"Çöl çiçəkləri"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevil Əliyevadır. Onunla tanınmış rəssam Tahir Şıxəliyevin "Çöl çiçəkləri" əsərindən danışmışıq.

Tahir  Şıxəliyev Azərbaycan incəsənətində özünəməxsus dəst-xətti ilə seçilən rəssamlardandır. O, uşaqlıqdan incəsənətə maraq göstərib. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində alan Tahir bəy, daha sonra təhsilini Tbilisi Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

Rəngkarlıq və qrafika sahəsində  ixtisaslaşan Tahir Şıxəliyev Azərbaycan Rəssamlar İttifaqının  üzvüdür. Onun əsərləri Türkiyə, Belarusiya, ABŞ, Almaniya, Rusiya, Gürcüstan və Rumıniya  kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. Fırça ustası incəsənəti insanlara sevdirməyi və doğma şəhəri Bakını rəsmlər vasitəsilə dünyaya tanıtmağı qarşısına məqsəd qoyub. Onun əsərləri müxtəlif sərgilərdə nümayiş etdirilib və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycandan, doğma Bakıdan ilham alan rəssam yeni əsərlər yaratmağa davam edir.

- Sevil xanım, "Çöl çiçəkləri"nin dəqiq ünvanı bəllidirmi?

- "Çöl çiçəkləri" əsərinin yaranma tarixçəsi yay fəslinə təsadüf edir. Tabloda Şüvəlan bağlarının yayda açan rəngarəng çöl çiçəkləri təsvir olunub

Əsər incəsənətin təbii gözəlliklərə yönəlmiş nümunələrindən biridir. Bu tabloda rəssam sadə, amma estetik baxımdan güclü bir ifadə yaradıb. Çöl çiçəkləri sərt təbiət  şəraitində böyüyən, lakin öz  gözəlliyini qoruyan sadə, amma  davamlı həyatın simvoludur.

- Əsərin kompozisiyası necədir?

- Rəssam tabloda çöl çiçəklərini mərkəzə yerləşdirərək onları tamaşaçı üçün əsas diqqət mərkəzinə çevirib. Əsərdə təbiətin vəhşi gözəlliyi və çöl çiçəklərinin incə, lakin əzəmətli görünüşü təsvir  olunur. Rəssam bu çiçəkləri incə, lakin əzəmətli təsvir edir. Tahir bəy çiçəkləri sadə fon üzərində yerləşdirərək onların təbii və zərif olmasını vurğulayır. Əsər sadəlik və həyatın keçici gözəllikləri haqqında danışır.

- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?

- Əsərdə əsasən pastel və sakitləşdirici tonlardan istifadə olunub. Burada yaşıl, sarı, narıncı və bənövəyi çalarlar harmoniya yaradır, çiçəklərin təbiətə məxsus  olduğunu xatırladır. Rəngarənglik çöl çiçəklərinin əsas xüsusiyyətlərindən biri olduğu üçün tabloya baxdığımız zaman təbiiliyi hiss edə bilirik.

- Əsər hazırda harada saxlanılır?

- Tablo hazırda şəxsi kolleksiyalardan birində saxlanılır.

- Rəssamın özünəməxsus yaradıcılıq xüsusiyyətləri bu əsərdə özünü necə göstərir?

- Tahir Şıxəliyev təsviri incəsənət  və qrafika ilə məşğul olur. Əsərlərində əsasən yağlı boya və akril boyalardan istifadə edir. Rəssamın "Günbatımı", "Söhbət", "Gecə yarısı", "Xatirə" kimi əsərləri də vardır ki, mövzu baxımından fərqli olsalar da, palitra baxımından "Çöl çiçəkləri" ilə ortaq cəhətlərə malikdirlər. Bir məqamı da vurğulayım ki, rəssamın özünəməxsus fırça zərbələri və yumşaq keçidlərdən istifadə etməsi çiçəklərin yüngüllüyünü və zərifliyini daha aydın göstərir. Bu, hərəkətsiz obyekt olan çiçəklərə canlılıq qatır, onların ətrafa sanki enerji yaydığı hissiyyatını izləyiciyə ötürür. Tablo Tahir Şıxəliyev sənətindəki yüksək zövq və texniki  peşəkarlığın göstəricisidir. O, sadə bir mövzunu böyük ustalıqla   işləyib və təbiətin incəliyini sənətsevərlərə çatdırmağı bacarıb.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "Çöl çiçəkləri" insan ruhunu  sakitləşdirən, eyni zamanda  düşüncələrə yönləndirən bir əsərdir. Tamaşaçıda sakitlik, rahatlıq və  təbiətlə vəhdətdə olma hissi oyadır. Sevimli mövzumuz güllər həyatımızı bəzəyir, gözəlləşdirir və eyni zamanda bizə xüsusi sevinc bəxş edir. Rəssam bu əsər vasitəsilə çöl çiçəklərinin gözəlliyindən söz açır və onların estetikası haqqında bizə çox şey deyir. Çünki ən xırda çiçək belə insanın simasında təbəssüm yarada bilər. Rəssamın özünün də dediyi kimi, kətan üzərindəki hər gül təbiəti canlandırmaq və onun təbii gözəlliyini təsvir etmək cəhdidir.

 

Aytac SAHƏD

525-ci qəzet $g 2024.- 4 dekabr (¹222).- S.9.