Tərbiyə və əxlaq
MƏHƏMMƏD PEYĞƏMBƏRİN
TƏRBİYƏ HAQQINDA KƏLAMLARI
"Heç bir valideyin övladına yaxşı tərbiyədən
daha gözəl sərvət miras qoya bilməz"
Həzrət Məhəmməd
Elm insan fəaliyyətinin xüsusi sahəsidir. Bəşər
övladı bu xüsusi fəaliyyət nəticəsində
müasir elmi-texnoloji yeniliklərə sahiblənməklə
mühüm nailiyyətlərə imza atıb. İnsanın
özünü isə psixologiya, anatomiya, fiziologiya kimi elmlər
öyrədir - psixologiya insan psixologiyasını, anatomiya
orqanizmin quruluşunu, fiziologiya insan orqanizminin
funksiyalarını araşdırır. Pedaqogika elminə gəlincə,
o, öz əhəmiyyətinə görə
sadaladığımız elmlərdən nəinki geri
qalır, hətta qeyri-adiliyi və vacibliyi ilə xüsusi məqama
sahibdir. Bu elm sahəsi yer üzünün əşrəfi
sayılan insanın təhsil-tərbiyəsinin nəzəri və
tətbiqi məsələlərini tədqiq edir. Zaman-zaman
pedaqogikanın əhatə dairəsi xeyli genişlənib, təlim,
tərbiyə, təhsil, inkişaf və pedaqoji proses kimi
anlayışlar bu elm sahəsinin əsas tədqiqat obyektlərinə
çevrilib.
Ərəb mənşəli "rəbb"
sözündən törəyən "tərbiyə" kəlmədə
"doğru yol göstərmək", "islah etmək"
kimi anlamlar ifadə olunur. Qurani-Kərimdə Uca Yaradanın 99
adından biri kimi bəhs olunan bu kəlmə "tərbiyə
edən", "nemət verən", "insanları mənəvi
yüksəlişə aparan" mənalarını da
özündə əks etdirir. Termin kimi isə o,
davranışla əlaqədar mənəvi keyfiyyətlərin
məqsədyönlü, planlı və mütəşəkkil
formalaşdırılması prosesidir.
Əvvəlcə onu qeyd edək ki, tərbiyə
mövzusunda biri-birindən fərqli, hətta təzadlı
müddəalar mövcuddur. Ənənəvi müddəalar
arasında Ş.Leturno, J.Simpson, A.Espinas və
başqalarının təmsil etdikləri təkamül-bioloji
və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr
mühüm yer tutur. Təkamül-bioloji nəzəriyyənin
müəlliflərinin fikrinə görə, ibtidai
insanların tərbiyəvi fəaliyyətləri adi
heyvanların öz balalarına göstərdikləri instinktə
əsaslanan qayğıya bənzəyir. Onlar hətta heyvanlar
aləmində də tərbiyənin mövcud olduğunu
söyləyirlər. Bu alimlər tərbiyənin
şüurlu səciyyəsini inkar etməklə onu
qeyri-mütəşəkkil, kortəbii hadisə hesab edirlər.
P.Monro isə tərbiyənin yaranmasını yalnız
uşaqların böyükləri şüursuz surətdə
təqlidində görürdü.
İnsanın mənşəyi və tərbiyənin
yaranması ilə bağlı dini təlimlərdə də
bir çox dəyərli fikirlər var. Bu təlimlər
insanın meymundan əmələ gəlməsini əsas
götürən təkamül nəzəriyyəsini qətiyyətlə
rədd edir. Məsələyə bu prizmadan yanaşan tədqiqatçı
alimlərin fikrincə, insan elə insan olaraq yaranıb, öz
qabiliyyət və keyfiyyət imkanları hesabına
inkişaf edərək təkmilləşib. Bu fikirlər son
dövrlər aparılmış genetik təcrübələr
zamanı da öz təsdiqini tapıb (1980-ci illərdən
sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə
səhv olduğunu ortaya qoyub və bu həqiqət bir
çox alim tərəfindən də dilə gətirilib.
Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli
sahələrdən olan çoxlu sayda tədqiqatçı
alim darvinizmin əsassızlığını görür,
canlıların mənşəyini artıq
yaradılış həqiqəti ilə
açıqlayırlar).
Dahi şəxsiyyətlər, mütəfəkkirlər,
o cümlədən, İslam müqəddəsləri də
tərbiyəyə böyük dəyər verib, kəlamları
ilə məsələinin önəminə diqqət çəkmiş
və insanları gözəl əxlaqla tərbiyə etməyə
təşviq ediblər.
Məhəmməd Peyğəmbərə görə,
uşağın tərbiyəsində məqsəd onun
Allahın razı olduğu, bəndənin bəyəndiyi,
dövlətinə, vətəninə, millətinə, ailəsinə,
cəmiyyətə və bəşəriyyətə
faydalı, dürüst və vətənpərvər insan
kimi yetişməsidir.
Ümumiyyətlə, insanın övlad sahibi
olması böyük məsuliyyət tələb edən
olduqca ülvi bir hissdir. Həzrət Məhəmmədin kəlamlarından
anlaşılır ki, ana-ata ilə uşaqlar arasındakı
münasibətlər həm əxlaqi, həm də hüquqi əsaslarla
tənzimlənməlidir. Bu halda uşağa ciddi
yanaşmalı, gözəl əxlaqlı yetişməyi
üçün hər cür fədakarlıq göstərilməlidir.
Allahdan bizə böyük ehsan və lütf olan,
gözümüzün nuru, qəlbimizin sevinci və həyatımızın
bəzəyi sayılan övladlarımıza gözəl tərbiyə
vermək və onları yaxşı əxlaq sahibi şəxsiyyət
kimi yetişdirmək müqəddəs vəzifələrimizdən
biridir. Buna görə də, övladlarımıza doğulduqları
andan ən gözəl əxlaq üzərində tərbiyə
etməyə çalışmalıyıq. Onların əllərindən
tutaraq gələcəyə hazırlamaq ən vacib hədəflərimizdən
biri olmalıdır.
Bunun üçün elə körpəlik
dövründən başlayaraq uşaqda sağlam əxlaq
formalaşdırılmalıdır. Bu zaman davranış
qaydaları hər şeydən əvvəl gəlir.
Kiçik yaşlarda uşaqdakı yanlış
davranışların qarşısı alınmalıdır.
Uşaqlar yaxşı, gözəl davranışlara təşviq
edilməlidir. Qurani-Kərimin ifadəsi ilə "Dünya həyatının
bəzəyi" (Kəhf 18,46) olan övladlarımız
sabahımızı quran dəyərli
varlıqlarımızdır.
Həzrət Məhəmmədin kəlamlarından
aydın olur ki, ata-ana övladlarına yaxşı örnək
olmalı, uşaqlarına xoş və yumşaq davranmalı,
ən vacibi isə onlara qarşı sevgi hissi ilə
yanaşmalıdır. Düzgün tərbiyə mühiti
yaratmalıdırlar. Yaxşı yoldaş seçməkdə
onlara kömək etməli və yoldaşları ilə necə
davranmalı məsələsində onlara bilik verməlidirlər.
Daim şəfqət və mərhəmətə möhtac
olan kiçik nəslin nümayəndələri bu hisslərlə
əhatələnməlidir. Sevimli Peyğəmbərimiz bir hədisində
"Kiçiklərə mərhəmət göstərməyən
bizdən deyildir..." və ya "Yerdəkilərə mərhəmət
edin ki, göydəkilər də sizə mərhəmət
etsin" buyuraraq, uşaqlara qarşı
davranışlarımızın təməlində mərhəmət
amilini əsas götürür. Bu məsələdə
başqa bir hədis diqqəti çəkir: "Bir gün
Allahın elçisi, nəvəsi Həzrət Həsəni
öpmüşdü. Bunu görən sahabələrdən
biri: "Mənim on uşağım var, heç birini öpmədim"
demiş, Peyğəmbərimiz isə ona: "Mərhəmət
etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət
etməyənə Allah da mərhəmət etməz", -
deyə cavab vermişdi.
