfər Pişəvəri başda olmaqla cənublu
qardaşlarımızın düyünlü taleyinə həsr
edilmişdi. Mahnının musiqisini Fikrət Əmirov bəstələmiş,
sözlərini Nikolay Dorizo yazmışdı. Rəşid
Behbudov mahnını Maks Fişmanın fortepianoda
müşayiəti ilə oxuyub. 1970-ci illərin sonlarında
bir gün Rəşid müəllim "İki sahil"
adlı bu mahnının rusca mətnini mənə verərək
xahiş etmişdi ki, öz dilimizə bədii tərcümə
edim. Əlavə də etmişdi ki, hələlik ekvoritmik tərcüməyə
ehtiyac yoxdur, sadəcə şeir kimi çevir, görək
necə səslənir.
Səslənməyinə belə səslənirdi
-içərisində unudulmamalı tarixi yaşadır, ona
görə itib-batmasın deyə bura əlavə edirəm:
Araz, Araz, Araz, sən ey daşqın çay.
Yurda sərhəd olmaq sənin qismətin.
İranın kəndləri, yanmış düzənlər,
Sənə yükləyibdir qara həsrətin.
Doğma balaların Azərbaycanın
Ayırıb Arazın dərdli çəpəri.
Kəsib soydaşların bəxt yollarını,
Axıb gedən çayın əyri xəncəri.
Araz, Araz! Çəkdin hər müsibəti,
Göz yaşı çayısan söylədi ellər.
...Yenə Azərbaycan yaz təravəti
Yazın saflığıyla dolub sərasər.
Bura başdan-başa gül içindədir,
Amma donub qalıb çay üstdə bahar.
Sərhədi aşması mümkün deyildir.
İngilis əsgərlər orda durublar.
Orda çörək yoxdur, nəğmə oxunmur,
Tozlu cığırlardan fəqirlər keçir.
Qardaş, əziz qardaş, biz ki bir canıq,
Silah qaldırmazsan sən mənə əsla!
Dünya qopsa belə, düşmən olmarıq,
Unutmasın bunu yanki ağa da!
Gün gələcək, sənə bahar güləcək,
Kəsə bilməz heç kəs yaz gələn
yolu.
Araz boyu açar yenə gül-çiçək
Qovuşar sahillər könül dolusu.
Araz, sözüm sadə, inanıran mən,
Səadət çayına dönəcəksən sən.
Bizdə 1960-1970-ci illərdə Cənubi Azərbaycan
məsələsi senzuranın xüsusi həssaslıqla
yanaşdığı mövzulardan idi, hər
yazılanın üzə çıxmasına neçə əmma
qoyulurdu, hansısa cümlələr, ifadələr, adlar
qayçılanırdı. Bu haqda mahnının, illah da beləsinin
oxunması, lentə alınması, təsdiq edilməsi isə
daha müşkül, hətta günün siyasi şərtləri
nəzərə alınarsa, mümkünsüz idi. Rəşid
müəllimi ümidləndirən, onda bu mahnının
artıq üzə çıxarılmasına müəyyən
imkanlar yaranması ehtimalını oyadansa İranda 1979-cu il
inqilabından sonra baş verən dəyişikliklər idi.
1980-ci illərin əvvəllərindən etibarən
Güneydən xoş xəbərlər almağa
başladıq, ana dilində çıxan yeni qəzet-jurnalların
soraqları bizləri qəlbən sevindirirdi. Artıq o tərcüməni
etdiyimdən bir neçə il keçirdi. 1984-cü ilin
yayı idi. Maestro Niyazinin cümə axşamlarından birində
Rəşid müəllim qayıtdı ki, yadındamı,
"İki sahil" mahnısının mətnini tərcümə
etmişdin, vaxtın olsa, bu günlərdə teatra gəl, o
barədə söhbət edək.
Tezliklə görüşdük və Rəşid
müəllim mətni bir qədər başqa cür görmək
istədiyini söylədi.
