Dəhşətlər və bədbəxtliklər. Ləyaqət və iradə xilaskar rolunda  

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ermənistan siyasi və hərbi rəhbərliyi isə qüdrətli himayədarlarına arxalanaraq,  Azərbaycanın yeni müharibəyə girəcəyi ehtimalına nəinki inanır, hətta istehza qaydasında bildirirdilər ki, bu hadisə baş versə, ölkəmizin qonşuluqdakı başqa ərazilərini də zəbt edəcəklər.

Azərbaycan və onun Prezidenti isə Ermənistan rəhbərliyinin lovğa bəyanatlarına əhəmiyyət vermirdi, diqqətini ölkənin iqtisadi inkişafına, maliyyə cəhətdən möhkəmlənməsinə verməklə yanaşı, hərbi quruculuq məsələlərini daim gündəlikdə saxlayırdı. Qərb ölkələrində yaşayan erməni diasporasının donor şəklində çıxış edərək, iri məbləğdə ianə verdiyi Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, hərbi qüdrətinin yüksəlməsi üçün möhkəm maliyyə ehtiyatlarına yiyələnirdi. Hərbi quruculuq sahəsində də ciddi dönüş meydana gəlirdi, ordu ən yeni hərbi texnika və silah-sursatla təmin edilir, onun əsgər və zabitlərinə ciddi təlimlər keçirilirdi. Əslində, döyüşə hazır olan və tam yeniliyi ilə seçilən bir ordu yaradılmışdı.

Bu da tarixin təsdiq etdiyi bir həqiqətdir ki, çətin anlarda hamının arzuladığı bir şəxs tapılır ki, o, xalqın xilaskarına çevrilir. Bu fövqəladə qabiliyyətin sahibi dövlət rəhbəri olduqda, xalq bədbəxtlikdən birdəfəlik qurtarmaq üçün onun ətrafında asanlıqla və daha sıx birləşir. Azərbaycanda da xalqın etimadını qazanmış və ümid mənbəyi olan həqiqi xilaskar tapıldı. O, uzun illər ərzində dəmir dözümlülük göstərdi, öz planını gizli saxladı, ancaq sınaq anı gəlib çatanda malik olduğu liderlik və sərkərdəlik qabiliyyətini bütünlüklə açıb göstərdi. Müharibə dövründə o, təkcə öz xalqına, uzun müddət həsrətini çəkdiyi böyük sevinc bəxş etmədi, həm də dostlarla yanaşı, hətta düşmənləri də təəccübləndirdi. O, özünün Vətən qarşısında böyük xidmətinə əsaslanaraq, həmvətənlərinə deyə bilər ki, heç vaxt soruşmayın ki, Azərbaycan sizin üçün nə etmişdir, sualı özünüzə verin ki, siz onun üçün nə etmisiniz. Bundan sonra hər birimizin borcu, Vətənin azacıq da olsa alçaldılmasına yol verməməkdir. Biz düşməndən qisas almağı bacardıq, onu alçaltmaqla, özündən razılığına, lovğalığına, saxta naxışlarla bəzədilmiş tarixi ilə öyünməsinə son qoyduq.

 Ən mühüm cəhətlərdən biri də o idi ki, ölkədə stabillik hökm sürürdü, böhran vəziyyəti yaratmağa çalışanların cəhdləri baş tutmadığından, həm də xaricdən aldıqları dəstək azaldığından, müxalifət cəbhəsi xeyli zəifləmiş, əhali arasında da onlar öz nüfuzlarını, əsasən itirmişdilər. Ermənistan ordusu üzərindəki qələbə, müxalifəti də öz mövqelərində düzəliş aparmağa məcbur etdi. Xalqın kütləvi sevincinə mənfi təsir göstərmək artıq mümkün deyildi və belə hərəkət birbaşa süqutla nəticələnərdi. Bunu dərk edənlər, qasırğalı hava timsalındakı xalqın yekdil mövqeyi dənizində üzməkdən imtina etdilər. Təəssüf ki, sağlam metamorfoza heç də hamıya qismət olmadı. Bəzi liderlər uğursuzluqlarından, heç nəyə nail ola bilmədiklərindən nəticə çıxarmayıb, yenə də havanı titrətmək kimi fayda verməyən üsuldan əl çəkmək istəmirlər.

 Hərtərəfli ciddi hazırlığa və böyük resurslara malik olan Azərbaycan Ermənistan ordusunun davam edən təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsinə girdi və başlanğıcdan uğur qazanmağa başladı. Əlverişli iqlim şəraitində 44 gün davam edən müharibə Ermənistan ordusunun darmadağın edilməsi və məğlubiyyəti ilə nəticələndi.

