Qaranlığın cazibəsi
Esse
Bu günlərdə qısamüddətli bir səyahət
üçün yola çıxdım. Yorğun və yuxusuz
idim, amma gecə yarı olsa da, gözümə yuxu getmədi
ki, getmədi. Təyyarənin bioqrafik filmlər
siyahısına göz gəzdirdim. 2011-ci ildə erkən
yaşda dünyadan köçsə də, səsi ilə
sehrləməyə davam edən, üsyankar xarakteri ilə
yaddaşlarda qalan ingilis müğənni Emi Vaynhauz
haqqındakı "Back to black" film dərhal diqqətimi
çəkdi. Rejissor Sam Teylor Consonun çəkdiyi, bu ilin
may ayında ekranlara çıxan film aşıb-daşan
fitri istedadın, eyni zamanda sənət böhranı
keçirən bir sənətçinin həyat hekayəsidir.
Filmin kino tarixinə damğa vuran sənət əsəri
olduğunu iddia etməyəcəyəm. Amma həm sənətçinin
yaşadığı həyat, həm də bəzi epizodlar
var ki, insanı həddən artıq
düşündürür. Hətta bu, günlərlə
davam edir. Ən çox da Emi Vaynhauzun tərs və inadkar
yönləri ilə şou verilişlərinin, maqazin
proqramlarının hədəfinə çevrilməsi qəddar
bir zamanda
yaşadığımızı şiddətlə
insanın üzünə çırpır. Jurnalistlər,
fotoqraflar onsuz da sənətçinin kələ-kötür
olan həyatını əsl xarabalığa çevirirlər.
Ümumiyyətlə, insanların nəfəs
aldığı çox yerdə vəziyyət belədir:
bir balaca qanadın varsa, bir az uçmağı
bacarırsansa, dərhal qanadını qırmaq
üçün sıraya düzülürlər.
Qulp qoyanlar, qüsur axtaranlar...
Marisa Abela, Eddi Marsa, Cek Konnel, Lesley Manville kimi peşəkar
sənətçilərin çəkildiyi film
Fransa-İngiltərə-Amerikanın ortaq layihəsidir. Filmin
ssenarisi Metyu Qrinhalqa məxsusdur. Hamımızın
yaxşı bələd olduğu kimi, bioqrafik filmlərdə
hər kəsi məmnun etmək mümkün deyil, hərə
bir qulp qoyur, qüsur tapır. Təsəvvür edin,
bütöv bir həyatı bir neçə dəqiqəlik
filmə sığışdırırsınız, biri
"niyə bu qədər qısadır", digəri
"filan məsələlər niyə filmə daxil edilməyib"
söyləyir, bir başqası "belə film çəkməyə
nə var" deyir və beləcə ucu-bucağı
görünməyən tənqidlər baş alıb gedir.
Amma "Back to black" filmində belə bir məqam var: sənətçi
qısa ömür sürdüyündən filmdə onun həyatının
böyük qisminə yer verildiyini görürük.
Şöhrətin ayaqları altında qalmaq
Film daim narahat həyat tərzi keçirən, ziddiyyətli
xarakterə malik Eminin şöhrətə gedən yolda
yaşadıqlarından, xarakterinin zəif yönləri ilə
məşhurluğun ayaqları altında qalmasından bəhs
edir. Ana və atası ayrılmışdı. Ailəsində
özünə ən yaxın hiss etdiyi insan nənəsi idi.
Ona görə də, qadının ölümü gənc
qızın uçurumu oldu.
Həyatın ona yüklədiyi
ağırlıqlardan xilas olmağın yolunu içkidə
gördü, sərxoş olub bütün baş verənləri
unutmağa çalışırdı. Bulanıq həyat
yaşadığı günlərin birində aşiq oldu.
Amma təəssüf ki, həmin şəxs özündən
daha betər həyat yaşayan Blek Civil olur və iki
qaranlıq ruh bir müddət bir-birini bəsləyir. Amma
sonra hər ikisi eyni bataqlığın içində
çabalayırlar.
Emini canlandıran aktrisa Marisa Abela çox təsirlidir.
Atası ilə sevgilisini canlandıran olan aktyorları da bəyəndim.
