İslam dini xarici dillərin öyrənilməsinə
necə baxır?
Artıq qloballaşan dünyada ikidillilik
(çoxdillilik) zərurətə çevrilmişdir. Xarici
dillərin öyrənilməsi zamanın tələbidir, Başqa sözlə, əcnəbi
dili və ya dilləri öyrənməyə məcburuq. Təsadüfi
deyil ki, Ulu öndərimiz H.Əliyev
çıxışlarının birində deyirdi: "...biz
çalışmalıyıq ki, məktəblərimizdə,
universitetlərimizdə gənclərimiz bir neçə dil
öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa,
dünya birliyinə daxil olmuşuqsa, gərək
insanlarımız bir neçə dil bilsinlər".
Bəs müqəddəs dinimizin xarici dillərin
öyrənilməsinə münasibəti necədir? Hansı
hallarda dinimiz xarici dilləri öyrənməyi "kifayi fərz"
hesab edir? Bəs günah saydığı hallar da varmı?
Bəri başdan qeyd edək ki, dinimizdə dil
ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar
üçün çox sərfəli olan ərəb dili
kosmik-ilahi informasiyanın ötürücüsü və
ilkin daşıyıcısı kimi şərəfli bir tarixə
düşüb, dünyanın ən zəngin dillərindəndir.
"Quran" ərəb ədəbi dilinin ən möhtəşəm
abidəsi və səmavi kitabların ən sonuncusu və
mükəmməlidir. Amma bu, ərəb dilinə fövqəladə
üstünlük və səlahiyyət vermir. Ümumiyyətlə,
"Quran" heç bir millətin və dilin
üstünlüyündən bəhs etmir. "Ərəb
dili", "ərəb", "ərəbcə" ifadə
və sözlərinin olduğu ayələrin də heç
birində bu xalqın və bu dilin əlahiddəliyindən
söhbət getmir. Sadəcə olaraq, "Quran"ın
eniş dilinin ərəbcə olması bildirilir.
"Quran"da guya qeyri-ərəb müsəlman
xalqlarının və müsəlman olmayan "kafirlərin
dili"nin öyrənilməsinin qadağan olunması, ərəb
dilinin digər dillərdən üstünlüyü barədə
fikirlər ancaq səbatsız "millətçilərin"
və riyakar din xadimlərinin iddia və uydurmalarıdır. Hələ
vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı
üzvü, şərqşünas M.Kazımbəy özünün
"İndiki Hindistanda maarifin yayılmağa
başlaması" adlı məqaləsində ərəb
dilinin və ərəb əlifbasının dini mahiyyət
daşıdığını, guya "Quran"la
bağlı olduğunu və onun "müqəddəsliyini"
əldə bəhanə edənlərə
inandırıcı və tutarlı cavablar vermişdi.
Burda milli dillərə "Quran"ın münasibətini
yada salmaq yerinə düşərdi. "ər-Rum" surəsinin
22-ci ayəsində deyilir: "Onun ayələrindəndir
göylərlə yerin yaradılışı, dillərinizin,
rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr
var bilənlərə". Göründüyü kimi, bu ayə
bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə
həmin ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib
etməyə kifayətdir. N.Qasımoğlunun "İslam və
millilik" məqaləsində yazdığı kimi,
"...milli dil də ayədir, yəni Tanrı dərkinə
yön verən işarələrdən, impulslardan
sayılmalıdır, ilahi varlığın dəlillərindəndir.
Başqa sözlə, bütün milli dillər Tanrı zəmanətində
olduğundan müqəddəslik statusuna malikdir".
Tarix göstərir ki, İslam dini
yayıldığı ərazilərdə heç bir yerli
dilin işlənməsini qadağan etməmiş, əksinə,
bu dilləri öyrənməyə təşviq etmişdir.
Dinimiz İslamın digər insanlara
çatdırılması üçün xarici dilləri
öyrənməyi "kifayi fərz" hesab etmişdir.
Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü,
Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev "Quran"ın I, II və III nəşrlərinə
ön sözdə yazırdı: "Peyğəmbər əleyhissəlam
öz sağlığında Allahın hökmlərini,
buyruqlarını təbliğ etmək üçün
yaxın əshabələrinə əcnəbi dilləri
öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi
qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq
məqsədilə ibrani və siryani dillərini öyrənməyi
buyurmuşdu". Peyğəmbərimiz həm də
demişdir: "Türklərin dillərini öyrənin,
çünki onların uzun sürən hakimiyyəti
olacaq". Faktlar göstərir ki, Allahın elçisi
özü siryani dilini bilirmiş və bu dili 17 günə
öyrənibmiş. O həmçinin səhabələrinə
müraciət edərkən bəzən xarici dillərdə
(məsələn, o zaman xristian olan həbəşlərin
dilində) olan sözlərdən istifadə edirmiş.
Ümumiyyətlə, nə qədər zəngin olsa
da, ərəb dilində də çoxlu alınma sözlər
vardır. Bu proses hələ cahilliyə dövründən
başlayaraq davam etmişdir. Sonralar həmin sözlərin
çoxu ərəbləşdirilmişdir. Hətta bəzi tədqiqatçılar
"Quran"ın özündə də ərəbləşdirilmiş
sözlərin olduğunu bildirirlər. Təsadüfi deyil ki,
ərəb qrammatika elminin banisi Sibəveyhi (796-cı ildə
vəfat etmişdir.) ilk dəfə özünün "əl-Kitab"
əsərində ərəb ədəbi dilinə keçən
sözlərə aid bölmə həsr etmişdi.
İslam dini meydana çıxan dövrdən müxtəlif
dil məktəblərində, o cümlədən, VII-VIII əsrlərdə
yaranmış ərəb dilçilik məktəblərində
(X.Təbrizi də bu məktəbin ən görkəmli
nümayəndələrindən olub) ərəb dili ilə
yanaşı, digər dillərin də tədqiqatı
aparılırdı. Məsələn, Bəni Əhmər
dövlətinin himayəsi altında fəaliyyət göstərən
Əndəlüs dil məktəbində əcnəbi dillərin
tədqiqatına da cəhd göstərilirdi. Doktor
Q.Şükürov "Bəni Əhmər Əndəlüs
dil məktəbi" adlı məqaləsində
yazırdı ki, bu məktəbdə fars, həbəş, yəhudi,
himyəri, siryani, ispan, səfarad, portuqal, türk və digər
dillər öyrənilir və tədqiq olunurdu. Bu dillər
üzrə mütəxəssislər hazırlanırdı.
Əbu Həyyan Əl-Əndəlüsi kimi
tanınmış dilçilər türk dili üzərində
də araşdırmalar aparırdılar. Həmin alim hətta
türk dilinin erkən dövr qrammatikasına aid əsər
yazmış, türk dilindəki sözlərin ərəb
dilindəki mənalarını verən müfəssəl
lüğət də hazırlamışdı.
Bu məktəblərdə tərcüməçilər
də (hətta xarici tərcüməçilər) fəaliyyət
göstərirdilər. Onlar əsasən saraylarda
çalışır, rəsmi sənədləri, dövlət
nümayəndələrinin dialoq və müzakirələrini
tərcümə edirdilər. Tərcümə fəaliyyəti
Əməvi xəlifəsi Xalid ibn Yezidin hakimiyyəti illərində
başlanmışdı. Sistemli tərcümə fəaliyyətinə
isə Abbasilərin hakimiyyəti dövründə təsadüf
olunur. Xəlifələr Mənsur (754-745), Harun ər-Rəşid
(789-809) və Məmun (813-833) tərcümə işinə
böyük əhəmiyyət verirdilər.