O, siyasi baxımdan yetərincə püxtə
adamdı, harada necə addım atmağı, hansı
sözü necə deməyi elə intuitiv olaraq daim
dürüst müəyyənləşdirirdi. Bu
ehtiyatlılığı, siyasətcilliyi də ona həyat
özü öyrətmişdi. Cavanlığından
başlayaraq nə qədər xarici ölkələrə səfər
etmişdi. O çağlardasa Sovet İttifaqından kənara
çıxan sənətçilər dəstəsi heç
vaxt nəzarətsiz olmurdu. Dövlət Təhlükəsizlik
Komitəsinin bir əməkdaşı da hökmən dəstəyə
qoşulurdu və bunu səfər edənlərin
hamısı da yaxşı bilirdi. Getməmişdən qabaq dərsvermələri
öz yerində, orada da hər addımı izləyir,
müvafiq hesabatlar da hazırlayırdılar ki, hər nəfərin
növbəti xarici səfərə
buraxılıb-buraxılmaması məsələsi o məxfi
rəydən birbaşa asılı olurdu.
Rəşid müəllim bu qədər səfərlərə
çıxmışdısa, sonralar artıq özü həm
də qastrola gedən böyük dəstələrin rəhbəri
olmuşdusa və haqqında heç bir irad-filan yoxdusa, demək,
bu baxımdan işini yaxşı bilən idi.
Şeirin mətnini mənə iki dəfə oxudandan
sonra dedi ki, burada şah rejimi ifşa olunur, ona görə də
zahirən sanki indi elə bu şəkildə də gedə
bilər. Ancaq heç kim bilmir vəziyyət necə dəyişəcək.
Ona görə də elə edək ki, mahnı yaşaya
bilsin, diksindirməsin, hansısa ehtiyatsız ifadələr
sabah onun yolunu bağlamasın. Çünki bir dəfə
yazılacaq, qalacaq, daha imkan olmayacaq ki, nəsə dəyişilsin.
Mülahizələrini bir-bir söylədi, qeyd etdim və
bunu da əlavə etdi ki, artıq həm də oxumaq
üçün tərcümə etdiyini nəzərə al,
elə et ki, sözlər həmin musiqiyə otursun. Onu da
etdim, az sonra Rəşid müəllimə
çatdırdım, oxumağı da qət etmişdi, ancaq nəsə
bu da gerçəkləşmədi, onun həyata keçməyən
niyyətlərindən, arzularından biri olaraq qaldı.
Ancaq zəif də olsa bir gümanım sönmür
ki, bəlkə evdə mahnının birgə
razılaşdığımız mətnini maqnitofona oxuyub,
zümzümələri qalmaqdadır?
Güman edirəmsə, bu fərzetməm də
boşuna deyil, söykəndiyi məntiq var. Rəşid
müəllimin öz söylədiyinə arxalanıram.
Danışırdı ki, xaricdəki konsertlərinin peşəkarcasına
kinolentə çəkilənləri, səsi
yazılanları da olub, ancaq əksəri məxsusi olaraq
yazılmayıb, uçub gedib. Özünün səfərlərindən
birində aldığı balaca maqnitofonu vardı. Söyləyirdi
ki, xaricdəki hər konsertimdə bunu qoyuram səhnənin
bir küncündə, hər şeyi yazıram, sonralar dəfələrlə
dinləyirəm də. Həm xatirədir, həm də hər
çıxışı təhlil edirəm, elə oxu
gedişində bədahətən gələn hansısa
xalları, keçidləri, bəzəkləri sonra üzərində
bir qədər də işləyərək təkmilləşdirirəm.
Bunca səliqəli, tədbirli olan Rəşid müəllimin
bolluca kasetləri arasında ev arxivində məşqlərinin,
müəyyən musiqi parçaları üzərində
hazırlıqlarının, bu gün bizimçün hər
dəqiqəsi qızıla bərabər səs
qaralamalarının qala biləcəyinə bu səbəbdən
çox ümidliyəm.
Rəşid müəllimin bir zarafatı yadıma
düşür. Söyləyirdi ki, bizlərdən çox
yazın, elə o yazılarla siz də
yaşayacaqsınız.
Düz demirdimi məgər?!
Əbədi ömürlülərin ömründən
onları sevənlərə də hökmən bir nur dilimi,
bir sovqat yetir.
