Acı həqiqətlərə real baxış

 

 

Bu yaxınlarda maraqla oxuduğum kitablardan biri Boran Əzizin "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" əsərinin birinci hissəsi oldu. Çapdan yenicə çıxmış əsərə səmimiyyətlə münasibət bildirmək istədim. Görünür, buna daxildən gələn bir sızıltı yol açdı.

Repressiyaya məruz qalmış ailədən bir nəvə kimi mövzu mənə yaxın  olduğundan hesab etdim ki, çoxlarının daxili göynərtisini ifadə edən bu kitaba öz rəyimi bildirim. Tarixi yaddaşımızı körükləyən bu məsələ unutmamaq və unutdurmamaq üçün çox əhəmiyyətlidir. 

Azərbaycanımızın elə bir güşəsi, elə bir bölgəsi yoxdur ki, repressiyaya məruz qalmasın. Boran Əzizin "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər. Acı həqiqətlər, ağrılı faktlar" əsərinin birinci hissəsində günahsız insanlara sırınmış "təqsirkar", "xalq düşməni" damğası ilə xalqımızın vətəninə ürəyi yananlarının, qeyrətli oğullarının məhv edilməsi bütün doğrularıyla şərh olunur. Qarabağımızın əhəmiyyətli bir parçası olan Ağdamın timsalında əslində bütün Azərbaycan xalqının keçirdiyi acılı günlər, genofonda vurulan ağır zərbələr, ailələrin həyatının puç edilməsi və nəsillərin qorxu içrəsində yaşamağa məhkum olunması haqqında yazılan bu əsər tarixi yaddaşımızdan qopub bugünümüzə boylanan real gerçəkliyin təcəssümüdür. Əksəriyyətin ahını almış canilərin, onları cinayətə sövq edənlərin aqibətinin də əməlləri kimi bumeranq olub özlərinə qayıtdığına şübhə yoxdur. Günahsız qurbanların ah-nalələri Allah dərgahında eşidiləndir.

Kitabda Nigar Gözəlovanın yazdığı "Ön söz" vasitəsilə Qarabağın X1X əsr tarixinə qısa bir ekskurs edilir, Rusiya imperiyasının tərkibində olarkən inzibati bölgü və köçürmə siyasətinə nəzər yetirilir, demoqrafik dəyişikliklər göstərilir.

Boran Əziz haqlı olaraq hesab edir ki, "arxiv sənədlərinin, repressiyaya məruz qalanların istintaq materiallarının təhlili göstərir ki, qırmızı terror Vətənimizin işğal olunduğu 1920-ci il aprelin 28-dən 1953-cü ilin ortalarınadək həyata keçirilmişdir". Bunu başqa tədqiqat əsərlərinin nümunəsində də görmək mümkündür. Yaddan çıxmayan tarixi yaddaşdan gələn və məlumatçıların dediklərindən də məsələ aydın olur. Kitabda Mərzili kəndinin yetirmələrindən söz açılır və 1920-30-cu illər arası Müsavat partiyasının özəklərindən birinin burada olduğu göstərilir.

Kəndin başına gələn faciəvi hadisələrdən bəhs edən müəllif sovet işğalçı rejimi dövründə ölən və sürgün olunanlar, Qarabağ müharibəsində kəndin verdiyi şəhidlərdən söz açmağı unutmur. O, əldə etdiyi məlumatların ilk dəfə dövriyyəyə daxil etdiyi materiallar olduğunu vurğulayır. İstintaqa cəlb edilənlərə qarşı yalançı ittihamların irəli sürülməsi, dindirilən şahidlərin cahilliyi, bəsit sualların qoyuluşu, insanların günahlandırılaraq təqsiri zorla onların boyunlarına qoyulması, qeyri-ciddi protokolların tərtibi - bütün bunların "quraşdırılmış işlər" olduğunu bütün aydınlığı ilə üzə çıxarır.

Acı həqiqətlərin ən ağrılı fəryadı isə dövrün reallığı içərisində görünən erməni xislətinin doğurduğu ah-nalələrdir. Boran Əzizin qeyd olunan  araşdırmasından oxuyuruq: "1956-cı ildə M.C.Bağırovun və əlaltılarının məhkəməsində XDİK-in müstəntiqi, günahsız insanların repressiyasında xüsusi fəallığı ilə seçilən X.Qriqoryanın Bakıdan atasına yazdığı məktub hər kəsi heyrətə salmışdı. O, məktubunda atasına bildirmişdi ki, yüz nəfər azərbaycanlını güllələtdirib, beş yüz nəfər də növbədədir". Əlavə şərhə ehtiyac yoxdur.

Dəlilsiz ittihamlar, qabaqcadan quraşdırılmış yalan ifadələr, qanunsuz cəzalar özbaşınalığın olduğunu göstərən bariz nümunədir ki, bu məsələyə ciddiyyətlə toxunan müəllif xeyli fakta müraciət etmişdir. Protokolların həqiqəti əks etdirmədiyi sonralar üzə çıxmışdır. Bütün bunları oxuyub bildikdən sonra oxucu daha dəqiq görəcək ki, Azərbaycan xalqı nə zülmlərə sinə gərə bilmişdir. Hüquq orqanlarında əksəriyyətlə, qeyri millətlərin nadan nümayəndələrinin yerləşməsi bəlamız olmuşdur.      

 

Əsərdə təqdim olunan foto şəkillərdən boylanan simalar onların çətin sınaqlardan açıq alınla keçən həyatlarının əksidir. Kitabda çoxsaylı arxiv materiallarından istifadə olunması müəllifin dürüst fəaliyyətinin, işə necə məsuliyyətlə yanaşmasının nümunəsidir. Bu əsərdən ictimaiyyətin geniş kütlələrinin faydalanmasını tövsiyə edirəm.

Mən əsərin müəllifi Boran müəllimə yeni nailiyyətlər arzulayıram, qələmi güclü olsun, davamını səbirsizliklə gözləyirik. Toxunduğu mövzu, yəqin ki, elmi problem kimi tariximizin yenidən yazılmasında istifadə olunacaqdır. Mükəmməlliyi ilə seçilən əsərin fərqi ondadır ki, bütün faktlarla yanaşı, Boran müəllimin valideynləri bu tarixi yaşamış, müəllif daxili dünyasına onu hopdura bilmiş, məsələyə münasibət bildirməyi həm tarixçi, həm də əsl oğul olaraq mənəvi borc kimi qəbul etmişdir. Allah özü xalqımızı qorusun!

 

525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.11.