"Naxçıvan etnoqrafiyası": fundamental ikicildlik haqqında qeydlər

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində hazırlanan sanballı nəşrlər ölkə elminin müxtəlif sahələrini əhatə edən ciddi tədqiqat əsərləri kimi elmi ictimaiyyətin də diqqətini çəkir. Son dövrlərdə Bölmədə hazırlanmış 3 cildlik Naxçıvan tarixi, 4 cildlik Naxçıvan Folkloru Antologiyası, Muxtar Respublikanın ayrı-ayrı rayonlarının tarixi və digər bu qəbildən olan çap məhsullarına daha biri əlavə olundu. Bu, ikicildlik "Naxçıvan etnoqrafiyası" kitabıdır.

Ötən il birinci cildi nəşrdən çıxan ensiklopedik nəşrin ikinci cildi də bu günlərdə oxucuların, geniş ictimaiyyətin, ən əsası isə bu sahədə araşdırmalar aparan və aparacaq tədqiqatçıların ixtiyarına verildi.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin müvafiq qərarı ilə çapa tövsiyə olunan, Bölmənin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnoqrafiya şöbəsi tərəfindən hazırlanan nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri, professor Hacıfəxrəddin Səfərli, professor Vəli Baxşəliyev, mərhum etnoqraf alim, tarix elmləri doktoru, professor Hacı Qadir Qədirzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovadır.

Akademik İsmayıl Hacıyevin ön sözündə də vurğuladığı kimi, "Naxçıvan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı ərazilərindən biridir. Burada yaşayan insanlar bir sıra xalqlarla iqtisadi və mədəni əlaqədə olmuşdur. Bu əlaqələrdən insanlar faydalandığı kimi, onlar da öz növbəsində həmin xalqların təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə öz töhfələrini vermiş, onu daha da zənginləşdirmişdir".

Bu baxımdan bölgənin etnoqrafik mənzərəsini daha yaxşı anlamaq üçün "Naxçıvan etnoqrafiyası" ikicildlik monoqrafiyasının çox böyük rolu olacaqdır.

Monoqrafiyanın birinci cildi doqquz fəsildən ibarətdir. Bu fəsillərin hər birinin adlarını oxuyanda nəşrin akademik əhatəliliyi mövzunun sanbalı haqqında dolğun və yüksək fikir formalaşdırır. "Təbii-coğrafi şərait" adlı birinci fəsil özlüyündə iki yarımfəsildən ibarətdir. Burada Naxçıvan diyarının "Təbii-coğrafi şəraiti" ilə eyni zamanda "Tarixi oçerk" yarımfəslində bölgə tarixi ilə hərtərəfli tanış olmaq mümkündür.

"Təsərrüfat sahələri" adlı ikinci fəsildə "Əkinçilik", "Maldarlıq", "Arıçılıq və quşçuluq", "İpəkçilik" yarımbaşlıqlarında mövzular tarixi və müasir mənbələr əsasında öyrənilib.

Üçüncü fəsil "Xalq yaşayış məskənləri və evlər" adlanır. Yaxşı bilirik ki, yaşayış məskənlərinin yaranması uzun tarixi inkişafın məhsuludur. İbtidai insanları təbii mağaralarından müasir dövr insanlarının modern evlərinədək olan mərhələnin öyrənildiyi bu fəsildə "Yaşayış məskənləri", "Yaşayış evlərinin tip və növləri", "Təsərrüfat tikililəri" yarımbaşlıqlarında mövzu daha ətraflı əhatə edilib.

"Xalq nəqliyyat vasitələri və yollar" adlı dördüncü fəslində, "Yeməklər və içkilər" adlı beşinci fəsildə, "Geyimlər və bəzəklər" adlı altıncı fəsildə müvafiq olaraq tarixdən bugünədək nəqliyyat vasitələri, yollar, yeməklər, içkilər, geyimlər və bəzəklər araşdırılıb.

"Dənüyütmə və çörəkbişirmə" adlanan yeddinci fəsildə neolit dövründən taxılçılıqla əlaqədar inkişaf etməyə başlayan və arxeoloji tədqiqatlar nəticəsində öz təsdiqini tapan bir sahənin geniş öyrənilməsi həyata keçirilib. Sadə dən daşlarının dənüyütmənin əsasını təkil etdiyini ortaya qoyan araşdırmaçılar müxtəlif növ dəyirmanların, təndirlərin, sonda isə müasir dövrümüzdə çörəkbişirmə müəssisələrinin fəaliyyəti və burada istehsal olunan çörək növlərinə kimi bütün məqamları diqqətlə öyrənmişlər.