Doğrudur, bəzi əcnəbi tənqidçilər
Taylor-Consonun işini bəyənməyiblər. Məsələn,
rejissorun Eminin atasını həddindən artıq
ucaltdığını, Bleykin gerçək kimliyindən
daha üstün göstərildiyinə dair xeyli iradlar var. Amma
bütün fikirlərə rəğmən, "Back to
black"i canlandıran sənətçilərin
oynadıqları rolun haqqını verdiklərini
düşünürəm.
Asılılıq
Şiddəti insana görə dəyişsə də,
şübhəsiz ki, eşq məntiqi yarıb keçən
asılılıq halıdır. Hə, Emi və Blek
cütlüyünün sevgisini xülasəyə çevirəcək
kəlmə budur: asılılıq!
Blek ilə həmyaşıd idi. Tanış olanda Emi
şöhrətli deyildi. Dostlarının təbirincə desək,
ikilinin münasibətini izləmək sürətli irəliləyən
iki qatarın hər an toqquşacağını gözləmək
kimi idi. Bir-birinə həddən artıq zidd olan
cütlük tanış olduqları gündən özlərini
gözü qara romantizmin ağuşuna atmışdılar.
Yaxşı, nə idi romantizmi bu qədər təhlükəli
edən?
Blek narkotik istifadəçisi idi. Narkotikin ən
ağır növündən - heroindən istifadə edirdi.
Emi isə onunla tanış olana qədər narkotikin axmaqlar
üçün olduğunu söyləyən, ailə həyatı
qurub çoxlu övlad dünyaya gətirməyi arzulayan gənc
qız idi. Təbii ki, xəyallar sadəcə qurulur, amma son
sözü gerçəklər deyir.
Emi Bleki o qədər çox sevirdi ki, onun
adını ürəyinin üstünə döymə etdirmişdi.
"Qəlbim Blekə aiddir" mənasına gələn həmin
döyməni sonralar dəfələrlə sildirmək,
üstünü başqa bir döymə ilə örtmək
istəyəcəkdi. Emi elə bir burulğanın içərisində
idi ki, onu heç bir güc dartıb çıxarda bilmirdi.
Blek isə vecsiz, kefinə düşkün, eqoist idi. Eminin həyatı
dəyişdikcə Blekin şərtləri də
çoxalırdı. Hətta sənətçi şöhrətə,
pula çatanda Blekin vəzifəsi də dəyişdi.
Özünü müğənninin prodüseri kimi təqdim
etməyə başladı. Halbuki Emidən əvvəl onun
narkotik alveri ilə məşğul olduğunu hamı bilirdi.
O, 14 yaşlı qardaşını kokainə
alışdıracaq qədər pis insan idi. Anası hər
iki oğlunu reabilitasiya mərkəzinə göndərmək
üçün gözəllik salonunu satmışdı. Eyni
zamanda, onun Emini ən ağır narkotikdən tutmuş bir
çox pis alışqanlıqların aludəçisinə
çevirdiyi də hamıya bəlli idi. Əlbəttə,
Blek Emini başına silah dirəyərək narkotikə
öyrəşdirməmişdi. Fəqət yenə ailə
üzvlərinin açıqlamalarından başa
düşülür ki, Emini ona ayaq uydurmağa məcbur etməklə
qızı narkomana çevirməyi bacarmışdı. Emi
çıxdığı yolda başına gələcəkləri
bilə-bilə sevgilisini itirməyi gözə almadı.
"Rehab" mahnısında dediyi kimi, "sevgilimi itirəcəyimi
söylədim, reabilitasiyaya getməyəcəyimi dedim".
Dediyini elədi və getmədi. Gedəndə isə artıq
çox gec idi.
Cəhənnəmin başlanğıcı
Narkomanın xarakteri olmur, deyirlər. Blek də
amansız narkoman olaraq tamamilə yoldan çıxmış
və narkotik almaq üçün hər yola əl atan
xaraktersiz bir varlığa çevrilmişdi. Eminin də bu bərbad
həyat tərzi ilə birlikdə iradəsi
çökmüşdü; narkotiklə nəfəs alan Blekə
asılılığı gündən-günə
artırdı. Bir gün necə oldusa hər şeyə yenidən
başlamağa qərar verdilər və 2007-ci ildə evləndilər.