Rəşidin Azərbaycan insanı ilə həmişəlik
yol yoldaşı olan bahar ruhlu yaşarı sənəti
haqqında bu hekayət yada onun İrana digər bir səfərini
gətirir. Böyük Rəşid Behbudov dördüncü
dəfə imiş ki, İrana gedibmiş. 1966-cı ildəki
bu səfərində qüdrətli sənətkar özü
ilə elə sənətinin ucalığına yaraşan
müşayiətçi dəstəsini
götürübmüş: tarzəni Əlağa Quliyev,
kamançaçısı Tələt Bakıxanov, mahir dəfçalan
Əzizağa Nəcəfzadə və usta pianoçu Akif
Abdullayev. Rəşid hansı ölkədə konsertlər
versəydi, ürəkləri fəth edirdi, onu ilk dəfə
görənləri də məftun qoyur, öz daimi
vurğununa döndərməyi bacarırdı. Lakin İranda
ona münasibət büsbütün fərqli idi. Burada ona
aşiqdilər. Bu qonşu ölkəyə ilk gəlişlərindən
necə məhəbbət qazanmışdısa, yeni konsertlərində
nəinki salondakı oturacaqların hamısı tutulmuş
olurdu, hətta cərgələr arasındakı boş yerlər
də bütün konserti ayaq üstə dinləyən heyran
tamaşaçılarla dolurdu. İran Gənclər Cəmiyyətinin
dəvəti ilə gerçəkləşmiş bu səfərlə
bağlı o çağın Azərbaycan və İran mətbuatında
yer almış iki rəqəm heyrətləndirməyə, Rəşid
Behbudov və dəstəsinin bir neçə gün ərzində
necə gərgin işlədiyinə insanı mat qoymaya bilmir.
Xeyli cəhətdən yaxın və doğma ölkəyə
hər səfərində olduğu kimi, bu dəfə də Rəşid
Behbudov repertuarında məşhur Azərbaycan
mahnıları ilə yanaşı, İran xalq təranələri
və ölkənin ən sevilən bəstəkarlarının
əsərlərinə də geniş yer
ayırıbmış. Bir neçə gün ərzində
14 konsert vermiş, 400-dən çox mahnı oxumuşdu. Az
qala hər ifanın elə o ifa uzunluqda alqış selinə
büründüyü həmin konsertlərdən birində
növbəti mahnıdan sonra Rəşid Behbudov səhnəyə
əlindəki bir teleqramla çıxır, elan edir ki, bu, bir
teleqramdır, indicə bizə Sovet İttifaqının
Tehrandakı səfirliyindən gətirib
çatdırıblar. Teleqram bizə Bakıdan göndərilib
və xəbər verilir ki, indi qarşınızda, mənimlə
eyni səhnədə olan, neçə günlər ərzində
sizin də çalğılarını alqışlarla
mükafatlandırdığınız kamançaçı
Tələt Bakıxanovun bu gün oğlu dünyaya gəlib.
Gəlin hamılıqla gözəl sənətkarımıza
gözaydınlığı verək, onu birlikdə təbrik
edək.
Kükrəyən alqışlar bir neçə dəqiqə
susmaq bilmir. Amma Rəşid Behbudovun tamaşaçılara
növbəti müraciəti elə bir riqqət, elə bir
alqış tufanı oyadır ki, yüzlərlə insan uzun
müddət, ayaq üstə, yoruluncaya qədər əl
çalmadan sakitləşmək bilmir.
"Əziz dostlar! Tələt Bakıxanovun
övladının dünyaya gəlməsinin şad
sorağı bizə İran torpağında yetişib. Hərarətli
alqışlarınız sübut edir ki, ölkələrimizin,
xalqlarımızın həyatında baş verən istənilən
xoş hadisə, yaxşı müjdə bizi bir-birimizə
necə də yaxınlaşdırır. Amma bizi ayıran bir
Araz çayı da var. Mən təklif edirəm ki, dostumuz Tələtin
dünyaya yeni göz açmış balasına Araz adı
verək. Arzu edək ki, indi bu sevincli xəbər bizi belə
ürək səmimiyyəti ilə qovuşdurduğu kimi,
gün o gün olsun, Araz çayı da
ayrılığın, həsrətin deyil, vüsalın,
birliyin rəmzinə çevrilsin!"
1966-cı il idi, Rəşid Behbudov bu sözləri
pıçıldamırdı, mikrofona deyirdi,
qarşısında yüzlərlə insan vardı, konsert
yazılırdı və orada belə ucadan eşidilən
bütöv millətin duası sayılacaq bu sözlər
böyük bir sənətkarın vətəndaş
mövqeyi idi.
O anlarda bu konserti izləyənlər, həmin sözləri
eşidənlər boğazdakı qəhəri necə
toxdadaydılar, gözlərdən ixtiyarsız axan
yaşı necə saxlayaydılar?!