Səkkizinci fəsil "Sənətkarlıq" adlanır. Burada Xalçaçılıq, Boyaqçılıq, Keçəçilik, Ağacişləmə, Daişləmə, Dabbaqlıq kimi sənət sahələri araşdırılmış, bu sənətkarlıq növlərinin meydana gəlmə yolları, inkişaf mərhələləri, bugünkü vəziyyəti, tarixi etnoqrafiyamızda rolu, şifahi ədəbiyyatımızda bədii əksi, müasir insanlarımız arasındakı bilicilik tərəfi kimi məqamlar da tədqiqata cəlb olunub. Müxtəlif sənətkarlıq mərkəzlərinin idarəolunma prinsipləri də geniş təhlil edilib.

Birinci cildin son - doqquzuncu fəsli "İctimai məkanlar və tikililər" adlanır. Fəsil daxilində yer alan "Meydanlar, parklar və bağlar", "Hamamlar", "Buzxanalar və Saqqaxana" yarımfəsillərində, adlarından da bəlli olduğu kimi, müxtəlif tikililərin istər dizaynı, istər fəaliyyət strukturu, istər oynadığı rol və tarixi əhəmiyyəti və sair cəhətləri əhatəli şəkildə təhlil edilmiş, araşdırılaraq ortaya qoyulub. Bu fəsildə də biz istər tarixi, istərsə də müasir dövr tikililərinin özünəməxsus cəhətləri ilə ətraflı şəkildə tanış oluruq. Müxtəlif fotoların da əks olunduğu nəşrdə daha geniş fikir formalaşdığını da qeyd etməliyik.

Ümumiyyətlə 475 səhifəlik birinci cildin yazılması zamanı 300-dən çox ədəbiyyatdan istifadə edilməsi də müəlliflərin tədqiqatçı məsuliyyəti və zəngin mütaliəsi hesabına çox orijinal və lazımlı nəşrin ərsəyə gəldiyini deməyə əsas verir.

"Naxçıvan etnoqrafiyası" monoqrafiyasının ikinci cildi də doqquz fəsildən ibarətdir. 350 səhifəlik ikinci cilddə ilk olaraq "Ailə və ailə məişəti" fəslində "Ailənin tərkibi, forması və quruluşu", "Nikah", "Toy", "Uşaqların doğulması və tərbiyəsi", "Dəfn və yas" kimi yarımbaşlıqlarla Muxtar Respublika ərazisində mövzuyla bağlı məqamların geniş öyrənildiyi və araşdırıldığı özünü göstərir. Burada həmçinin ailə anlayışının xalqın mənəvi dəyərlərinin qorunmasındakı rolu, ailənin quruluşu, forma və tipləri, sadə və mürəkkəb ailələr, müxtəlif nəsilli ailələr, eyni zamanda ailədaxili fərdlər arasındakı münasibətlər ətraflı şərh olunub, nikah formaları və nikah məsələləri araşdırılıb, xalqımızın toy, dəfn və yas kimi mərasimləri, var olmuş və davam edən ənənələri, bunlarla bağlı inanclar təhlil edilib.

İkinci fəsil "Xalq bayram və mərasimləri" adlanır ki, burada Muxtar Respublikanın müxtəlif bölgələrində qeyd olunan mərasimlər və ümumazərbaycan səviyyəsində qutlanan bayramların regional xüsusiyyətləri, Naxçıvana məxsus fərqlilikləri geniş şəkildə araşdırılıb və əhatəli şəkildə öz əksini tapıb. Biz burada "Xanbəzəmə", "Susəpən", "Çillə", "Xıdır Nəbi", "Günəşbanu", "Nuhdaban" kimi mərasimlərin və bayramların keçirilmə zamanı, qaydaları və digər xüsusiyyətləriylə bağlı geniş məlumat sahibi oluruq.

"Dini bayram və mərasimlər" adlı üçüncü fəsildə də eynilə bölgədə qeyd olunan "Qurban", "Ramazan" bayramları, "Orucun on beşi", "Məhərrəmlik" kimi mərasimlər haqqında geniş təəssürata yiyələnirik.