Ermənistan, öz ordusunun tam məhv olmasına yol verməmək üçün təslim olmaq barədə Rusiyanın vasitəçiliyi ilə müraciət etdi və əsasən Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlər əsasında üçtərəfli müqavilə bağlandı. Azərbaycan öz ərazi suverenliyini bütünlüklə bərpa etdi, ermənilər üç rayonu artıq döyüşsüz təhvil verməyə məcbur oldular. Üç il sonra, 2023-cü ildə Xankəndində qalan Ermənistan ordusunun qalıqları hərbi texnikasını ataraq, qaçmağa məcbur oldu, onların arxasınca erməni əhalisi də uzun müddət səcdə qıldıqları "miatsum"un həyata keçməsinə bütün ümidlərini nəinki itirdiklərindən, həm də düşmənçilik bəslədikləri azərbaycanlılarla bir yerdə yaşamağın onlar üçün çətin olacağına əmin olub, Ermənistana üz tutdular. Azərbaycan rəhbərliyi isə respublika vətəndaşı kimi bütün hüquqlara və vəzifələrə yiyələnən ermənilərin qalıb yaşamasına etiraz etmirdi. Xankəndinin tərk etməyə məhz ermənilər özləri qərar vermişdilər. Azərbaycan tərəfindən onlara heç bir təzyiq göstərilməmişdi, əksinə, qalıb, tam hüquqlu vətəndaşlar kimi yaşamaları təklif edilmişdi. İlk dəfə idi ki, ermənilər tarixini acı dərsindən ibrət götürmək yolunu tutdular, çünki onların hamısı, hətta kiçik bir istisna olmadan belə, Ermənistan ordusunun işğalına tərəfdar çıxmış, onlara daim xoş münasibət göstərən azərbaycanlılara qarşı ən eybəcər düşmənçilik mövqelərindən çıxış etmişdilər.

Ermənilər XX əsrdə iki dəfə, əsrin əvvəlində və sonunda Azərbaycan xalqına xəyanət edərək günahsız insanların kütləvi qırğınlarını təşkil etmişdilər. XXI əsrin başlanğıcında Azərbaycan ordusu işğalçı düşmənə qarşı igidliklə vuruşaraq, ermənilərdən layiqli qisas almışdı.

Vaxtilə Fransa prezidenti III Napoleon Prussiya üzərində diplomatik qələbə qazanacağına güvənərək, Prussiyaya müharibə elan etmiş, az sonra ağır məğlubiyyətlə üzləşmiş, ordusu ilə birində prezidentin özü də prussiyalılara əsir düşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev isə nə Ermənistanı  hədələmiş, nə onun torpaqlarına göz dikmiş, yalnız düşmən ordusunun təxribatlarına cavab olaraq, onlara qarşı qalibiyyətli müharibəyə başlamışdı. 2020-ci ilin noyabrın 10-da müharibə Azərbaycanın qəti qələbəsi ilə başa çatdığından, həmin gün xalqın Zəfər bayramı kimi təyin edilmişdi. Lakin Türkiyə Respublikasının banisi Musafa Kamal Atatürkün vəfat etməsi günü ilə üst-üstə düşdüyündən, bu matəm il dönümü isə bütün Türk dünyasında qeyd edilir, bayramın günü dəyişdirilib onun 8 noyabrda keçirilməsi təsdiq olundu.

 Prezident İ.Əliyev Ali Baş Komandan kimi döyüşlərin gedişinə, düzgün taktikanın seçilməsinə bilavasitə rəhbərlik etmiş, strateji əhəmiyyət kəsb edən nöqtələrdən Ermənistan silahlı qüvvələrinin qovulmasını və onların tutulmasını ordu qarşısında ölümə gediləcək bir vəzifə kimi qoymuşdu. Müharibə dövründə onun bilavasitə rəhbərliyi ilə ordunun Baş Qərargahı intensiv şəkildə hərbi əməliyyatları idarə edirdi. Həm də o, əsgər və zabitlərin əsl fədakarlıqlarını layiqincə mükafatlandırmışdı. Qələbəni Azərbaycan xalqı 30 il müddətində gözləməli olmuş, itirilmiş torpaqların geri qaytarılması həsrəti ilə yaşamışdı.

İlham Əliyev nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların hərb yolu ilə torpaqların azad edilməsini qeyri-mümkün hesab etdiklərinə baxmayaraq, hansı ki, BMT torpağı itirilmiş xalqa bunu qadağan etmir, böyük iradə və əsl müstəqillik göstərərək, müharibənin həm də  qorxulu bir təhlükə riski olduğunu da nəzərdən qaçırmayaraq, ordusuna hücum əmri vermişdi və bir ay yarım müddətində möhtəşəm qələbənin qazanılmasına nail oldu. 44 günlük müharibədəki qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Əslində, ölkədə daim arzu olunan milli intibah baş vermişdi. Prezident və Ali Baş komandan kimi İ.Əliyev öz adını da, tarixin ləyaqət rəmzi olan zəfər səhifəsinə həkk etmişdir.