...Azərbaycanda çox arşınmalçılar
olmuşdu. Küçə-küçə, həyət-həyət
gəzərək xurcunlarını açmışdılar,
qız-gəlin, el-elat onların başına
toplaşmışdı. Amma Azərbaycanın bir
arşınmalçısı da oldu ki, məhəllə-məhəllə,
ev-ev gəzməklə durmadı. Ölkə-ölkə,
şəhər-şəhər dolaşdı. Hara getdisə,
tamaşasına minlər, onminlər toplaşdı. Bu fateh
arşınmalçı dilində "Azərbaycan"
sözü qitələr gəzən, yurdunu tanıdan, millətinin
misilsiz incilərini dünyaya nümayiş etdirən Rəşid
Behbudov idi.
...Rəşid Behbudovun ömründən və
yaradıcılığından çox bəstəkarlar
keçdi. Bu sırada Tofiq Quliyevə tay olan yoxdur.
Rəşid Behbudov başqa bəstəkarların da nəğmələrini
oxuyub, Tofiq Quliyevin yazdıqlarını da digər müğənnilər
ifa ediblər. Lakin Tofiq nəğmələri Rəşidin səsində
ən ideal səslənişini tapırdı və Rəşid
də bir müğənni kimi məhz Tofiqin
mahnılarında bütün parlaqlığı ilə daha
çox açılırdı.
Ünsiyyətləri sıxlaşdıqca,
dostluqları, yaradıcılıq təmasları artdıqca
Tofiq Quliyev 1950-1960-cı illərdə çox nəğmələrini
elə bilavasitə Rəşidin səsi üçün
yazır, onun ifa tərzini, özünəməxsus oxu ədalarını
göz önündə tutaraq bəstələyirdi.
Bu, mənə vaxtilə Tofiq Quliyevin etdiyi
etirafdır.
Yəqin, həm də bunlara görə Rəşid
Behbudovun ifa etdiyi Tofiq Quliyev nəğmələri daha
heç bir başqa müğənninin ifasında o qədər
cazibəli, o qədər canayatan alınmırdı.
Rəşid Behbudov başqa bəstəkarların da
xeyli mahnısını oxuyub. Amma Tofiq Quliyev bəstələrində
ucaldığı əlçatmazlıq, elə bil ki, digərlərində
bir qədər fərqlidir. Şövkət xanım Ələkbərova
danışırdı ki, Rəşidlə Tofiqi tanış
eləyən o olub. Bu tanışlığa ilkin can atan Rəşid
Behbudov özü olub. O vaxtlar Tofiq Quliyevlə yaxın
münasibətləri olan Şövkət xanımdan
xahiş eləyir ki, onu bəstəkara təqdim eləsin.
Düşünürəm ki, elə bu xeyirxah addımı da
Şövkət xanımın musiqimizə daha bir hədiyyəsidir.
Doğrudur, Rəşid Behbudov da, Tofiq Quliyev də 1940-1950-ci
illərdə elə gözqamaşdırıcı ulduzlar
idilər ki, cazibələri ilə gec-tez bir-birinə
doğru can atmalı, yaxınlaşmalı, qovuşmalı
idilər. Amma Şövkət xanıma rəhmətlər
olsun ki, xeyirxahlığıyla bu işi bir qədər də
tezləşdirib. Qazanansa musiqimiz, mədəniyyətimiz,
yurdumuz, millətimiz olub. Qazanan dünənin, bugünün,
bütün sabahların azərbaycanlılarıdır!
Tofiq Quliyev Rəşid Behbudov üçün
yazmağa o qədər uyğunlaşmışdı ki,
1980-ci illərin ortalarında mən ona dahi Hüseyn Cavidin nakam
oğlu, həyatdan 24 yaşında getmiş Ərtoğrol
Cavidin səslənməmiş romanslarından birinin -
türkmən şairi Kəminənin sözlərinə bəstələnmiş
"Leylanın vəsfi"nin əlyazmasını verib
üzərində yüngülvari işləməsini rica edəndə
və bu əsəri Rəşid Behbudovun oxuyacağı haqda
müğənni ilə artıq danışmış
olduğumu bildirəndə tərəddüdsüz dərhal
işə başladı. Tofiq müəllim işlədiyi
varianta elə melizmlər, elə xırdalıqlar əlavə
eləmişdi ki, bunlar orijinalda yox idi. Amma onlar əsəri
bir az da tamamlayırdı, rövnəqləndirirdi və məhz
Rəşid Behbudovun oxu tərzinə yatırırdı.