Hazırda yer üzündə orta dilə ehtiyac
gündən-günə artmaqdadır. Artıq ingilis dili
"linva franka" - ortaq dil statusuna sahib olmaqdadır. Bəs
İslam alimlərinin ingilis dilinin öyrənilməsinə
münasibəti necədir? Qısa bir araşdırmadan belə
məlum olur ki, onların əksəriyyəti ingilis dilinin
öyrənilməsini mübah (mümkün) iş hesab edirlər.
Məsələn, Səudiyyə Ərəbistanı
Krallığının Yüksək dərəcəli Alimlər
Şurasının üzvü, 50-yə yaxın fətvalar
toplusunun müəllifi, görkəmli din xadimi Şeyx Məhəmməd
ibn Saleh əl-Useymin ingilis dilinin öyrənilməsi barədə
bir sualı cavablandırarkən demişdi: "Ərəb
dilindən başqa dillərin öyrənilməsi haram deyil!
Əksinə, əcnəbi birinin dəvət edilməsinin
bundan asılı olması kimi hallarda vacib olar. Belə ki, biz
ona xitab etmək üçün onun dilini öyrənmədən
İslama dəvət edə bilmərik. Beləcə əcnəbi
dilin təlimi kifayi fərzdir! Çünki bizim o əcnəbilərə
Allahın dinini təbliğ etməmiz qaçınılmazdır. Bəs
hansı vəsiləylə?.. O dildə danışanları
dəvət etmək dili öyrənməkdən asılı
olduğu zaman əcnəbi dil öyrənmək vacib olar! ...İnsanları
İslama dəvət üçün ingilis dilinin öyrənilməsinə
ehtiyac olduqda bu, fərzu kifayədir. Əgər dünyəvi
səbəblərdən ehtiyac duyularsa, ingilis dilini öyrənmək
mübah bir işdir".
Dinimiz əcnəbi dilləri ancaq İslamı yaymaq
üçün deyil, həm də həmin əcnəbilərin
təcrübədə əldə etdikləri siyasi-iqtisadi, mədəni, texnoloji,
hərbi və bir çox başqa sahələrdəki nailiyyətlərindən
istifadə edilməsi, onların planlarını, məqsədlərini
bilmək üçün öyrənməyi təklif edir.
Kimya, astronomiya və təbabətə dair kitabların,
Galenin, Hipokratın, Evklidin, Aristotelin, Platonun və
başqalarının əsərlərinin ərəb dilinə
tərcümə edilməsi də bunu sübut edir.
İslam dini bir neçə halda xarici dilləri
öyrənməyi münasib bilmir. Məsələn, dinimiz
xarici dillərin həmin dillərin sahibləri
qarşısında ruhu əziklik vəziyyətində, təzyiq
yolu ilə, öz ana dilini unutmaq və ya unutdurulmaq
bahasına öyrənilməsini
məqbul hesab etmir. Həmçinin xarici dillərin
çirkin niyyətlərin həyata keçirilməsi məqsədilə
öyrənilməsi və öyrədilməsi pislənilir.
Görkəmli din xadimi Şeyx Məhəmməd ibn
Saleh əl-Useymin deyirdi ki, "...mənim qarşı
olduğum və təhlükədə olduğumuzu
düşündüyüm nöqtə başqadır. Biz
dörd-beş yaşlı kiçik övladlarımıza
ingilis dilini elə öyrədirik ki, irəlidə bu dil onun
ana dili olur. Mənim qarşı çıxdığım
budur". Bu fikirlə razılaşmamaq mümkün deyil.
Xarici dili ana dilindən üstün səviyyədə tutmaq
bağışlanmaz bir günahdır.
Övladlarına ana dilindən öncə xarici dilləri
öyrədənlərə böyük rus pedaqoqu
K.D.Uşinskinin aşağıdakı sözlərini
xatırlatmaqda yarar var: "Ana dilində təhsil almayan bir
uşaq böyüdükdən sonra üzünə nə qədər
vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə
deyil, dilində təlim-tərbiyə gördüyü millətə
xidmət edəcəkdir!"
