Ermənistanın dəhşətli
ekosid siyasəti haqqında yeni nəşr
Bu gün bütün dünyada, o cümlədən,
Azərbaycanda ekoloji tarazlıq pozulmaqda, su, torpaq və
atmosferin çirklilik dərəcəsi çox təhlükəli
qlobal problem həddinə çatmaqdadır. Bu hal mütəxəssislər
tərəfindən XX və XXI əsrlərdə sənayenin
sürətli inkişafı, insanların təbiətə
amansızcasına müdaxiləsi, təbii ehtiyatlardan istifadənin
istismar həddini alması, təbii sərvətlərin insan
tərəfindən sərhəd gözlənilmədən məsrəf
edilməsi və bir sıra digər səbəblərlə
izah olunur.
Ancaq respublikamızda mövcud problemlərlə
yanaşı, Ermənistanın Azərbaycan torpaqlarında təqribən
30 il ekosid, urbisid və kultursid siyasəti aparması kimi səbəblər
də var. Bu isə mövcud problemlərə daha üstün
diqqət ayırmasını tələb edir.
Bütün dünya dövlətlərində
olduğu kimi, respublikamızda da ekoloji siyasətin
başlıca hədəfi dövlətin öz vətəndaşının
təhlükəsiz mühitdə yaşamasını təmin
etmək, əldə olanları, başqa sözlə,
ekosistemləri qorumaq, ətraf mühitə imkan daxilində
ziyansız təsir göstərməklə təbii sərvətlərdən
səmərəli istifadədir. Yazıçı-jurnalist, tədqiqatçı
Ayətxan Ziyad İsgəndərovun Qarabağda və Şərqi
Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti
(Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının nümunəsində) yeni kitabında məhz
bu mövzuya işıq tutulur.
Kitab işğal dövründə Ermənistanın
Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid
siyasəti və "Ekoloji tarazlığın pozulması Azərbaycanın
inkişaf strategiyasında" adlanan iki hissədən ibarətdir.
I hissədə Ermənistanın Azərbaycana qarşı
apardığı məkrli işğalçılıq siyasətindən,
II hissədə isə Ermənistanın viranə qoyduğu
Azərbaycan ərazilərini əvvəlki görkəminə
qaytarmaq üçün dövlətimizin həyata
keçirdiyi böyük quruculuq işlərindən bəhs
olunur.
Tədqiqat müstəvisinə çıxarılan
mövzu ölkənin ekoloji cəhətdən təhlükəsiz
və davamlı inkişafının təmin edilməsi
yönümündə əhatəli işlər
görüldüyü indiki zamanda ciddi aktuallıq kəsb
edir.
Kitabdan məqsəd XX əsrin sonuncu onilliyindən
keçən müddətdə Ermənistanın Azərbaycanın
təbiətinə və ümumən ekologiyasına
vurduğu zərəri və bərpa işlərinin təşkili
barədə araşdırmaları bir arada təqdim etmək
olub. Bərpa işlərinin keyfiyyətli, ancaq qənaət
prinsipi qorunaraq həyata keçirilməsinə, inkişaf
modelinin yeni və standartlara uyğun olmasına, erməni
ekosid siyasətinin nəticəsi olaraq yararsız hala
düşmüş torpaqların istifadə üçün
yararlı hala gətirilməsinə, bu işlərə
dünyanın tanınan şirkətlərini cəlb etməklə
müvəffəq olmağa, xarabalığı xatırladan ərazilərdə
"Yaşıl enerji" zonası yaradılmasına Azərbaycan
dövlətinin ayrıdığı xüsusi diqqət ətraflı
işıqlandırılıb.
Qeyd olunan məsələlər Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının işğaldan əvvəlki
iqtisadi göstəriciləri ilə müqayisəli təhlil
edilib, digər rayonların səviyyəsinə gətirilməsi
yolları açıqlanıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında ermənilərin usanmaq bilməyən ekosid,
irbisid və kultursid siyasəti yalnız Azərbaycanın və
regionun deyil, bütövlükdə dünyanın ekoloji və
sosial-iqtisadi həyat tərzinə köklü təsir
göstərə biləcək problem tərzində ifadə
edilib. Fikrimizcə, problemə dünyanın problemi
prizmasından yanaşılması daha düzgün olardı.
Təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindəki
məğlubiyyəti ilə barısmaq istəmir, atəşkəsin
şərtlərini mütəmadi olaraq pozmaqda işğaldan
azad edilmiş torpaqlarda bərpa işlərinin gedişinə
maneçilik törətməkdə israrlı olaraq
qalmaqdadır.