Mən Tofiq müəllimin əlyazması,
çalğısı və oxusu yazılmış kaseti Rəşid
müəllimə təqdim edəndə əvvəlcə elə
yanımdaca dinləmiş, "gözəl əsərdir"
demişdi və bir az da dalğınlaşmışdı:
"Bu mahnı məni Tofiqlə az qala hər gün birgə
olduğumuz 1950-ci illərə - məşhur
mahnılarımızın yarandığı vaxtlara
apardı".
Tofiq müəllim Rəşid Behbudovdan sözə
başlayanda ən əvvəl həmişə onun
universallığından, çoxcəhətliyindən bəhs
edər, deyərdi ki, Rəşid həm opera müğənnisidir,
həm xalq musiqisi ifaçısı, həm estrada oxuyanı,
həm rejissor, həm ssenariçi, həm mədəniyyət
təşkilatçısı, həm ölkəmizdə ilk
mahnı və rəqs teatrının bədii rəhbəri,
görkəmli ictimai xadim. Təsdiqləyərdi ki, bu istiqamətlərin
hər birində Rəşidin xidmətləri o qədər
çoxdur ki, saatlarla danışsan, bitməz, amma Rəşidin
misilsizliyi ondadır ki, bütün bu cəhətlərin
hamısı bir varlıqda qovuşub.
"Rəşidlə dostluğumuz təkcə ondan
ibarət deyildi ki, mən mahnı yazırdım, o, ifa edirdi.
Biz uzun müddət qastrol səfərlərində də olmuşuq.
Mən o vaxtlar Rəşidə pianoda akkompanement edirdim.
Qastrolların coğrafiyası çox geniş idi. Şimali
Qafqaz, Rostov, Taqanroq, Kiyev, Odessa, Xarkov, Lvov, Qərbi Ukrayna,
Baltika şəhərləri, Moskva, Leninqrad... Qastrol konsertlərinin
repertuarı eyni idi. Lakin eyni mahnılar hər gün, hər
konsertdə başqa rənglər, boyalar ilə səslənirdi.
Bir qədər sonra yaradıcılıq dostluğumuz kino
musiqisinə keçdi. Bir sıra filmlərə
yazdığım musiqidə hökmən Rəşid
üçün mahnılar nəzərdə tuturdum. Bir
sözlə, 40 illik dostluq ərzində biz Rəşid ilə
xeyli mahnı bəstələmişik. Mən qəsdən
"mən" yerinə "biz" sözü işlətdim.
Çünki elə bu günə qədər də Rəşid
Behbudovu öz mahnılarımın ikinci müəllifi
sayıram. "Azərbaycan", "Züleyxa xanım",
"Zibeydə", "Qızıl üzük", "Sənə
də qalmaz", "Bakı haqqında mahnı",
"Süfrə" mahnısı və bir sıra başqa
mahnılarımın ikinci müəllifi Rəşid Behbudov
olmuşdur. Elə buna görə də, baxmayaraq ki, bu
mahnılar 30-40 il bundan qabaq yazılıb, onlar bu gün də
tez-tez səslənir. Əlbəttə ki, həyatında Rəşid
Behbudov kimi böyük sənətkarlarla rastlaşıb
işləmək hər bir bəstəkar üçün
böyük xoşbəxtlikdir. Mən isə fəxr edirəm
ki, belə bir xoşbəxtlik mənə də qismət
olub".
"Dahi" ali sözdür, onu hər istedadlı
insana aid etmək rəva deyil. Ancaq nə Tofiq Quliyev, nə Rəşid
Behbudov sadəcə istedadlı, lap çox istedadlı sənətkarlar
deyillər axı. Onların adının qarşısına
yalnız bu təyini artırsaq, haqlı olacağıq, amma həm
də ədalətli olmayacağıq.
Hər yaratdıqları möcüzə səviyyəsində
olan, indiki müddəti göz önündə tutaraq
yazıram - 70-80 il səslənsə də, zərrəcə
köhnəlməyən, indinin və sabahın nəbzindən
yapışmaqda davam edən incilər müəlliflərinə
ən yaraşan elə "düha" kəlməsidir.
Onların heç biri nə sıradan olan insan, nə
yalnız gözəl sənətkar idi. Hər ikisi qeyri-adi
idi. Hər ikisi mənəviyyat mühitimizdə və milli
tariximizdə hadisə idi. Elə heyrətamiz hadisələr
ki, təsirləri heç vaxt soyumur, soyumayacaq da.