M.Ə.Rəsulzadəyə görə də, yad dildə
təlim-tərbiyə verilən məktəblərdə məqsəd
birbaşa olmasa da, dolayısı ilə gənc nəsli
şovinizm ruhunda tərbiyələndirməyə xidmət
edir, gəncləri öz soykökündən
uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini
unutdurur, nəticədə vətəninə, xalqına fayda
verə bilməyən yad əxlaqlı bir insana çevrilir.
Belələri hansı vəzifədə işləməsindən,
harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq,
yad meyllərə uyacaq, öz nicatlarını yad ölkələrdə
axtaracaqlar.
Şübhəsiz ki, çox dil bilmək, bir
neçə xarici dildə danışmaq aqillikdir. Tədqiqatlar
göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri
vardır. Filologiya üzrə fəlsəfə doktoru
E.Əliyevanın "Ana dili və çoxdillilik problemləri"
adlı məqaləsində yazdığı kimi:
"Çoxdilli insan əmək bazarında
üstünlüyə, dünya ölkələrinə sərbəst
səyahət imkanlarına, texnologiyanın imkanlarından
yüksək səviyyədə istifadə etmək
bacarığına malik olur. Çoxdillilik beynin
inkişafına təkan verir, düşünmənin
çevikliyini artırır. İnsanda özünəinam
hissi artır. Təcrübə göstərir ki, insan
hansısa xarici vətəndaşla onun öz dilində
ünsiyyətə girirsə, bu zaman müsbət enerji
alır, inamlı olur. Çoxdilli insan tanış olduğu
mədəniyyətlərin təsiri altında daha kreativ
düşünür. Ünsiyyət dairəsinin genişlənməsi
ilə öz həyatını rəngarəng edir".
Məşhur alman şair və dramaturqu, mütəfəkkir
və naturalisti İ.V.Goete demişdir ki, xarici dildə
danışmayan insan öz dilini də dərk edə bilməz.
Bu gün gənclərimiz ölkəmizin ümumtəhsil
məktəblərində, universitetlərində, müxtəlif
dil kurslarında dünyanın aparıcı dillərini
uğurla öyrənir, xarici ölkələrin
aparıcı ali məktəblərində müvəffəqiyyətlə
təhsil alırlar. "2022-2028-ci illər üçün
Dövlət Proqramı"na uyğun olaraq növbəti illərdə
yüzlərlə azərbaycanlı gənc dünyanın
qabaqcıl universitetlərdə müxtəlif dillərdə
təhsil alacaq.
Əlbəttə, bunlar çox müsbət
haldır. Amma xarici dillər ana dilinin nüfuzuna xələl
gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan
öyrənilməli, ölkə daxilində heç bir sahədə
praktiki olaraq ana dilindən
üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki,
dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini,
milli əxlaqını və soykökünü təyin edir.
Qloballaşma prosesinin təsiri ilə mürəkkəb
dövr yaşayan ana dilimizin bu gün qorunmağa və
möhkəmlənməyə daha çox ehtiyacı var.
Prezident İ.Əliyev 2018-ci ildə Ağdam Muğam Mərkəzinin
açılışı zamanı demişdir: "Bizim zəngin
dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir.
Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər
proseslər istər-istəməz dilimizə də təsir
edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq.
Bizim dilimizə lüzumsüz xarici kəlmələr
lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən
fikri, istənilən məsələni ifadə etmək
mümkündür. Ancaq biz görürük ki, bəzi
hallarda həm kütləvi informasiya vasitələrində, həm
də digər sahələrdə dilimizə yad kəlmələr
daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən
mövcud sözlər yeni sözlərlə əvəzlənir
və mən bunun qəti əleyhinəyəm. Bu gün
fürsətdən istifadə edərək, bir daha bildirmək
istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq".
Təsadüfi deyil ki, Ümummilli liderimiz H.Əliyev
Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman,
fransız, Çin və s. dilləri öyrənməklə,
ilk növbədə, öz ana dilini daha mükəmməl
bilməyi tövsiyə edirdi.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2024.- 6 dekabr (№224).- S.11.