"Bizim dağlar
yerindəmi?!"
XALQ ŞAİRİ CABİR NOVRUZ İLƏ BAĞLI
XATİRƏLƏR VƏ DÜŞÜNCƏLƏR
İndi neçə illərdir ki,
hər görüşümüzdə daha
məndən Xızı dağlarını
xəbər alan yoxdur...
(Əvvəli ötən sayımızda)
Aradan on il keçəndən sonra o vaxtlar Siyəzən
rayonunda çıxan, baş redaktoru olduğum
"Çıraq" qəzeti üçün, sevimli
şairimizin 60 illik yubileyi ilə bağlı onunla
görüşüb müsahibə almışdım,
haqqında yubiley yazısı dərc etmişdik. 1993-cü il
30 mart tarixli qəzetin o səhifəsini kövrələ-kövrələ
oxuyuram. Elə bil unudulmaz şairimizlə yenə üz-üzəyik.
Cabir Novruz: "Bu yerlər mənə əzizdir"
- Cabir müəllim, ədəbiyyata gəlişinizi
necə xatırlayırsınız?
- Belə sualla mənə müraciət edən
çox olur. "O kim idi" adlı bir şeirim var. Həmin
şeirimdə sualınıza cavab tapa bilərsiz:
Heç bilmirəm haçan idi...
Heç bilmirəm nə olmuşdu?
Bir də gördüm öz-özümə
Misra düzdüm xırda-xırda.
Şeir dedim orda-burda.
Şair dedi kimsə mənə,
Heç bilmədim kim idi, kim?
Min-min dağdan ağır yükü,
Necə asan qəbul etdim?!
Bəli, şair olan "İlham adlı bir
zindanın, zəhmət adlı pəhlivanın pəncəsində
əzilir", "Şair olan ən qüdrətli ilham ilə,
ən gərgin əmək ilə şair olur".
İndi iyirmidən çox kitabın müəllifiyəm.
Respublika Gənclər Təşkilatı Mükafatı
laureatıyam, respublikanın Əməkdar incəsənət
xadimiyəm, Azərbaycan Yazıçılar
İttifaqının katibiyəm.
- Uçdu Kərbəlaya xəyal ordumuz,
Keçdi ocağımız, söndü odumuz,
Yanıb nalə çəkdi muğamatımız.
Tellərin sonası düşdü hər yana,
Gətirin şairi Azərbaycana!
Füzuliyə həsr etdiyiniz "Gətirin şairi
Azərbaycana" şeirindən klassik irsə münasibətiniz
oxuculara məlumdur...
- Xalqımızın qüdrətli şairi Sabirə
pərəstiş edirəm. Kiçik oğluma isə
Müşfiqin adını vermişəm.
- Cabir müəllim, oxucularınıza, öz həmyerlilərinizə
ürək sözləriniz...
- Qızılburuna gələndə, onun
simasını, mənə doğma əziz adamları görəndə,
tanış üfüqlərə, təpələrə,
yollara baxanda, öyrəndiyim abu-havanı udanda elə bil ki,
ilk gənclik illərimə qayıdıram, elə bil təzədən
cavanlaşıram və dünyada doğmalıq duyğusunun,
hissinin nə qədər əbədi olduğuna bir daha
inanıram. Bir daha inanıram ki, doğmalar həmişə
adamın arxasında dağlar kimi dururlar. Mən bu
doğmalığı uzaq ölkələrdə olanda daha
çox hiss etmişəm. Yaşasın əziz, mehriban, qəlbimə
həmdəm yerlər, yaşasın bu gün çox dəyişən
və gözəlləşən Qızılburun, Cəfər
Cabbarlını, Müşfiqi öz sinəsində heykəl
kimi ucaldan bir yer, Siyəzən şəhəri!
lll
Cabir Novruz həm də nəğməkar şair idi.
Sözlərinə neçə-neçə mahnılar bəstələnmişdi.
Hər dəfə "Gözüm görə-görə
qocalır anam"ı dinləyəndə qəhərlənir,
gözlərimiz dolur, bağrımızın başı
göynəyir, pəjmürdə olub haldan-hala
düşürük.
İndi də efirdən Elmira Rəhimovanın lent
yazılarındakı ifasında məhşur nəğmənin:
- Sızlar yada düşəndə ürəyimin
telləri,
O mehriban, o əziz tələbəlik illəri...
- misralarını eşidəndə hələ də
neçə-neçə gözlər dolub boşalır,
ömrün o unudulmaz illərini xatırlaya-xatırlaya
kövrəlib ah çəkir: "Ötən günə
gün çatmaz, calasan da günü günə..."
lll
Bakının qara gözlü qızları,
Şirin dilli qızları,
Gözəldir Bakı qızları...
Xoş avazı, səsi oldu-olmadı, rayondan gələn
tələbə oğlanlar bu mahnını dodaqaltı guya
özləri üçün zümzümə edirmiş kimi
qrup yoldaşları olan şəhərli qızların
yanında oxuyur, onlarla zarafatlaşıb söz atardılar...
lll
"Bir ana qucağında bir körpə
aparırdı..." adlı şeirini şair özü
lövhə adlandırmışdı.
Yalçın Rzazadənin unudulmaz ifasında bu
şeirin sözlərinə yazılmış nəğməyə
qulaq asa-asa dinləyicilər həm də sanki mahir bir rəssamın
fırçası tərəfindən yaradılan bir tabloya
heyran-heyran baxırdılar.