Şübhəsiz ki, insanlar arasında ən ülvi
hiss və ən dərin duyğu sevgidir. Buna görə,
Peyğəmbərimiz sevdiyimiz insanlara bu duyğumuzu bildirməyi
tövsiyə edir. Uşaqlara qarşı olan sevgi və mərhəmət
duyğusunun da onlara hiss etdirilməsi çox vacibdir. Bunun ən
gözəl yolunu Peyğəmbərimizin həyatında
görürük. O, uşaqları yolda görüncə
onlara salam verər, saçlarını oxşayar və hal-əhval
tutarmış.
Uşağı həyata hazırlamaq, ona gözəl
tərbiyə və faydalı biliklər vermək
ata-ananın övladına verdiyi ən gözəl sərvətdir.
Peyğəmbərimiz bununla bağlı kəlamlarının
birində: "Heç bir ata övladına yaxşı tərbiyədən
daha gözəl sərvət miras qoya bilməz" - deyə buyurur.
Peyğəmbərimiz başqa bir kəlamında
"Valideynin övladına gözəl tərbiyə verməsi
onun bir qab sədəqə verməsindən daha xeyirlidr" -
buyurmaqla gözəl tərbiyənin sədəqə verməkdən
belə üstün olmasına diqqət çəkir.
Vətənpərvərlik və milli-mənəvi dəyərlər
Uşaqlara ilk öncə vətən sevgisinin önəmi
daim xatırladılmalıdır. Həzrət Məhəmmədin
"Vətəni sevmək imandandır" və ya
"Əlində silah vətən kişiyində duran
gözlər cəhənnəm atəşini görməz"
kimi kəlamları bunun bariz nümunələridir.
Uşağın zehninə yerləşdirilməsi
labüd olan ilk və əsas məsələ odur ki, onlar hər
şeyin fövqündə, hər şeyə qadir və hər
şeyin yaradıcısı olan Allaha ibadət, insanlara
hörmət etməyi və sevməyi ən böyük vəzifəsi
bilsinlər. Uşaqlara Allahın yalnız
çalışqan və ədalətli bəndələrini
sevdiyi, yaratdığı hər şeyi, xüsusilə
insanları sevməsi və yorulmadan çalışması
təlqin edilməlidir. Uşaqların bu inanclara sahib
olması onun dürüst, vicdanlı, əxlaqlı, cəmiyətə
yararlı və vətənpərvər ruhunda tərbiyə
edilməsi deməkdir.
Cəza, mükafat və şəfqət
Peyğəmbərin tərbiyə metodlarından biri
də uşaqlara ailə qorxusunu və xəta edəcəkləri
zaman cəzalandırılacaqları aksiomasını hiss
etdirməkdir. Cəzanın növü uşaqda ağrı
verəcək şəkildə olmamalıdır. Bu
yüngül, normal bir danlaq və yumşaq səs tonu şəklində
olmalıdır. Bu üsulun uşağa təsiri dayağa vərdiş
etmiş bir uşağa tətbiq olunan sərt fizika cəzadan
heç də az təsirli deyildir. Cəza artdıqca onun
uşağa təsiri azalır, bunun uşağı üsyana
və qərarsızlığa aparması daha çox
müşahidə olunur. Bu baxımdan Məhəmməd Peyğəmbər
kəlamlarının birində: "Şübhəsiz ki,
Allah hər işdə yumşaq və şəfqətli
davranmağı sevər" buyurmaqla uşaq tərbiyəsində
mülayim və şəfqətli davranmağı tövsiyə
edir.