Tofiq Quliyevlə Rəşid Behbudovun ikisinin də birgə
yaradıcılıqlarında zirvə saydıqları
"Qızıl üzük" idi. Bu mahnının taleyi o
baxımdan da çox uğurlu alınmışdı ki, yenicə
bəstələndiyi çağlarda Tofiqlə Rəşidə
həmin nəğməni məhz dəfələrlə birgə
ifa etmələri qismət olmuşdu. Birgə olduqları
vaxtsa onlar bir-birlərinə elə ilham verir, elə enerji
ötürür, elə müştərək şövq
yaradırdılar ki, sanki mahnı ilk dəfə səslənirdi.
Bunu mənə Tofiq müəllim bir dəfə əyani
şəkildə göstərdi də. 1983-cü ildə Azərbaycan
radiosundakı "Axşam görüşləri"
verilişimin bir buraxılışını Rəsul Rzaya həsr
edəcəkdim. Tofiq müəllim Rəsul Rza ilə də
sadiq dostlar idilər və "Qızıl üzük"
kimi ortaq nəğmələri az deyildi. Tofiq Quliyevin
ovaxtkı Hüsü Hacıyev, indiki Azərbaycan
küçəsində olan, Bəstəkarlar Evi deyilən
binadakı mənzilində əyləşmişdik, Rəsul
Rza haqqında xatirələrini söyləyirdi,
yazırdım və qalxdı ki, bir kaseti səsləndirsin.
Dedi ki, bu kasetdə "Qızıl üzük"
mahnısının müxtəlif illərdəki 5
yazısı var, diqqətlə qulaq as, eyni melodiya, eyni
sözlər, pianoda çalan mən, oxuyan Rəşid, amma
beşi də bir-birindən fərqlidir.
"Qızıl üzük"lər bir-bir
fırlanırdı, arada Tofiq müəllim maqnitofonunun
düyməsini basıb səslənişi
dayandırırdı, keçirdi fortepianonun arxasına, əvvəlki
mahnı ilə bu mahnı arasındakı indicə
eşitdiyimiz fərqi təkrar göstərirdi, "Belə
oxumaq olar, gör Rəşid nələr eləyir", -
deyirdi.
Dinləyirdim, həvəsiniz olanda elə maraq
üçün, gözəlliyin hüdudsuzluğuna bir daha əmin
olmaqçün elə siz də qulaq asın, eyni hissləri
yaşayacaqsınız. Elə bil ki, dəniz sahilindəsən,
Günəş qalxır, şüaları suları
sığallayır. Xəzər həmin Xəzər, Günəş
həmin Günəş, onlara baxan gözlər həmin
gözlər. Yüz dəfə, min dəfə seyr edin, hər
dəfə mütləq rənglərin indiyədək
görmədiyiniz hansısa çalarlarını sezəcəksiniz,
əvvəlkindən seçkin başqa füsunkarlıq
görəcəksiniz.
Yaxşı, Xəzəri, Günəşi
anlayıram, bu, Allahın əsərləridir, bunlar elə Pərvərdigarın
Özü kimi tükənməz, sonsuz, təkrarlanmaz
olmalıdır. Tofiq Quliyevlə Rəşid Behbudovsa insan idilər
axı! Amma necə deyim ki, elə bizim kimi, hər birimiz kimi
insan idilər. Belə yarada bilənə sadəcə insan
kimi necə baxasan?!
...Həyat boyu hamımız yol gedirik və millətin
də tarix içərisində getdiyi əbədi yolu var.
Yola çıxan hər insan adətən özünə
etibarlı yol yoldaşı arayır. Millətimizin əbədi
yolunda özünə əbədilik seçdiyi, ya qədərin
ona həmişəlik həmsəfər olmaq
üçün bağışladığı yol
yoldaşları da var. Nizami kimi, Füzuli kimi, Üzeyir bəy
kimi və neçə-neçə bu qəbildən olan
misilsizlər kimi.
Rəşid Behbudov bu millətin əbədi səfərindəki
daimi yol yoldaşıdır. Bu yol
yoldaşlığının başlanğıcı var, sonu
isə yoxdur və heç vaxt da olmayacaq!
26 noyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet $g 2024.- 4 dekabr (№222).- S.12-13;16.