Küçələrdən keçənlər
durub boylanırdılar,
Cavan qızlar, gəlinlər
gizlicə yanırdılar,
Göz qoyurdu qarılar
köks ötürüb dərindən,
Seyr edirdi uşaqlar,
seyr edirdi gəlinlər,
Bütün şəhər elə bil
bu lövhəyə dalırdı,
Bir ana qucağında
bir körpə aparırdı.
lll
Bütün görkəmli sənətkarlar kimi, Cabir
Novruz da öz vətəninin böyük vətəndaşı
idi.
Ötən əsrin hərc-mərcliyin hökm
sürdüyü qarışıq 90-cı illərində,
bir tərəfdən də havadarlarının şirnikləndirdiyi
erməni qəsbkarlarının doğma torpaqlarımıza
diş qıcadıqları ağır, çətin bir
vaxtda vətəndaş şair narahat və
nigarançılıqla, həyəcanla
xalqına-oxucularına üz tutub hay-haray salmışdı:
Müqəddəs, ulu xalqım,
Gözümün nuru, xalqım...
Ən dəhşətli zamandır,
Özünü qoru, xalqım...
lll
Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın...
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın...
Xalqın ağrılı-acılı, məşəqqətli,
çətin günlərində, demə, şair milləti
öz dar sinəsindən çıxarıb cılız niyyətlərə
düşənlərə üz tutub göynəyən
ürəyini ovxalaya-ovxalaya əlindən yerə qoyduğu qələmi
təzədən götürürdü:
- Bu millət vəzifə dəlisi imiş,
Şan-şöhrət "ölüsü",
"rütbə" düşkünü,
Vəzifə çoxunun mərəzi imiş,
Həmi "qara" günü, həmi
"xoş" günü...
Bu yanıqlı misraların müəllifinə şərik
olan oxucuları da şairlə birgə köks
ötürüb ah çəkirdilər:
- Cavan da, qoca da sevir tacü taxt,
Gəda da istəyir şah ola hətta...
Dava da qurtarar, qurtarmaz heç vaxt
Vəzifə davası bu məmləkətdə...
lll
Cabir Novruz indi hər yadıma düşəndə
xatirələrdən üzü-gözü nurlanan, sonra
çöhrəsinə o illərin xiffətinin kədəri,
kövrəkliyi çökən bir şair gəlir gözlərim
önünə.
Cabir Novruzla iş yerlərində - istər katiblərindən
biri olduğu Azərbaycan Yazıçılar Birliyində,
istərsə də sonralar baş redaktoru olduğu "Azərbaycan"
jurnalında, "Ədəbiyyat qəzeti"ndə
görüşərkən şair ilk əvvəl
üzünü bizim tərəflərə sarı tutub uca
bir səslə: "Bizim dağlar yerindəmi?" deyə məndən
xəbər alar, sonra əl tutub görüşər, hal-əhval
bilərdi...
lll
İndi aradan 25 ildən də çox vaxt keçib.
İndi daha məndən o yerlərin qəribçiliyini, həsrətini
çəkə-çəkə "Bizim dağlar yerindəmi?"
soruşan yoxdur.
Amma yəqin ki, axirət günündə ilk
görüşümüzdə yenə də məndən
narahat-nigaran bir səslə xəbər alacaq:"Bizim
dağlar yerindəmi?"
Elm sübut edib ki, demə, dağlar da qərar
tutduqları yerlərindən bizim gözlə ayırd edə
bilmədiyimiz bir tərzdə, şəkildə tərpənirlər...
Narahat-nigaran qalma, unudulmaz dostum! Xızı
dağları öz yerlərindədir. Bir vaxtlar qoynunda gəzən
övladları sarıdan o dağların ayrılıq həsrəti,
nisgili-xiffəti də elə özləri qədər qəlbi
imiş, uca imiş, ağır imiş..
lll
Hər dəfə Xızı dağlarına tərəf
boylandıqca mənə elə gəlir ki, onlar da öz Cəfəri,
Müşfiqi, Cabiri üçün yamanca darıxır.
Başları üstündəki duman-çən köks
ötürüb çəkdikləri ah, aramsız əsən
küləklərin qarışıq səsləri isə dilə
gətirə bilmədikləri oxşamaları,
ağılarıdır.
Dilə gələ bilsəydilər, yəqin ki, elə
Cabir Novruzun öz misralarıyla haray çəkərdilər:
Ölüm, dad əlindən, aman,
Tanımırsan yaxşı, yaman...
...Əməlindən haray, ölüm.
Səni öləsən, ay ölüm!
Daşa dönəsən, ay ölüm!
lll
Doluxsuna-doluxsuna hərdən fikirləşirəm ki,
görən Cabir Novruz son nəfəsində oğlanlarına
(onların hər üçünə - Mirzəyə,
Vüqara, Müşfiqə qəni-qəni rəhmətlər),
yastığının dibini kəsdirmiş
doğmalarına-yaxınlarına vəsiyyət edə
bilibmi, edibsə, nələr deyib? İndi bunu kimdən
soruşasan...
Ancaq... Bəlkə də şair son nəfəsi gedib
gələ-gələ çoxminli oxucularına vəsiyyətini
ürəyində pıçıldayıb:
Şeirlə yasımı saxlayın,
Şeirlə tapşırın torpağa...
Mən sözdən xəzinə topladım,
Axirət günümə qoymağa...
Axirətdəki yerin rahat olsun! Rahat uyu, xeyirxah insan,
gözəl şair, unudulmaz dost!
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.14.