Cəzanın yaşa uyğun olması və dərhal
günahın ardından verilməsi, lağa qoymaq, ələ
salmaq, pis ləqəb qoymaq şəklində
olmamalıdır. Allah-Təala "Ey iman gətirənlər!
Bir qövm digərini lağa qoymasın" çəkindirir
(Hucurat surəsi, 11).
Uşağın tərbiyəsində mümkün qədər
zorakı metodlardan uzaq durmaq lazımdır. Əgər
mütləq cəza vermək lazımdırsa, cəzanın
mənası və səbəbi uşaq tərəfindən mənimsəniləcək
bir vaxtda olmalıdır. Uşaq hətta qohum-əqrəbanın
da yanında cəzalandırılmamalıdır. Ona
başqalarının yanında qəlbinə dəyəcək
söz belə deyilməməlidir. Bu, psixoloji cəhətdən
uşağa mənfi təsir göstərir, o, özünü
başqalarının yanında alçalmış kimi hiss
edir. Uşaq bir söz dedikdə ona "Uşaqsan, otur
uşaq yerində" kimi sözlər deyərək
sözünün qəbul olunmaması, eyni zamanda məclislərdə,
ictimai yerlərdə təhqir olunması uşağın həm
tərbiyəsinin pozulmasına, həm də ruhi cəhətdən
sarsıntı keçirməsinə, inamsız, ümidsiz,
qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətə
gəlməsinə səbəb olur.
Mükafatlandırmaq və aldatmamaq
Həzrət Məhəmməd kəlamlarında bu
xüslara da diqqət çəkmiş, bir gün öz
uşağanı hədiyyə adı ilə
çağırıb onu verməyəcəyindən ehtiyat
etdiyi səhabəsini bu xüsusda ciddi xəbərdar edir.
Mükafatın uşaq tərbiyəsində heç
şübhəsiz ki, müsbət təsiri var. Lakin bu,
xüsusi diqqət tələb edən bir haldır. Hər
şeydən əvvəl uşaq yaxşı bilməli və
inanmalıdır ki, dürüst, mərd,
çalışqan, fədakar və namuslu, daha doğrusu,
gözəl tərbiyə sahibi olmaq, üstünlük vahidi
deyil, insanın ali keyfiyyətlərindəndir. Uşaq bilməlidir
ki, çalışması, cavabdehlik daşıması,
işə məsuliyyətlə yanaşması, məktəbdə
yaxşı oxuyub sinifdən-sinifə keçməsi onun adi vəzifəsidir.
Mükafat qeyri-adi uğurdan sonra verilməlidir. Hər
yaxşı və gözəl əməldən, asan
uğurlardan sonra mükafat almağa aludə olmuş
uşaqda məsuliyyət hissi formalaşmaz, o, öz şəxsi
mənfəətini güdən fərdə çevrilər.
Ayrı-seçkilik etməmək, ədalətli olmaq
Övladları tərbiyə edərkən
aralarında bərabərliyi qorumaq və onların
arasında qız, yaxud oğlan fərqi qoymadan ədalətli
olmaq hər bir valideyn üçün vacibdir. Həzrət
Peyğəmbər bu mövzuda: "Övladlarının bəzilərinə
bir şey verdikdə, digərlərinə də eynisini vermək
lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq
mümkündür" - buyurmaqla onların ədalətli bir
insan kimi yetişdirilib tərbiyə edilməsinə diqqət
çəkir.
Həzrət Məhəmməd başqa bir kəlamında:
"Kimin üç qız övladı olarsa və
dolanışıqlarını təmin edərək
onları ən mükəmməl əxlaq üzərində
tərbiyə edərsə, cənnət onundur" - buyurmaqla
qız övladının tərbiyəsinin xüsusiliyini
vurğulayır.