Bu evlilik isə yeni bir cəhənnimin
başlanğıcı oldu. Artıq Eminin şöhrətini
və pulunu qısqanan ər intiqamını onu mütəmadi
aldadaraq alırdı. Dostlarının etiraflarına görə,
Blek Emiyə "sənə maraq və sevgi göstərməyimi,
səni öpməyimi istəyirsənsə, mənə pul
verməlisən" deyirdi. Bu tərz hərəkətləri
o, Eminin ən depressiv, ağır məqamlarında edirdi.
Müğənni əlbəttə ki, səssiz qalıb, quzu
kimi itaət etmirdi. Ona qarşı sevgisi nə qədər
böyük olsa da, nəticədə o, nəhəng Emi
Vaynhauz idi. Davaları dəhşətli olurdu, qapını, pəncərəni
yerindən çıxardırdılar. Bir-birlərini al qana qərq
edib sonra elə o vəziyətdə küçəyə,
jurnalistlərin, insanların içinə
çıxırdılar. Bu, onlar üçün adi hal idi.
Çünki Blek hər dəfə özünü əfv
etdirməyin yolunu tapırdı. Evlilik 2009-cu ildə bitdi.
Və son...
Eminin atasının dediyinə görə,
qızı Blekdən ayrılandan sonra çox xoşbəxt
dönəm keçirməyə başladı. Sürətlə
sağlamlığına qovuşurdu. Mütəmadi yazıb
yaradır, bəstələyir, çalışırdı.
Lakin qurtulmaq o qədər asan olmadı.
Bir gün, "sən ona geri dön, mən
qaranlığa qayıdıram" sözlərindən ibarət
olan "Back to black" mahnısını yazıb bəstələyərək
hər kəsin ürəyinə paslı bir xəncər kimi
sancdı. Emi "Black" kəlməsini Blek kimi deyirdi.
Çünki bu mahnı Eminin Blekdən sonra başqalarında
sevgi axtarması, tapa bilməməsi və qapqaranlıq olsa
da, ona geri dönməyindən bəhs edirdi. Emi çox
çalışdı, çox cəhd elədi,
başqalarını sevdi, ya da sevdiyini zənn etdi, içkidən
qurtulmağı yoxladı. Özünü işə verdi,
yazdı, yaratdı, bəstələdi, hətta bir günün
içində beş "Qremmi mükafatı" alaraq musiqi
tarixinə damğa vurdu. Bu dönəm başqa qadın ilə
münasibəti olan Blek hələ də Emi ilə əlaqə
yaratmağa, ona qarmaq atmağa davam edirdi. Emi də dərhal
tora düşürdü. Freydindediyi kimi, "sevildiyindən əmin
olan insan nə qədər də qorxusuz və
sayğısız olur". Dəfələrlə Emi ilə
bağlı müsahibələrdə onun ləyaqətinə
toxunan açıqlamalar vermişdi.
Ölümündən iki həftə əvvəl necə
oldusa, son dəfə görüşdülər. Guya, Emi
özünü pis hiss edirdi, Blek isə narkotiki tərgitmiş
və ona dəstək olmaq üçün
görüşdüklərini deyirdi. Həmin ərəfələrdə
Blekin başqa qadından oğlu dünyaya gəlmişdi.
Heç cür kəsilib atılmayan qanqrenaya olan
münasibət Eminin sonunu hazırladı və bir gün
dünya müğənninin ölüm xəbəri ilə
sarsıldı.
Hekayə necə bitdi? Həmişəki kimi... Blek
yaşamağa davam elədi, həyat dağıdan, ümid
qıran, ömür yıxan digər insanlar kimi! Hətta
ikinci övladı da dünyaya gəldi. Eminin isə solğun
çöhrəsi, üsyankar səsi, dünya durduqca
yaşayacaq mahnıları qaldı.
Filmə gəldikdə isə izlənməsi mütləq
olan siyahıya əlavə edilsin. Ən azından toksik
insanlardan, travmalı münasibətlərdən qorunmaq
üçün real bir referans olar.
Türkan TURAN
525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.21.