"Köysü gözəl qaya dağlara gün dəyəndə..."

 

 

2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət "Yaşılım, yaşılım, hara gedirsən" adlı şeirlər toplusu nəşr etdirib. "Regional Hüquqi və İqtisadi  Maarifləndirmə" İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən kitabda "Kitabi-Dədə Qorqud"dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanıb. Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba "Dünyanın yaşıllıq həsrəti" adlı ön söz yazıb. Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir.

"Regional Hüquqi və İqtisadi  Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Arzu Bağırovanın kitabda yer alan "Köysü gözəl qaya dağlara gün dəyəndə..." adlı məqaləsini təqdim edirik.

Bu il Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili"dir.

Bu sətirlərin yazıldığı gün COP29-a (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına) sayılı günlər qalır. Ölkəmiz COP29-dan öncə də dəfələrlə çox önəmli uluslararası tədbirlərə uğurlu ev sahibliyi edib. Bununla belə, toplumumuzda bəlkə müəyyən bir həyəcan da vardır. Bu həyəcan, əlbəttə, təcrübə ilə bağlı deyil; məsələ ondadır ki, COP29 özü həyəcanlı qayğılardan irəli gəlir. COP hər il keçirilir və artıq 29-cu sessiya təşkil olunursa, deməli, qayğılar davam edir və olsun ki, bir qədər də artmış qayğıların gidərilməsi baxımından Bakı sessiyası tarixi bir hadisə olacaq. Bakı, Xəzər, Azərbaycan, Qafqazlar... - yalnız bu adların energetikası, bu coğrafiyanın iqlimi və mədəniyyət iqlimi, xalqımızın bəşər mədəniyyətinə, sivilizasiyaya bəxş etdiyi abidələr özü ümidə, inama əsaslar yaradır. Bu, gəlişigözəl söz deyil, dəfələrlə təsdiq olunmuş, şübhə doğurmayan həqiqət hadisələri kateqoriyasına daxildir. Əlbəttə, bir kitab üçün qısa təqdim yazısında, tarixi-mədəni irsə, bugünkü çağırışlara və (quruculuğunda yerimiz olan) gələcəyə dair geniş söz açmaq mümkün deyil. Zatən, ustad Xalq yazıçımız ANARın ön sözü ilə açılan bir kitab üçün ən yaxşı giriş də, qapı da elə ANAR sözünün özüdür. Ustada möhkəm cansağlığı, bu toplunun hazırlanmasında əməyi keçən yazarlarımıza iş avandlığı dilərkən, haqq dünyasında olan söz ustadlarımıza Tanrıdan rəhmət təmənna edirəm!

Bəli, paytaxt Bakıda çıxan bu toplu "Yaşıl dünya naminə həmrəylik ili"nə ad edilib; ölkə paytaxtı var gücü ilə COP29-a hazırlaşır. Mədəniyyət paytaxtımız Şuşa isə bu il İslam mədəniyyətinin paytaxtıdır. Könüllərin də paytaxtı var; könül özü bir paytaxtdır... Bütün paytaxtlar bir-birini səsləyəndə bəşəri simfoniya yaranır, dünya gözəlliyə qərq olur. Və biz bax bu duyğu-düşüncələrlə, bu ovqatda, poeziyanın ən qapsayıcı rəngini müəyyənləşdirmək istəsək, yəqin, yaşıl rəngi seçmiş olarıq, elə deyilmi? - Yaşıl - təravətli, incə, canlı, dolğun! Yaşıl - sevgini, mərhəməti, barışı, sakitliyi bildirən rəng. Yaşıl - Venera planetinin rəngi. Poeziya rəngi ola biləcəyini vurğuladığımız bu rəngi Avstraliya, İrlandiya, Meksika və Misirdə daha çox sevirlər. Yaşıl rəng Çində gözəl yaşamı və cavanlığı tərənnüm edir. - Əgər bir rəng bu qədər fərqli coğrafiyalarda eyni məhəbbəti doğurur, eyni riqqəti yarada bilirsə, o, niyə də poeziyanın rəngi olmasın?..

Yaşıl bölüşməyin, cömərtliyin rəngi olaraq, ümidverici təsirə malikdir. Bu rəng haqqında oxuyuruq: "Diqqəti açıq saxlayır, özünüifadəyə yardım edir. Məkanları daha geniş göstərir"...

Ustad Rəsul Rza təqribən yarım əsr bundan öncə yazırdı:

 

Yaşıl-yaşıl yarpaqlar

saralacaq - deyirsən.

- İşıq dolu gündüzlər

qaralacaq deyirsən.

- Üfüqlərin çənbəri

daralacaq, - deyirsən.

 

Olsun!

 

Olsun, neyləyək.

Olarlar olsun gərək.

Qəfil ölüm olmasın.

Qara zülüm olmasın.

Darısqallığa düşən

fikir, könül olmasın...

 

"Rəngli yuxular görürəm:

qırmızı, sarı, yaşıl;

rəssam Toğrulun lövhələri kimi.

Rəng rəngə dirsəklənir,

rəng rəngə dolaşır"...

- bu isə ustadın "İlk duyum"undandır...

 

Yaşıl rəng, əlbəttə, yazın - Dədəm Qorqud demiş, "Köysü gözəl qaya dağlara Gün dəyən" fəslin... rəngidir -

 

"Yaşıl söyüdlər çaydan su içir.

Səpələnib hər yana

dünyanın rəngləri:

Məhəbbət, nifrət, sevinc.

Kədər"...

 

Beləliklə, "Yaşıl dünya naminə həmrəylik ili"ndə, COP29-un ev sahibi və əbədi şairlər ölkəsi Azərbaycanda, necə deyərlər, yaşıl poetik toplu illa gün üzü görməliydi... Bu, bəlkə, olmazsa olmazıydı... Bizi də bu gözəlliyin bir parçası olmağa dəvət edən dostlara təşəkkür edir, Azərbaycanın göy-qırmızı-yaşıl rənglər qurultaylı, Ay-ulduzlu bayrağına və Azərbaycan poeziyasının bayrağına əbədi ucalıq diləyirəm.

 

 

Arzu BAĞIROVA

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri

525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.9.