Övladlar arasında fərq qoymaqla tərbiyə
olunması gələcəkdə onların birinin digərinə
həsəd aparmasına, nifrət bəsləməsinə və
qəzəbli yanaşmasına səbəb ola bilər.
Əgər qardaşlar arasında həsəd və
nifrət varsa, deməli, onların qohumluq əlaqələri
qırılmış hesab olunur. Belə halda onlar bir-birinə
dayaq olmaqdan imtina edər, düşmənçilik və nifrət
hissi bəsləyərlər. Digər tərəfdən
övladlar arasında fərq qoymaq, onların valideynin
üzünə ağ olmalarına da səbəb ola bilər.
Oyun və oyuncaqlar
İslam Peyğəmbərinin mövzu ilə
bağlı kəlamlarında diqqət çəkən
başqa bir xüsus oyun və oyuncaqlarla bağlıdır. O,
uşaqları bəyənilməyən vərdişlərdən
çəkindirmək və tərbiyəsini daha da gözəlləşdirmək
üçün onlara müxtəlif materiallardan düzəldilmiş oyuncaqlar verər, güləş
yarışlarının keçirildiyi yerlərə
apararmış. Mütəxəssislər də oyun və
oyuncaqların uşağın diqqətini çəkmək
və əqli inkişafını, ətrafa
marağını artırması baxımından faydalı
olmasını vurğulayırlar.
Daxildən gələn maraqdan uşaqlar oyuncaqların
işləmə mexanizmini bilmək, içərisində nə
olduğunu görmək istəyirlər. Uşağın belə
davranışı onun psixi inkişafına təkan verdiyi
üçün onlara mane olunmamalı və
"oyuncağını xarab etdi, qırdı" deyərək
cəzalandırılmamalıdır. Lakin tez-tez
oyuncağını qıran və xarab edən uşağa
yenisi alınmamalı, oyuncaqdan isifadə və onun qeydinə
qalmaq qaydaları öyrədilməlidir.
Oyunlar uşağın yalnız fiziki deyil, ruhən
inkişafına da təsir göstərir, çevikliyi, ani qərar
verməyi öyrətdiyi kimi, iradəni də qüvvətləndirir.
Oyun qaydaları və incəlikləri şüurun
inkişafına səbəb olur.
Böyüyə hörmət
Əxlaq tərbiyəsinin müqəddəs, ülvi
tərkib hissələri sırasında özündən
böyüyə hörmət, sadəlik və təvazökarlıq,
düzlük və doğruçuluq mühüm yer tutur.
Yaşlı nəslə hörmət etməyən
dürüst ola bilməz. Doğru danışan, sadə və
təvazökar olan cəmiyyət üçün
faydalıdır. İslam Peyğəmbəri bu xüsusda:
"Allah o ata və anaya rəhmət etsin ki,
övladlarını ata və anaya yaxşılıq etmək
ruhunda tərbiyə ediblər" - buyurmaqla övladın
yaşlı nəslə hörmət ruhunda tərbiyə
olunmasına təşviq edir.
Uşaqların təlim-tərbiyəsi cəhətindən
Azərbaycanın təbiəti, bədii incəsənət əsərləri,
milli, bəstəkar musiqisi öz milli zəmini üzərində
yüksəlib, qabaqcıl dünya mədəniyyətinin ən
gözəl ənənələrindən bu və ya digər
dərəcədə bəhrələnib, daha da inkişaf edərək
müasir şəklini alıb. Bununla belə, hesab edirik ki,
uşaqların inkişafı, tərbiyəsi və təhsili
haqqında dünya mütəfəkkirlərinin, o cümlədən,
Həzrət Peyğəmbərin kəlam və nəzəriyyələrini
öyrənmək, tədqiq etmək, müasir iş prosesində
bundan bəhrələnmək çox faydalı olardı.
Səyyad ARAN
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin I müavini, Filologiya elmlər namizədi
525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.12;13.