Mədəniyyətin
ekoloji maarifləndirmədə rolu
COP29-un VƏTƏNDAŞ CƏMİYYƏTİ
ÜÇÜN DƏRSLƏRİNƏ DAİR
MÜLAHİZƏLƏR
Azərbaycanın COP29 kimi tarixə düşən
beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etdiyi günlərdən
bizi bir həftədən bir qədər çox vaxt
ayırır. Amma bu böyük tədbirdən qalan xatirələr,
onun Azərbaycan cəmiyyətinə təsiri hələ uzun
müddət müzakirə predmeti olacaq.
Mədəniyyət sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatının
rəhbəri kimi COP29-un həm "Yaşıl
zona"sında, həm də "Mavi zona"sında təşkil
olunan tədbirlərə qatılmaq, çıxış etmək,
müzakirələr zamanı rəy bildirmək, doğrudan
da, maraqlı və qürurverici idi. Bu dinamik məkanlarda gedən
müzakirələr, həmfikirlərlə, habelə müxtəlif
ölkələri təmsil edən təşkilat rəhbərləri
ilə əlaqə qurmaq, mədəniyyətin dili ilə gənc
nəslin ekoloji biliklərinin artırılmasına xidmət
edən layihələrimiz ətrafında fikir mübadiləsi
aparmaq sözün əsl mənasında beynəlxalq əməkdaşlıq
təcrübəsi idi.
COP29 iqlim dəyişikliklərindən narahatlıq
keçirən insanları dünyanın hər yerindən
Bakıya toplamışdı. İnsanlar bu tədbirdə
müxtəlif dillərdə danışsalar da, əsas
ünsiyyət mövzusu ana təbiətin qorunması idi.
Bu qlobal problemin həllində isə yalnız dövlət
orqanlarının fəaliyyətinə arxalanmaq kifayət
etmir. Vətəndaş cəmiyyəti fəallarının,
bəşəriyyətin sabahına biganə olmayan hər kəsin
bu işə öz töhfəsini verməsi indi daha vacibdir.
Bu baxımdan dünyanın müxtəlif ölkələrindən
paytaxtımıza təşrif buyuran qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə ünsiyyət, iqlim dəyişikliyi
ətrafında müzakirə və diskussiyalar, şübhəsiz,
fəaliyyətimizə öz təsirini göstərəcək.
Görüş və müzakirələr zamanı mədəniyyət
sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının iqlim dəyişikliyinə,
bu problemin aradan qaldırılmasına orijinal
baxışını görməmək mümkünsüz
idi. Vətəndaş cəmiyyətinin nümayəndələri
rənglərin, musiqinin dili ilə ətraf mühitin
qorunması üçün nələr edə biləcəklərindən
danışırdılar. Çünki iqlim dəyişikliyinə
qarşı mübarizədə yalnız texniki tədbirlər
kifayət eləmir, həm də dəyərlərin və
baxışların kökündən dəyişməsi zərurətini
ortaya çıxarır ki, bu işdə də mədəniyyət
və incəsənətin rolu əvəzedilməzdir.
Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyətini
təmsil edən təşkilatların COP29-da xüsusi fəallıq
göstərməsi təsadüfi deyildi. Azərbaycan Milli QHT
Forumunun "Yaşıl zona"da yerləşən pavilyonu,
sözün əsl mənasında, maraqlı görüş
və tədbirlər məkanına çevrilmişdi. Burada
ekoloji fəaliyyətin mədəni irslə əlaqələndirilməsi
üzrə innovativ yanaşmalar nümayiş olundu, incəsənət
sərgiləri, müxtəlif maarifləndirici təşəbbüslər
təqdim edildi. Pavilyon nəinki beynəlxalq tərəfdaşların
Azərbaycan təşəbbüsləri ilə
tanışlıq nöqtəsi, həm də vətəndaş
cəmiyyəti fəallarının diskussiya meydanına
çevrildi.
Bu məkanda bizim təşkilatın Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı
ilə ingilis dilində alt yazılarla istehsal etdiyi
"Malayziyadan görünən Şuşa" sənədli
filmi də təqdim olundu. Əsrarəngiz gözəlliyi və
ekoloji baxımdan təmiz təbiəti ilə seçilən
Şuşamız haqqında film tədbir
iştirakçılarında böyük maraq oyatdı.
"Yaşıl zona"dakı canlı ünsiyyətdən
"Mavi zona"dakı maraqlı fikir mübadilələrinə
qədər COP29 mədəniyyət liderlərinin qlobal iqlim
dialoqundakı əhəmiyyətli rolunu bir daha təsdiqlədi.
Dünya əhəmiyyətli COP29-a milli-mədəni
dəyərlərimizə uyğun ev sahibliyi edən bir
ölkənin vətəndaşı kimi əmin olduq ki,
aldığımız dərslər və əməkdaşlıq
əlaqələri iqlim dəyişikliyinə qarşı
mübarizə sahəsində, daha yaşıl və
davamlı bir dünya uğrunda gələcək fəaliyyətimizin
düzgün istiqamətləndirilməsinə imkan
yaradacaqdır.
Şəhla NAĞIYEVA
"Sönməz Məşəl" Mədəni
Əlaqələr İctimai Birliyinin sədri
525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.9.