"Şuşa həmişə
Azərbaycanın tarixi mədəniyyət mərkəzi
olub"
Mən Bərdədə dünyaya göz
açmışam, təhsilimi Bakıda alıb burada
boya-başa çatmışam. Amma ürəyim həmişə
doğma Qarabağla döyünüb. Ata-baba evimiz
Şuşada Vaqifin məqbərəsinin lap
yaxınlığındadır. Ana yurdum isə
Şuşanın məşhur Zarıslı kəndidir.
Ana nənəm Tamam Gülab qızının
soy-kökü də bu kəndin Nəbilər tayfasına
gedib çıxır. Ata babam Ədil və qardaşı Lətif
Xanməmməd oğlu Nəbiyevlər Qarabağın əsilzadələrindəndir,
zəngin adamlar olublar.
Tamam xanımın ağlına da gəlməzdi ki,
1990-cı ildə Vətən, yurd ağrısını
yaşayacaq, 30 il yaşadığı doğma kəndindən
məcburi köçkün kimi ayrılmalı olacaq. İndi
ərazi bütövlüyü bərpa olunmuş Vətəndə
yaşaması onu ovundursa da, yəqin ki, uşaqlıq, gənclik
illərinin xatirələri hələ də yuxularını
bəzəyir. Tamam xanım bu gün də tətil günlərində
Bakıdan doğma kəndinə gedərkən anasının
yol çəkən gözlərini, həsrətində
olduğu Qarabağı, Şuşanı, Füzulini, Zərgər
kəndini göz yaşları ilə xatırlayır.
Ailədə biz ona "Tamam ana" deyərək
müraciət edirik. İxtisasca Azərbaycan dili və ədəbiyyatı
müəllimi olan nənəm çox söhbətcil və
mehribandır. Uzun illər ərzində orta məktəbdə
vətənin övladlarına dilimizin və ədəbiyyatımızın
incəliklərini öyrədib. Bakıya köçdükdən
sonra burada müəllimlik fəaliyyətini davam etdirsə də,
ailəsi həmişə yanında olsa da, doğma yurd-yuvasının,
yaxın el-obasının xatirələri yaddaşının
ən munis yerində qərar tutub. Evdə söhbət
zamanı xatirələrini həmişə bizə həyəcan
və maraqla danışır. Jurnalist kimi ilk müsahibimin nənəm
Tamam Gülab qızı olması mənim üçün həm
məsuliyyətli, həm də həyəcanverici bir təcrübədir.
Ümid edirəm ki, oxucular bu təcrübədən zövq
alacaqlar...
- Tamam ana, sizin fikrinizcə, şuşalılar Azərbaycanın
digər bölgələrinin əhalisindən hansı keyfiyyətlərinə
və cəhətlərinə görə fərqlənirlər?
- Əslində, burada ciddi fərqləndirmə eləmək
düzgün olmazdı. Amma Şuşa mədəniyyət mərkəzi
olduğundan şuşalılar sanki mədəni ənənələrə
daha yaxın və bağlı idilər. Şuşa həmişə
Azərbaycanın tarixi mədəniyyət mərkəzi olub.
Məktəblər, universitetlər olmadığı vaxtlarda
da burada şeir, sənət birlikləri vardı. Azərbaycanın
hər yerindən Şuşaya istedadlı insanlar gəlirdi,
onların yazıları yayılırdı. İnsan həmişə
ətrafındakılara, onu əhatə edən cəmiyyətə
bənzəyir. Şuşada Xurşidbanu Natəvanın ədəbi
məclisləri haqqında söhbətlər, Qasım bəy
Zakirin satirik şeirləri, Molla Pənah Vaqifin
qoşmaları dildən-dilə dolaşırdı.
Şuşada hər kəs sözlə nəfəs
alırdı, insanları az qala hər şeyə şeirlə
cavab verməyə qadir idi. Şuşalıların yüksək
mədəniyyəti, xeyirxahlığı, alicənablığı
hər yanda hiss olunurdu.