Böyük qələbənin bəhrələrindən biri, doğma dilimizdə bəzi sözlərin ilk dəfə olaraq iftixarla səslənməsi oldu, bunlardan ən mühüm əhəmiyyət kəsb edənləri "zəfər" və "fateh" sözləridir. Azərbaycan Ordusunun qəhrəmanlığını "zəfər" sözü xarakterizə etdiyi kimi, "fateh" ifadəsi də tam haqlı olaraq Ali Baş Komandan, respublika Prezidenti İlham Əliyevə ünvanlanır. Televiziya şərhçiləri bu kəlmələri xüsusi sevinc pafosu ilə vurğulayırlar. Bu da təsadüfi deyildir. "Fateh" şöhrətini türk dünyasında ilk dəfə öz dövlətinə böyük xidmət göstərib, Konstantinopolu tutmaqla, Bizans imperiyasının mövcudluğunu  tarixin arxivinə verən sultan II Mehmet daşımışdır və o, daha çox Mehmet Fateh kimi məşhurlaşmışdı. Bizim hərb tariximizdə əvvəllər iftixar mənbəyi olan zəfər və onu qazanan Fateh olmamışdı. 2020-ci ildəki 44 günlük müharibədə nail olduğumuz qələbə, onun hər ikisini bizə bəxş etdi. Bu sözlərdə böyük uğurun bərq vurduğu parıltı yığcam şəkildə gözə çarpır. Xalqımız ordumuza bəslənilən məhəbbətlə yanaşı, eyni səviyyədə zəfərə imza atan milli Fatehimizə də minnətdarlıq hisslərini addımbaşı dilinə gətirir.

Prezident İlham Əliyev təkcə müharibə teatrında deyil, həm də diplomatik fəaliyyəti ilə cəsur döyüşçü igidliyi göstərirdi. O, yorulmadan ordusunun ədalətli müharibə apardığını təkzibolunmaz arqumentlərlə sübut edirdi. Provakasiya tipli suallar veriləndə, kəskin və lakonik cavabla qərəzli jurnalistləri susdurmağı da bacarırdı. Xarici ölkə rəhbərləri, onun bəyan etdiyi danılmaz fakt qarşısında əvvəlki mövqelərində düzəlişlər aparmağa məcbur olurdular. Dost ölkə rəhbərləri ilə ittifaq isə sarsılmaz qardaşlığa çevirməkdə də uğur qazanmışdı. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun xeyli yüksəlməsinə səbəb oldu.

Belə bir həqiqət də mövcuddur ki, hərbi qələbə diplomatik uduş seriyası ilə davam etdirildikdə, böyük məqsədlərə nail olunur. Prezident İlham Əliyev Azərbaycan Ordusunun hərbi uğurunu diplomatik manevrlərlə möhkəmləndirə bildiyindən, 44 günlük müharibədəki hərbi qələbə bütöv zəfər əhəmiyyətinə yüksəldi.

Qazanılan qələbə nəhayətsiz sevinc duyğuları yaratmaya bilməzdi, çünki uzun müddətli alçalmaya son qoyulmaqla yanaşı, dövlətin hərbi qüdrətinə də həqiqi və tam real inam yarandı. Qələbə Azərbaycan xalqının milli iftixar ünvanını bütünlüklə bərpa etdi. Ermənilərin xəyanətkarlığı nəticəsində bir müddət xalqımız başı aşağı gəzməli olmuşdu, lakin 44 günlük müharibədəki parlaq zəfər onun mənəvi yarasını sağaltdı, ona elə bil ki, şir ürəyi bəxş etdi. Meydana gələn qürur hissi, onun əldə edilməsində, fövqaladə xidmətləri olan Prezident İlham Əliyevin şəxsiyyətinə də xalqın böyük ehtiramı şəklində əks olundu. Lakin o, təbiət etibarilə məğrurluqdan uzaqdır, çıxışlarında daim qələbəni xalqın adına yazdı, onu həyata keçirən silahlı qüvvələrimizi müzəffər ordu adlandırdı. Özünü nişan verən belə sadəlik xüsusiyyətlərinə baxmayaraq, qələbə, onun başına virtual Zəfər çələngi qoydu və bu, növbədənkənar seçkilərdə xalqın  ona göstərdiyi böyük etimadda da, heç bir şübhəyə yol verməyən real ifadəsini tapdı. Qələbə təkcə indiki nəslə sevinc bəxş etmədi, həm də gələcək nəsillərin də hökmən öyünməsinə xidmət edən fəxr hissi aşılayacağı ehtimalını tam hüquqla meydana gətirdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 7 dekabr (¹225).- S.22.