Uzun illər səngimək bilməyən bu mürəkkəb
tarixi-siyasi vəziyyət, eləcə də Azərbaycanın
təbii sərvətlərinə Ermənistanın
dağıdıcı münasibəti və ekosistemlərin
qorunması kimi məsələlər nəzərə
alınaraq, erməni ekosidinin aktuallığı əsərin
I hissəsində bir neçə istiqamətdə nəzərdən
keçirilib: ekosid anlayışına tarixi bir nəzər,
ekosid siyasəti qanunvericilik müstəvisində; qərəzli
münaqişə və gərginlik səbəbindən
içməli və suvarma suyun çirkləndirilməsi və
bunun əhalinin sağlamlığına və iqtisadiyyata mənfi
təsiri; ekosistemin tarazlığının pozulması,
başqa sözlə, torpağın dağıdılması,
yerli fauna və flora növlərinin kökünün kəsilməsinin
nəticəsi olaraq bölgədə bioloji müxtəlifliyin
ciddi təhlükə altında olması; ekoloji faktorlar nəzərə
alınmaqla infrastrukturun qurulması, sənaye fəaliyyətinin
artması və təbii sərvətlərin davamlı şəkildə
idarə olunması; ekosid siyasətindən əziyyət
çəkilməsi səbəbindən bölgədə
iqlim dəyişikliyinin baş verməsi və bunun əhalinin
sağlamlığına, eləcə də kənd təsərrüfatının
məhsuldarlığına mənfi təsiri.
"Ekoloji tarazlığın pozulması Azərbaycanın
inkişaf strategiyasında" adlanan II hissədə
"Ekoloji tarazlığın qorunması - Azərbaycanın
ekoloji siyasətinin tərkib hissəsi" və
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının nümunəsində Azərbaycan
ekologiyanın bərpası sahəsində
respublikamızın davamlı inkişaf konsepsiyası"
mövzuları tədqiqat müstəvisinə
çıxarılıb, Ermənistan və Azərbaycan
hökumətlərinin ekoloji siyasət modelləri
qarşılıqlı müqayisə zəminində
açıqlanıb, adı çəkilən dövlətlərin
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini necə
qarşıladığı məsələlərinə
aydınlıq gətirilib. Faktlarla göstərilib ki, Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının nüvəsində
yalnız ekosid yox, urbisid və kultursid siyasətləri də
durur. Ermənistanın bu əməlləri Beynəlxalq Cinayət
Məcəlləsinin soyqırım, etnik təmizləmə
və zorakılıq kimi maddələrində
özünü açıq-aşkar göstərir. Və bu
mövqe nəinki respublikamız, yaxud region, ümumilikdə bəşəriyyət
üçün ciddi təhlükədir.
Kitabda ekoloji siyasətin Azərbaycan modelinin əsas
istiqamətlərinə geniş açıqlama verilir,
respublikamızın mövcud problemləri "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" vasitəsilə
həll etmək iqtidarında olduğu tədqiqat müstəvisinə
çıxarılır. Prezident İlham Əliyevin ekoloji
siyasəti ilə bağlı mövzu gündəmə gətirilməklə
Azərbaycan hökumətinin həyata keçirdiyi ekoloji
siyasətin hədəfləri açıqlanır. Başlıca
məqsədin indiki və gələcək nəsillərin
ehtiyaclarının ödənilməsi,
davamlı inkişafın təmin edilməsi, başqa sözlə,
mövcud ekoloji sistem-lərin və iqtisadi potensialın
qorunması, təbii ehtiyatlardan səmərəli istifadə,
fəaliyyət zamanı qarşıya çıxa biləcək
problemlərin sağlam düşüncə və ətraf
mühitə mümkün qədər az mənfi təsir
göstərməklə aradan qaldırılmalı olduğu
diqqətə çatdırılır.
Tədqiqat işi ekoloji problemlərin öyrənilməsi
və elmi-nəzəri təhlili ilə məşğul olan
hər kəs üçün əhəmiyyətli mənbədir.
Araşdırmadan və onun nəticələrindən tədris
proqramlarının, dərslik və dərs vəsaitlərinin,
müvafiq mövzularda mühazirə mətnlərinin
hazırlanması işində yararlanmaq mümkündür.
Zaur USTAC
525-ci qəzet .- 2024.- 6 dekabr (№224).- S.13.