- Biz Şuşanın həm də təbiətinin
qeyri-adiliyinə görə tanındığını
eşitmişik, siz isə bu gözəllikləri şəxsən
görmüsünüz, uzun illər orada
yaşamısınız. Bu barədə birbaşa
Şuşa sakinindən fikirlərini eşitmək maraqlı
olardı...
- Şuşa həmişə qonaq-qaralı olub,
başqa bölgələrdən gələnlər buranın
havasına, suyuna heyran qalardılar. Qonaqlardan birinin cümləsi
heç yadımdan çıxmır: "Havaya aerozol səpmisiniz?"
Elə bilirdilər ki, havadan gələn gözəl qoxu
süni olaraq yaradılıb. Şuşa çökə,
akasiya ağacları ilə çox zəngin idi. Baharda
ağaclar çiçəkləyib, güllər açanda
düzənlərdən yayılan kəklikotu,
qırxbuğum, qantəpər, zəncirotunun rayihəsi də
onlara qarışar, bu bihuşedici gözəl ətir hər
tərəfi bürüyər, insanı çox
duyğulandırardı. Şuşa yaylaq ərazisidir, burada
yayda da havalar sərin keçər, dağlardan qar əskik
olmazdı. Şuşa əsl cənnətdir. Bütün bu
gözəlliklərinə görə həmişə
düşmənlərin də diqqətini çəkib. Tarixən
hər kəs bu gözəl diyarı görmək və
burada yaşamaq istəyib...
- Təbiətin bu gözəlliyi insanlara da təsir
göstərirdimi?
- Əlbəttə, həm təbiət gözəldir,
həm torpaq münbitdir, sağlam qida ilə zəngindir.
Şuşanın adamları da özünə
oxşayırdı. Təbiəti kimi saf, şüşə
kimi duru, gözəl, ağbəniz, cüssəli, qara
saçlı, fiziki baxımdan güclü… Mən
Şuşada eynəkli insan görməmişdim. Dağlar
qoynunda yaşayanların görmə qabiliyyəti də
yaxşı olur. Mən Bakıya gələndən sonra
hamının gözündə eynək gördüm. Bu
gözəlliklər, misilsiz təbiət, saf su, təmiz hava
insanlara əsrarəngiz musiqi duyumu bəxş edirdi. Burada
gözəl muğam ifaçıları yetişirdi.
Böyük musiqiçilər, bəstəkarkar burada
yaşamışdılar.
Görkəmli pedaqoq Çernyayevski istedadlı gəncləri
seçib oxumağa aparmaq məqsədi ilə Qarabağa gələndə,
barının o tərəfində ağlayan uşağın
səsini eşidəndə "nə gözəl oxuyur"
demişdi. Burada hətta ağlamaq səsi də oxumaq kimi
başa düşülürdü. Bəlkə də
Şuşanın suyundan, havasındandır ki, hər kəsin
gözəl səsi var, bəlkə də hər bir adam
öz səsi üzərində işləsə,
yaxşı ifaçı ola bilər. Burada insanların
ürəyinin gözəlliyi duyğularında və səslərində
təcəssüm olunurdu.
- Kəndimiz Zarıslı haqqında nə
danışa bilərsən?
- Zarıslı "bulanıq su" deməkdir.
Görünür, yağış suyu dağlardan gəlib kəndə
çatınca bulanırmış və suyu duruldub istifadə
edirdilər. "Bulanıq su" deyimi yəqin ki, elə bu səbəbdən
yaranıb. Buranın əhalisi qədim türk tayfalarından
olan kuti (quti) tayfasının nəslindəndirlər. Ona
görə də aralarında cüssəli, ucaboylu, sarıbəniz
insanlarn hələ də var. Sözü üzə deməyi
bacarandırlar və qarşısındakının səhvini,
qüsurunu yerindəcə düzəldirdilər. Öz qəlblərinin
təmizliyindəndir ki, ətrafındakıların da qəlblərini
gözəl, niyyətlərini saf görmək istəyirlər.
Nəzrin DADAŞOVA
Azərbaycan Yazıçılar Birliyinin üzvü
525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.11.