"Xalq yaradıcılığı və ictimai məişət" fəslində "Musiqi və rəqs", "Oyun və əyləncələr", "Qonaqpərvərlik", "Qarşılıqlı yardım formaları" yarımbaşlıqlarında mövzular öyrənilib, Muxtar Respublikaya məxsus cəhətlər daha geniş şəkildə şərh olunub, regionun xalq yaradıcılığı sahəsində və ictimai məişətindəki cəhətləri təhlil edilib.

Monoqrafiyanın ikinci cildinin beşinci fəsli "Elm və təhsil" adlanır. Adından da bəlli olduğu kimi, bu fəsildə Muxtar Respubikada elmin və təhsilin tarixi ənənələri, elm və təhsil mərkəzlərinin tarixdən bugünədək olan inkişaf mərəhələləri, müasir dövrdə Naxçıvanda elmi qurumlar, təhsil müəssisələri, təhsilin müxtəlif pillələri üzrə fəaliyyət istiqamətləri və bu kimi mövzular öyrənilib.

"Xalq təbabəti və ya türkəçarə" adlı altıncı fəsildə Muxtar Respublikada qədim dövrlərdən tətbiq olunan və günümüzədək gəlib çıxmış, hələ də xalq arasında müəyyən xəstəliklərin, eləcə də inanc sistemində yer alan təbabətlə müalicə üsulları, türkəçarələr əhatəli şəkildə öz əksini tapmışdır.

"Xalq çəki və ölçü vahidləri" adlı yeddinci fəsil də özlüyündə çox maraqlı etnoqrafik cəhətləriylə seçilən araşdırmaların ümumiləşmiş halıdır.

Səkkizinci fəsil "Arxaik inamlar və qədim dini ayinlər" adlanır ki, burada da mifik varlıqlarla bağlı inamların mühüm yer tutduğunu görürük. Xüsusilə insanların, heyvanların, ev təsərrüfatının qorunması məqsədiylə arxaik inamların funksiyaları, daşıdığı məna, yerinə yetirilmə yolları öyrənilmişdir. Bu fəsildə dağ, daş, mağara, su, ağac kimi kultlara olan inamları, müəyyən göy cisimləriylə bağlı qədim insanların mifik düşüncəsindən doğan və günümüzədək qorunan dini ayinlərin əhatəli öyrənildiyini müşahidə edirik.

Bütün bu araşdırmaların yekununda monoqrafiyada "Müstəqillik illərində maddi və mənəvi irsə münasibət" başlıqlı doqquzuncu fəsil də xüsusi diqqət çəkir. Etnoqrafik yaddaşımıza müasir elmi yanaşamaların ümumiləşdirildiyi son fəsildə Azərbaycan xalqının minilliklər boyu zəngin mədəni irsinə müasir baxışları, təbii ki, bu halda müəyyən ziddiyyətləri, tərəddüdləri də öyrənmiş oluruq. Həmçinin Muxtar Respublikada xalqımızın minilliklər boyu yaratdığı mədəni irsə, xüsusilə onların qorunması, tədqiqi və təbliğinə diqqət və qayğının mühüm yer tutduğu faktlarla ortaya qoyulub.

"Naxçıvan etnoqrafiyası"nın ikinci cildində 220 ədəbiyyatdan istifadə də araşdırmanın miqyası haqqında ciddi fikir formalaşdırır. Ümumilikdə 800 səhifədən çox olan ikicildlikdə 500-dən çox ədəbiyyatın yer alması özlüyündə nəşrin sanbalının göstəricisidir.

Fundamental bir nəşr kimi elmi ədəbiyyatarda öz layiqli yerini tutacağına əminlik hissi yaradan "Naxçıvan etnoqrafiyası" ikicildiyi tarixçilər, etnoqraflar, filoloqlar, folklorşünaslar, tələbələr, ümumiyyətlə milli-mənəvi dəyərlərimizi, maddi mədəniyyətimizi öyrənmək istəyən hər kəs üçün çox faydalı bir mənbədir.

Belə nəfis tərtibatlı, elmi ağırlıqlı nəşrin ərsəyə gəlməsində zəhməti olanları təbrik edir, elmimiz və elimiz üçün xeyirli-uğurlu olsun deyirik.

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.23.